Yaddan çıxmaz Ağdam… - FOTOLAR,VİDEO
Bizi izləyin

Tabloid.az

Yaddan çıxmaz Ağdam… - FOTOLAR,VİDEO

Bu gün Ağdamın işğal olunan günüdür. Amma düşmən sevinməsin qoy. Torpaqlarımızı işğaldan xilas edəcəyimiz günə çox az vaxt qalıb. Nəinki Ağdam camaatı, hamımız buna inanırıq. İndi isə gəlin, ağdamlı sənətkarlarımızı xatirələrlə baş-başa qoyaq…

Xalq artisti, xanəndə Mənsum İbrahimov:

Keçmiş SSRİ-də məşhur olan Ağdam bazarı...

Ağdamdan danışanda mən keçmiş zaman şəkilçisində danışa bilmirəm. Baxmayaraq ki, mənim Ağdam torpağında addımladığım, gəzib-dolandığım yerlər dağıdılıb, yandırılıb, talan edilib. Amma xəyalən yenə o yerlərə gedib-gələ bilirəm. Ağdam həm mədəniyyət mərkəzi idi, həm də ticarət mərkəzi. Ağdamda imarət deyilən bir yer vardı, hər zaman orda möhtəşəm musiqi festivalları, tədbirlər keçirilərdi. İnsanlar orda darıxmırdı. İnsanların çox toplaşdığı bir məkan da vardı - Çay evi. Çox maraqlı bir dizayna malik məkan idi. İndi müxtəlif istirahət məkanları – kottejlər tikilir, amma sovet dönəmində ən prestijli istirahət məkanları Ağdamda-Abdal Gülablıda idi. Bütün ölkədən gəlib o məkanlarda dincəlirdilər. Təbiətin qoynunda, gözəl hava - insanlar zövq alırdılar. Ağdamın bazarı vardı, nəinki Azərbaycanda, Sovetlər İttifaqında məşhur idi. O vaxt bütün ittifaqdan o bazara gəlib alver edərdilər. Bakıda tapılmayan defisit malları gəlib Ağdam bazarından alıb aparardılar. Sankt-Peterburqa gedib italyan, fransız kostyumları, paltoları, ayaqqabıları alıb gətirərdilər. Hər kəs bilərdi ki, tapılmayan mallar ancaq Ağdam bazarında olur.

Xanəndə Elnur Zeynalov:

“Ağdamı yadıma salıb oxuyanda səsim açılır”

“Çox darıxıram Ağdamdan ötrü. İnan ki, burnumun ucu göynəyir o yerlər üçün. “Şur”nan “Zəminxarə”ni çox sevirəm, bu muğamlar səsimə çox düşür. Amma elə vaxt olur, oxumaq istəyirəm, amma təb gəlmir. İnan Allaha, o an gözümün önünə Ağdamı, Güllücəni gətirirəm, səsim qəfildən açılır. Gözümü yumuram və içimdə nə varsa, o muğamla boşaldıram”.

Elnur mənim xahişimlə bir muğam oxudu. Sağ olsun, sözümü yerə salmadı. Çünki Qarabağdan danışırdıq və o yerlər gözümüzün önündə canlandıqca bir “Şur”a ehtiyacımız vardı:

Qarabağ yurdumun cənnət bucağı,

Əbədi qonaqdır, ellərə Ağdam.

Muğamın beşiyi, şeirin ocağı,

Mizrabı vurubdur tellərə Ağdam.

Əməkdar artist Təyyar Bayramov:

Bir-iki dəfə xəlvəti getmişdim Çay evinə.

Qara xəbər, dərd, fəryad elədir ki, ildırım sürəti ilə yayılır. Ağdamın alınması xəbəri böyük bir dəhşət içərisində hər yerə yayıldı. Yurd yerinin itirilməsi nədir, onun ağırlığını həmin yurddan didərgin düşənlər bilər. İndi soruşursan, çətinlik çəkirəm danışmağa. O yerlərlə bağlı o qədər xatirələrim var ki… Kəndimiz Ağdama çox çox yaxın idi. Mən də həmişə istəyirdim ki, Ağdama gedim, xüsusən də ordakı Çay evində oturub yemək yeməkdən ləzzət alırdım. Atamla o Çay evinin yanından keçmişdik və həmin vaxtdan arzum idi ki, orda oturum, çay içim. Amma atamın xasiyyəti ağır idi və kənddən çıxmağa icazə vermirdi. Bir-iki dəfə xəlvəti getmişdim Çay evinə.

Yazıçı Vahid Qazi:

Yuxularıma girmir oralar

Uzun illərdi gecələr yuxum qaçanda xəyalımı oralarda dolaşdırıram. Onda tez yuxuya gedirəm. Əvvəllər Şuşadakı “dom otdıx” deyilən istirahət evinin aşağısından keçən qala divarlarına dırmaşıb özümü o üzündə üzü Qarabağ dağları, dərələri, çöllərinə uzanan boşluğa atıb quş kimi süzürdüm. Amma indi Ağdamdakı evimizin damında üzü göyə sarı uzanıb buludlara, uzaqda dağlara, yaxında qonşu həyətlərinə baxaraq yuxuya gedirəm. Qəribədi, demək olar, hər axşam o xəyallarla yatsam da, oralar bir dəfə də yuxuma girmir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm