• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“İstəmərəm ki, qızım bu işlə məşğul olsun” – FOTOLAR

“İstəmərəm ki, qızım bu işlə məşğul olsun” – FOTOLAR

Müğənni İntiqam Kərimov Azərbaycanın klassik vokal-estrada məktəbinin layiqli davamçılarındandır.

Sənətkarın son illərdə oxuduğu “Köhnə həyət”, ”Qoy gəlsin sizə” adlı mahnılar da yetərincə uğurlu alınıb. Amma Kərimov xeyli müddətdir efirdən kənar düşən həmkarlarının sırasına qoşulub.


Publika.az-a müsahibəsində o, efirlərdən uzaq düşməyinin səbəblərindən danışıb...

- İntiqam müəllim, son zamanlar efirlərdə yoxsunuz. Hazırda nə işlə məşğulsunuz?
-Tələbələr hazırlaşdırıram. Dəvət olanda efirə çıxıram. Bəzi müğənnilər var ki, efirə gündə on dəfə çıxırlar. Mən beş ayda on dəfə efirə çıxıram.

- Üzdə olan tələbələrinizdən kimlərin adını çəkə bilərsiniz?
-Tələbələrim çoxdur. O qədər tələbəm var ki. Hazırda Aysel Əlizadə, Orxan Babazadə, Elçin Həsən kimi gənc ifaçılarla məşğul oluram.


- Fərdi hazırlaşdırırsınız, yoxsa, hardasa dərs keçirsiniz?
- Hazırda tələbələrlə fərdi qaydada məşğul oluram. Amma əvvəllər Bakı Musiqi Akademiyasında 18 il işləmişəm. Sonra çıxdım getdim Türkiyəyə, gələndən sonra hökumət işində işləmədim. Çünki orada işləmək mənə sərf eləmədi. Get-gəldən yoruluram. Ona görə də evdə sakitcə oturub, işimlə məşğul oluram.

-Türkiyəyə niyə getmişdiniz?
- Dəvət etmişdilər. Orada uşaq vokal məktəbində dərs keçdim. Ondan sonra “Xəzər” televiziyasında “Star və sən” adlı proqram hazırladım və onun rəhbəri oldum.

- Sonuncu konsertinizdə mən də iştirak etmişəm. Yanılmıramsa, 2012-ci il idi...
- Bəli, 2012-ci ilin noyabrın 19-da Gənc Tamaşaçılar Teatrında solo konsert proqramı ilə çıxış etdim. Yenə də konsert vermək fikrim var. Ola bilsin ki, yazda solo konsert proqramı ilə çıxış edim. Amma gərək konserti reklam edim ki, camaatın xəbəri olsun. Çünki konsert olandan sonra xəbər tuturlar. Hamısı deyir ki, niyə xəbər eləmirsən? Mən ev-ev zəng vurub, xəbər edə bilmərəm ki. Gərək konserti reklam edəsən.

- O konsertiniz dəvətnamə ilə idi deyəsən...

- Orada cəmi 360 yer idi. İki yüz bilet satılmışdı, qalanı dəvətnamə formasında paylanmışdı.

- Heydər Əliyev Sarayında solo konsertiniz olub?

- Orada yox, amma Dövlət Mahnı Teatrında və bir neçə rayonda ard-arda konsertlərim olub. 2012-ci ildə verdiyim konsertin səs rejissoru mənə dedi ki, elə bildim, proqrama toy mahnıları ilə başlayacaqsınız. Çünki adətən elə mahnılar toy üçün nəzərə tutulur. Heç vaxt konserti toy tutmaq üçün verməmişəm.

- Ümumiyyətlə, toylara gedirsiniz?

- Çox nadir hallarda kimlərsə zəng vurur ki, gəlin, məclisimizdə üç mahnı oxuyun. Yəni hər toya getmirəm.

- İntiqam müəllim, amma çox maraqlı bir məqam var. Siz hətta yaradıcılığınızın ən qaynar dönəmlərində belə efirə tez-tez çıxmırdınız.

- Siz hansı illərdən danışırsınız?

- Mənim xatırladığım dönəm - 1990-2000-ci illər...

- Birincisi, efirə heç zaman pul verməmişəm, özləri dəvət ediblər. Görürəm ki, dəvət edəndə vergül işarəsi qoyurlar, “nəsə eləmək lazımdır” deyirlər, həmin efirdən imtina edirəm.

- İyirmi il əvvəl də pul verib efirə çıxmaq var idi?

- Bu, həmişə olub. Bizdə sənəti, səsi yerində olan insanlara mane olmağa çalışıblar.

- Siz həm də peşəkar güləşlə məşğul olmusunuz və hazırda Azərbaycanda idman da öndə gedən sahələrdən hesab olunur. İçinizdə belə bir peşmanlıq olmur ki, kaş idman karyeranızı davam etdirərdiniz? Məsələn, indi güləş məşqçisi kimi işləməyiniz mümkün idi.

- Bu haqda heç vaxt fikirləşməmişəm. Həmişə fikirləşmişəm ki, yüngülvari bir maşınım, evim olsun, sənətimlə məşğul olum. İnsan içində çıxanda utandırmayacaq, səliqəli bir maşın arzulamışam. Mənim maşınımın 120, yaxud 15 min olmağının nə əhəmiyyəti var ki? O maşın məni harasa aparmaqdan ötrüdürsə, 120 minlik də aparır, 15 minlik də. Bir də, istəmişəm ki, evim səliqəli olsun, ailəmin geyimini, yeməyini lazımınca təmin edə bilim. Ay burda belə istirahət elədim, orda belə “daça” tikdirdim, 100 minə klip çəkdirdim...Bunlar mənlik deyil.

- Yeri gəlmişkən, “daça”nız var?

- Bəli, var.

- Övladlarınızdan bu peşəyə yaxın olanı varmı?

- Yaxın olan deyəndə ki, qızımın eşitmək qabiliyyəti, səsi müğənni olmağına imkan verir. Yəni müğənni üçün tələb olunan meyarları yüksək səviyyədədir. Amma heç vaxt istəmərəm ki, qızım bu işlə məşğul olsun. Bu dəqiqə yanımda oturub, soruşur ki, niyə istəməzsən? (gülür)

- Doğrudan, niyə istəməzsiniz?

- Səhnə çox çətin şeydir. Gərək həmişə qapı döyəsən, kimdənsə xahiş edəsən. Qadın xeylağı üçün bu daha da çətindir. Əgər sənətlə məşğul olacaqsansa, mütləq çətinliklərlə üzləşəcəksən. Artıq hərəkətlərlə qabağa gedəcəksənsə, o, bizə yaraşmaz.

- Amma bizim səhnəmizdə həyat yoldaşlarının dəstək olduğu bir neçə xanım sənətçi var. Bəlkə, gələcəkdə onun da həyat yoldaşı dəstək olacaq.

- İndi mən bilmirəm ki, qızımın həyat yoldaşı onu dəstəkləyəcək, yoxsa yox. Amma mən özüm istəməzdim. Həyatdır da... Ruslar deyir ki, heç vaxt “heç vaxt” demə.

- Qız tələbələriniz var. Onlar yanınıza gələndə bu məsləhəti onlara da verirsiniz?

- Gələn qızların hamısı tanınırlar. Bizdə fərdi dərs keçmək istəyənlərin çoxu populyar olanlardır. Gənclər arasında düzgün oxuyan müğənnilər çox azdır. Kompüterdə səsləri yığırlar, oxuyurlar, populyarlaşırlar və görürlər ki, oxumağı da öyrənmək lazımdır. Yəni onlar mənim yanıma gələndə artıq seçimlərini etmiş olurlar.

-Yaradıcılıqla bağlı hansı planlarınız var?

- İki gün əvvəl retro mahnılardan ibarət popuri yazdım. Hazırda “Kimlər” adlı mahnının üzərində işləyirəm. Özümün bəstələdiyim mahnı da var, onun üzərində işləyirəm, aranjimanı bir az köhnədir. “Köhnə həyət” adlı mahnıma çəkdirdiyim klip TMB-də bir il gündə üç dəfə yayımlanırdı. Bu yaxınlarda zəng vurdular ki, yeni klipiniz varsa, göndərin, yayımlayaq. Ona görə yeni klip çəkdirməliyəm. Amma istəyirəm ki, gördüyüm işlər çox keyfiyyətli olsun. Çünki indiyə kimi bütün addımlarımda sənəti düşünmüşəm. 1980-84-cü illərdə Voronej Dövlət Filarmoniyasının solisti olmuşam, Bakıda konservatoriyanı bitirmişəm, orada işləmişəm, 1982-ci ildə Ümumrusiya Estrada Müğənniləri Müsabiqəsinin, 1985-ci ildə Ümumdünya Gənclər Müsabiqəsinin qalibiyəm, 1989-cu ildə keçirilmiş “Qızıl payız”ın diplomantı olmuşam. Bu mükafatlardan sonra sənətə xidmət etməməyə haqqım yoxdur. Ondan sonra verilən mükafatları da qəbul etmirəm. İndi verilən mükafatları kimlər təsis edir, bilmirəm. İnşallah, bir müzikl da hazırlamaq fikrim var. Söz verən insanlar məni dəstəkləsələr, müğənniləri də hazırlayıb, həmin layihəni gerçəkləşdirəcəyəm.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR