• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məmur övladının yalqız qoyduğu xalq artisti - Ağlaya-ağlaya qalmışam - VİDEO

Məmur övladının yalqız qoyduğu xalq artisti -  Ağlaya-ağlaya qalmışam - VİDEO

Xalq artisti, sevilən sənətkar, ustad tarzən Ağasəlim Abdullayevin doğum günüdür.

Sözün açığı, onu təbrik etməyə, ad günü təəssüratlarını paylaşmağa əvvəlcə ürək eləmədim. Çünki bu ilin martında sənətkarın başına gələn dəhşətli ailə faciəsi hər birimizin yadındadır. Ömür-gün yoldaşını və sevimli nəvəsini avtomobil qəzasında itirən xalq artistinin onlarsız keçən doğum günündə əhvali-ruhiyyəsini təxmin eləmək o qədər də çətin deyil. Amma özümü toparlayıb, cəhd etdim… Elə təxmin elədiyim kimi də oldu. Sevilən sənətkarımız suallarımı qəhər içərisində cavablandırdı. Amma belə bir əziz günündə onu təbrik etdiyimizə görə, dönə-dönə minnətdarlıq etməyi də unutmadı.

- Bilirəm, sizin üçün çətindir, amma doğum gününüzü hansı əhvali-ruhiyyə ilə qeyd edirsiniz?

- Əslində, mən doğum günümü qeyd etmirəm, etməyəcəyəm də. Bilirsiniz niyə. Ailəmin başına gələn o faciə məni çox sarsıdıb. Mənim üçün nəinki ad günümdə, ümumiyyətlə, hər gün çox çətin keçir. Yəqin ki, indən belə heç vaxt özümə ad günü keçirməyəcəyəm. Çünki həyatımın bütün ad günlərini, xoş çağlarını ailəmlə bərabər keçirmişəm. İlk təbriki və hədiyyəmi xanımımdan almışam, onun açdığı gözəl süfrə başına yığışmışıq. İndi o qadın həyatda yoxdur, o günləri yadıma salanda çox pis oluram…Məni bağışlayın, qəhər məni boğur, danışa bilmirəm.

- Amma siz güclü olmalısınız, sizi bu qədər sevən insanlar var…

- Əlbəttə, sevməsəydiniz, səhər tezdən mənə zəng edib, doğum günümü təbrik etməzdiniz. İnsanların sevgisi mənə güc verir. Amma baş verənlərin fonunda güclü olmaq çox çətindir. Mən xaraktercə kövrək insanam. Görürsünüz, sizinlə danışıram, amma gözümün yaşını saxlaya bilmirəm.

- Mən istəməzdim, gözəl bir gündə göz yaşınızı görək. Sizə sevinc yaşları yaraşır. Ağasəlim müəllim həyatınızın ən sevincli günləri hansı yaşınıza təsadüf edib?

- Ümumiyyətlə, həyatda sevinclə kədər əkiz yaranıb. Kim desə ki, ömrü boyu xoşbəxt olmuşam, inanmayın. Bu, mümkün olan şey deyil. Xoşbəxtlik həyatda anlarla olur. Yaşanır və bitir. İnsan bilmir ki, sabah başına hansı bəla gələ bilər. Bu gün xoşbəxt ola bilərsən, amma sabah hansı bədbəxtliklə qarşılaşacağını yalnız Allah bilir. Mən xoşbəxt günlərin ardınca o faciəni yaşadım.

- Ümumiyyətlə, özünüzü həyatın çətin sınaqlarına hazır bilən insansınız? Xarakterinizi nəzərdə tuturam…

- Yox, qətiyyən. Həyatın acı sürprizlərinə hazır insan deyiləm. Elə ailəmin başına gələn faciə də mənim üçün qəfil və dəhşətli oldu. Hələ də özümə gələ bilmirəm.

- Kədərinizi paylaşmağı sevirsiniz?

- Sevirdim, amma indi daha sevmirəm. Mənim ən yaxın həmdəmim həyat yoldaşım idi, yalnız onunla paylaşırdım. Amma bir neçə aydır ki, bu dərdi içimdə boğuram. Sağ olsun dostlarım, məni çətin vəziyyətdən xilas etmək üçün hər zaman zəng edirlər, görüşürük, təsəlli verirlər. Xalqıma da buna görə çox minnətdaram.

- Hansı yaşınız üçün qəribsəmisiniz?

- Mənim üçün rəqəmlərin əhəmiyyəti yoxdur. Hər yaşın öz sevincləri olub. İndi 64 yaşım tamam olur, amma mənə qəribə gəlir ki, zaman necə gəlib tez keçdi. Amma 64 yaşım mənə özü ilə böyük bir faciə də gətirdi. Mən ömrüm boyu öz ailəm üçün yaşayan insan olmuşam. Məni şan-şöhrət maraqlandırmayıb. Şöhrət üçün çalışanlardan olmamışam. Hər zaman çalışmışam ki, ailəmi dolandırım, onlar üçün çörəkpulu qazanım.

- Arzularınızı bilmək maraqlı olardı.

- Xalqımız əmin-amanlıq içərisində yaşasın.

- Bəs Allahdan özünüzə nə arzulayırsınız?

- Heç nə. Özümə daha heç nə arzulamıram. Nə lazımdırsa , nə arzulamışamsa, bu günə qədər olub. İndi istəyirəm ki, uşaqlarım, nəvələrim xoşbəxt olsunlar.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR