• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Məni o qıza qısqanır” - MÜSAHİBƏ

“Məni o qıza qısqanır” - MÜSAHİBƏ

Lənkərandan Bakıya qədər ancaq o söz bardə fikirləşdim”

Aktyor Müşfiq Şahverdiyev ilk filmi - “My name is İntiqam”ı təqdim etməyin həyəcanı ilə yaşayır. Premyera öncəsi Teleqraf.com-un qonağı olan aktyorla ilk prodüser işi olan filmindən, işində və həyatındakı maraqlı məqamlardan, rəqib həmkarlarından danışdıq.

- Öncə filminizdən başlayaq...Neçə gündür, “My name is İntiqam”la sosial şəbəkələrdə yaman səs-küy yaratmısınız. Film necə araya-ərsəyə gəldi?
- Mən Mədəniyyət və İncəsənət Universitetinin “Dram kino aktyorluğu” fakültəsini bitirmişəm. Uşaqlıqdan ürəyim filmlə çırpınıb. Universitetə daxil olan illərdə təəssüf ki, Azərbaycanda kino süqut etmişdi, filmlər çəkilmirdi, ağır dönəmlər idi. Bu gün belə bir film çəkdiyimizə görə çox sevinirəm. Bu film mənim ilk rol aldığım və prodüseri olduğum filmdir. Filmin ideyası bir il öncə yarandı. İdeya müəllifi Fariz Əliyev, sifarişçisi isə mənəm. Kəndçi balası, çoban İntiqam qoyunların içərisində nənəsinin köməkliyi ilə bir video çəkir və onu “Youtube” kanalında yerləşdirir. Video “partlayır” və İntiqam məşhurlaşır.

- Film üçün xərclənən məbləği açıqlaya bilərsinizmi?
- O vaxt film üçün tələb olunan maliyyəni hesablayıb, bir çox yerlərə müraciət etdik. Amma nəticə olmadı. Təxmini hesabladığımız məbləğ 50 min manat idi. Nəhayət, Moskvada yaşayan iş adamları Camal, Bəxtiyar və Zaman qardaşları ilə tanış olub, ideyamızı onlara danışdıq. Onlar bizə inanaraq filmin maliyyə xərclərini öz üzərilərinə götürdülər. Film ilkin hesabladığımız məbləğdən qat-qat baha başa gəldi. İlk işimiz olduğundan təcrübəsiz idik, elə fikirləşirdik ki, 50 min manata film hazır olacaq. Amma sonra məlum oldu ki, o pulla filmin ancaq 40 faizini çəkə bilərik. Anonslardan da gördüyünüz kimi çəkilişlər çox müxtəlif məkanlarda aparılıb, komanda üzvlərinin yol, yer xərci, texnika, ümumiyyətlə bütün xərcləri nəzərə alıb deyirəm, film ilkin məbləğdən qat-qat baha başa gəldi. Ona görə deyə bilərəm ki, “My name is İntiqam” Azərbaycanda son zamanlar çəkilən ən bahalı komediya filmidir.

- Filmin prodüserisiniz. Yəni bütün məsuliyyət sizin çiyinlərinizdədir. Əlinizdə olan pulu düzgün xərcləmək çətin olmadı ki?
- Təvazökarlıqdan uzaq olsa da deməliyəm, gənc aktyorların içərisində yeganə aktyoram ki, risk edib filmin prodüser işini öz üzərimə götürmüşəm. İnanmıram ki, yoldaşlarım arasından kimsə belə risk etsin: belə böyük büdcə ilə filmi çəksin, maliyyəni düzgün və sərfəli xərcləsin, filmdə tamaşaçı marağını nəzərə alsın... Prodüser filmə, maliyyənin düzgün xərclənməsinə cavabdeh olan şəxsdir. Prodüser işinin ən önəmli qismi maliyyəni tapmaqdır. Bizdə prodüserlərə etibar etmirlər. Səbəbsiz də deyil. Çünki prodüser adı altında çox adamlar film, serial çəkmək bəhanəsi ilə pul alıb, işi yarımçıq qoyub. Bizdə belədir: pulu alırıq, işdən öncə gedirik salondan maşın götürürük, bir –iki gün bunun dadını çıxarırıq, sonra kreditlə ev götürürük. İş və bu işdə işləyənlər necə olacaq –bunu düşünən yoxdur. Axırda o iş də pis günə qalır. Azərbaycanda bu işləri məhz mən dediyim cür görən çox insanlar tanıyıram. Adlarını çəkməyə ehtiyac duymuram. İş belə olmamalıdır. İşin məsuliyyətini və cavabdehliyini anlamaq lazımdır. Bir işdə özünü doğrultmalısan ki, ardı da gəlsin.

-Filmin təqdimatında belə bir cümlə işlədirsiniz: “Bu vaxta kimi çəkilən komediya filmlərinin içində 1 nömrəli filmdir”. Özünüzə bu qədərmi güvənirsiniz?
- Biz bunu öz işimizə güvənərək deyirik. Əlbəttə, işə başlayanda, tərəddüdlər var idi. Montaji yekunlaşdırıb, filmə baxandan sonra qəti qərarımı verdim: iki il ərzində Azərbaycanda bu filmdən daha yaxşı film çəkilməyəcək.

- Amma rəqibləriniz var....Gəlin, onları gözardı etməyək. Fərda və Elməddinin birlikdə oynadığı “Xoxan” filmi dekabr ayında ekranlara çıxacaq.
- Elməddinlə, Fərdanın baş rolda oynadığı filmin treyleri ilə tanış olmuşam. Ondan başqa dostlarımız “Bozbaş Pictures” də film çəkib, səhv etmirəmsə gələn il ekranlara çıxacaq. Allah hamısının işini avand etsin, kimin işinin necə və hansı dərəcədə alınacağını biz yox, kinoteatra gələn tamaşaçı və tamaşaçı sayı bildirəcək.

- Rejissorunuz çox gəncdir və deyəsən sizin kimi onun da kinoda ilk işidir. Belə məsuliyyətli işi ona etibar etməkdə tərəddüd etmədiniz?
- Filmin rejissoru Emil “Bu da bu” verilişində montajor kimi, sonuncu mövsümdə isə rejissor kimi özünü sınadı. Hətta deyərdim ki, Emil “Bu da bu”nun ən uğurlu rejissorlarından biri idi. Bu filmdə də Emil özünü sözün əsl mənasında doğrultdu. Treylərə baxan hər kəs rejissorun işindən ürəkdolusu danışır.

- Filminizin musiqisinin, çəkiliş tərzinin türk komediyalarına oxşarlığı nə ilə bağlıdır?
- Filmin çəkiliş tərzi, musiqilər türk komediyalarına oxşardır. Azərbaycanlılar da bu tərz filmləri sevirlər. “Rəcəb İvedik” filmi bizim kinoteatrlarda nümayiş olunanda adam əlimdə tərpənmək olmurdu. O filmə bileti bir neçə gün sonra əldə edə bilmişdim. Rəcəb İvedikin paxıllığının sayəsində bu film ərsəyə gəldi. Yaxşı mənada paxıllıqdır bunun adı. “My name is İntiqam”ın bu stildə çəkilməsi mənim yox, rejissor Emilin ideyası idi. Emil montaj, qrafiki ilə bağlı Türkiyədə təhsil alıb. Bir neçə rejissorların film çəkilişlərində iştirak edib. Məsələn, Osman Sınav. Çəkilişlər, filmin stili ilə bağlı məsələlərdə Emilin işinə müdaxilə etməmişəm, ona tam etibar etmişəm.

-Açıq-saçıq səhnələrlə yanaşı türk komediyalarında olduğu kimi söyüş də var filmdə?
-Bilirəm ki, filmdən sonra bir neçə jurnalist mənə deyəcək ki, Müşfiq bəy, siz camaatın əxlaqını korlayırsınız. Çünki treylerlər sosial şəbəkədə yayılandan sonra bu sözlər deyilməyə başladı. Bəli, filmdə açıq-saçıq səhnələr var, amma söyüş yoxdur. Hamının təriflədiyi və Azərbaycanda da nümayiş olunan türk komediyalarında söyüş var, amma bununla belə insanlarımız bunu normal qəbul edib, gülürlər. Yenə deyirəm, “My name is İntiqam”da söyüş yoxdur, sadəcə həm ssenariyə uyğun, həm də tamaşaçı marağına səbəb olacaq açıq səhnələr, ikibaşlı zarafatlar var.

-Birmənalı qarşılanmayacaq bir rol da var filmdə...
-İlkin Misgərlinin oynadığı rolu deyirsiniz. İlkin mənim dostum, qardaşımdır, biz onunla universitetdə bir oxumuşuq. Onun filmdəki rolu çox maraqlı və bəlkə də hər aktyorun yarada bilməyəcəyi bir obrazdır. İlkin filmdə “mavi”ni oynayır. O bir qızla kəndə gəlib və məni şəhərə aparır. Və məni o qıza qısqanır. “My name is İntiqam” obrazlarla, komik situasiyalarla boldur.

-Filmlə bağlı Murad Dadaşovun sizə köməkliyi oldumu?
-Murad Dadaşovun mənə əsas köməkliyi “Bu da bu “ layihəsi idi. Əgər o “Bu da bu” layihəsini etməsəydi, mən orda çəkilməsəydim, müxtəlif obrazlarda oynamasaydım bacarıqlarımı kəşf edə bilməzdim. “Bu da bu”nun bir verilişində yeddi obrazda çıxış edirdim. Yenə də deyirəm, Murad Dadaşovun köməkliyi odur ki, o “Bu da bu “ layihəsini etdi və layihənin sayəsində mən bir az da hörmət qazandım və mənə kimlərsə etibar edib filmə maliyyə ayırdılar. Dedilər, “Bu da bu”ya baxmışıq, inanmırıq ki, sən nəsə çəkəsən ora kimsə gəlməsin.

-Yeri gəlmişkən, Murad Dadaşovun verilişində qazandığınız maşın hələ də qalır?
-Artıq satmışam. Müəyyən vaxtdan sonra maşını satmaq hüququm var idi çünki. Amma uzun müddət o maşını sürdüm.

-İlk maşınınız idi?
- Xeyir. İlk maşınımı 2004-cü ildə almışdım.

-Deməli yarışmaya maşına görə qatılmışdınız. Murad Dadaşov xahiş etmişdi, yoxsa...
-Mən Murad Dadaşovdan xahiş etmişdim (gülür). Təbii ki, o veriliş xahişlər əsasında qurulmur. Murad komandası ilə düşünüb və ən maraqlı insanları ora dəvət edib. Mən bir dəfə finala qədər gedib, finalda məğlub olmuşdum. Amma bu dəfə isə daha təcrübəli idim və sona qədər, qalib olana qədər yarışdım. Maşının olsa belə insan belə yarışmalardan maşın qazanmaq istəyir, çünki yeni maşındır. Bunun başqa ləzzəti var.

-Bu gün səhnədə olan əksər yumoristlər “Tək səbir” verilişində parladılar. Siz də həmçinin. Sizcə, vaxtındamı bağlandı o layihə?
-“Tək səbir” teleməkan üçün böyük layihə idi. Komanda böyük komanda idi, yəqin ki, onu əldə saxlamaq mümkün olmadı. Hamı birdən məşhurlaşdı, hamı bir-birindən çox qazanmağa çalışdı, beləcə ayrıldıq. Amma görünür belə məsləhət imiş....

-Görüşürsünüzmü?
-Arada görüşürük. Bunu xüsusilə demək istəyirəm, həmkarlarımın içərisində yeganə insan Elməddin oldu ki, filmin treyleri yayılandan sonra mənə zəng vurub təbrik etdi. Amma öncə yamancaq məni qorxutdu. Dedi, sənə bir söz deyəcəm, amma gərək inciməyəsən. Ürəyimdə fikirləşdim ki, yəqin danlayacaq. Birdən-birə dedi ki, belə böyük bir işi öz üzərinə götürmüsən, sənə halal olsun, hər zaman sənə dəstəyəm. Onun diqqəti və təbriki, bir sözlə o jesti məni təsirləndirdi, hətta gözlərim doldu.

-Müsahibələrinizin birində demisiniz ki, Elməddin, Fərda eləcə də digərlərinin layihələrinə baxmırsınız. Həqiqətənmi, izləmirsiniz? Və niyə izləmirsiniz?
-Bilirsiniz, axı səs-soraqlı böyük işlər, böyük layihələr görmürəm ki, deyim kimisə xüsusilə izləyirəm. Fərdanın bu gün verilişi yoxdur, başqa işlərlə məşğuldur: klublarda stand-up şou edir, biz də bəzən dostlarla gedib baxırıq. Elməddin “Bacanaqlar”ı çəkir, “Parni iz Baku ” KVN Teatrı konsertlər verir, həmçinin televiziya layihələri edir, Rafael və Çoşqun artıq konsert sistemindədirlər. Rastıma çıxdıqca əlbəttə izləyirəm. Amma siz indi onlardan da soruşsanız ki, Müşfiqi izləyirsiniz? Deyəcəklər, yox. Evdə olsam, televizorda “Bacanaqlar” gedirsə, baxacam: həm rəqib kimi, həm də həmkarlarımın işi ilə tanış olmaq adına. Bizdə rəqabəti pis mənada başa düşürlər. Və təəssüf ki, hələ də sağlam rəqabəti qəbul etmirlər. Biz yumoristik, bir-birimizə izləyib, daha yaxşı nələrsə etməyə çalışırıq. Bu gün film sektoru inkişaf edir. Həmkarlarım da film işi ilə məşğul olmağa başlayırlar. Mən arzu edirəm ki, rəqabəti biz film sektorunda edək. Veriliş, toydakı işə iş kimi baxa bilmirəm. Bu gün kino dirçəlir və indi yaşımızın elə dönəmidir ki, hələ bu sektorda nələrsə etməyə vaxtımız, şansımız var. Bütün rəqiblərimlə film sektorunda rəqabət aparmaq istəyirəm. Film sektorunda özümə, komandaya güvənirəm. Komandamla “Cinema Compony” şirkətini açmışıq, məqsədimiz film, reklam, vaxtımız olsa serial çəkməkdir. Əgər verilişlərlə tamaşaçıların qarşısına çıxsaq, demək ki, dediyim sektorda özümüzü doğrulda bilməmişik.

-“My name is İntiqam”ın davamı ola bilərmi?
-Artıq bizdə üç filmin - Azərbaycan kinosunda inqilab edə biləcək filmlərin ideyaları var. Biri indiki filmin davamıdır, qalan ikisi isə tamam başqa mövzudadır. Əsas odur ki, tamaşaçılar gəlib kinoteatrda filmə baxsınlar. Biz indiki mərhələdə film sektorundan böyük pullar əldə etməyi düşünmürük. Yəni, bu illuziyadır. İndiki mərhələdə biletlərdən gələn maliyyə ilə filmin büdcəsini çıxara bilək və yenidən xalqımız üçün film çəkək. Gəliri isə üçüncü, dördüncü filmə saxlamışıq.

-Filmin Qala gecəsində kimlər olacaq?
-Filmin Qala gecəsi noyabr ayının 28-də Nizami Kino Mərkəzində olacaq. Tamaşaçıları da nəzərə alıb, bilet satışa çıxarmışıq. Amma əksər biletlər qonaqlara paylanılıb. Qala gecədə tanınmış dostlarımız, jurnalistlər, bizə dəstək olan insanlar iştirak edəcək. Həmçinin ailəmiz...Doğrusu, bir az utanıram.

-Niyə?
-Anam gələcək və bayaq dediyim səhnələrə görə məni qınayacaq. (gülür)

-Deməli işlərinizi izləyir.
-Bəli, o mənim bütün işlərimi diqqətlə izləyir. Evə gələn kimi bəyəndiyi və bəyənmədiyini nüansları deyir. Bəyənmədiyi olanda məni bərk danlayır. Hətta mənim verilişlərdə oturmağıma da söz deyir.

-Demir ki, evlən...
-O qədər. Sadəcə işimə bağlı insanam..

-İndiyə kimi deyirdiniz ki, iş olsun, maşın olsun, evə olsun...
-Bəli, deyirdim. Bir tərəfdən fikirləşirəm ki, yaş da ötür.

-Yenə də toylara gedirsiniz?
-Mən o qədər dedim ki, işlərimiz ruzili-bərəkətli olsun, toylara getməyim, Allah səsimi eşitdi. İndi toylar da yoxa çıxıb. (gülür) Allah bütün toy edənlərə xoşbəxtlik nəsib etsin, amma toyda aktyorun aparıcılıq etməsinə iş kimi baxa bilmirəm. Toy müğənnisiz keçə bilməz, amma aktyorsuz keçə bilər. Aktyor səhnədə olmalıdır. Aktyor tamaşaçıdan uzaqda olmalıdır ki, tamaşaçı ona əlçatmaz bir insan kimi baxsın. Bir dəfə toyda idim, içkili biri mənə yaxınlaşdı, dedi: “Səndən bir şey xahiş edim, bundan sonra toya getmə. Nə qədər ki, səni efirdə görürdüm, deyirdim ki, ona əlim çataydı, görərdim, şəkil çəkdirərdim. İndi baxıram ki, hamı sənə rahatca yaxınlaşa bilər, sözlərini deyə bilər, mahnı istəyə bilər. Mənim üçün adiləşdin”. Onun sözü mənə çox təsir etdi, Lənkərandan Bakıya gələnə qədər ancaq o sözləri fikirləşdim, düz deyirdi.

Nərmin Muradova
Fotolar Elnur Muxtarındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR