• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şpaqat açan müğənni: “Afaq Aslan məndən də pis gündə oxuyur” - FOTOLAR

Şpaqat açan müğənni: “Afaq Aslan məndən də pis gündə oxuyur” - FOTOLAR

Onu mətbuat daha çox “şpaqat açan müğənni” kimi tanıyırlar. Şpaqat açdı, tanındı, amma yenə əvvəlki kimi dayandı bir kənarda. Söhbət müğənni Könül Şıxəliyevadan gedir.

Sənətçi Publika.az-a müsahibəsində şəxsi həyatından, yeniliklərindən danışıb, hətta əməkdaşımızı döyməklə hədələyib.

- Bir fotosessiya etdirdin, müsahibə verdin, gündəmə gəldin və indi də ortalıqda yoxsan...

- Varam, yeni klip çəkdirmişəm.

- Nə klipidir?

- “Xatirələr” mahnısına çəkilmiş klipdir. Talıb Tale və Elvin Musayevin mahnısıdır.

- Klipi kim çəkib?

- Fuad Tofiqoğlu.

- Sənin oxumağın hansı zərurətdən yarandı. Nədən hiss elədin ki, oxumalısan? Ümumiyyətlə, estradamızın harasında boşluq var idi ki, o boşluğu doldurmağa gəlmisən?

- Oxumağı, musiqini çox sevirəm, bir hobbi kimi.

- Özün üçün - klipsiz, evdə, yaxud da yaxın adamların məclisində oxuya bilməzdin?

- Evdə də oxuyuram, məclisdə də.

- Səncə, sənin oxumağın efirlikdir?

- Bəli.

- Dəqiq?

- Əlbəttə.

- Bizim efirdə səndən pis oxuyanlar var?

- Mən pis oxumuram.

- Yəni belələri varmı?

- Bəli, bəli.

- Kimlərdir onlar?

- Ad çəkmək istəmirəm.

- Adam öldürmürsən ki, ad çəkməyəsən.

- Çoxdur.

- Birinin adını çək.

- Afaq Aslan.

- Şpaqat açmağı harda öyrənmişdin?

- Bədii gimnastikayla məşğul olmuşam.

- Məncə, gimnastikanın ardınca getsəydin, daha böyük uğur qazanardın.

- İnsan sevdiyi işlə məşğul olmalıdır.

- Sevmirdinsə, gimnastikaya niyə gedirdin?

- Sağlamlıqdır. Mən çox işlərlə məşğulam. Saç ustasıyam, salon işlərindən başım çıxır. İnsan özünü bütün sahələrdə sınamalı və yekunda özünü tapmalıdır.

- Səni şou-biznesin hərşeyşünas sənətçisi hesab etmək olar?

- Mən şou-biznesə canlanma gətirəcəm.

- Gətirdiyin nədirsə, bir ildir gətirib çıxarda bilmirsən.

-Təzə klipim çıxdı.

- Yetərincə komplekssiz və cəsarətlisən. Səni hansısa fotosessiyada bütün geyimlərdən imtina etmiş formada, kobud desək, lüt görə bilərik?

- Ola bilər.Elə paltar ola bilər ki.

- Yox, ümumiyyətlə, paltarsız...

- Söz vermirəm.

- Demişdin ki, haranısa əməliyyat elətdirəcəksən. Nə vaxt etdirirsən?

- Ola bilər ki, elətdirim. Hamı elətdirir də, nə var ki, burda?

- Səni nə qane eləmir?

- Qane edir e...

- Bəs niyə əməliyyat etdirirsən?

- Daha da gözəl olmaq lazımdır.

- Yəni etiraf edirsən ki, gözəl deyilsən.

- Gözələm, amma təbii gözəlliyə qiymət verən yoxdur.

- Bir ilə sənətinə nə qədər pul qoymusan?

- Çox qoymamışam. Efirə çıxmaq üçün çox pul xərcləmirəm.

- Onda müəyyən bicliklərə əl atırsan ki, mətbuat məcbur olub səndən yazsın?

- Necə varam, eləyəm.

- Səndən bir müddət əvvəl müsahibə almaq istədim. Məlum oldu ki, mətbuat katibin də var imiş. Könül Şıxəliyeva nə böyük müğənniymiş ki, mətbuat katibi də varmış?

- Hamı yavaş-yavaş başlayır da.

- Yavaş-yavaş başla da. Özün telefonla danışa bilmirsən?

- Danışa bilirəm.

- Flora Kərimovanın telefonuna özü cavab verir...Məlum fotosessiyandan sonra sənə xeyli sponsor-sevgili təklifləri oldu, yəqin ki.

- Mən eşitməmişəm.

- İndi belə bir insan var?

- Xeyr, yoxdur (Halbuki sevgilisi ilə konsertə gəlmişdi-İ.V).

- Ailəli olmusan?

- Ailəli olub ayrılmışam, övladım var.

- Nə zamandan təksən?

- 5-6 il var.

- İnanan daşa dönsün ki, bir səhnə qadını 5-6 ildir təkdir.

- Hər şey ola bilər.

- Mən inanmıram.

- Öz probleminizdir.

- Suallar səni qıcıqlandırmır?

- Xoşdur belə mübahisəli müsahibə.

- Qarşıda hansı planların var?

- Klipimi efirlərə verməyə hazırlaşıram. Bir də ikinci mahnım “Ayrılığı istədin” hazırlanır.

- Bəs o mahnıları efirə verəndə tamaşaçılara yazığın gəlmir? Klip çəkdirmisən, qoy evdə DVD-də bax da.

- İnsanlar bütün günü nə qədər eyni şeyə baxsınlar?

- Sən oxuduğun musiqi deyil.

- O, sizə görə musiqi deyil, amma məni sevənlər də var.

- Pərəstişkarların, fanatların var, sənə mesajlar yazırlar...

- Bəli, elədir.

- Sosial şəbəkədə varsan?

- Bəli.

- Hansında?

- İnstaqramda.

- Nə qədər izləyicin var?

- Minə yaxın.

- Deməli, Azərbaycanda sənin min nəfər pərəstişkarın var?

- Özüm heç kimə dostluq göndərmirəm.

- Efirlərə pul verib çıxırsan?

- Elə olacaq, demək olar ki. İndi pulsuz heç nə yoxdur.

- Pulu hardan qazanıb efirə verirsən?

- Ailəm verir.

-Yəni kim?

-Valideynlərim.

- Bizneslə məşğuldurlar?

- Obyektlərimiz var.

- Camaatın obyektdən qazandığını gətirib efirə verirsən ki, nə var, nə var efirdə görünəcəksən?

- İnsanlar təzə sima görməlidirlər də.

- Zarafat bir qırağa, amma sənin səsində nəsə var.

- (gülür) Döyəcəm haa səni.

- Düşünürsənmi ki, sənətin nə vaxtsa sənə pul qazandıracaq?

- Qazandırır artıq, toylara gedirəm mən.

- Neçəyə gedirsən?

- Oxuyuram, durduğum yerdə mənə qəşəng pul gəlir.

- Durduğun yerdə pul necə gəlir?

- Bəzən deyirlər ki, filan mahnını təzədən oxu. Toya pul danışıb getmirəm.

- Bir toydan nə qədər qazanırsan?

- 300-500 manat.

- Hər gün toyda olursan?

- Həftədə 2-3 dəfə.

- Ziyalı məclislərinə gedirsən?

- Qəşəng-qəşəng yerlərə gedirəm.

- Rusiya toylarına da gedirsən?

- Hələ yox, dəvət yoxdur. Burda nə qədər toylarımız var. Ora niyə gedirəm ki?

- Toyda nömrə verirlər sənə?

- Olur, özü də çox.

- Heç toyda şpaqat açdığın olub?

- Şapaqat açmaq istəyirəm, amma özümü yığışdırıram.

- Onda bu, səndə patoloji haldır da.

- Məndə kompleks yoxdur. Rəqsi çox sevirəm. Niyə şpaqatdan yapışmısan?

- Mən səni elə tanımışam da.

- Yəqin, şpaqat açmağım xoşuna gəlib, ona görə yadında qalıb. Antireklam özü bir reklamdır.

- Amma babat şapaqat açmışdın. Sənə görə indi başladığın yolun pik həddi hardadır?

- Konsert verəndə olacaq

- Gələn olacaq həmin konsertə?

- Olacaq. Heç kimi dəvət etməyəcəm, özləri bilet alıb gələcəklər.

- Klipinin təqdimatına nə qədər jurnalist gəlmişdi?

- 3-4 nəfər.

- Bax bu, real göstəricidir də. Mətbuat konfransına 3-4 nəfər gəlirsə... Konsertin nə vaxt olacaq?

- Bir ilə.

- Bir ilə həmin publikan olacaq?

- Bəli.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR