Xoşqədəm Hidayətqızı: “Heç vaxt sponsor axtarmamışam, özü gəlib tapıb”
Bizi izləyin

Tabloid.az

Xoşqədəm Hidayətqızı: “Heç vaxt sponsor axtarmamışam, özü gəlib tapıb”

Xoşqədəm Hidayətqızı Azərbaycanda sosial jurnalistikanı canlandıran, necə deyərlər, xırda insanların böyük problemini cəmiyyətin içindən efirə daşıyaraq teleməkana yeni ab-hava gətirən isimdir. Əməkdaşımız Nərmin Muradlı ilə söhbətində Xoşqədəm Hidayətqızı həm şəxsi həyatı, həm də telejurnalist kimi peşəkar fəaliyyəti ilə bağlı ilginc məqamlar açıqlayıb. Müsahibənin birinci hissəsini təqdim edirik:

- Xoşqədəm xanım, uşaqlıq arzunuza çatmısınız: neçə illərdir ki, televiziyada çalışırsınız. Siz uşaq olanda bircə AzTV vardı, o vaxt kimlərə baxırdınız, kimlər sizin üçün örnək idi?

- 5-ci sinifdə oxuyurdum. Qarabağdakı evimiz təpənin üzərində idi, qarşısı meşəlik və sakit axan çay...O evdə xəyal qururdum: nə vaxtsa televiziyada işləyəcəm, Roza Tağıyeva kimi danışacam. İllər sonra televiziyaya gəldim, ilk verilişin çəkilişindən sonra oturub ağladım. O vaxt studiyada ən çox görmək istədiyim adam Roza Tağıyeva idi. Çox təəssüf ki, hələ də onunla görüşmək mənə nəsib olmayıb.

- Cəhd etmisiniz?

-Telefonla danışmışam. İlk dəfə telefonda onun səsini eşidəndə ağlamışdım. Uşaq vaxtı o mənim üçün əlçatmaz idi. Heç vaxt özümü ona çatmış hesab edə bilmərəm. O, zirvədədir və o zirvəyə çatmaq üçün çox çalışmalıyam. Onun kimi Şərqiyyə Hüseynova, Ofeliya Sənani və digərləri...Onlar həqiqətən böyük məktəb idilər.

- Uzun illər yazılı mətbuatda çalışmısınız, “Üç nöqtə”nin təsisçisi, baş redaktorusunuz. Yazılı mətbuatdakı təcrübəniz televiziya məkanında işinizə yaradımı?

- Mən televiziyaya sıradan bir müxbir kimi deyil, Xoşqədəm Hidayətqızı imzası ilə gəlmişdim. Əlimdə “Üç nöqtə” kimi böyük əsərim var idi. Ona görə sağ olsunlar, məni bir rəhbər kimi də qarşıladılar. Həmişə fərqləndim.

- Münasibət baxımından?

- Bəli, etiraf edəcəyəm ki, mən televiziyada mətbuata yeni gələn insan kimi dəyərləndirilmədim. Xoşqədəm Hidayətqızı kimi dəyər, etimad, etibar gördüm və bu indiyə kimi belə də davam edir.

- Amma öncə “Sən tək deyilsən” verilişi var idi.

- O layihə ATV-nin keçmiş rəhbərliyinə məxsus idi. Onlar qadın proqramı hazırlamaq niyyətində idilər və aparıcı kimi məni seçdilər. Amma o vaxta qədər neçə-neçə kanala öz layihələrimi aparmışdım, hamısı da soruşurdu: sponsorun var? Televiziyada işləmədiyimə görə bilmirdim ki, sponsoru kim tapmalıdır. Aparıcı sponsorumu tapmalıdır? – bu sual mənim üçün indiyə kimi müəmmadır. Axı niyə mən sponsor axtarmalıyam? Mən gözəl, reytinqli, populyar, hər bir kəsin baxdığı bir layihə ortaya qoymalıyam ki, sponsor onu görsün və özü bizə müraciət etməkdə maraqlı olsun. Səmimi deyirəm, “Səni axtarıram” üçün heç vaxt sponsor axtarmamışam, sponsor özü gəlib bizi tapıb. Nə isə. İşə başladıq, zamanla konsepsiya dəyişdi, verilişdə üç dəqiqəlik “Səni axtarıram” rubrikasını yaratdıq. Ardınca da “Sən tək deyilsən”i yüksək reytinqlə bağladıq.

- Adətən, yüksək reytinqli verilişlər bağlanmır. Nə əcəb rəhbərlik belə qərara gəldi?

- O barədə danışmayacam. Nə yaxşı ki, “Səni axtarıram”ı yaratdım. Mən üç dəqiqəlik rubrikanı nəhəng bir layihə halına gətirdim. Bunu mübaliğəsiz deyirəm. Kimlərinsə qəbul edib etməməsindən asılı olmayaq veriliş dünyanın hər bir nöqtəsində, Avropadan tutmuş İran, Türkiyə, Rusiya, Ukraynaya qədər izlənir. Dünyanın hər bir ölkəsində “Səni axtarıram”ın yüzlərlə könüllüsü var. “Səni axtarıram”ın böyüməsi, daha gözəl şəkildə Azərbaycan tamaşaçısına çatdırılmasında televiziyamızın rəhbəri Vüqar Qaradağlı çox böyük əziyyət çəkdi. Məhz onun köməkliyi sayəsində uğurun üstünə uğur gəldi. Bu gün çətinlikləri arxada qoymuşuq, yaradıcı mühitdə çalışırıq. Yeri gəlmişkən fürsətdən istifadə edib Vüqar müəllimə də öz təşəkkürümü bildirirəm.

- Aparıcının arxasında güclü komanda olanda o daha güclü görünür. Komandanı necə formalaşdırdınız?

- “Sən tək deyilsən”də çalışanların heç biri “Səni axtarıram”ın kollektivində yoxdur. Mən heç vaxt yanıma peşəkar gətirmirəm. Bu, “Üç nöqtə”də, “Səni axtarıram”da da belə olub. Mən insanlarla sıfırdan işləməyə başlayıram. Mənim kimi yanımda işləyənlərin də televiziya təcrübəsi yox idi. Bəli, bu çətin idi, amma bütün bunlara baxmayaraq uşaqların hamısı bu işi çox sevdilər. Bizlər o verilişi elə bir səviyyəyə gətirdik ki, uzun illər televiziyada işləyən adam dörd ildə bizim qazandığımız uğuru qazana bilmədi. Az qala “Səni axtarıram”ı yamsılayırlar. On illərlə televiziyada işləyən adam əgər “Səni axtarıram”dan nəsə götürürsə deməli bu cür komanda ilə işləmək lazımdır.

- Bayaq dediniz, “Səni axtarıram”ı yamsılayırlar, hətta zaman-zaman belə bir veriliş yaratmağa da çalışırlar. Rəqiblərinizin peyda olması sizi qorxutmur ki?

- “Səni axtarıram”ı, məni təqlid etmək istəyənlər var, amma alınmır. Birincinin “kopya”sı alınmır. Gərək birinci özün yaradıb, imzanı qoyasan. Özünüz də şahidi oldunuz ki, 4 il ərzində çox çalışdılar, amma alınmadı və alınmır. “Jdi menya”nın rəhbərliyi ilə görüşümüzdə baş direktor mənə çox yaxşı sual verdi. Soruşdu ki, sizdə neçə “Səni axtarıram” yaranıb? Dedim ki, bizdə hələ yaranmağa cəhd edilir, amma elə beşikdəcə qalır, böyümür. “Səni axtarıram” çox böyük, ağır, gərginliyin yaşandığı bir verilişdir. Burada yatmaq, dayanmaq, oturmaq yoxdur, daim iş var.

- Həyatınızın neçə faizini “Səni axtarıram”tutur?

- Son dörd ildə həyatımın bütün hissəsini “Səni axtarıram”a vermişəm. Sizə bir sirr açım, heç vaxt düşünmürdüm ki, hansısa gün mən tennis oynamaram. Amma artıq üç ildir tennis oynamıram. Həftədə iki-üç dəfə fitnesə gedirdim. Son doqquz ayı o qədər gərgin işlədim ki, idmana da gedə bilmədim. Məcbur oldum evə idman avadanlıqları aldım. Saat 22-24 arası evə gedirəm, nə qədər yorğun olsam da idman edirəm, çünki düşünürəm ki, tamaşaçılar və efir üçün hər zaman formada olmalıyam. Gecə saat 3-ə qədər idman edirəm, sonra yatıram, səhər oyanıb işə gəlirəm. Mənə qalan iki–üç saat olur, onu da ancaq idmana həsr edirəm.

- İş prosesində çox tələbkar olduğunuzu deyirlər.

- Bəli, çox tələbkaram, mənimlə işləmək çox çətindir. İşini bilməyən üçün çətindir, işini bilən isə mənim başımın tacıdır. Əgər yanımda biri varsa, demək, o işini bilir ki, Xoşqədəm onu saxlayıb. Yanımda olanlar özünə hörmət edən, özünü, işini sevən və ən əsası mənə sevgisi olan insanlardır. Hər zaman deyirəm ki, sizi sevməyən insanlarla işləməyin. Çalışın ki, ətrafınızda sizə az-çox simpatiyası olan insanlar olsun. Onlar sizin üçün gecələr yuxusuz qalıb, hətta ölümə də gedəcəklər. Mənimlə işləyən insan hər an yenilik arxasınca qaçmalıdır. O işində, həyatında hər zaman gözəllik axtarmalıdır. Mən gözəllik dəlisiyəm. İşdə, evdə də, hər yerdə gözəllik axtarıram. Gözəllik yoxdursa, demək heç nə yoxdur.

- Çox əsəbləşəndə necə və kiminlə sakitləşirsiniz?

- Əvvəllər çox əsəbləşəndə tennis oynayırdım. Tennis oynadığım rəfiqəm bir gün dedi ki, xahiş edirəm əsəbləşəndə tennis oynama, çünki topu hara gəldi atırsan. İndi əsəbləşəndə tək qalmağa üstünlük verirəm.

- Yəqin “Səni axtarıram”ın təsiri var. O verilişdən sonra iç dünyanızda nə dəyişdi? Yaxud həyatınızla bağlı hansı qərarlarda səhv etdiyinizi düşündüz?

- Mənim bir müsbət keyfiyyətim var. Heç vaxt yaşıdlarımla, nə də məndən kiçik insanlarla dostluq etmirəm. Mənim dostlarım yaşca məndən çox böyük insanlar olub,. Həmişə istəmişəm o çevrədə olum, çünki o çevrə mənə düzgün yolları göstərir. Amma iç dünyamda çox şey dəyişdi. Ömrüm boyu şübhələr içində yaşayan insan olmamışam, hamıya inanırdım, etibar edirdim. Televiziyada elə insanlar gördüm ki, fikirlərim dəyişdi. Əgər televiziyada biri səni gülərüzlə salamlayırsa, bu, o demək deyil ki, o, səni sevir. “Səni axtarıram”da elə insan taleləri ilə üz-üzə qaldım ki, dəhşətə gəldim: qardaş öz bacısını yarı yolda qoyur, ana övladını atır, təkbaşına mücadilə edib yüksələn insanları gördüm. Bütün bunlardan sonra mənim həyata baxışlarım dəyişdi. Bu verilişdən sonra ətrafımdakıları, ailəmi, mənə məxsus olan nə varsa hamısını qorumağa çalışdım, onları itirməkdən qorxdum. Bu mənada “Səni axtarıram”a borcluyam.

- Yəqin, dağılmış ailələri görəndə o an öz doğmalarınızı qucaqlamaq istəyirsiniz...

- Başqırdıstanda başı kəsilən və bu cinayətdə erməni əli olan bir şəxsin ailəsinə dəhşətli xəbəri çatdırdım... Çox insanlar bilir ki, mən də ailəmdə qardaşımı, bacımı itirmişəm. Mən o xəbəri verən zaman bacının qışqırtısını eşidəndə bir anlıq qaçıb bacılarımı qucaqlamaq, “Siz xoşbəxtsiniz. Ən azından siz qardaşınızı son mənzilə bu vəziyyətdə yola salmadınız”, demək istədim.

- Elə an olur ki, hər şeyi buraxmaq, qaçıb getmək istəyirsiniz?

- Bir il öncə səhhətimdə problemlər yarandı, həkim dedi ki, mənə əsəbiləşmək, ayaq üstə çox durmaq olmaz, bir ay xəstəxanada yatmalıyam. 8 il müayinə üçün getdiyim xəstəxana şokda idi. Həkim qəti şəkildə dedi ki, işdən imtina etməlisən. Xəstəxanadan çıxdım, küçədə ağlayaraq televiziyanın vitse-prezidenti Məqsəd Nura zəng vurdum, dedim ki, daha işləmək istəmirəm. Mən özümü o qədər sevən insanam ki, həkimlərin saydıqları xəstəliklər məni depressiyaya saldı. Hər şeyi buraxıb getmək istədim. Məni əvəz edəcək bir xanım aparıcını da müəyyənləşdirmişdim. O, Nanə Ağamalıyeva idi. Televiziyada gəldim, Nanə ilə danışmaq istədim, amma onu tapmadım. Bu vaxt telefonuma zəng gəldi, götürdüm İsmayıl baba idi, bizim tamaşaçılar onu çox yaxşı xatırlayırlar. O ağlayaraq mənə dedi ki, Xoşqədəm, mən artıq ölürəm, oğlumdan bir xəbər yoxdur? Ona telefonda nə deyəcəyimi bilmədim. Qayıtdım televiziyaya və qərar verdim ki, ölən günə kimi bu verilişdə olacam. Beləcə, getmək istəyim puç oldu.

- Beləcə, sağlamlığınızdan, gözəlliyinizdən imtina etməli oldunuz. Çünki insan sağlam olmayanda özünü gözəl də hiss etmir.

- Mən indi özümü gözəl hiss etmirəm. Çünki həyatımı yaşaya bilmirəm. Vaxtı–vaxtında həkimə gedə, qidalana bilmirəm. Bütün günü yollardayam, sizə son günlərin qrafikini desəm dəhşətə gələrsiniz. Yalnız maşında və təyyarələrdə yatmışam. Yediyim də kolbasa-çörək olub. Ömrümdə kolbasa yeməzdim, son illər məcbur oldum.

- Kolbasa-çörək jurnalistlərin ənənəvi yeməyidir. Nə əcəb siz indiyə kimi yeməmisiniz?

- Sen tek deyilsen ve “Səni axtarıram”a kimi heç vaxt yeməmişdim. Dörd gün yataq üzü görmədən, yuyunmadan, avtomobillərdə, təyyarələrdə gəzmək - sizcə, bu normaldır? Amma nə etməliyəm? Mənə ümid yeri kimi baxan insanların yanında olmuşam və indi də olmağa məcburam. Ya əvvəldən olmamalıydım, olmuşamsa da bunun ardı gəlməlidir.

- Amma bir gerçəklik də var. Televiziya məşhurluq gətirir və bu məşhurluğa çatan hər kəs ondan vazgeçməz istəmir.

- Allaha şükür ki, bəzilərindən fərqli olaraq məndə ulduzluq xəstəliyi olmayıb və olmayacaq da. Əgər görsəm ki, nə vaxtsa “Səni axtarıram” reytinq gətirmir, verilişdən uzaqlaşaram. Çoxları deyir ki, niyə reytinq deyirsiniz? Axı tamaşaçı baxmırsa, mən o verilişi niyə və kimə görə hazırlayım? Mətəl qalıram, reytinq verməyən veriliş üçün əziyyət çəkirlər. Bunu anlaya bilmirəm. Əgər o verilişin aparıcısı mən olsam, işləmərəm. Mən əməyimə qiymət verirəm. Əməyinə, əziyyətinə qiymət verən insan uğur gətirməyən heç bir işin arxasınca getməməlidir.

- Yeri gəlmişkən, bizim kanallara, aparıcılara baxırsınız?

- Öz verilişimdən başqa nadir hallarda televiziyaya baxıram. Birincisi, vaxtım yoxdur, ikincisi isə vaxtım olanda xarici kanallara baxıram. Dedim axı öz üzərimdə işləyirəm.

- Sözünüzdən belə çıxır ki, bizim kanallardan və aparıcılardan öyrənəcəyiniz heç nə yoxdur...

- Söhbət kanallardan yox, aparıcılardan gedir. Mən verilişdə aparıcıya, verilişlərin konsepsiyasına, aparıcının auditoriyanı idarə etmə bacarığına fikir verirəm. Kimə və nəyə baxmalıyam? Əgər reytinqdə birincilik “Səni axtarıram”dadırsa, soruşuram mən kimə baxmalıyam (gülür). Ona görə uğurumun səbəblərindən biri xarici kanalları, xarici aparıcıları izləməyimdir. “Səni axtarıram”ın ideyası “Jdi menya”, Sinan Çətinin “Film gibi” verilişindən götürülüb. Ancaq mən verilişi Azərbaycan variantına uyğunlaşdırdım. Biz verilişə maraqlı əlavələr etmişik: ekspertlər, intriqalar, dramaturgiya.

- Və şou?

- Bəzən bunu deyirlər. Amma bu verilişdə insan taleyi göstərilir. Burda şou etməyə ehtiyac yoxdur. Biz filmləri, serialları izləyiriksə, onları səbirsizliklə gözləyiriksə, deməli insanlar üçün bu, maraqlıdır. Mənim əlimdə bütün vasitələr var, mən niyə ora şou əlavə edim? Ola bilər, mən süjet xəttini bir az dramatikləşdirə bilərəm. Bu da normaldır.

- Yeni mövsümdə “Səni axtarıram”da nələr olacaq?

- Yeni mövsümdə uzun illər apardığımız axtarışların nəticələri açıqlanacaq. Məsələn, “Sən tək deyilsən”ə məktub yazan bir bacının 1966-cı ildən üzünü görmədiyi qardaşının, 1970-ci ildə evini tərk edən Rusiyanın meşələrində həyatını keçirən bir şəxsin axtarışını yekunlaşdırdıq. Yaxud İranda başlayıb Əfqanıstanda bitən axtarışımız . İndi çox anons verməyim. Sadəcə onu deyirəm ki, inanılmaz, maraqlı, tükürpədici çox axtarışlarımız yekunlaşıb. Bütün yayı işlədik, çox az istirahət etdik. Bu qədər ağırlıq, yorğunluqdan sonra nələr olacaq, bilmirəm, hər halda əziyyətimizə dəyəcək, insanlar sevinəcək.

- Bir də ağlayacaqlar...

- Bəzən mənə deyirlər ki, verilişdə çox ağlayırlar. Mən sizə və o insanlara sual verirəm, 30 il qardaşını görməyən biri onunla görüşəndə qol götürüb oynamalıdır? Mən oğlumu bir ay görməyəndə dəhşətə gəlirəm.

(Ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm