Cəmil Əlibəyov vəfat edib
Bizi izləyin

Tabloid.az

Cəmil Əlibəyov vəfat edib

Azərbaycanın tanınmış yazıçısı Cəmil Əlibəyov uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, yazıçı ilə vida mərasimi bu gün saat 12-də Təzə Pir Məscidində olacaq.

Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) taxil olub. O, 1949-ci ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə başlayıb.

1970-ci ildə C.Əlibəyov daha məsul işə – dövlət vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayıb. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb: "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb.

C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlayıb. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvü olub. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilib) müəllifidir.

Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunub. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir.

"Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulub. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət edib, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. C. Əlibəyov yüksək hökumət mükafatlarına – orden, medal, fərmanlara layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm