Tabloid.az
“Nişanı qaytardım, o da götürüb qaçdı” - BRİFİNQ
“Brifinq”in qonağı Aşıq Zülfiyyədir. Bu yaxınlarda oğlu Babəkə toy edən Zülfiyyə xanım son vaxtlar toydakı israfçılığa qarşı başladılan kampaniyaya münasibət bildirdi, Aşıqlar Birliyi haqda fikirlərini bölüşdü. O, İctimai Televiziyada aparıcısı olduğu “Ozan” verilişindən uzaqlaşma səbəbinə aydınlıq gətirdi. Aşıq sənətinə gəlişindən bəhs edən Aşıq Zülfiyyə ailəsindən də danışdı.
Nərgiz Ehlamqızı: Son vaxtlar
toylardakı israfçılıq müzakirə mövzusudur. Bu yaxınlarda Siz də
övladınıza toy elədiniz. İsrafçılığa qarşı mübarizə kampaniyasına
münasibətiniz necədir?
- Bir məsəl var: “Palaza bürün el ilə sürün”. Biz toyu başqa cür
etsəydik, onda deyəcəkdilər ki, Zülfiyyənin bir övladı var, gör
toyunu necə elədi, stolun üstündə heç nə yox idi. Bu cür
söz-söhbətlər yaranacaqdı. Ona görə də camaat necə toy edirsə, mən
də övladıma o cür toy eləməyə məcbur oldum. Mənim yerimdə kim olsa,
belə addım atardı.
Naibə Qurbanova: Bəs özünüzün
bu məsələdə fikriniz necədir?
- Doğrudan da, masaya yersiz şeylər çox düzülür. Stola elə şey
qoyurlar ki, bilmirsən adı nədir. Yəqin stolun zəngin görünməyi
üçün edirlər. İsrafçılığın əvvəldən qarşısı alınmalı idi. İndi nə
etsələr də, qarşını almaq mümkün olmayacaq.
N.Ehlamqızı: Bu məsələdə daha
çox restoran sahibləri qınanılır.
- Qınaq restoran sahibinin də, ev sahibinin də payına düşür.
Məsələn, restoran sahibi deyir ki, menyum budur, tək siz
deyilsiniz, istəmirsiniz başqa restoranda edin. Toya 500 qonaq
gəlirsə, toya gələnlər deməyəcək Zülfiyyənin oğlunun toyu belə
oldu, deyəcəklər ki, filan restoranda bir qəpiklik qulluq yox idi,
stolların üstü nə gündə idi. Restoran sahibi özünü düşünür. Mən də
istər-istəməz özümü düşünməliyəm. Çünki qonağım deyəcək ki, bir
övladı var, niyə belə toy elədi?
N.Qurbanova: Hiss olunur ki,
ictimai qınağı nəzərə alan adamsınız, ictimai qınaq həyatınızda
həmişə Sizə təsir edib?
- Əlbəttə. Elə insanlar var ki, gəlib toy edir, toydan sonra o
yazıq 2 il borc ödəyir. Biz bunları da görmüşük. Türkiyədən bir
qonağımız gəlmişdi, dedi sizdə dəhşətdir, masaya barmaq basmaq
olmur, stolunuz zəngindir, amma çox israfçılıqdır, hərənin bir
qarnı var. Biz də zarafatla dedik ki, siz də şirə ilə ayaq üstə
camaatın başını aldadırsınız (gülür). O da dedi ki, vallah bizdə
yaxşıdır, yığılan nəmərlə bəylə gəlinə ev, maşın alırıq. Sizdə isə
ev sahibi toya qara saçla girir, ağ saçla çıxır. Görürəm ki,
dediyində həqiqət var.
Taleh Şahsuvarlı: Nə qədər
qonorar qarşılığında toya gedirsiniz?
- İnanın, elə toy olub ki, oraya təmənnasız getmişəm. Əgər toy
sahibi toyu 100 manatlıq menyulu restoranda edirsə, gəlinlik
paltarının 5 saatlıq kirayəsinə 5 min manat pul verirsə, kimlərisə
toyda ansambla 15 min manatla oturdursa, mən niyə yarım saatlıq ifa
üçün 1500 manat istəməyim? Artıq bütün restoranların menyusunun
qiymətini təxmini bilirik. Toy sahibindən restoranın adını
soruşanda, yaxud yerli musiqiçilərin ifa edəcəyini biləndə artıq
anlayıram ki, imkanı olsa, başqasını gətirərdi, onda özüm soruşuram
ki, nə qədər qonorar verməyə imkanın çatır? Razılaşıram, etiraz
etmirəm.
T.Şahsuvarlı: Yadıma bir jurnal
gəlir, birinci dəfə Sizi 20 il əvvəl o jurnalın üz qabığında
görmüşəm.
- “Azərbaycan qadını” jurnalında. O jurnalı həyat yoldaşım
saxlayıb. Özümə qalsa, bəlkə də itib-batmışdı.
T.Şahsuvarlı: Belə çıxır ki,
populyarlaşmağınızda medianın rolu olub.
- Əlbəttə, olub. Media işçilərinə həddən artıq hörmətlə yanaşıram.
Oğlum da bu sənətə gəlir. Həyat yoldaşım da, mən də gecə-gündüz onu
başa salmağa çalışırıq ki, bu sənətə gəlirsənsə, media işçilərilə
dost olmalısan, onlara səmimi yanaşmalısan. O, ağır təbiətlidir.
Yəqin get-gedə düzələr. Xasiyyətinin sərtliyini idmanda görürəm.
Ərköyün böyütməmişəm, əllə döyməsək də, sözlə döymüşük. Onun bir
mənfi hərəkəti bizi sındıra, həyatdan yox edə bilər.
Cəvahir Səlimqızı: Övladınıza
hansısa yasaq qoymusunuz?
- Oğlumun qarşısında onu yasaq edə bilərəm ki, içkidən, qumardan,
nəşədən uzaq olsun. Əslində, 4 şeydən deyərdim. Onun da biri
qadındır. Sadəcə, onun qabağını ala bilmərəm. Şükür edirəm ki, 3
şeyin üzünü belə görməyib.
C.Səlimqızı: Çevrəsi Sizi
maraqlandırıb?
- Yüz faiz. Oğlum aşağı düşəndə yoldaşım o biri liftlə düşür ki,
görüm hara gedəcək, kimlə görüşəcək?
“Oğlum atasına siqareti tərgitdirdi”
N.Ehlamqızı: İndiki zamanda
oğlan uşağını çərçivədə saxlamaq olar? Bu, belə
asandır?
- İnanın çərçivədə saxlamırıq. Sadəcə, çevrəsindən qorxuruq. Həmişə
ağsaqqal sözünə qulaq asırıq. Onu başa salırıq ki, 3 nəfər
dostsunuz, dördüncü adam gəlib sizə qoşulanda ola bilsin bu gün
hesabınızı verəcək, səhəri gün çayınızı alacaq, amma o biri gün
stolun altına nəsə yapışdıracaq. Polis qrup şəklində aparanda heç
kəsə sübut edə bilməyəcəksən ki, bunun tamını belə bilmirəm. Mən
kimə sübut edim ki, uşağımın əli yoxdur, sudan təmizdir? Görürəm
ağlına batır, deyir düz deyirsiniz. Eşitmişik ki, bizim uşaq
çevrəsindəki çox uşağa siqareti tərgitdirib. Hətta bir ara atasına
da tərgitdirmişdi. Deyirlər ata siqaret çəkirsə, oğluna deyə bilməz
ki, sən siqaret çəkmə. Deyəcək pisdirsə, sən niyə çəkirsən? Bizdə
isə əksinə oldu.
N.Qurbanova: İlin günün bu
vaxtında tərbiyəli övlad böyütmək məsuliyyətlidir. İşləyən qadın
üçün övlad tərbiyə etmək çətindir. Siz artıq çətin mərhələni keçmiş
sayılırsınız. Evləndirəndə qayğılar azalır.
- Əksinə, qayğılar çoxalır. Valideynin ölənə qədər övlada borcu
bitmir. İndinin özündə hara gedirəmsə, övladım da, yoldaşım da
yanımda olur. Övladım baxıb görüb-götürür. Deyirdim ki, camaatın
mənə qarşı münasibətinə bax. Bir dəfə sual verdilər ki, sərxoş
insanlar yaxınlaşanda nə edirsiniz? Bizim qarmon çalan Habil
Şınıxlı qayıtdı ki, icazə verin o suala mən cavab verim, Allaha and
olsun, neçə ildir Zülfiyyə xanımla bir yerdə işləyirik, sərxoş adam
onun yanına çatanda 5 metr məsafədə ayılır, sözünü normal şəkildə
deyib çıxıb gedir.
N.Qurbanova: Toylarda o cür
xoşagəlməz vəziyyətlər çox olur?
- Yox, xoşagəlməz vəziyyətlə az-az rastlaşıram. Bəlkə də,
təbiətimdən irəli gəlir ki, çoxları yaxınlaşıb gəvəzəlik edə
bilmir.
T.Şahsuvarlı: Qadın
həmkarlarınızla münasibətiniz necədir?
- Mən kiminsə pis hərəkətini görsəm belə pisləmərəm. Heç kimə qarşı
mənfi düşünmək istəmirəm. Hətta mənfi xüsusiyyətini görəndə belə
istəyirəm ki, onda müsbət nə isə tapım.
"Gec-tez Dədə Qorqudun qarğışına gələcəklər"
T.Şahsuvarlı: Aşıq Ədalət
demişdi ki, Telli Borçalı bar sazəndəsidir. Siz onda Aşıq Ədalətdən
yana oldunuz, yoxsa Telli Borçalıdan?
- Heç birindən yana olmadım. Saz sənəti bizə Dədə Qorqudun miras
qoyub getdiyi sənətdir. Dədə Ədalət də, Telli xanım da, mən də saza
qiymət verməliyik. Elə bilirəm ki, sazın arxasında başqa yollara
gedən insanlar gec-tez Dədə Qorqudun qarğışına gələcək. Çox vaxt
bunu görmüşəm də. Baxıram ki, ailə yoxdur, dağılıb. Bundan pis nə
olacaq ki? Saza müqəddəs alət kimi baxıram. Elə bilirəm ki, sazın
qarğışına gəlib.
N.Qurbanova: Bir ara qadın
sazçalanların geyimi və davranışı ilə bağlı müzakirələr gedirdi.
Ümumiyyətlə, saz ifa edən qadının geyim qaydası, çərçivəsi varmı?
Aşıq Namiq deyirdi ki, Telli Borçalı ağ şalvarda saz çalır, bu,
qəbulolunmazdır...
- Məncə, geyimi getdiyi məkan və ya televiziya verilişinin aurasına
uyğunlaşdırmalısan. Şalvar geyməyə pis baxmıram. Amma səhnəyə
çıxanda şalvar geyməyin əleyhinəyəm.
T.Şahsuvarlı: Sazla
tanışlığınız nə zamandan və haradan başlayıb,
Tovuzdan?
- Bizim ana tərəfdən nəslimizə aşıqlı nəsil deyirlər. Sazla
tanışlığım 14 yaşından başlayıb.
N.Qurbanova: Tanınanda çox gənc
idiniz, efirlərə də çox tez çıxdınız.
- 14-15 yaşımdan efirə çıxdım. 15 yaşında Respublika sarayında
konsertdə ifa etmişəm.
“Əvvəl sazdan xoşum gəlmirdi”
C.Səlimqızı: Ailədən dəstək
vardı?
- Ailəm həmişə mənə dəstək olub. Anamda qorxu vardı, düşünürdü ki,
qız uşağı Bakıya necə gedəcək. Düzdür, dayılarım Bakıda yaşayırdı,
tədbirlərə onlar aparıb-gətirirdi. Amma istər-istəməz qızı üçün
narahat olurdu. Atam isə deyirdi ki, mən elə uşaq böyütmüşəm ki,
bir ordunun da içinə buraxaram, bilirəm təbiyəli uşaqdır, narahat
olmaram. Atam sazı mənə borc pulla alıb. O, mənə deyirdi ki, lazım
olsa, Bakıya çağıranda yol pulun olmasa, borc tapıb göndərəcəyəm,
əyninin paltarı olmasa, borc alıb əyninə paltar alacağam. 8 uşağa
baxmaq asan məsələ deyil. Dedi bunları edəcəyəm, amma sabah Allah
sənə bir qapı açsa, imkanın olsa, tanınsan, şöhrət sahibi olsan,
səhnənin işıqları gözünü qamaşdıracaqsa, xarakterin dəyişəcəksə,
sən adlı qızım yoxdur, sabah mənim başımı aşağı edəcək hərəkətin
qulağıma çatacaqsa, bu sənətə getmə. Bizim qonşumuzda gitara
satırdılar, 8 manata idi. Bacıma yalvarırdım ki, nə olar, mənə pul
ver, alım. Biz də ailədə 10 nəfər olmuşuq. 2 otaqlı evimiz vardı,
amma mal-qaramız çox idi, gələn qonağa atam həmişə quzu kəsib.
Bacım mənə gitaranı aldı. Valda həmişə aşıq mahnılarına qulaq
asırdım, xoşuma gəlirdi. Əkbəri, Mahmudu, Əlixanı dinləyirdim.
Rəhmətlik dayım bizə gələndə həmişə çalıb oxuyurdu. Əvvəllər sazdan
xoşum gəlmirdi. Mən oyun oynamaq istəyirdim, dayım da saz çalanda
deyinirdim ki, dayım başladı saz çalmağa. Amma bilməzdim ki, saza
bu qədər vurulacam, elə biləcəyəm bir parçamdı. Məhləmizin
həyətində biçin vardı, atam traktorçu yoldaşı Məhərrəm dayı ilə evə
gəldi, gördü ki, gitara çalıram. Özü də həmişə solaxay tuturdum.
Atam da deyirdi ki, gitaranı düz tutmasan, qıracağam. Mən də
qorxumdan düz tutmağa başladım. Məhərrəm kişi qayıtdı ki, nə yaxşı
aşıq mahnıları çalır. Dedi buna bir saz alsana. Atam da söylədi ki,
bilsəm, saz çala bilər, alaram. Dedi məndə saz var, gətirim məşğul
olsun, öyrənsə, saz al. Əlimə oxlov, süpürgə də alsam, öz aləmimdə
saz kimi çalıb oxuyurdum. Kişi sazını gətirdi mənə, 1-2 həftə
çaldım, gördülər ki, çalıram. Kökləməyi bilmirdim, qonşu Müslüm
kişidən, dayım oğlundan kökləməyi öyrəndim.
T.Şahsuvarlı: Hərədən bir az
öyrənmisiniz?
- Hə, hərədən bir az öyrəndim. Mənim müəllimim olmayıb.
N.Ehlamqızı: Musiqi təhsili olmadan
çalmaq mümkündür?
- Qulaq asıb əzbərləyirdim. Mən cəmi ustadları özümə ustad hesab
edirəm. Çünki mən ustadlardan bəhrələnmişəm, qulaq asıb götürmüşəm.
Öz kirvəmizin qızının toyunda balaca uşaq idim, hamı dedi ki, qoy
Zülfiyyə oxusun. Nisə Qasımova “İvanko” mahnısını təzə oxumuşdu,
mən də ondan götürüb oxuyurdum, hətta arada fit də çalırdım. Onda
9-10 yaşım olardı. Məclisi də rəhmətlik Aşıq Əvəz Safıyev aparırdı.
Mən oxuyanda Əvəz dayı qayıtdı ki, bu uşağın yaxşı musiqi duyumu
var, öz də o qədər diqqətlə qulaq asır ki, icazə verin hərdən qohum
toylarına aparım. Atam da dedi ki, yaxşı apar, bəlkə nəsə öyrəndi.
Bir dəfə bizə gələndə gördü ki, sazım var, soruşdu çala bilirsən?
Çaldım, söylədi ki, əməlli-başlı öyrənmisən ki. Dedim ki, Əvəz
dayı, sizə də qulaq asıb öyrənirdim, amma utanırdım deməyə ki,
verin toyda mən də saz çalım. Qayıtdı ki, toyda sazı verəcəyəm
görüm çala biləcəksənmi? Mən toyda saz çalıb oxuyanda camaat ayaq
üstdə qulaq asırdı. Özü də boyum çatmırdı, masanın üstünə
çıxarırdılar, orda oxuyurdum.
C.Səlimqızı: Aşıq Pəri
Məclisinə necə gəldiniz?
- Tovuz rayonunda Məhsul bayramı keçirilirdi. Eşitdim ki, Mikayıl
Azaflı da ordadır. Adını eşitmişdim, üzünü görməmişdim, gəldim,
görüşdüm, dedim ki, Mikayıl baba, mən də saz çala bilirəm. Başımı
sığalladı söylədi ki, saz çalacaqsan? Dedim öz də Sizin “Ağarma,
saçlarım” mahnısını oxuyacağam. Gördü ki, sərbəst çalıb-oxudum.
Gəldi üzümdən öpdü, soruşdu ki, bu uşaq harada yaşayır, kim
öyrədib? Atam da dedi ki, vallah hərədən bir şey öyrənib. Qayıtdı
ki, bu uşaqdan muğayat olun, gələcəyi var. O vaxt da bizim rayonun
icra başçısı Aslan Nəsibov idi. O soruşdu ki, kim idi saz çalan?
Mən də sanki müəllimə deyirmiş kimi qayıtdım ki, mən idim. Soruşdu
ki, bayaq saz çalan bu uşaq idi? Məni qucaqlayıb öpdü, soruşdu ki,
məktəb direktoru haradadır? Vidadi müəllimə tapşırdı ki, bu uşağın
aydan-aya əynini təzələmək sizin boynunuza. Dedi bu uşağı rayon
tədbirlərinə salın. Narınc xatın qızları axtaranda gəlib Azaflı
Mikayılgilə çıxıb. Mikayıl baba qayıdıb ki, vallah bu yaxınlarda
Məhsul bayramında uşaq gördüm, sizin qızların hamısından yaxşı
çalırdı (gülür).
T.Şahsuvarlı: Narınc xatının bu
ənənələrin qorunmasında çox böyük rolu olub...
- Əlbəttə. Narınc xatının, Hüseyn Arifin, Aydın Çobanoğlunun böyük
rolu olub. Rəhmətlik Hüseyn Arif mənə “saz balam” deyirdi. Bakıya
gələn kimi məni Aşıqlar Birliyinə yarımştat işə götürdü. Biz tədbir
üçün Bakıya gələndə yol pulumuzu verirdilər. Hüseyn Arif “Koroğluya
qayıdaq” adlı böyük tədbir təşkil etmişdi, bütün rayonlardan
aşıqlar gəlmişdi. Gözümün qabağında hamısı gəlib imza atıb
pullarını alırdılar. Mən belə şeylər görmüşdüm.
T.Şahsuvarlı: İndiki Aşıqlar
Birliyində vəziyyət necədir?
- Bir dəfə o sualı verdilər, əfsuslar olsun ki, sözüm başqa cür
səsləndi. Dedilər ki, Aşıqlar Birliyini ittiham edir.
“İndi Aşıqlar Birliyindən qonorar görmürük”
N.Ehlamqızı: Belə söhbətlər də
vardı ki, Zəlimxan Yaqubu ittiham edirsiniz.
- Allah eləməsin, mənim Zəlimxan müəllimə böyük hörmətim var.
Sadəcə, demişdim ki, Zəlimxan müəllim səhhəti ilə bağlı, ola
bilsin, yetərincə ilgilənə bilmir. Deyir aşıq gördüyünü çağırar.
Mən gördüyümü çağırıram. Hüseyn Arifin dövründə rayondan gələn
aşıqların hər biri qonorar alırdı. Aşıqların özlərinin dediyinə
görə, indi elə bir şey yoxdur. Mən, sadəcə, bunu demişəm. Ola
bilsin, indi yetərincə büdcə yoxdur. Mən qətiyyən Aşıqlar Birliyini
pisləmək niyyətində deyiləm. Şəxsən özüm o vaxt konsertlərdən
həmişə qonorar almışam. İndi qonorar nədir, bilmirəm. Sadəcə bunu
demişəm.
“Bəzi kişi aşıqları özünü aparmağı bilmir”
T.Şahsuvarlı: Aşıqlar
Birliyinin sonrakı fəaliyyətini necə görürsünüz?
- Bəlkə bizim aşıqlarda da günah var. Bilirsiniz, insan istəsə,
özünü şəxsiyyəti ilə qaldıra da, endirə də bilər. İnsan birinci
növbədə özü-özünə hörmət qoymalıdır. Mənim kişi aşıqları barədə
sözüm də yanlış anlaşılmışdı. Yenə sözümün üstündəyəm, hamısına
şamil etmirəm, amma bəzi kişi aşıqları özünü aparmağı bilmir. Onda
kişi aşıqlarından mənə zənglər çox gəldi. Məni ittiham edirdilər
ki, sən belə deyibsən, elə deyibsən. Birinə dedim ki, sən toyda
artıq-əksik hərəkət etmisənmi? Söylədi yox, dedim niyə göynəyirsən
bəs, səni narahat edən nədir, demək, sənə aid deyil də. Birdən
deyirlər ki, filankəs Aşıq Pərinin qızları haqda belə-belə sözlər
dedi. Mən gülürəm, soruşurlar niyə gülürsən, belə dedi axı. Deyirəm
ki, vallah sən çomağı əlinə götür suçlu suçunu bildirəcək, mənim
günahım yoxdursa, niyə narahat olum ki?
C.Səlimqızı: Zülfiyyə xanım,
Sizə bacı, ana kimi şeirlər çox vəsf olunur. Həyat yoldaşınız
qısqanır?
- Əvvəllər qısqanırdı, indi elə də yox.
“Nişanı qaytardım, o da götürüb qaçdı”
Nərmin Muradova: Neçə yaşında
ailə qurmusunuz?
- 18 yaşında. 16 yaşında nişanlanmışam. Dedilər ki, səni oxumağa
qoymayacaq. Mən də nişanı qaytardım, o da götürüb qaçdı
(gülür).
N.Muradova: Sonra sənətlə
məşğul olmağa icazə verdi?
- Gördüm ki, yalan söhbət imiş. Qaynım da, rəhmətlik qayınatam da
gözəl saz çalırdı.
C.Səlimqızı: Şayiələrə
münasibətiniz necədir?
- İnanın ki, əvvəllər o qədər ağlayırdım, yemək belə yemirdim ki,
niyə haqqımda belə danışırlar? Axırda həyat yoldaşım dedi ki, bu
sənətin içində olan adamlar haqda istər-istəməz danışacaqlar,
əhəmiyyət verməsən yaxşı olacaq. Yoldaşım məni buna hazırladı. Məni
hansı səviyyədə görürsünüzsə, onun 50 faizini yoldaşıma borcluyam.
Hara getmişəm yanımda olub, elə redaksiyanıza da o
gətirib.
N.Muradova: Bir ara
boşandığınız barədə xəbərlər yayılmışdı..
- Qayınanam bizim uşağın ad gününə gəlirdi, avtobusda da mənim
mahnımı qoşublar, qayınanamın yanında əyləşən qadın da deyib ki, bu
yazıq qız da boşandı. Qayınanam da soruşub ki, oxuyan Zülfiyyə
deyilmi? Qadın deyib “hə”, qayınanam da zarafatcıldı, o qadını
danışdırmağa başlayıb, deyib sən Allah eləmi, bilmirsən nəyin
üstündə boşanıb? Qadın da deyib vallah bilmirəm, deyəsən, yoldaşı
deyib çalıb-oxumayacaqsan, o da deyib “yox”, sən kimsən, uşağı da
əlindən alıblar. Qayınanam bu qadını kənddən Bakıya kimi
danışdırıb, düşəndə də deyib ki, onu deyən qələt edir, başını da
daşa döyür, Zülfiyyə mənim gəlinimdir, boşanmayıb, boş söhbətdir.
Qadın da qayıdıb ki, sən necə arvadsan, oradan bura məni
danışdıra-danışdıra gəldin. Bir dəfə də saytlardan biri
sənətçilərin həyat yoldaşlarından müsahibə alırdı. Yoldaşım əvvəl
istəmirdi, dedim ki, jurnalistlərin işidir də. Çünki başqa müğənni
istəmirmiş, araşdırıblar ki, gerçək həyat yoldaşı olmadığından
müsahibədən imtina edib. Yoldaşım da razılaşdı, müsahibə verdi,
başlığa belə yazdılar ki, “Anama demişdilər ki, Aşıq Zülfiyyənin
ailəsi dağıldı”. Eşidən oxumadan zəng edib soruşurdu ki, nə
məsələdir.
N.Muradova: Yoldaşınız nə işlə
məşğuldur?
- Məni tədbirlərə, toylara aparıb-gətirir, bir də toyda səs
sistemini çox yaxşı qurur. Həm mənim yoldaşımdı, həm prodüserimdir,
evimizin ağası, uşağımın atası, gəlinimin qayınatasıdır.
T.Şahsuvarlı: Sazınızı niyə
gətirməmisiniz?
- Həmişə yanımda, maşının baqajında olur, soyuqlar düşəndə simlərdə
gərilmə olmasın deyə evə qoymuşuq. Desəydiniz, mütləq
gətirərdim.
“Sazımın birinin 5 min manat qiyməti var”
C.Səlimqızı: Neçə sazınız
var?
- 2 sazım var. Biri hədiyyədir, Tehranda bir dostumuz hədiyyə edib,
həm də bahalı sazdır, təxminən 5 min manat qiyməti var.
C.Səlimqızı: İctimai
Televiziyada “Ozan” verilişiniz vardı, Sizdən sonra o verilişə
baxmıram...
- Çox adam o sözü deyir. Hətta eşitmişəm ki, Təbrizdən, Tehrandan
nə qədər məktublar gəlib, neçə min azərbaycanlı adından yazırlar
ki, daha o verilişə baxmırlar. Amma məncə, yenə də baxımlı
verilişdir.
N.Muradova: Sizi niyə o
verilişdən uzaqlaşdırdılar?
- Orada rəhbərlik, musiqi redaktoru, prodüserlər
dəyişdi.
C.Səlimqızı: İmicin kifayət
qədər yaxşıdır. Məncə, yeni rəhbərliyə yaxınlaşsaydınız, bu məsələ
öz müsbət həllini tapardı.
- Həmin ərəfədə hamı yeni rəhbəri təbrik etməyə gedirdi. Mən dedim
ki, Allah haqqı utanıram. Özlüyümdə fikirləşdim ki, birdən deyər,
yəqin verilişinə görə gəlib. Hətta məndən bir nəfər soruşdu ki,
Sizi yenidən verilişə qaytarmaq istəyirlər, istəyirsənmi? Mən də
dedim ki, əvvəlki rəhbərliklə razılaşdığımız kimi olacaqmı? Çünki
rayon toyumuz olanda razılaşmışdıq ki, çəkilişi növbəti gün edək.
Deyirdilər ki, xeyirinizdən qalmayın. Amma eşitmişdim ki, burada
başqa cürdür, çəkiliş bu günə təyin edilibsə, mütləq bu gün
olmalıdır. Mən də fikirləşirəm ki, rayon toyunda xeyrim varsa, niyə
xeyrimin dalınca getməyim?
N.Muradova: Verilişdən qonorar
verilirdi?
- Bəli, 400 manat alırdıq. Amma onun 10 qatını başqa yerdən
alıramsa, getməməliydim ki?
“Ali savadım yoxdur”
N.Muradova: Belə söhbətlər
yayılmışdı ki, İTV-dən ayrılmağınıza səbəblərdən biri də Aşıqlar
Birliyi ilə bağlı tənqidi fikirləriniz olub.
- Mənim özümə də bu barədə xəbərlər çatdı. Hətta Zəlimxan müəllimin
adı ilə də bağladılar. Mən inanmadım. O qədər sadəlövh insanam ki,
nə desələr inanmıram. Amma o da ola bilər. Heç nə deyə bilmərəm.
İndi verilişin aparıcıları alicənab və savadlı oğlanlardır. Mənim
ali savadım yoxdur, özümü də savadlı, yaxud çoxbilmiş hesab
etmirəm. Azdan-çoxdan saz çalıb oxumağı bacarıram.
N.Muradova: Müğənnilər çox vaxt
deyir ki, biz külfət saxlayırıq. Ailənizin qayğısına yəqin
qalırsınız.
- Anamgilin nə problemi varsa, hamısı mənim boynumdadır. Bir
qardaşım 26 yaşında dünyasını dəyişdi, onun 2 balası var, onun
uşaqlarının nə problemi varsa mənlikdir. Anamgilə dəbdəbəli olmasa
da, kürsülü, şəraitli ev tikib təhvil verdim. Yaşlı adamdır,
qorxuram çölə çıxar, yıxılar. Həmişə atam da, anam da məndən pul
alanda utana-utana alırdılar.
“Elə olur, toyda aşıq mahnısı sifariş etmirlər”
N.Muradova: Olub ki, toya
gedəsiniz, aşıq mahnısı sifariş etməsinlər?
- Vallah olub. Çünki mənim xanəndə kimi ifamı bilənlər var. Hətta
tanınmış müğənnilərlə rayonlarda toya düşmüşəm, mahnı sifariş
ediblər. Onlar deyib bilmirəm, durub oxumuşam. Ev sahibi dedi ki,
sənə aşıq deyənə nə deyək, professional xanəndəsən (gülür). Aşıq
sənətində də elələri var oxuduğu kökü bilmir.
N.Muradova: Çox vaxt deyirlər
ki, indiki gənc aşıqlar dastanı bilmirlər, ona görə də heç
danışmırlar.
- Əvvəl toylarımız 40 gün 40 gecə keçirdi, sonra 7 gün 7 gecə,
sonra isə 3 gün 3 gecə olurdu, indisə bir neçə saatdır. Aşıq dastan
danışanda elə olurmuş ki, bir dastanı 1 həftəyə bitirirmiş. Hətta
qulaq asanlar elə aludə olurmuş ki, bir nəfər çölə çıxanda görüb
ki, qar dizdəndir, heç kəsin qarın yağmasından xəbəri olmayıb.
Görün nə qədər maraqla aşıq sənətinə qulaq asıblar. O vaxtın
aşıqları bilirdi ki, bunlardan dastan tələb edəcəklər. Yarım
saatlıq toya gedirəmsə, orada hansı dastanı danışa bilərəm? Sırf
aşıq sənətini bilənləri də toya dəvət etmirlər.
- Tovuzun deputatı Qənirə Paşayeva
ilə münasibətləriniz necədir?
- Qənirə xanımla münasibətlərimiz çox yaxşıdır, tədbirlərdə tez-tez
görüşürük.
Nərgiz EHLAMQIZI
Foto: Elnur MUXTAR
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"