Azərbaycanın ən gözəl aktrisası məlum oldu
Bizi izləyin

Tabloid.az

Azərbaycanın ən gözəl aktrisası məlum oldu

Publika.az saytı Azərbaycanın tanınmış aktyorları arasında sorğu keçirib. Aktyorlarımız ölkəmizin ən baxımlı və gözəl hesab etdikləri aktrisasını seçiblər.

Bakı Uşaq Teatrının direktoru, aktyor-rejissor İntiqam Soltan hesab edib ki, Azərbaycanın ən gözəl aktrisaları onun rəhbərlik etdiyi teatrda çalışırlar. Aktyor-rejissor dediklərini belə izah edib:

“Mənim üçün öz teatrımın aktrisalarından gözəli yoxdur. Çünki bu xanımlar əvəzedilməzdirlər. Özləri səhnədə od parçasıdırlar. Amma o qədər sadə və səmimidilər ki... Hara çəkilişə gedirlərsə, axşam mənə mütləq zəng edib təşəkkür edirlər. İlhamə Əhmədova, Könül Şahbazova, Vüsalə Bəşirova... Bu aktrisalarla on günlərlə xarici səfərdə olmuşuq, lazım olub paltarlarımızı yuyublar, lazım olanda yemək bişiriblər. Rizedə avtobusumuz yolda xarab oldu. Mən onları hotelə yerləşdirə bilmədim. Dedilər, siz harda, biz orda”.

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Füzuli Hüseynov isə hesab edir ki, xalq artisti Şəfiqə Məmmədova cavanlıqda çox baxımlı olub: “Şəfiqə Məmmədova cavanlıqda əsl səhnəlik aktrisa idi. Hazırda birlikdə işləməkdən zövq aldığım Sənubər İsgəndərli və Rus Dram Teatrından Lüdmila Duxovnayadır”.

Aktyor-rejissor Samir Qulamovun Azərbaycanın ən gözəl və baxımlı hesab etdiyi aktrisaları isə bunlardır: “Hökumə Qurbanova, Şəfiqə Məmmədova, Amaliya Pənahovanı bəyənirəm. Müasirlərdən isə görünüşə görə bəyəndiyim bir neçə aktrisa var. Sırf aktrisa kimi bəyəndiklərimdən Fidan Axundovanın, Günel Məmmədovanın, Münəvvər Əliyevanın adını çəkə bilərəm. Fikrimcə, indi yaxşı aktrisalar aktyorlardan çoxdur”.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Səfa Mirzəhəsənovun favoritləri sırasında da Şəfiqə Məmmədovanın adı var: “Şəfiqə Məmmədova, Şükufə Yusupova və Münəvvər Əliyeva həm də çox geniş potensiala malik aktrisalardır. Şükufə xanım bizim teatrımızın ən gözəl və baxımlı aktrisasıdır. Münəvvər xanım isə gözəlliyinə və istedadına görə birincidir. O həm də çox perspektivlidir, gələcəyi var”.

Aktyor-şoumen Səməndər Rzayev əvvəlcə ad çəkmək istəməsə də, sonda favoritinin adını açıqlayıb: “Məncə, üç ad az olar. Çünki baxımlı və gözəl aktrisalarımız daha çoxdur. Amma onu da deyim ki, elə aktyorlarımız var, aktrisa kimi oynayırlar. Favoritimə gəlincə, bu, Vəfa Zeynalovadır”.

Aktyor Xudu Mürsəlov aşağıdakıları Azərbaycanın ən gözəl aktrisaları hesab edir: “Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəcibə Məlikova çox gözəl olublar. İndikilərdən Firəngiz Mütəllimova, Bəsti Cəfərova və Həmidə Ömərovanı bəyənirəm”.

Aktyor-rejissor Qurban Məsimova görə isə Azərbaycanın ən gözəl və baxımlı aktrisaları Xalidə Quliyeva, Sənubər İsgəndərli və Kəmalə Müzəffərdir. Q.Məsimov seçimini belə izah edib: “Sadaladıqlarımın işinə və xasiyyətinə bələd olduğum üçün bu üçlüyü dedim. Yeni sənətə başlayanlardan da gözəl aktrisalarımız var. Amma onların əksəriyyətinin incəsənət təhsili yoxdur. Buna baxmayaraq, onlara tələbat var. Onların sırasında Könül Nağıyeva, Mənsurə Əhmədova, Könül Cəfərzadə kimi adları çəkə bilərəm. Pərvin Abıyeva və Duyğu Dəvəli də gözəl, baxımlı aktrisalardır”.

Q.Məsimov hesab edir ki, Azərbaycanda gözəl aktrisalar o qədər də çox deyil. Onun fikrincə, belələri çox olsaydı, reklam və klip çəkilişlərinə məhz onları dəvət edərdilər: “Günel Məmmədova, Səbinə Məmmədova da gözəldir. Amma gözəllik və bədiilik arasında böyük fərq var. Teatr və kinomuza yaraşıqlı oğlan və qızlar lazımdır. Təəssüf ki, onların da çoxu incəsənətə gəlmirlər. Məsələn, əksər ölkələrdə yaraşıqlı gənclər öncə modelliklə məşğul olmağa başlayırlar. Sonra isə daha çox gəlir əldə etmək və populyar olmaq üçün aktyorluq kurslarına gedib sənətin sirlərini öyrənirlər”.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev isə hesab edir ki, müasir dövrün aktrisalarında ən gözəlləri Məleykə Əsədova, Bəsti Cəfərova və Mətanət Atakişiyevadır: “Keçmişlərdən isə Leyla Bədirbəyli ən gözəli olub. Nəcibə Məlikova da baxımlı qadın idi. Amaliya Pənahova, Şəfiqə Məmmədova da gözəl və baxımlıdırlar.

Gənc tamaşaçılar teatrının aktyoru, əməkdar artist Qurban İsmayılov fikrini bu cür izah edib: “Ad çəkmək istəmirəm. Bütün aktrisaları gözəl hesab edirəm. Xüsusən də öz istedadı və bacarığı ilə tamaşaçıları sevindirənlər daha gözəldirlər. Gözəl aktrisalarımız çoxdur deyə konkret ad çəkə bilmirəm”.

Gənc aktyor Tural Əhməd isə Nəsibə Zeynalova, Şəfiqə Məmmədova və Zemfira Əbdülsəmədovanın Azərbaycanın ən gözəl və baxımlı aktrisaları olduğu qənaətindədir: “Çünki hər üçü çox təbiidirlər”.

Sorğunun nəticələrinə əsasən, aktyorlarımızın əksəriyyəti Şəfiqə Məmmədovanı Azərbaycanın ən gözəl və baxımlı aktrisası hesab ediblər. Ən çox səs qazanan digər aktrisa isə Amaliya Pənahova olub.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm