• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycana böyük sərmayə gələ bilər - FOTO - VİDEO

Azərbaycana böyük sərmayə gələ bilər -  FOTO - VİDEO

"Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib..." Xatırlayırsınızmı, bu sözləri? Serial bazarının canlandığı, "Dolu" filminin geniş müzakirə olunduğu bir dönəmdə "Brifinq"ə kino adamını çağırmağı qərara aldıq. "Gündəlik Teleqraf"çılar bu qəliz sənət sahəsi ilə bağlı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovu sual atəşinə tutdu. Müşfiq müəllim kino sahəsindəki yeniliklərdən, rejissor eqosundan, mütəxəssis qıtlığından danışdı və digər mövzulardan söhbət açdı.

Nərgiz Ehlamqızı ( siyasət müxbiri): Müşfiq müəllim, 2 ildir kinostudiyanın direktorusunuz, bu müddət ərzində nə yeniliklər etmisiniz? Öz adınıza yazılacaq hansı işlər görmüsünüz?

- Mən bu vəzifəyə gələndə 7-yə yaxın yarımçıq film var idi. Həmin il bu filmlər yekunlaşdı. "Kino haqqında" qanun layihəsinin hazırlanması prosesi başlandı və Azərbaycan reallığında ümumi kino industriyasının problemləri məsələsi qaldırıldı. Orada iki xətt götürüldü: "Azərbaycanfilm" hansı xidmətlər görəcək və özü hansı janrda filmlər istehsal edəcək. Başa düşdük ki, biz "Azərbaycanfilm" olaraq öz mütəxəssislərimizi yığmalıyıq. Azərbaycan Prodüserlər Gildiyası təsis edildi. Bura respublikamızda olan 18-ə yaxın aparıcı şirkət birləşdirildi, mən də sədr oldum. O dövrdə İran və Gürcüstan nümayəndəliyi Azərbaycanda idi, onlar bizə texnikalarını verirdilər. Ancaq analiz edəndə gördük ki, həmin texnikalar ölkəmizdə olsa da, şirkətlər arasında münasibətlərdə bağlantı yoxdur. Prodüserlər Gildiyası ilə birləşdik, həmin ildən Azərbaycan kinosunun 90 faizini öz yerli şirkətlərimiz təmin etməyə başladı. Cənab nazir Əbülfəs Qarayev bu sahədə məni dəstəklədi, biz bu planımızı həyata keçirdik. Kino elə bir sahədir ki, orada mütəxəssis gündə işləməlidir.

Bizdə film deyəndə, hamının ağlına birinci rejissor gəlir. Bəli rejissor əsasdır. Amma rejissorun indiki dünyanın tələblərinə cavab verməsi üçün onun ətrafında böyük istehsalçı mütəxəssislər olmalıdır. Ki, onun dediyi təklifi bir neçə variantda verə bilsin.

Prodüserlər Gildiyasında "Geniş baxış" adlı müsabiqə elan etdik. Əvvəllər Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edirdi, amma bu dəfə prodüserlər müsabiqə elan etdilər. Müsabiqədə İradə Bağırzadənin layihəsi qalib gəldi, xaricdə yaşayan altı azərbaycanlı gəncimizi ölkəyə gətirdik. 2013-cü ildə onlar filmlər çəkməyə başladı. Bundan başqa, biz istehsal sistemində də dəyişiklik etdik.

- Nərmin Muradova (mədəniyyət yazarı): Nədən ibarət oldu bu dəyişikliklər?

- Əvvəlki dövrdə filmə prodüser təyin olunurdu. O gəlib pulu təhvil götürüb çəkiliş proseslərinə başlayırdı. Amma biz bu sistemi dəyişdik. Filmlərə prodüserlə yanaşı maliyyə meneceri də təyin etdik. Yaradıcı sexləri bərpa etdik. Bundan sonra rejissorun istədiyi işığa artıq işıq sexi, maşına maşın sexi cavabdeh olacaqdı. Burada aydınlaşma yarandı. Artıq hər kəs öz işi ilə məşğul olduğundan işin keyfiyyəti artdı. Proses öz nəticəsini verdi, tədricən filmlərin büdcəsi aşağı düşməyə başladı.

Mövlud Mövlud ( redaktor): : Yeyintinin qarşısı alındı...

- Yox yeyinti deməzdim. Sadəcə, eşidəndə ki, kinostudiyada sex yaranıb, əvvəllər bu işdə xidmət göstərən qurumlar öz qiymətlərində endirim etdilər.

N.Ehlamqızı: Yerli mütəxəssislər işi daha ucuz görürlər?

- Bəli, daha ucuz və keyfiyyətli etməyə başladılar. Artıq bir direktor kimi pulun hara getdiyini bilirəm, buna görə də rahatam. Bundan başqa, çəkiliş müddəti 3 aydan 2 aya düşdü. Bu da işi sürətləndirdi. Bu yaxınlarda Elçin Musaoğlunun "Nabat" filmini dağlarda 44 günə çəkib bitirdik. Əvvəlki vaxtlar olsa idi, daha çox vaxt gedərdi.

M.Mövlud: Çəkilişlərdə özünüz iştirak edirsiniz?

- Bəli, film başlayanda çəkiliş meydançasında oluram, ümumi xidmətə baxıram, ola bilər ki, administrativ qrup ilə rejissor arasında nə isə problem olsun. Heç olmazsa 2-3 dəfə mütləq çəkilişdə olmalıyam.

Elmin Bədəlov ( sosial sahə üzrə müxbir): Azərbaycanda prodüser sistemi özünü doğrultmur. Sizcə, bu, nədən irəli gəlir?

- Ölkəmizdə prodüserlik hələ 1990-cı illərdə yaranmışdı. O dövrdə prokat sistemi, rəqabət yox idi. Biz elə bilirik ki, prodüser vəsait qoyan, yüksək zövqə malik insan olmalıdır. Bunlarla yanaşı prodüser cəmiyyətdə gedən psixoloji durumu və baxışları nəzərə alıb ona uyğun film çəkib yaya bilməlidir. Bu şərtlə ki, cəmiyyətin ümumi səviyyəsini yuxarı qaldıra bilsin. Bazar başqa film istəyə bilər. Bu cür adamların gəlməsi üçün onların qazanc yeri olmalıdır. Kino o zaman yaxşı yaşayır ki, onun tamaşaçısı, satışı var. Şükürlər olsun ki, bu proses başlayıb, kinoteatrlar tikilir. Bu gün Park Cinema-ya bu qədər tamaşaçı gəlir. Artıq sovet dövründəki ənənə bərpa olunur.

N.Muradova: Dediniz ki, filmlərin çəkilişi yerli texnika ilə təmin olunur. O texnikanı idarə edəcək yerli mütəxəssislər varmı?

- 2012-ci ildən istehsal düzgün qurulmağa başladı, xarici inhisarçılar bazardan demək olar ki, çıxdı. Bütün şirkətlər birləşdirildi. 2013-cü ildə isə "Azərbaycanfilm" tarixində ilk dəfə olaraq on nəfər cavan rejissor cəlb etdik.

Bu gün yüksək səviyyədə "foks-puller"imiz yoxdur. Dünyada filmlər studiyada səsləndirilmir. Filmlərdə səs artıq çəkiliş meydançasında yazılır. Biz Asif Rüstəmovun filmində səs rejissorunu Almaniyadan gətirdik. Bu il prodüser mərkəzlərinin birinə bununla bağlı müraciət etmişik, pirotexniklər lazımdır. Çünki bir nəfər var, o da yaşlıdır. Bizim film istehsalçısı mütəxəssislərimiz yox dərəcəsindədir. Bu il master-klaslara başlayacağıq. Qrimyorlar, səs-rejissorları dəvət edəcəyik, müsabiqə elan edib gənclər içərisində 5-10 nəfər perspektivlisini seçib öz hesabımıza xaricə kurslara göndərəcəyik. Bu yaxınlarda fransızlar Gürcüstanda film çəkmək istəyirdilər. Biz onlara təklif etdik ki, gəlin o filmi Azərbaycanda çəkin. Dedilər, sizdə xidmət yoxdur, qorxuruq, qoyduğumuz vəsait batar. Mən onları bizdə xidmətin olduğuna inandırdım. Biz onlarla birlikdə belə bir qərara gəldik ki, film xoşlarına gəlməsə, vəsaiti geri ödəyək. Onlar gəldi, Sahil qəsəbəsində "Azərbaycanfilm"in nəzdində üç həftəlik film çəkdilər. Bizim həddən çox gəlirimiz oldu, işçilərimiz aya aşağısı 3 min manat aldı. Onlar gördü ki, administrativ qrupumuz var, hava limanından onları necə qarşıladıq, harda yerləşdirdik, çəkiliş meydançasında texnika necə qurulacaq, yemək yediyimiz yerlə meydançanın arasında məsafə nə qədər olacaq və s. məsələlər standarta uyğundur.

Meydançada özümüzün sertifikatlı gənc səs rejissorumuz, "foks-pulleri"miz olsaydı, daha çox gəlir götürə bilərdik.

Ramilə Qurbanlı (publika.az saytının redaktoru): Əsəd Əsədovdan başqa səs rejissoru yoxdur?

- Əsəd müəllim canlı səsi yaza bilmir. Gənclər içərisində də səs rejissorlarımız var, amma meydançada sertifikatlı, keyfiyyətli canlı səsi yazan yoxdur. Əbülfəs müəllimin dəstəyi ilə Konservatoriyanın bəstəkarlıq kursunu qurtaran Azər Əsgərovu xaricə göndərdik. Həmin gənc həm bəstəkardır, həm səs texnologiyası ilə işləyir, qısametrajlı filmdə sınaqdan keçirmişik, xarici mütəxəssisin yanında daha da təkmilləşdirmişik.

R.Qurbanlı: Hələ Siz kinostudiyaya təzə gələndə başqa sahələr üzrə də xaricə oxumağa gənclər göndərmişdiniz. Onlar oxuyub qayıtdılar?

- Bəli. Ayşad adında oğlan diplom işini bu dəqiqə kinostudiyada çəkir. Biz ona kiçik büdcə ayırmışıq.

Ayda 1000-1500 manat su pulu ödəyirik

N.Muradova: Xaricdə təhsil alan gənclərdən neçə nəfərini yerləşdirmisiniz?

- Gedən uşaqlar işsiz qalmırlar. Amma bizə daha da yüksək potensiala malik mütəxəssislər lazımdır. Ayda 1000-1500 manat su pulu ödəyirik. Qərara gəlmişik ki, kinostudiya ərazisində artezian vuraq. Nə qədər ayaqyolu təmir etmişik, qrim otağı düzəltmişik.

R.Qurbanlı: Ümumilikdə təmirə ehtiyac var axı...

- Kinostudiyanın layihələşməsi bir aya başa çatır. Amma onu gözləmək olmaz. Bu, çox ağır prosesdir. Əgər biz proqramı həyata keçirə və sertifikatlı kadrlarımızı hazırlaya bilsək, Azərbaycan pavilyon baxımdan çox uğurlu coğrafi şəraitdədir. Yayda günün 8-9 saatı film çəkmək olar, yağışlı dövr çox azdır. Qonşularımız və Avropa ilə müqayisədə ən yaxşı təbiət bizdədir. Verginin ləğvi məsələsi, münbit şəraitlə bağlı "kino haqqında" qanun layihəsi hazırlamışıq. Hazırda layihəyə Ədliyyə Nazirliyində baxılır. İndustriyanı düzgün qura bilsək Azərbaycana kino sahəsində böyük sərmayə gələ bilər.

N.Muradova: Layihə özünü doğruldur? Reaksiyalar necədir?

- "Dolu" ilk qaranquşumuz idi. Filmin çəkilişi zamanı tank əldə etmək mümkün deyildi. Elxan Cəfərov dedi ki, tank yoxdursa, film də yoxdur. General-leytenant Rövşən Əkbərovun bizə çox böyük köməyi oldu. İndiki Müdafiə nazirimiz Zakir Həsənov o vaxt Daxili Qoşunların böyük bir hissəsini o filmin çəkilişlərinə cəlb etdi.

N.Ehlamqızı: Aqil Abbasın özü "Dolu" filmini bəyəndi?

- Şəxsən özüm Aqil Abbasla bir yerdə çəkiliş prosesində iştirak etmişəm. Heç bir ssenarist rejissorun yaradıcılığını qəbul etmir. Eyni zamanda rejissorlar ssenariyə baxanda ürəklə götürmür, öz əlavələrini edir. Mən bildiyim qədəri ilə Aqil müəllim razı qaldı.

N.Muradova: "Dolu"dan danışanda hər zaman üzünüz gülür, ona qədər üzünüzü güldürən film olmayıb ki?

- "Dolu"ya qədər də çox gözəl filmlərimiz olub. Təkcə o film deyil, türklərlə işbirliyimiz olan "Mahmud və Məryəm"in də adını çəkmək istəyirəm. O zaman "Azərbaycanfilm"də deyildim, məni filmə rəhbərlik üçün nazirlikdən göndərmişdilər. "Mahmud və Məryəm" səkkiz Avropa ölkəsində nümayiş olunub, eləcə də, ən çox satılan film olub. Bu filmlə dünyada Azərbaycanın müştərək layihələrdə iştirakına inam yarandı. İndi partnyorluqla bağlı gündə elektron poçtuma 10-15 məktub gəlir.

N.Ehlamqızı: Partnyorlarla danışıqları birbaşa özünüz edirsiniz?

- Mən, bir də İtaliyada təhsil alan kinostudiyanın Beynəlxalq əlaqələr departamentində çalışan Orxan Hüseynov danışıqları aparır.

M.Mövlüd: Belə başa düşürəm ki, heyət xeyli dəyişib...

- Heyətlə bağlı çox dəyişiklik etmədik. "Azərbaycanfilm"də çalışan çox istedadlı yaşlı mütəxəssislər var. Məsələn, kamera üzrə mütəxəssis Nəsir müəllimi Almaniyada da tanıyırlar. Bəzilərinə isə nəyisə etibar edəndə, baxıb görürsən ki, yarısı yoxa çıxıb. Belələrini işdən uzaqlaşdırmışıq. Əlavə olaraq kinostudiyaya yeni mütəxəssislər cəlb etmişik. Pensiyaya çıxmış əməkdaşlarımız var ki, onları heç vaxt işdən azad edə bilmərəm.

N.Muradova: Texnikanı da yəqin təmirdən sonra alacaqsınız. Oqtay Mir Qasım hər zaman kinostudiyanın sovetdən qalma texnika ilə işlədiyindən şikayətlənir...

- Oqtay müəllim düz deyir. Artıq özümüz bir çox texnika almışıq. Bizim rejissorlar işə "QAZ-31"lə gəlirdilər. İmkanımız ona çatırdı. Amma bu il iki ədəd "Hyundai Accent" markalı avtomobil almışıq.

N.Ehlamqızı: Suriyada döyüşən həmyerlilərimizlə bağlı xəbərlərdən sonra din mövzusunda müzakirələr qızışıb. Film çəkilişlərində din, yaxud başqa mövzu ilə bağlı mübahisə doğuran məqamlar olanda o işin mütəxəssisləri ilə məsləhət alırsınız?

- Əlbəttə, mütləq məsləhət alırıq. Bizdə Bədii Şura var. Tərkibində dəyişikliklər olub və proses hələ də davam edir. Yeri gəlmişkən qeyd edim ki, Ayaz Salayev kinostudiyanın baş redaktorudur. Ayda iki-üç dəfə Əbülfəs müəllimlə görüşüb fikir mübadiləsi aparırıq. Səmimi deyirəm, nazirlik bizə çox böyük dəstək verir.

Leyla Əliyeva (müxbir): Son illər "Dolu" kütləvi nümayiş olundu. Oqtay Mir Qasımın filmi kinoteatrda nümayiş olunacaq?

- Keçən il yanvardan martadək bütün Azərbaycan filmləri Nizami kinoteatrında göstərildi.

L.Əliyeva: Amma tamaşaçı az maraq göstərdi...

- Bu dəqiqə biz piar başlamaq dövründəyik. Artıq PR sistemi qururuq. Rayonlarda filmlərimizin satışı məsələsini qoymuşuq.

L.Əliyeva: Tamaşaçı filmin nümayiş olunacağından bixəbərdir...

- Ən böyük təhlükə tamaşaçının aldadılmasıdır. Bəzən elə bir zəif film həddindən artıq reklam olunur, 30-40 saniyəlik fraqmentə baxırsınız, gedib filmə baxanda və istədiyinizi almayanda bir daha ora getməyəcəksiniz. Bu yaxınlarda biz film çəkəndə Fövqəladə Hallar Nazirliyindən bizə böyük kömək oldu. Bizə Kamaz maşın verdilər, onun vasitəsilə aktyorları dağa qaldırdıq. Çəkiliş elə yerdə idi ki, 7 km çayın içi ilə gedirdik. "Dolu" filmini görüb bizə inandılar, kömək etdilər. İnamı bərpa etmək lazımdır. Bu il əsas məqsədlərimizdən biri uşaq mövzusuna müraciət etməkdir. Sərhədlər açıqdır, mənfi və müsbət informasiyalar dolur. Teatr, mədəniyyət evlərinin, televiziyaların borcu mənfi informasiyaları neytrallaşdırmaqdır.

N.Muradova: Kinostudiyada qonorar məsələsi necə həll olunur? Ən çox kimlər qonorar alır?

- Ən çox aktyorlar alır. 20 min, 10 min manat alan da var.

N.Muradova: Bəs kommersiya filmləriniz hansılardır?

- Ramiz Əzizbəylinin baş rolda oynadığı "Halal pullar", "İnterpapa", "Toy" və başqaları.

L.Əliyeva: Prezidentin fərmanından sonra serial bazarında canlanma var. Seriallara baxırsızmı? Aktyor işini necə dəyərləndirirsiniz?

- "Həyat sən nə qəribəsən" serialında bir aktrisanın oyununu bəyəndim. O aktrisanın adını deməyəcəyəm. Hamısına baxmağa çalışıram. Ümumilikdə bu, çox böyük iş oldu. Bunun nəticəsi 10-15 ilə olacaq. Böyük dəstə var deyirdi ki, mən rejissoram, artıq onlar sıradan çıxacaq, mən ssenaristəm deyənlər artıq qorxuya düşüb, rəqabət yarandı. Keçən ilki seriallarla bu ilkilər arasında fərq, inkişaf var.

N.Ehlamqızı: Siyasətlə aranız necədir?

- Siyasətçi olmaq fikrim olmayıb, psixoloji hazırlığım da yoxdur. Hər insan öz işi ilə məşğul olsa yaxşıdır. Nə qədər gözəl geyinsək də, danışsaq da, şənlənsək də, hamımızın içində böyük dərdimiz var. Nə vaxtsa torpaqlarımızı qaytaracağıq. Ancaq mənəvi cəhətdən böyük zədələr almışıq. Onları sağalda biləcəyikmi?

N.Muradova: Bayaq "Mahmud və Məryəm" dən danışdınız. Siz tamaşaçı kimi "Mahmud və Məryəmi"i bəyəndiniz?

- Ola bilsin, hərəmizin öz filmimiz var. Mən prodüserəmsə öz məhsuluma deməliyəm ki, bəyəndim. Əgər prodüser desə ki, bəyənmədim, onda söyləyərlər ki, bəs orda sən nə edirdin?

N.Ehlamqızı: Bu gün Azərbaycan tamaşaçısını, xüsusən də, kişiləri "Kurtlar Vadisi Pusu" serialı cəlb edir. Orada siyasət də, detektivdə xətti var. Biz niyə o bazarı ala bilmirik? Bizdə ağlaşma, ya da komediyaya meyl var. Bunun məsuliyyəti ssenaristin, rejissorun üzərinə düşür?

- Ölkədə nə qədər təsdiq olunmuş ssenarist, rejissor var... Bunlar indi-indi üzə çıxırlar. Nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevadan xahiş etdim ki, bizə gənc bəstəkarlar versin. Altı bəstəkarı cavan rejissorlarla tanış etdim. 2 operator tapıb gətirdik. İndi bəstəkarlardan birini göstərib rejissora deyirəm ki, o uşaqları yoxla, deyir, yox, Xəyyam Mirzəzadə ilə işləmək istəyirəm.

D.Əhməd: Qarabağla bağlı filmlərində ermənilər özlərini sülhpərvər göstərmək istəyir, hətta Oskar almaq üçün bir film çəkdikləri barədə də xəbər yayılmışdı. Qarabağ mövzusunda hansı baxışın tərəfdarı olmalıyıq?

- Qarabağı alandan sonra ermənilərlə dostluq etməyə çalışacağam. Bu gün biz məğlubuq. Ermənistanın ən böyük arzusu dostlaşmaqdır. Çünki etdiyini edib. Onlar başlayacaqlar ki, nə danışırsınız, günah ruslardadır, bizim nə günahımız var? Görüşəndə belə də deyirlər.

N.Muradova: Amma ermənilər filmlərində elə mesajlar göndərirlər ki, orada Azərbaycan işğalçı kimi pislənilir. Kinodan vasitə kimi istifadə edə bilirlər...

- O da var. Bizim 10-15 dəqiqəlik kimliyimiz barədə filmimiz olacaq. İstədiyimiz keyfiyyəti alsaq, dünya deyəcək ki, biz belə gözəl xalqa niyə toxunmuşuq, nədən kömək etmirik? İşlər gedir, amma peşəkarlıq problemi o qədərdir ki...

D.Əhməd: Məsələn, "Babək" filmini təzədən çəkmək olar?

- Mən istərdim ki, "Babək" filminin cizgi filmi olsun.

M.Mövlud: "Robin Qud"un olduğu kimi...

- Hə, lap 10 cür çəkək, amma çəkib onu gözümüzdən salmayaq da.

N.Muradova: İndi peşəkarlıq var, maliyyə azdır...

- Azərbaycanda ortaya yaxşı iş qoymaq üçün nə qədər istəsən maliyyə var. Azərbaycanı təbliğ edə bilən bir iş üçün dövlət qurumları də dəstək olur. Rejissorlar var ki, deyirdi ki, mənim serialımı bütün ərəb dövlətləri alacaq. Bir dostum film çəkir, deyirdi ki, bura mənlik deyil, mən Oskara namizədəm. Deyirdim, camaatın yanında demə, heç olmazsa Azərbaycan filmindən 10 faiz yaxşı çək.

"Sony"yə qadağa qoymalıyıq ki, Azərbaycanda texnika sata bilməsin

L.Əliyeva: Gənclərin təhsil məsələsində vəziyyət nə yerdədir?

- Bu gün dünyanın "Arri", "Dolby" kimi aparıcı şirkətləri var. Mədəniyyət və İncəsənət Universiteti əlindən gələni etsə də, problemlərlə yaşayır. Deyirəm ki, biz "Arri"yə, "Sony"yə qadağa qoymalıyıq ki, Azərbaycanda texnika sata bilməsin. Birinci təklif etməliyik ki, sənin Azərbaycanda bu qədər texnikan satılır, İncəsənət Universitetinə baza ver. Operatorlarımız var, sabah təzə obyektiv çıxanda həmin şirkətin nümayəndəliyinin mütəxəssisi gətirib onu tələbəyə öyrətməlidir. Çünki neçə müddətdən sonra qurulub. Biz özümüz münasibətimizi Qərblə düzgün qurmuruq. "Sony" ölkəmizdə milyonlar qazanır, istərdim ki, bizə peşə məktəbi versinlər. Kinostudiya təmir olunanda ən böyük şərtlərimizdən biri odur ki, o adamdan texnika alacağıq ki, iki il əvvəldən texnika sifariş veriləcək və 2 il müddətinə azərbaycanlı balası düyməni basıb öyrənəcək.

M.Mövlud: Ssenarilərin Mədəniyyət Nazirliyində keçməsində sizin təsir imkanınız olurmu?

- Hörmətli Əbülfəs müəllim 2 ildə gedən prosesləri görəndən sonra qərar verib ki, artıq ssenari "Azərbaycanfilm"in özündə qəbul olunacaq. İndi Bədii Şura yaranır.

L.Əliyeva: Senzura olmayacaq ki?

- Kim nə deyir, desin, ssenari yaxşıdırsa, qəbul olunur. Gündə mənə xaricdən 50 ssenari xahiş edirlər, dünyada ssenari böhranı var. Türklərə ssenari göndərməkdən bezmişik. Mövzu tükənir. Ola bilər ki, nüfuzlu adamın ssenarisinin keçdiyi dövrlər olub. Bunu inkar etmirəm. Amma bu gün nazirin də, dövlətin də marağı odur ki, yaxşı kino olsun. 30-40 il idi yeni nəsil gəlmirdi. Bəzi özünü kino fədailəri adlandıranlar imkan vermirdilər. Biz indi bütün bu problemləri yoluna qoymağa çalışırıq.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURADındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR