Aşıq Veysəllə bağlı heç yerdə eşitmədiyiniz fakt – FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

Aşıq Veysəllə bağlı heç yerdə eşitmədiyiniz fakt – FOTOLAR, VİDEO

Ozanın mənəvi nəvəsi Numan Çakır Publika.az-a danışır

“Uzun, incə bir yoldayam...” Türk xalq poeziyasının böyük sənətkarı Aşıq Veysəlin bu məşhur sətrini təsadüfən xatırlamadım.

Budəfəki müsahibim Aşıq Veysəlin (Veysel Şatıroğlu) mənəvi nəvəsi Numan Çakırdır.

Qeyd edək ki, Türkiyədə yaşayan şair Numan Çakır ozanın tədqiqatçısı və Şatıroğlu ailəsinin bir üzvü sayılır.

- Azərbaycan izləyicisinin sizi tanıması üçün ilk olaraq bir az özünüzdən danışın.
- “Sert Ünsüzler” prodakşının qurucusuyam. “Aşıq Veysəl” musiqi qrupunun rejissoruyam. Eyni zamanda, ''Qabırğa Sümükləri'' adlı bir şeir kitabım var. Şeiri sevirəm. Əslində, Aşıq Veysəlin mənəvi nəvəsiyəm. Ailəsinin hamısı ilə tanışam. Qohumluq bağımız da var.

- Hazırda nə işlə məşğulsunuz?
- “Sert Ünsüzler” adlı qrupumla Anadolu mədəniyyətinə aid işlər görməyə çalışırıq. Mədəniyyətimizin dərində qalan gizli adlarını ön plana çıxarmağa çalışırıq. Əslində, bu ölkənin, bu torpağın sevdalılarıyıq.

- Bəs Aşıq Veysəl yolunu necə davam edirsiniz?
- İstədiyimiz budur ki, insanlar Aşıq Veysəli daha yaxşı və doğru tanısın. Onun yolunu davam etdirən Anadolu xalq ozanları var. Biz yalnız onlara heyranlıqla baxırıq.

- Onu məşhur edən nə oldu?
- Əslində, nə korluğu, nə kasıblığı, nə də saz ifaçılığı Aşıq Veysəli məşhur etdi. Onu məşhur edən yaşadığı coğrafiyaya deyil, bütün dünyaya aid olması idi. Aşıq Veysəl bəşəri düşüncəsi olan insan idi...

- Aşıq Veysəli, sizcə, gənclər kifayət qədər tanıyırmı, sevirmi? Bu, sizi qane edirmi?
- Populyar mədəniyyət bütün dünyanı təsiri altına almış vəziyyətdədir. Bu halda belə bir şeydən söhbət açmağımız gülməli olar. Əvvəl insanlar bir özlərinə dönsünlər. "Biz kimik, haradan gəldik, hara gedirik" desinlər.

- Aşıq Veysəli konsertlərinizdə necə təbliğ edirsiniz?
- İyirminci əsrin son səsi, son sözü. Bütün xalq ədəbiyyatının xülasəsi; Aşıq Veysəl. Nə sağçıların, nə də solçuların ozanı olub. O, bütün Anadolu xalqının ozanıdır. Onu seçməmək, əslində, bizə ayıb olardı.

- Aşıq Veysəllə bağlı istər ailənizdən, istərsə də yaxınlardan nələr eşitmisiniz? O, necə biriydi?
- Aşıq Veysəl bizim torpağımızın insanıydı. Saf və təmiz bir cavan olub. Pula heç bir zaman tapınmamışdı, gücü sevməmişdi, bərabərliyi və qardaşlığı müdafiə edən gülərüzlü Anadolu ozanı idi. Aşıq Veysəl çox mehriban və ünsiyyəti sevən bir insan olub. Dostluq əlaqələri çox isti və səmimi idi.

- Türkiyədə Aşıq Veysəl adının yaşadılması üçün hansı addımlar atılıb, hansı işlər görülüb?
- Türkiyədə bununla bağlı yetərli işlər görülməyib. Həmişə deyirəm ki, Aşıq Veysəl adına bir universitetimiz belə yoxdur. Çox ayıb. Aşıq Veysəllə bağlı çox az yazılar var. Akademik baxımdan nəşrlərin çoxalması lazımdır.

- Bizimlə Aşıq Veysəl barədə bilinməyən bir hekayə və ya maraqlı məlumat paylaşa bilərsinizmi?
- Çoxdu belə xatirələr, əhvalatlar, həddən artıq çoxdur. Aşıq Veysəl olduğu bir yığıncaqda, saz çalıb türkü söylərkən, səs-küy eşitsə, ifasına ara verərmiş. Sazını qulağına yaxınlaşdırar, onu dinləyirmiş kimi belə söyləyərmiş – “Bu səs-küy sazın içindənmi gəlir?”. Beləliklə, səs-küy salanlara nəzakətlə xəbərdar edərmiş.

- Azərbaycana heç gəldinizmi, nə zaman gəlmək istərdiniz?
- Gəlmədim. Azərbaycan qardaş və dost ölkədir. Eyni dilin fərqli versiyasında danışırıq. Ürəyimiz birdir. Bu torpaqda nə varsa, sizə, o torpaqda nə varsa, bizə toxunur. Mədəniyyətimiz eynidir. Mütləq gəlmək istəyirəm.

- Bizim müğənnilərdən kimlərin səsini bəyənirsiniz, kimlərlə dostluğunuz var?
- Rəşid Behbudov başda gəlir, təbii. Mən Azərbaycan musiqisinin hüznlü tərəfini sevirəm. Cümlə quruluşu, qulağa gəlişi çox hüznlü bir dildir. Ona görə həzin musiqilərin azərbaycanlılara daha çox yaraşdığını düşünürəm.

- Bakıda konsert verməyi heç düşündünüzmü?
- Düşünmək yetmir, çağıran olmalı ki, biz də düşünək. İnşallah, sizin torpaqlara gəlmək imkanımız olar.

- Sizi izləməyə gələnlər çoxdumu, yəni sizin qrupa maraq necədir?
- Bu maraq bizə deyil, Aşiq Veysələdir. Getdiyimiz yerlərdə insanlar salona sığmır. Ümid edirəm, insanların maraqları azalmaz. Aşıq Veysəl bələdçiniz olsun.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm