Azərbaycanda Teatr bayramı – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanda Teatr bayramı – FOTO

Şəkidə I Beynəlxalq teatr festivalı keçirilir.

Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı birgə təşkil edib. Tədbir “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçiriləcək.

Publika.az-ın məlumatına görə, festival çərçivəsində sentyabrın 10-da Şəkidə Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi keçirilib.

Mərasimdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, festivala dəvət olunmuş qonaqlar, tanınmış teatr və incəsənət xadimləri ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binası önündə ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini yad ediblər. Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan teatrının keçdiyi tarixi yola qısa nəzər salıb, son illər teatrlarımızın qazandıqları uğurlar barədə danışıb.

Nazir bildirib ki, bu gün ilk dəfə olaraq yeni teatr mövsümü Şəkidə açılır. 142 illik tarixi olan Azərbaycan teatrının tarixində yeni bir dövr başlanır.
Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını – İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri əsasında hazırlanan tamaşanı təqdim edib.

Görkəmli dramaturqun 100 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbovdur.

Tamaşada əsas rolları Rəhim Qocayev, Çinarə Səmədova, Səlim Babayev, Xanlar Həşimzadə, Əməkdar artistlər Əbülfət Salahov, İqrar Salamov və başqaları ifa ediblər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm