• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nura Suri: “Yaşımı biləndə şoka düşdülər ki...”

Nura Suri: “Yaşımı biləndə şoka düşdülər ki...”

Səhnəmizin ən gözəl, dəbli qadınlarından biri Nura Suridir. Əksəriyyət onu belə təqdim edir. Haqlıdırlar da, doğrudan da, cazibədar xanımdır. Hətta deyərdim ki, onun ağlı gözəlliyini kölgədə qoyur. Gözəl, ağıllı, yaradıcı xanım olan Nura da, yəqin ki, bunun fərqindədir.

Son vaxtlar müsahibə verməməyə çalışan Nura xanım sükutunu Tabloid.az üçün pozdu.

Müğənni ilə olan müsahibənin ikinci hissəsini, yəni davamını təqdim edirik. Beləliklə, buyurub oxuya bilərsiniz:

- Bir az da gözəllik proseduralarınız haqqında danışaq. Üç övladınız var. Əvvəlki bədən ölçüsündə qalmağı necə bacarırsınız?

- Özümə qarşı çox diqqətliyəm. Necə ki, evə lazım olan ərzaqları, çörəyi-suyu alırsan. Qadın da özünə qarşı o cür diqqətli olmalıdır. Burada da yenə bu qənaətə gəlirik ki, qadın özünə qarşı məsuliyyətli olmalıdır. Yəni ki, özümüzə baxmalıyıq. Gözəl görünmək üçün kişilər sadəcə, üzünü qırxa bilər. Bu onlara yetərlidir. Bizdə isə manikür-pedikür var, makiyajımız yerində olmalı, qaşlarımız alınmalıdır. Hər xırda detala qədər qadın özünə baxmağı bacarmalıdır. Düşünürəm ki, mən özümə qadın olduğuma görə baxmıram. Bu, xasiyyətdir. Hətta mən kişi olsaydım, özümə və sağlamlığıma diqqətlə yanaşardım. Allah bu vücudu verib. Ağlı da verib ki, onun qədrini biləsən. Həm ağlından düzgün istifadə etməlisən və vücudu bacardığın qədər gözəl, təravətli saxlamalısan. Əgər insan özünə məsuliyyətsiz yanaşırsa, artıq onun başqalarına qarşı necə olacağı da məlumdur. Bir insan özünə qarşı biganədirsə, ailəsinə, ərinə, uşaqlarına, dostlarına normal münasibət göstərə bilməz. Bu, göstəricidir. İnsan nə vəziyyətdə olursa-olsun mütləq özünə baxmalıdır.

Qadın saç maskaları, üz kremləri ilə özünə qulluq etməlidir. Kasib və ya varlı olmaq vacib deyil, imkan daxilində baxımlı olmaq lazımdır. Bahalı kremləri almağa pul yoxdursa, ev şəraitində xiyarı doğrayıb, üzə qoymaq olar. Xiyarın tərkibində sink var, onun dəriyə çox xeyri var. Bir az bilgili olmaq, vaxt sərf edib, maraqlanmaq lazımdır. Özünüzü, bədəninizi, dərinizi tanımalısınız. Bunu sizdən yaxşı heç kim bilə bilməz. Yəni dəriniz daha çox nəyi istəyir. Orqanizminizə daha çox nə lazımdır. Orqanizmim mənimlə danışır. Mən onu eşidirəm. Və orqanizmim nəyi tələb edirsə, onu yeyirəm. Elə vaxt olur ki, orqanizmim şirniyyat tələb edir. Davamlı olaraq şirniyyat yeyirəm. Şirniyyatı ya özüm bişirirəm, ya da alıram. Bir də görürəm ki, orqanizmim turş bir şey tələb edir, bu da güman ki, C vitamini çatışmazlığı ilə əlaqəli ola bilər. Bədənim bunu yetərincə qəbul edənə qədər, turşu - alça və ya limondan istifadə edirəm. İnsan bilməlidir ki, orqanizmi ondan nə tələb edir.

- Pəhriz saxlayırsınız?

- Xeyr. Həyatım boyu pəhriz saxlamamışam. Sadəcə, nə yediyimə diqqət etmişəm. Çalışmışam ki, elə yeməklər yeyim ki, mənə ziyanı olmasın. Uzun illər ət yeməmişəm. Xaricdə yaşadığım dövrlərdə demək olar ki, ancaq dəniz məhsulları ilə qidalanmışam. Dəniz məhsullarının dərimin gözəl qalmağında köməyi olub. Bu yaxınlarda xarici ölkələrdən birində SPA salona getdim. Salonun meneceri Fransada yaşayan bir xanım idi. Ora treninqlər keçməyə gəlirdi. Yaşı çox idi. O, mənimlə söhbət etdi, yaşımı biləndə şoka düşdü. Dedi ki, ola bilməz ki, dərin belə cavan, gözəl qalsın. Sən nədən istifadə edirsən? Botoks etdirmisən? Dedim ki, yox, bu kimi proseduralarla aram yoxdur, hətta qorxuram da. Dedi ki, bu cür üz dərisinə tək kremlərlə, maskalarla sahib olmaq mümkün deyil. Ona dedim ki, yeni çəkilmiş meyvə şirələri, tərəvəzlər qəbul edirəm. Kərəvizi çox sevirəm. Hətta uzun illər kərəvizlə yaşıl almanın qarışıq şirəsini içmişəm. Çox xeyirlidir. Yəni bacardığınız qədər bədənə lazım olan qidanı qəbul edin. Üz və bədənin dərisini mütləq kremlərlə, südlü vasitələrlə nəmləndirmək lazımdır. Dəri quruyarsa, çat verməyə başlayacaq.

Üç övladım var, bədənimin heç bir yerində çat yoxdur. Özümü tanıyandan bədənimə, üzümə qulluq edirəm. Ekoloji baxımdan sularımız da pisdir. Ona görə də indi hamının saçı tökülür. Bu baxımdan saçlara qulluq vacibdir. Mənim üçün paltardan, ayaqqabıdan da vacib özünə qulluqdur. Uşaqlarıma da elə baxıram. Xosrovla Mohsen böyükdür. Onları çox nəzarətdə saxlaya bilmirəm.

Xosrov iki ildir ki, özü tək yaşayır, amma maşallah olsun, mənim qoyduğum düzgün təməli davam etdirir. Özünə qarşı məsuliyyətli və təmizkardır. O biri oğlumun da 14 yaşı var. Bu yaxınlarda Türkiyəyə müayinə və müalicəyə aparmışdım. Mənim üçün uşaqlarım hər şeydən vacibdir. Davidim də ki, hər gün çimməlidir. Məktəbdən gələndən sonra çimir, kremlənir. Çünki dərisi quruyur. İnsan bu işlərlə məşğul olanda başqalarının həyatı ilə maraqlanmağa vaxtı da olmur. Ona görə də deyirlər ki, insan içində nədir, o da üzündədir. Baxırsan ki, bir insan gəncliyində çox gözəl olub. Amma 40 yaşına çatanda çox çirkinləşir. Qadın və ya kişi fərq etməz... Bu da ondan xəbər verir ki, insanın içindəki pisliklər üzünə vurur.

- İdmanla məşğul olursunuz?

-İdmanla David doğulmamışdan öncə məşğul olurdum. 6 ildir ki, idman etmirəm. Çünki buna çox vaxt sərf edirəm. Ən azı, 2 saat idman zalında olursan. Sonra bəzənməlisən, saçlarını “ukladka” etməlisən. Buna da 3-4 saat vaxt gedir. Yay aylarında hovuzda üzürəm, qaçış bandında qaçıram. Bunu da halım olanda edirəm. Çünki istiyə dözümüm yoxdur.

- Qarderobunuzda hansı geyimlər üstünlük təşkil edir?

- Hər zaman mənə yaraşanı alıram. Heç vaxt dəb arxasınca qaçmamışam. Öz individuallığımı qorumağa çalışmışam. Özümə məxsus tərzim var. İnsan öz ölçülərini bilməlidir, yaşına uyğun geyinməyi bacarmalıdır. Hazırda mənim qarderobumda şalvar 2-3 dənə tapıla ya tapılmaya. Hamısı uzun libaslardır. 20 faizi midi paltarlar, 2 faiz isə mini ətəklərdir. Gündəlik geyindiyim sarafanlar və gecə geyimlərim uzundur. İnsan ölçülərini bilib, yaşına uyğun geyinəndə başqaları üçün dəbli görünür. Onu da deyim ki, zövqlü və dəbli geyinmək tam fərqlidir. Ledi Qaqa dəblidir, amma zövqlü deyil. Ancelina Collinin geyimlərinə fikir vermisiniz? Onun ayaqları uzundur deyə, geyindiyi uzun libasların bir ayağının üstündə kəsik var. Çünki bu insan öz tərzini tapıb, ona nə yaraşdığını bilir. Eksperiment eləmək düzgün deyil. İnsan özünə nə yaraşırsa, onu geyinməlidir və özünü sevməlidir.

-Geyimdə daha çox nəyə üstünlük verirsiniz?

-Keyfiyyətinə. Bahalı malı keyfiyyətinə görə alıram. Yəhudilərin bir məsəli var, mən o qədər varlı deyiləm ki, ucuz mal alım. Ucuz malı alırsan, bir dəfə geyinirsən. Yuyandan sonra apar at, pis günə qalır. Bahalı malı alanda isə bilirsən ki, nə zamansa yenisini almağa imkanın olmayanda, əlinin altında gözəl bir paltarın var. Sevdiyim markalar var. Elə markalar var ki, onların paltarları sanki mənim ölçülərimə tikilib. Dərzidə düzəliş etməyə belə ehtiyac yoxdur. Mən həmin mağazaya girib, ən azı 5 paltar alıram. Hətta həmin mağazaya zəng edirəm. Ölçülərimi bilirlər, göndərirlər. Həmin libasların hamısı da üzərimə otutur. Elə bil ki, həmin paltarları mənim üstümdə tikiblər.

-Ən sevimli markalarınız hansılardır?

-Məndə heç vaxt ən sevimli marka olmur. Çünki elə marka var ki, onun çantasından, birinin ayaqqabısından, digərinin paltarından alıram. Ayaqqabları “Zanotti”, “Yves Saint Laurent”, “Fendi” markalarında alıram. 20 ildir ki, bu brendlərə sadiqəm. “Chanel”, “Kenzo” “Roberto Cavalli”, “Versace”dən olan çantalarım var.

-Belə çıxır ki, qarderobunuza az pul xərcləmirsiniz?

-Mən hər gün gedib pullarımı brend mallara xəcləmirəm. Mənim “Zara”dan da paltarlarım var. Hətta 100 manata da paltar alıb geyinirəm. Elə bir kompleksim yoxdur ki, aldığım paltar mütləq brend olmalıdır. Mən paltarı bəzəyirəm, onu düzgün təqdim edirəm. Evli olanda yoldaşımın imkanı yaxşı idi. Qarderobumda bütün paltarlar brend idi. Amma indi düşünürəm ki, nəyə görə paltara o qədər pul verməliyəm?! Endirimdə olan paltarı alıram, kompleksim yoxdur. Əsas odur ki, üzərimdəki paltar mənə yaraşır. Ancaq çanta və ayaqqabıları brend alıram. Ucuz ayaqqabıları az geyinirsən, tez xarab olur, qopur, dabanı sınır. Amma bahalı ayaqqabılarda rahat gəzirsən. Rahatlıq baxımından ayaqqabıya çox pul xərcləməyə dəyər. Ucuz ayaqqabı geyinmək bilirsiniz nəyə bənzəyir? Sənin bahalı maşının var, amma təkərləri xarabdır. Elə də qadının ayaqqabıları. Gün ərzində 5-6 saat həmin ayaqqabıların üzərində gəzirik. Ona görə də keyfiyyətli ayaqqabı geyinməyimiz vacibdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR