Gülnarə Xəlilova: “Haqsızlığı, dedi-qodunu, xəyanəti sevməyən insanam” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Gülnarə Xəlilova: “Haqsızlığı, dedi-qodunu, xəyanəti sevməyən insanam” - FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır. Asanlıqla müsahibəyə razılaşan insanlardan deyil. Bunun üçün onun öz səbəbləri var. Amma Publika.az-ın suallarını həvəslə cavablandırdı. Hətta cəsarət edib, ona şəxsi həyatı ilə də bağlı suallar ünvanladıq…

Zövqlü və cazibədar məşhurumuzu daha yaxından tanımağa çalışaq.

- Geyimə görə qarşılayıb, ağıla görə yola salmaq hər zamanmı işə yarayır?

- İnsan haqqında ilk informasiya onun görünüşündən, geyimindən gəlir. Görünüş də yerində, qaydasında, formasında olmazsa, onun haqqında yanlış fikir formalaşa bilər. Geyim haqqında ilk informasiyadan sonra insanla söhbət edirsən və baxıb görürsən ki, ya bunun geyimi ağlı-zəkası ilə uyğun gəlmir, ya da əksinə, geyimi o qədər də nəzər cəlb edən, qabarıq olmasa da, qəlbi, ağlı ilə gözəldir. Amma yenə də düşünürəm ki, həm qadınlar, həm də kişilərin geyiminin zövqlü, səliqəli, sahmanlı olması məsləhətdir. Bu, çox önəmlidir. İlk baxışdan xoş təəssürat oyatmaq istəyən, yaxud da iş axtaran insan üçün, eləcə də digər görüşlərdə geyim çox önəm daşıyır.

- Doğrudanmı, “gözəllik ondur, doqquzu dondur”?

- Bu da dədə-babalarımızdan qalma bir misaldır. Əslində, düzgündür. Çox insanlar var ki, baxırsan gözəldir, gözəlliyinin yalnız bir faizini geyim təşkil edir. Amma bəzəkli və bəzəksiz hallarda tam fərqli görünür. Hətta təəccüb də edirsən ki, ay aman, insan bu qədərmi dəyişər? Belə halda görürsən, doğrudan da, “gözəllik ondur doqquzu dondur” deyimi tam yerinə düşür.

- Çoxları sizin zövqünüzlə geyinir, bəs özünüz kimin zövqü ilə hesablaşırsınız?

- Elə özümlə... Amma mənə doğma olan insanlar, komandam var. Özümə güzgüdən baxdığım zaman tənqidi yanaşa bilirəm. Bunu bütün insanlara tövsiyə edirəm ki, güzgü qarşısında durub özünüzə tənqidi yanaşsanız, qüsurlarınızı və üstünlüklərinizi görməyi bacaracaqsınız. Mən də hansısa bir libası geyinib baxanda beynimdə hazır cavab olmasına baxmayaraq, qızlarımı çağırıb, fikirlərini öyrənirəm. Bu, mənim üçün maraqlı olur.

- Hər zamanmı beyninizdə olan cavabla onların fikri üst-üstə düşür?

- Bəzən düşür, bəzən də üçünün fikri eyni olur və s.

- Yekunda kimin fikri əsas götürülür?

- Bəzən geyimə olan düzgün münasibətim işi tamamlayır, amma fikir almağı və dinləməyi sevirəm.

- Təsir altına tez düşürsünüz?

- Qətiyyən. Çünki təsir altına düşməyi sevmirəm.

- Bəs təsir altına salmağı necə?

- Onu da sevmirəm. Amma düzgün fikirləri bölüşməyi, doğru məsləhəti sevirəm.

- Sizcə, bir qadının təsir qüvvəsi, silahı nədədir?

- Məncə, daxili gözəlliyi, qəlbi, mehribanlığında. Nəinki qadının, elə kişinin də təsir qüvvəsi bunlardadır. Mən bu məqamda birinci yeri geyimə vermərəm. Bəlkə, kimsə bu məqamda birinci yeri bərbəzək və geyimə ayırır. Sədaqət, dostluğu bacarmaq, dürüstlük – bu keyfiyyətləri olan insanlar mənim ürəyimdir.

- Kaprizli xanımsınız?

- Kapriz etməyi sevmirəm. Amma işimə çox ciddi yanaşmağım kiməsə kapriz kimi görünə bilər. Kapriz etməyi, kapriz götürməyi və kapriz edən insanları sevmirəm.

- Məsələn, salona gedəndə saç ustanızı heç incitməmisiniz ki?

- Heç vaxt. Bunu aç, bu xoşuma gəlmir deməmişəm, zəhmətini yerə vurmamışam. Bilirəm ki, geyimim o çatışmayan məqamı tamamlayacaq, əlimi telimin bir tərəfinə atmaqla o səhvi düzəldəcəyəm. Yəni özümə güvənən bir insanam.

- Bir xanımın özünə güvənməsi üçün nə lazımdır?

- Bu, daxildən gələn bir şeydir. Allahdan gələn xüsusiyyətdir.

- Bunun üçün qadının gözəl olması yetərmi?

- Yox, yox, bəzən görürəm heç də gözəl olmayan bir xanım özünə həddən artıq güvənlidir. Qabiliyyətli, bacarıqlı, işini düzgün quran, addımını düzgün atan, vicdanlı, təmiz, qərəzsiz olanların özünə də güvəni olacaq. Oturduğum yerdə deyə bilmərəm ki, mən özümə güvənəcəyəm. İddia ilə əməl, gördüyün işlər üst-üstə düşməlidir. Boşuna “mən istedadlıyam” deməklə güvən yaranmır. Mütləq hərəkət etmək, əmək sərf etmək lazımdır.

- Şans da böyük rol oynayır. İnsan var, əmək sərf etmədən çox şeyə nail olur. Belə insanlara deyirlər, bəxti daşdan keçir… Sizdə necədir?

- Mən şansa inanıram və özümü bəxtli insanlardan sayıram. Amma o demək deyil ki, bu bəxt mənə göydən düşüb. Mən arzulamışam və nəyisə istəmişəm, zəhmət çəkmişəm. O halda şans yanımda olub. Amma ata tez minib, tez də düşən insanlar olur. Əsas o yəhəri əlində bərk tutmağı bacarmaqdır.

- Gücünüz nədədir?

- Mən gücü Allahdan alıram.

- Xüsusi bir talismanınız varmı ki, hər zaman üstünüzdə gəzdirəsiniz?

- Talismandır, cüt səbir, tək səbirdir - belə şeylərə inanmıram. Yalnız Allaha inanıram.

- Özünüzü danladığınız hallar olur?

- O qədər olur… Özümü danlayıram, özümdə yanlışlıqlar axtarıram. Hansısa bir hadisə baş verəndə özümü qınayıram ki, demək, sən hardasa səhv etmisən. Allahıma yalvarıram ki, mənə əyan et, kimin qəlbinə dəydim, kimi incitdim ki, belə hadisə baş verdi.

- Bunu başqalarına hiss etdirirsiniz?

- Yox, bu, mənim içimdə baş verir.

- Bəs göz yaşınızı göstərirsiniz?

- Kövrək insanam. Yaşlı qadını dilənən görəndə, hansısa uşağın maşın silib pul istədiyini görəndə, filmlərdə acı həyat hekayələrinə tamaşa edəndə çox kövrəlirəm. Hətta uşaqlarım da deyir ki, ana, nooldu yenə sənə...

- Bürcünüz nədir?

- Əkizlər bürcü, siçan ilindənəm.

- Bürcün xüsusiyyətlərinə inanırsınız?

- Bürcə görə yazırlar ki, əkizlər yaradıcı, güclü insan olurlar, bu məqamlar mənə yaxındır. Amma o da yazılıb ki, dəyişkən olurlar, fikirləri tez-tez dəyişir – bu, mənə qətiyyən aid deyil. Çünki çox qərarlıyam, söz dedimsə, mütləq arxasında durmalıyam.

- Bəs özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdır, hansı cəhətinizdən qurtulmaq istərdiniz?

- Çoxdur. Özümdən tez çıxmağım var, bu da işlə əlaqədar olur. Amma son zamanlar səbirlə bu xüsusiyyətimi aradan qaldırmağa çalışıram. Çünki hər zaman səbirli olmağa çalışıram. Amma kənar insanlar mənimlə danışdığı zaman müsbət enerji aldıqlarını deyirlər.

- Yəqin, sizə təkəbbürlü göründüyünüzü deyən olub.

- Yol gedirəm, gülə-güləmi getməliyəm? Efirdəyəm, əgər orda ciddi bir veriliş gedirsə, gülməliyəmmi? Ümumiyyətlə, şit zarafatlar etməyi sevmirəm, səviyyəni gözləyən insanam.

- Görünüş çox vaxt aldadıcı olur axı…

- Mənim ixtisasım həm də pedaqoq-psixoloqdur. Baxıram və heç vaxt görünüşə görə qəti qərar vermirəm. Deyirəm, bir-iki kəlmə danışsın, anlayacağam. Artıq bir-iki kəlməsindən anlayıram ki, necə insandır. Dəfələrlə mənim üzümə də deyiblər ki, ayy, biz sizi belə bilmirdik, tamam fərqlisiniz.

- Bəzən hansısa xanım daxilində olan bozluğu geyimindəki əlvan rənglərlə kompensasiya edir…

- Əslində, bu, pis hal deyil. Əgər o, daxilən kədərli, məyusdursa, heç olmasa, geyimi ilə əhvali-ruhiyyəsini yaxşılaşdırmağa çalışır. Kefi olmayan insanlar şopinq edəndə əhvalları düzəlir. Bu, normal haldır. Təki hər bir xanım geyimi ilə özünü xoşbəxt hiss edə bilsin.

- Sizi hansı rəng xoşbəxt edə bilir?

- Bütün rəngləri sevirəm. Bütün rənglərdən də istifadə etməyə çalışıram. Və kolleksiyalarımda da təbiətin bütün rənglərindən istifadə edirəm.

- Brend, bahalı geyinmək deyə bir hobbiniz varmı?

- Yox, şükür Allaha, elə bir xəstəliyim yoxdur. Mən hər zaman öz geyimlərimdən yararlanıram. Amma mən də xanımam və arada bir mağazalardan istifadə edirəm. Brend məsələsi belədir ki, çalışıram keyfiyyətli mala üstünlük verəm. Həm də biz elə bir işlə məşğul oluruq ki, hara getsək, geyimimiz digərinin əynində təkrar olunmamalıdır. Buna xüsusi diqqət yetirirəm.

- Ən çox sevdiyiniz aksessuar hansıdır?

- Saç sancaqlarına çox üstünlük verirəm. Bunlar çox sevdiyim aksessuarlardır. Evdə-işdə hər zaman üstümdə olur. Çünki saçımın uzandıqca üzümə tökülməsini xoşlamıram. Amma hansısa tədbirdə saç düzümüm geyimimə görə hazırlanır.

- Geyimdə bəs hansı element qarderobunuzda xususi yer tutur?

- Ayaqqabılar. Çox zaman paltarın altında qalır. Amma orta və dizaltı uzunluqlarda geyindiyim zaman ayaqqabılarım görünür. Ziyafət geyimlərimdə, adətən, ayaqqabılarım paltarın altında gizlənir.

- Qarderobunuzda artıq qalan paltarların aqibəti necə olur bəs?

- Ehtiyacı olan insanlara verirəm.

- Ətirlərə münasibətiniz necədir? Tez-tez dəyişməyi sevirsiniz, yoxsa?

- Ətir xəstəsiyəm. Çox alıram və çox da istifadə edirəm. Son vaxtlar “Armani”dən çox istifadə edirəm. Amma ətirləri tez-tez dəyişirəm. Bir ətri həmişə vurmağı sevmirəm. Amma o demək deyil ki, həmin ətir kənarda qalır. Həftə ərzində dəyişik ətirlərdən istifadə edirəm. Bu dəqiqə 100-ə yaxın açıq ətirim var. Bəzən onların qarşısında dayanıb deyirəm ki, görəsən, nə vurum? Yəni artıq yeni bir ətir istəyirəm. Aldığım ətirlər bitdiyi zaman bəzilərini yenidən alıram.

- Ətirlərinizi ayırırsınızmı? Tutalım, gündəlik, yaxud ziyafətlər üçün istifadə etdikləriniz varmı?

- Mütləq. Çünki gündəlik ətir qoxusu ayrıdır, gecə ətir qoxusu ayrı.

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Ümumiyyətlə, boş-boşuna pul xərcləməyi sevmirəm. Daha çox hədiyyə etməyi xoşlayıram. Ay, kimsə belə bir maşın sürür, ya yeni telefon modeli çıxıb, bunu alım - belə şeyləri xoşlamıram. Mənim telefonum ən dəyərsiz hala düşə bilər, amma işləyirsə, onu atmaya bilərəm. Bütün əşyalarıma qarşı çox sadiqəm. Bir manat qiyməti ola bilər, amma hansısa əşyam yararlıdırsa, atmaya bilərəm. Əsas olan rahatlığımdır.

- Sizi nə özünüzdən çıxarıb, əsəbiləşdirə bilər?

- Haqsızlıq, xəyanət və dedi-qodunu sevməyən bir insanam.

- Haqqınızda yayılan elə bir dedi-qodu olubmu ki, sizi əsəbiləşdirsin?

- Olub, amma buna gülmüşəm.

- Məsələn, nə?

- Olub da. Hər bir xanım haqqında dedi-qodu ola bilər – ya şəxsi həyatı, ya da görünüşü ilə bağlı… Gülürəm və Allaha həvalə edirəm.

- Birini, heç olmasa, deyin…

- Məsələn, hansısa canlı bir yayımda deyiblər ki, filan bir müğənni sizin haqqınızda nəsə bir söz deyib. Deyirəm, deyib-deyib də. Amma inanmıram o xanım mənim haqqımda nəsə pis söz desin, çünki münasibətimiz yaxşıdır. Bax belə qızışdırıcı məqamlar olur.

- Özünüzdə qiymətləndirdiyniz xüsusi bacarıq varmı?

- Evcanlıyam, bu günə qədər də bütün xörəkləri özüm bişirirəm. Əlimdən, demək olar ki, hər iş gəlir...

- Ailədə güzəşt etməyi xoşlayırsınız?

- Artıq 21 ildir ailəliyik. Ailədə güzəştlər mütləqdir.

- Çox vaxt ailədə uğursuzluğu qadının ayağına yazırlar, hətta günah kişidə olsa da belə…

- Günah elə iki tərəfdə də olur. Mən heç bir zaman qadınları günahlandırmaq istəmirəm.

- Nəyi bağışlamazdınız həyat yoldaşınıza?

- Heç düşünə bilmirəm bu barədə.

- Qısqancsınız?

- Hər adamda qısqanclıq ola bilər. Kimdəsə az, kimdəsə çox ola bilər. Biz hər zaman bir yerdəyik, o mənim yanımdadır və qısqanclığa heç əsas da yoxdur. Mən gözəlliyə vurğun bir xanımam. Hətta gözəl bir qadın görəndə həyat yoldaşıma deyirəm ki, bax gör necə gözəl xanımdır.

- Deməli, güclü xanımsınız…

- Ola bilər. Hətta bir dəfə müğənni Manana xanıma da demişdim ki, yoldaşım sizi bəyənir, ifanızdan çox xoşu gəlir. O, mənə demişdi ki, çox az insan ola bilər ki, gəlib desin mənim həyat yoldaşımın filan xanımdan xoşu gəlir. Gözələ gözəl deyərlər.

- Sevginin müəyyən vaxtdan sonra keçib-getməsi fikri ilə razılaşırsınız?

- Keçib-getmir, sadəcə, sonradan doğmalığa, dostluğa çevrilir. Bəzən qadınlar həyat yoldaşlarını dəlicəsinə sevdiklərini bildirirlər. Bu da lazım deyil. Bununla onu yormaq olar. Sevmək o demək deyil ki, kiminsə ətəyindən yapışıb durmalısan, nəzarətdə saxlamalısan, iki dəqiqədən bir zəng etməlisən. Bunlar kişini bezdirən hallardır. Xanımın kişiyə və özünə güvənməsi lazımdır. Əgər qadınlar özlərinə güvənsələr və sadaladığım məqamlara fikir versələr, həyat yoldaşları uzun müddət onların yanında olacaq. Onu da deyim ki, mən şəxsi həyatdan danışmağı sevmirəm, amma baxıram ki, sizinlə çox maraqlı oldu.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

P.S. Fürsət varkən, Gülnarə xanımdan geyim tərzimlə bağlı fikirlərini eşitdim, qüsurlarımı bilmək istədim. Hətta mənə məsləhətlər də verdi. Aldığım cavab belə oldu: “Peşənizə uyğun geyinmişiniz – rahat, idman üslübunda. Dabanlı ayaqqabılarla sizə çox çətin olar. Mən belə onları çətin daşıyıram, amma tədbirdən-tədbirə getdiyim üçün hündurdaban geyinməyə məcburam. Amma gündəlik həyatda idman üslubunu və rahat ayaqqabıları sevirəm. Geyiminizdə rəng uyğunluğu var. Götürdüyünüz çanta çox maraqlıdır, etnik naxışlarla bəzənib. Bunu da bəyəndim. Qüsur deyə bilmirəm, bəlkə də, alışdığınız rəngdir, amma istərdim bir az saç kəsiminizdə, ya rəngində dəyişiklik edəsiniz. Kərpic rəngi sizdə dəyişiklik yaradar. Boyunuz bəstə olduğu üçün ziyafət geyimləri zamanı mütləq dabanlı ayaqqabılardan istifadə edin. Amma belə gündəlik tərzinizi bəyəndim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm