• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xalq artistləri seriallarla bağlı hansı faktları açıqladı? – SORĞU

Xalq artistləri seriallarla bağlı hansı faktları açıqladı? – SORĞU

Bu gün Azərbaycanda çəkilən seriallarda bir çox tanınmış xalq artistlərimiz rol alsalar da, bəzi aktyorlar var ki, onları hələ də televiziya filmlərində görə bilmirik. Maraqlıdır, görəsən, onları seriallara dəvət edən yoxdur, yoxsa təklif alsalar da, sadəcə, özləri çəkilməkdən imtina edirlər? Bu sualla aktyorlarımıza müraciət etdik və demək olar ki, hamısından eyni cavabı eşitdik.

Xalq artisti Hacı İsmayılov nə seriallara baxır, nə də çəkilmək arzusundadır. Bunu isə vaxt azlığı ilə izah edir: “İşlərim çoxdur. Həm teatrda tamaşalarda oynayıram, həm Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. İnanın ki, vaxtım qalmır”.

“Bəs serialların keyfiyyəti barədə nə düşünürsünüz” sualına aldığımız cavab belə oldu: “Bir serialın keyfiyyətindən danışmaq üçün onu sonadək izləmək lazımdır. Mən də, o vaxt yoxdur ki, bütün günü oturum televizorun qarşısında, hansısa serialı izləyim. Ara-sıra elə-belə gözüm sataşır. Amma bütöv bir serialı izləməmişəm”.

Aktyor onu da bildirdi ki, bir neçə seriala dəvət alıb. Amma çəkilməkdən imtina edib. Xalq artisti bunu da vaxt azlığı ilə əlaqələndirdi.

Xalq artisti Rafiq Əzimov hələ ki seriallara çəkilmək üçün dəvət almadığını dedi, amma dəvət alacağı halda da düşünəcəyini, götür-qoy edəcəyini bildirdi: “Düzünü deyim ki, indiyədək məni seriallara dəvət etməyiblər. Amma bu o demək deiyl ki, dəvət etsələr, dərhal razılıq verərdim. Yox, bunun üçün mütləq düşünüb-daşınardım. Çünki mən illərin aktyoruyam və qazandığım hörmət-izzəti birdən-birə yerə vura bilmərəm. Çünki bəzən görürsən, hansısa aktyor bir mənasız seriala çəkilərək illərlə qazandığı hörməti bir andaca itirir. Düzdür, tanınmış xalq artistlərimiz var ki, səviyyəsiz seriallara çəkilir, amma bunu məcburiyyət qarşısında edirlər. Mən də istərdim, keyfiyyətli seriallarda rol alım. Bunun üçün peşəkar rejissor və keyfiyyətli ssenarilər olmalıdır. Həm də tərəf müqabillərimin kimliyi mənim üçün çox önəmlidir. Mən kiminlə çəkildiyimi bilməliyəm. Bəzən hansısa aktyorun adını çəkirlər, qalıram belə. Çünki tanımıram. Təsadüfi insanları gətirib seriallara çəkirlər, o da olur populyar. Amma populyarlıq sənət meyarı deyil”.

Xalq artisti insanların keyfiyyətli filmlərə çox ehtiyac duyduğunu dedi: Həmişə məndən soruşurlar ki, əvvəlki filmlərdən indi niyə çəkilmir? Qalıram belə, cavab verə bilmirəm. Mən də istəyirəm elə filmlər çəkilsin, mən də rol alım”.

Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynov yerli serialları bəyənmədiyini və buna görə də dəvətləri qəbul etmədiyini bildirdi:

“Azərbaycanda çəkilən serialların səviyyəsi məni qane etmir. Mükəmməl serial üçün mükəmməl ssenari olmalıdır. Buna görə də mən yerli seriallara nə baxıram, nə də onlarla maraqlanıram. Dəfələrlə məni də dəvət ediblər, amma imtina etmişəm. Azərbaycanda yox, Türkiyədə seriala çəkilərdim. Dəvətlər də olub. Bu barədə hələ ki danışmaq istəmirəm”.

Xalq artisti Ramiz Məlik də nə yerli seriala baxdığını, nə də onlarla maraqlandığını dedi. Səbəbini isə çəkilən serialların keyfiyyət baxımdan aşağı səviyyədə olması ilə əlaqələndirdi. Keyfiyyətli ssenarilər əsasında çəkilmədiyi üçün serialların baxımsız olduğunu dilə gətirən xalq artisti bu səbəbdən də dəvət aldığı seriallara çəkilməkdən boyun qaçırır.

Əməkdar artist Cingiz Əhmədov da yerli seriallara baxmadığını dedi. Səbəbini isə belə izah etdi: “Mənə yerli seriallar maraqlı deyil. Dəvət də almışam çəkilmək üçün, amma razılıq verməmişəm. Çünki teatrda tamaşalarda oynayıram, həm də televiziyada aparıcıyam. İşim-gücüm var, serialda çəkilmək nəyimə lazımdır? Çəkilmək olar e, amma ortada keyfiyyətli iş olmalıdır. Bizdə belə keyfiyyətli seriallar yoxdur”.

Xalq artisti Ələsgər Məmmədoğludan da eyni cavabı eşitdik. Çoxdandır nə filmlərdə, nə də tamaşalarda görünən aktyor heç seriallarda da gözə dəymir. Səbəbinə gəlincə, aktyor belə filmlərdə çəkilmək üçün dəvət gözləyir. Amma seriallara gəlincə, o da keyfiyyətli serial görmək arzusundadır.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR