• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hülya Avşar: 17 yaşında abort, 3 aylıq hamilə ikən evlilik və kürdlük iddiası

Hülya Avşar: 17 yaşında abort, 3 aylıq hamilə ikən evlilik və kürdlük iddiası

Publika.az məşhur sənət adamlarının həyat hekayələrini təqdim etməkdə davam edir.

Bu dəfə Türkiyənin məşhur aktrisa və müğənnisi Hülya Avşarı daha yaxından tanımağa çalışacağıq. Qeyd etmək yerinə düşər ki, digər qəhrəmanlarımız kimi, Hülya Avşarın da həyatında yetərincə təzadlı məqamlar var. Üçaylıq hamilə ikən ailə qurmaqdan tutmuş, övladını abort etməyə qədər...

1963-cü ilin oktyabrında Balıkəsirdə anadan olmuş Hülya əslən Ərdəhanın Avşarlar nəslindəndir. Amma maraqlıdır ki, Avşar qızı çox zaman özünü kürd kimi təqdim etmək cəhdlərində bulunur. Elə Hülya Avşarın rəsmi veb-səhifəsində də bu barədə məlumata rast gəlmək mümkündür. Sitat:

“Edremitdə anadan olmuşam. Atam Ərdəhanlıdır. Məmur bir ailənin böyük övladıyam. Məndən bir il sonra bacım Leyla, on dörd il sonra isi digər bacım Helim anadan olub. Ana tərəfim Balıkesirdəndir. Onlar evləndikdən sonra atamın işinə görə bir müddət Edremitdə yaşayıblar. Ailədə atam və ata nənəm daha çox kürdcə danışırdılar. Onların dilində mənim adım “Malakan Curri” idi. Bu söz kürd dilində sarışın mənasını verir”.

Cəlal və Emral Avşar ailəsinin ilk övladı Hülya orta təhsilini Ankara Cümhuriyyət Liseyində alır. Ancaq məmur qızı olsa da, ali təhsil almaqdan vaz keçir və 1979-cu ildə - 16 yaşında mühəndislik fakültəsinin tələbəsi olan Mehmet Tecirli ilə ailə qurur. Amma bu evlilik cəmi iki il sürür. Tecirlidən ayrılarkən hamilə olan Hülya övladını dünyaya gətirməkdən imtina edir.

1981-ci ildə Tecirlidən boşanandan sonra İstanbula köçən gələcəyin ulduzu bulvar qəzetlərindən birinin 1983-ci ildə təşkil etdiyi Kainat Gözəllik Yarışmasında birinci olur. Qalibiyyətin səhəri günü ölkə mətbuatı 18 yaşlı gözəlin kimliyi ilə maraqlananda ortaya heç də xoş olmayan detallar çıxır. Tecirli ilə evliliyi və boşanması haqda yazılanlar qaydalara zidd olduğundan tac Avşarın əlindən alınır. Ardınca Hülya özünü reklam çarxlarında sınamağa başlayır.

1983-cü il 20 yaşlı Hülyanın həyatının dönüş nöqtəsi olur. Fikrət Hakan və Saleh Güney ilə baş rolu paylaşdığı “Haram” filmi ilə aktrisalıq karyerasına başlayan Hülya 1984-cü ildə Kenan Kalavla ikinci filmdə rol alır. “Tutku” filminin baş rolunu oynayan Avşar 1985-ci ildə bataqlıqda batırılan bir qızı canlandırdığı “Tele qızlar” da Tarık Akanla tərəf müqabili olur. Həmi il Tolga Savacıyla "Sekreter”i və İbrahim Tatlısəslə “Mavi Mavi”ni oynayır. Məhz bu filmdən sonra İbrahim Tatlısəs Hülyaya aşiq olur. Amma Tatlısəsin cəhdlərinə baxmayaraq, Hülya heç cür onu sevə bilməyəcəyini açıqlayır.

1986-ci ildə Hakan Balamirlə “Üç Xalqa 25”, Aytaç Armanla oynadığı “Fatmagülün Suçu Ne” kimi filmlərin ardınca ”Kisra”, “Alın Yazısı”, “Dağlı Göyərçin” və “Sevda Ateşi” kimi ekran işlərində rol alır.

1987-ci ildə Hülya Avşar “Alamancının Arvadı” və “Bir Kırık Bebek” filmlərinə çəkilir. İki il sonra Kino Yazarları Dərnəyinin təşkil etdiyi yarışmada “ən yaxşı qadın aktrisa” nominasiyasında qalib seçilir. ”Fəzilət” və "Müəllim Zeynep” filmlərində rol alan Avşar 1990-cı ildə baş rolu Yaman Okay ilə paylaşdığı "Mənim Sinemalarım"dakı roluyla IX Beynəlxalq Tehran Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülür.

Həmin il Hülya “Hasan Boğuldu” filmində Yalçın Dümerlə baş rolları paylaşır. Üç il sonra isə Avşar qızı daha bir beynəlxalq uğura imza atır. O, bu dəfə Sinan Çətinin rejissoru olduğu və baş rollarını Cem Özerlə paylaşdığı “Berlin in Berlin” filminə görə Beynəlxalq Moskva Film Festivalında “ən yaxşı qadın aktrisa” mükafatını qazanmaqla Türkan Şorayın uğurunu təkrarlamış olur.

Hülya Avşar bu filmlə Türkiyədə də bir neçə mükafat qazanır. Ölkəsinin Mədəniyyət Nazirliyinin Kino Uğur Mükafatına, həmçinin Kino Yazarları Dərnəyindən “Ən yaxşı beşinci film” mükafatlarına sahib olan aktrisanın şöhrəti hər gün bir az da artırdı.

1995-ci ildə evlilik və eşq əlaqələrində xoşbəxt ola bilməyən bir qadının həyatından bəhs edən ”Bir Qadının Anatomiyası” adlı filmdə Mehmet Aslantuğ ilə oynayan Avşar dörd il sonra Tomris Giritlioğlunun rejissoru olduğu ”Salkım xanımın Taneleri” filmində də böyük uğur qazanır.

Çəkdiyi filmlərlə şöhrətin pillələrini sürətlə dırmaşan, ancaq bununla kifayətlənməyən Avşar müğənniliyin ardınca teleaparıcılıq və teatr aktrisalığında da özünü sınayır. 1980-ci illərin sonunda musiqi həyatına addım atan Avşar musiqi təhsili alır və ardınca konsert proqramları ilə çıxış etməyə başlayır. 1988-ci ildə çıxardığı “Her şey gönlünce olsun” albomunun ardınca 1990-cı ildə “Hatırlarmısın”, 1991-ci ildə “Hülya Gibi”, 1993-cü ildə “Dostmusun Düşmenmi”, 1995-ci ildə “Yarası Saklım”, 1999-cu ildə “Hayat Böyle” , 2000-ci ildə “Sevdim” və 2002-ci ildə də “Aşıklar Delidir” adında albomlara imza atır. Sənətçi 2000-ci ildə Kral TV tərəfindən təşkil edilən mükafatlandırma mərasimində ən yaxşı qadın müğənnisi mükafatının sahibi olur.

Hülya Avşar Türkiyə sənətçiləri arasında yazmaq bacarığı ilə də fərqlənir. Sənətçinin karyerasına nəzər salanda onun ötən əsrin 90-cı illərində “Günaydın” qəzetində köşə yazarlığı etdiyi diqqətdən yayınmır.

Avşarın çəkildiyi seriallar da yetərincə maraqlı alınıb. O, 1993-ci ildə “Sevginin gücü”, 1995-ci ildə “Super Yıldız”, 1998-ci ildə “Ah bir zəngin olsam”, 2000-ci ildə də “Savunma”, 2004-cü ildə “Zümrüt və Qadın İsterse” seriallarında maraqlı və rəngarəng rollarla qazandığı tamaşaçı sevgisini bir az da möhkəmləndirir.

Hülya Avşar televiziyada da “ilk”ə imza atmış sənətçilərdən sayılır. Belə ki, Birkan Uzun rejissoru olduğu və tok-şou formatında yayımlana ”Hülya Avşar Show” Türkiyədə ilk dəfə Uğur Aksay tərəfindən tətbiq olunan, 16/9 mm sinematografik formatda çəkilən şou proqram hesab olunur.

Musiqi, kino, televiziya işlərinin ardından Hülya Avşar öz adını daşıyan “Hülya” jurnalını nəşr etdirməyə başlayır. 2002-ci ildə isə Türkiyədə Mazlum Kiperin rejissoru olduğu böyük səs-küy yaradan “Bugün Benim Doğum Günüm” adlı monotamaşada oynayır. 2003-cü ilin aprel aynda isə Avşar qızının “Mavi Yansıma” adlı kitabı nəşr olunur.

Qəhrəmanımız 2005-ci ildə Türkiyədə daha bir rekorda sahib olur. O, 2005-ci ilin ilk beş ayı ərzində yerli və xarici mətbuatda adı ən çox hallanan sənətçi ünvanına sahib çıxır. Məlumat üçün qeyd edək ki, həmin ilin beş ayı ərzində Avşar barədə ümumilikdə 1940 xəbər, məqalə dərc olunmuşdu.

“AC Nielsen”in “Marka olduğuna inandığınız sənətçi” sorğusunda isə Hülya Avşar 15.8 faiz səslə birinci türk musiqisinin imperatoru adlandırılan İbrahim Tatlısəsi də geridə qoymağı bacarır. Belə ki, həmin sorğuda İbrahim Tatlıses 9,5, Tarkan 8,5 faiz səs toplamışdı.

Hülya Avşar Türkiyədə gördüyü işlərlə yanaşı sevgi macəraları ilə də məşhurdur. Futbolçu Tanju Çolak, Coşkun Sabah, Osman Xəttat, Mehmet Aşıcıoğlu kimi məşhurlarla sevgi macərası yaşayan Avşar, Mehmet Tecirliden ayrıldıqdan sonra ikinci dəfə 1997-ci ildə ailə qurur. Həmi ilin avqust ayında üçaylıq hamilə ikən Kaya Çilingiroğlu ilə evlənən sənətçi barədə müxtəlif iddialar irəli sürülür, uşağın Çilingiroğludan olmadığı barədə iddialar səsləndirilir. Əslində, bu iddiaların kökündə müəyyən qədər həqiqət payı da var idi. Çünki həmin ərəfədə Kaya Çilingiroğlu Ayşem Saraçoğlu ilə evli idi. Bütün bunlara baxmayaraq, Kaya-Hülya cütlüyü Parisdə ailə qururlar. Hülyanın Kaya Çilingiroğlu ilə evliliyi səkkiz il davam edir və 2005-ci ildə Kadıköy Üçüncü Ailə Məhkəməsində cütlük bir saatın içində ayrılır. Məhkəmənin qərarı ilə bu nikahdan dünyaya gəlmiş 15 yanvar 1998-ci il təvəllüdlü Zəhra adlı qız uşağı Hülya Avşarda qalır. Çilingiroğlundan boşanan Avşar cəmi bir il sonra növbəti məhəbbət macərasına baş vurur və 2006-2010-cu illərdə iş adamı Sadettin Saranla birlikdə olur.

Hülya Avşar bir çox müsabiqələrdə münsif qismində də iştirak edib. O, 2009-2012-ci illərdə Acun Ilıcalı tərəfindən hazırlanan "Yetenek Sizsiniz Türkiye" yarışmasında Acun Ilıcalı və Ali Taranla birlikdə münsif kürsüsündə yer alıb.Yarışmanın üçüncü mövsümündə isə Avşar münsif kürsüsünü Sergen Yalçınla bölüşüb.

Hazırda sənətçi şəxsi həyatında bir boşluq yaşayır və verdiyi son müsahibələrində evlənmək fikrində olmadığını söyləyib.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR