• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azər Axşamdan sərt sözlər: “Nazirlik bilir, kim kimdir” – FOTOLAR

Azər Axşamdan sərt sözlər: “Nazirlik bilir, kim kimdir” – FOTOLAR

Aktyor-şoumen Azər Axşamın Publika.az-a müsahibəsi

- Azər bəy, şoumen, aparıcı kimi fəaliyyətiniz göz önündədir. Aktyor kimi hazırda hansı fəaliyyətiniz var?

- Aktyor kimi heç bir fəaliyyətim yoxdur. Amma bu ilin may ayından Dövlət Pantomim Teatrındayam.

-Təxminən 10 il teatrdan kənar qaldınız və yenidən ora qayıtdınız. Sizin üçün bu sahədə nələr dəyişib?

-Teatr aləmində heç bir dəyişiklik yoxdur. Teatrlarımız yerində sayır. Olsaydı, eşidərdik. Deyərdilər ki, filan teatrda çox böyük dəyişikliklər var.

-Teatrdan kənar qaldığınız dönəmdə gedib tamaşalara baxırdınız?

-Yox, tamaşalara, demək olar ki, getmirəm. Çünki o tip tamaşalara baxmağa marağım yoxdur.

- Hansı tip?

- Primitiv tamaşalara.

- Azərbaycanda sizin zövqünüzə uyğun tamaşa yoxdur?

- Olanları da var. Eləsi olub ki, baxmışam, bəyənmişəm. Bu, ötən mövsümdə olmuşdu.

- Hansı tamaşa idi?

- Təəssüf ki, adını unutmuşam. Amma Akademik Milli Dram Teatrında baxmışdım. Xalq artisti Səidə Quliyeva da həmin tamaşada oynayırdı.

- Hesab etmirsinizmi ki, aktyor olaraq televiziyada özünüzü xərcləyirsiniz?

- Qətiyyən elə düşünmürəm. İndi sovet dönəmi deyil ki, biz öz arzularımızın, istəklərimizin ardınca qaçaq. Bu gün zaman və yaşam tərzi səni daha çox maddiyyatın ardınca qaçmağa məcbur edir. Əfsuslar olsun ki, aktyor kimi fəaliyyət göstərməyə maddi məsələlər imkan vermir. Çünki təkcə aktyorluqla maddi tələbatları ödəyə bilməzsən.

- Teatrdan buna görə getmişdiniz...

- Bəli, o vaxt buna görə teatrdan uzaqlaşdım. Maaşların aşağı olmağı məcbur etdi.

- İndi də teatrlarda məvaciblər yüksək deyil, amma qayıtmısınız.

- Axı indi paralel olaraq televiziyada da fəaliyyətim var.

- Aktyorların siyahısı fəxri adlara teatrdan təqdim olunur. Teatra qayıdışınızda fəxri ad almaq məqsədi ola bilər?

- Məni fəxri ad maraqlandırmır. Teatra qayıtmaqda məqsədim başqadır. Aktyorun hər zaman qidalandığı bir məkan olmalıdır. Çünki bu məkan olmayacağı halda fantaziya, düşüncələr tükənir. Bəxtiyar Xanızadənin yanında, kölgəsində olmaq tükənməmək üçün bəs edir. İstəmərəm ki, teatrdan neçə nəfərin içində mənim də adım fəxri adların siyahısında getsin. Demək istədiyim odur ki, 17 ildir efirdəyəm, xidmətlərim var və buna görə fəxri ad almıramsa, teatra gedib iki tamaşa oynamaqla fəxri ad almaq istəməzdim. Bu, ancaq formallıq olacaq.

- Tez-tez seriallarla bağlı sərt tənqidləriniz olur...

- Elə indi də var. Azərbaycanda seriallar çəkilməyə başlayanda çox sevinirdim. Amma zaman göstərdi ki, heç bir inkişaf yoxdur.

- Heç olmasa, öz çəkildiyiniz seriallardan razısınız?

- Mən indi seriala çəkilmirəm. Özünüz görürsünüz ki, bu gün seriallarda çəkilənlərin əksəriyyəti aktyor deyillər.

- “Aramızda qalsın” serialından danışıram...

- Həmin serialı bir il Cihan Taşkın adlı türk rejissor çəkdi. O müddətdə serial çox qane edirdi, həm çəkiliş üslubu, həm büdcə yüksək səviyyədə idi. Özümüzü Hollivuddakı kimi hiss edirdik. Aktyor nə deyirdi, nə istəyirdisə, yerinə yetirilirdi.

- Bəs sonra?

- Bir ildən sonra həmin ab-hava idi. Bu gün də özünüz görürsünüz ki, seriallarda kimlər çəkilir.

- Sosial şəbəkədə status yazmışdınız ki, nə qədər “KVN-şiklər” seriallara çəkilir, o qədər də səviyyə aşağı olmayacaq.

- Orada sohbət dırnaqarası KVN-şiklərdən gedir və təbii ki, istisnalar olur. Onların arasında istedadlı uşaqlar var və həmin uşaqlardan istifadə etmək mümkündür. Amma serialın bütün obrazlarını “KVN-şik”ə həvalə etmək olmaz. Bəlkə, onları da dindirsən, öz səbəblərini gətirəcək ki, maddi vəziyyət aşağıdır. Sonucda zərbə Azərbaycan kinosu və serialına dəyir.

- Tahir İmanovun çəkdiyi “Bir kəndin sevinci” serialında KVN oyunçuları çoxluq təşkil edirdilər. Sizin birbaşa hədəfiniz həmin serialdır?

-Yox, hədəfim o deyil. Təki hamı Tahir İmanov kimi işləsin. O, peşəkar insandır. Aktyor-rejissor təhsili olmasa da, bir çox diplomlu aktyor və rejissorlardan daha peşəkar düşünür, işləyir. Onun serialına baxanda hiss edirsən ki, bəli, bu, filankəsin üslubudur. Oynadıqlarında da KVN üslubunu saxlayırlar. Bizə dramaturji xətti olan seriallar lazımdır. Aktyor xəttinin əsas meyarı dramaturji seriallardır. Komediya elə bir janrdır ki, burda mim də var, şarj da, estrada da. Amma dramaturji seriallarda aktyorların zəif olması qəbuledilməzdir. Türk seriallarına baxıb deyirik ki, süjetdən əlavə, həm də filankəs yaxşı oynayır. Amma bizim seriallarda aktyor oyununa baxmırlar. Tamaşaçı oturub süjetə baxır ki, görək bu öldü, ya yox.

- Bu qədər narazısınız. Nə əcəb özünüzü rejissor kimi sınamaq istəmirsiniz?

- Problem ondadır ki, bu gün hətta canlı yayımda müəyyən eksperimentlər gedir. Canlı yayımda heç nəyi yoxlamadan tətbiq etmək olmaz. Nə olsun ki, mən illərin aktyoruyam və peşəkaram. Bu o demək deyil ki, mən serial çəkə biləcək səviyyədə rejissoram. Bəli, bu gün gördüyünüz seriallardan mən də çəkərəm. Məsələ işi keyfiyyətli görməkdədir.

- İcazə verin, bir məsələdə sizə opponentlik edim. Maddi durumunu yaxşılaşdırmaq üçün toylara getmiş, on il teatrdan uzaq düşmüş, özünü televiziyaya həsr etmiş bir aktyorun indi kimlərisə nələrdəsə ittiham etməyi nə dərəcədə doğrudur? İnanıram ki, həmkarlarınız da belə düşünürlər...

- Bir var, mən kimisə ittiham edirəm ki, sən niyə teatrı qoyub, gedib restoranda işlədin? Bir də var, ki, mən deyirəm , onsuz da restorana getmisən, heç olmasa, işini keyfiyyətli gör. Çoxları elə bilir ki, mən “peşəkar” deyəndə diplomu nəzərdə tuturam. Əsla. Mən jurnalist deyiləm. Amma içimdə jurnalistikaya həvəs var. Məşğul olanda da elə etməliyəm ki, əsl jurnalistlərin əməyini məhv etməyim, insanlar düşünməsinlər ki, hər yoldan keçən jurnalist ola bilər. Əskinə, istəyirəm düşünsünlər ki, gör bu jurnalistikanı bitirsəydi, nələr edərdi. Yəni məsələyə peşəkar yanaşmaq lazımdır.

-Tənqid edirsiniz. Amma çox vaxt tənqidləriniz ünvanlı olmur.

- Azərbaycanda tənqidi bəzən təhqir kimi başa düşürlər. Hətta düşünə bilərlər ki, mən kiməsə paxıllıq edirəm. Açıq tənqidi o vaxt deyirsən ki, canlı yayım olur, hamı üz-üzə oturur və sözünü deyir. Mən buradan deyim, sən oradan. Elə tənqid olmur. İnsanları yararlı olduğuna görə istifadə edərlər, ucuz olduğuna görə yox. Bu gün Azər Axşamı seriala çağırmırlar.

- Niyə?

- Bunu özüm də özümə sual verirəm. Mənim qabiliyyətimdən xəbərsizdirlərmi? Yox. Çünki hər gün efirdəyəm, görürlər, əla da tanıyırlar. Sadəcə, onların büdcəsi məni çağırmağa imkan vermir.

- Siz bu qədər bahalı aktyorsunuz?

- Məsələn, zəng edib məndən soruşurlar ki, çəkilmək istəyirsən? Deyirəm, bəli. Qiyməti soruşanda 250 manat deyirəm. Baxır büdcəsinə, görür ki, həmin pulu mənə verə bilməyəcək.

- Əgər yaxşı iş olsa, sənət naminə qonorarda müəyyən güzəştə getməzsiniz?

- Mənim bu gün teatra qayıtmağım sənət naminə etdiyim güzəştdir.

- İnciməyin, amma bu teatra minnət qoymaq kimi çıxdı...

- Bu, elə sizin sualınızın cavabıdır. Yəni, mən sənət naminə addım ata bilirəm. Siz, sadəcə, jurnalist kimi sözümdən söz çıxarırsınız. Problem bundadır ki, biz deyilən sözdən çıxarış etmirik. İkini ikiyə vuranda dörd edir. Amma biz onda beş, altı cavab axtarırıq. İndi təsəvvür edin ki, mən kimisə konkret tənqid etsəm, o adam nələr düşünər?

- Nə vaxtsa toylardan, korporativ məclislərdən kənarlaşıb, sırf sənətlə məşğul olmaq haqda fikirləşmisiniz?

- Mən ayda 1-2 dəfə tədbirlərdə, məclislərdə oluram. Narahat olmayın, məni heç toylara, banketlərə də çağıran yoxdur. Çünki məni məclisinə dəvət edən insan mənim səviyyəmdə olmalıdır. İnsan zəng edir, bir kəlməsindən tuturam ki, bu, mənim səviyyəmdə deyil. Heç əvvəl də toylara çox getməmişəm. Nə olur-olsun, “pul qazanım, toya gedim” kimi fikirlərim olmayıb. İnsanla görüşmüşəm, qane edibsə, getmişəm.

- Qonorarınız konkret eyni məbləğdə olur?

-Yox, müəyyən güzəştlər olur. Çünki hər şeydən əvvəl biz insanıq. Desəm ki, 5000 manata gedirəm, inandırıcı olmayacaq.

- Və son olaraq, bir fəxri ad məsələsinə toxunmaq istərdim. Adətən, aktyorlar gizli, yaxud açıq şəkildə fəxri ad üçün nazirliyə müraciət edirlər. Səmimi deyin, belə müraciətiniz olub?

- Qətiyyən olmayıb və belə fikrim də yoxdur. Nazirlik çox gözəl bilir ki, kim kimdir. Hər bir insan özünü nəyəsə layiq görə bilər. Sonda Allah layiq bilsə, o gün gəlib çıxacaq.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR