• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nəbahət Çehrə: “Məni xoşbəxt etməyən hər şeydən qaçıram” – MÜSAHİBƏ – FOTOLAR

Nəbahət Çehrə: “Məni xoşbəxt etməyən hər şeydən qaçıram”  –  MÜSAHİBƏ – FOTOLAR

“Qanlı yanvar” filminə çəkilmək üçün hazırda Bakıda olan Türkiyənin məşhur aktrisası Nəbahət Çehrə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az aktrisa ilə müsahibəni təqdim edir.

- Nəbahət xanım, Bakını gəzmək imkanınız oldumu?

- İşlərimiz həddən artıq çox idi. Amma sağ olsunlar, Bakının müəyyən yerlərini gəzdirdilər, şəhərinizi görmək imkanım oldu. Burada insanlar çox səxavətli, istiqanlıdırlar. Sevgi dolu Bakı gördüm.

- Çəkilişlərdə oynadığınız obrazla bağlı çətinliyiniz olmadı ki?

- Təbii ki, hər bir çəkilişin öz çətinlikləri var. Amma deyə bilərəm ki, bu rolumun “Muhteşem Yüzyıl”, “Aşkı Memnu”dakı rollarımla heç bir oxşarlığı yoxdur.

- Müsahibələrinizin birində bildirmisiniz ki, filmlərdə oynamağa daha çox üstünlük verirsiniz. Seriala çəkilməkdən bezmisiniz?

- Elə deməzdim. Sağlamlığım imkan verdiyi qədər çəkiləcəyəm. Çünki sənətin yaşı yoxdur. İnsan hər yaşda oynaya bilər. Yaxşı bir filmə çəkilmək istəyirəm. Çünki “Yeşilçam”da 120-dən artıq filmə çəkilmişəm. Demək istədiyim odur ki, yaradıcılığa kinodan başlamışam, serialdan yox. Sonradan seriallara çəkilməyə başladım. Film tarixdə qalır. Filmdə çox gözəl bir rol oynasanız, iyirmi il sizi ayaq üstə saxlayar. Serial isə bir-iki ilə yaddan çıxır. İki il seriala çəkilməsəniz, yaddan çıxacaqsınız. Amma mənə görə, film və serialın çəkilişində heç bir fərq yoxdur.

- “Qanlı Yanvar” filminin serial variantı olarsa, çəkiləcəksinizmi?

- Ssenari ürəyimcə olarsa, çəkilərəm. Amma inanmıram ki, bu filmin serial varinatı da çəkilsin. Fikrimcə, bu film müstəqillik mübarizəsindən bəhs etdiyi üçün serial olmaz.

- “Muhteşem Yüzyıl”dan sonra “Kara para aşk” serialında çəkildiniz. Rolunuzu bəyənmədiyiniz üçün serialdan tez çıxdınız. Bunun səbəbi nə idi və ümumiyyətlə, hansı rolu oynamaq istərdiniz?

- Hər zaman daha səviyyəli, yaddaqalan rol oynamaq lazımdır. “Kara para aşk” serialında oynadığım ana rolu içi boş bir qadındır. Amma mənim tamaşaçım ananı hər zaman qüvvətli və mənən dolu görməyə alışıb. Bu günə qədər o tip xarakterlər oynamışam. Oynadığım qadının serialın gedişində də dəyişməyəcəyini gördüyüm üçün roldan imtina etdim. Məni xoşbəxt etməyən hər şeydən qaçıram. Önəmli olan pul deyil, məni xoşbəxt etmək, gördüyüm işə inandırmaq lazımdır. Çəkiliş heyətinə də dedim ki, 13-cü bölümdən sonra serialdan gedirəm.

- Sizi hər zaman ana rollarında görürük...

- Vallah, düz deyirsiniz. Sanki bu qadınların özəl həyatları yoxdur (gülür). Halbuki mənim yaşımda öz həyatları olan qadınlar da var. Mən də elə bir rol oynamaq istəyirəm. İstəyirəm ki, aktrisa kimi digər yönlərimi də göstərə bilim. Bəzən rejissorlar deyirlər ki, siz bu rolu oynamalısınız, alternativiniz yoxdur. Məncə, belə yanaşma yanlışdır. Mən bir aktrisayam və hər obrazı oynamalıyam.

- Yeni serial təklifləri varmı?

- Bəli, serial təklifləri də var, film təklifləri də.

- Bildirdiniz ki, hər zaman ana rollarına çəkilmisiniz. Bəs öz ürəyinizdən hansı rolu oynamaq keçir?

-“Qanlı yanvar” filmində oynadığım rol da gözəldir. Amma xalqın içindən çıxan bir qadını canlandırmaq istəyirəm.

- Əcnəbi bir qadını oynamaq istərdiniz?

- Aktrisalar heç vaxt belə seçim etmirlər. Ssenari, hekayə gözəl olarsa, təbii ki, mümkündür. Yəni, istər film, istər serialın ssenarisi tamaşaçıya bir mesaj ötürməlidir.

- Hər zaman gözəlliyinizlə də seçilirsiniz. Bunun sirri nədir?

- (gülür) Təşəkkür edirəm, vallah heç bir sirri yoxdur.

- Özünüzə xüsusi qulluq edirsiniz?

- Əsla. Məni tanıyanlar bilirlər ki, özümə xüsusi qulluq eləmirəm. Amma hər bir qadın özünə vaxt ayırmalıdır.

- Gözəlliyinizin fərqindəsinizmi?

- (gülür) Bəzən gözəlliyim başıma bəla olur. Məncə, çirkin qadın yoxdur. Sadəcə, özünü gözəl göstərməyi bacaran qadın var.

-Türkiyədə hansı aktyorları bəyənirsiniz?

- Belə məsələlərdə ayrıseçkilik etmirəm. Rol aktyor üçün çox önəmlidir. Rol aktyora yaraşırsa, nəticə də gözəl alınır.

- Kiminlə tərəf müqabili olmaq istərdiniz?

- Fərqi yoxdur. Mənə öz rolum önəmlidir.

- Oynadığınız rollardan özünüzə ən yaxını hansı olub?

-“Yeni hayat” adlı bir seriala çəkilirdim. Rejissorun səhhəti ilə əlaqədar vaxtından tez bitdi. O rol mənə çox yaxın idi.

- Qadınlara tövsiyyəniz nədir?

- (gülür) İnsanlara ağıl vermək olmaz. Ümumiyyətlə, rollarımı oxuyub özümünküləşdirməyi çox sevirəm və bu, belə də olmalıdır.

- Azərbaycan filmlərinə baxmısınızmı?

- Təəssüf ki, izləyə bilmədim.

- Aktyorlarımızdan da tanımırsınız...

- Yalan danışmaq istəmirəm, tanımıram. Bəzən öz çəkildiyimiz seriallara da baxa bilmirik. Çünki vaxt məhdudiyyətimiz olur.

- Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova var. Onu tanıyırsınızmı?

- Təəssüf ki, onu da tanımıram. İnşallah, tanış olarıq.

- Filmə çəkilərkən ssenaridə dəyişiklik etdirirsinizmi?

- Ssenaridə bəzi dəyişikliklər olunmasını xahiş edə bilərəm. Məsələn, bu yaşımda həyatımda bir kişinin olacağını, mənə toxunacağını, öpüşəcəyimizi göstərəcəklərsə, imtina edərəm.

- Heç açıq-saçıq filmlərə çəkilmədiniz. Bu, nədən irəli gəlir?

- Özümə olan hörmətimdən.

- Amma o səhnələrə çəkilən aktrisalar var.

- Filmdə o səhnələri öpüşmədən, toxunmadan da izah etmək olur. Məsələn, “Aşkı Memnu”da mənim tərəf müqabilim kimi gənc bir dəliqanlını düşündülər, qəbul etmədim. Dedim ki, olacaqsa da, yaşıma uyğun olsun. Elə bir aktyor tapdılar. Onunla Vyanaya səyahət edirik, amma eyni otaqda göstərilmirik. Həmin epizoda bir incəlik qatmışıq.

Səhər açılır, onun otağına gedərək deyirəm ki, sırğamı burada unutmuşam. Yəni bu o deməkdir ki, biz gecəni bir yerdə olmuşduq.

- Amma aktrisa hər rolu oynamalıdır.

- Mən yaşda bir qadının gənc kişi ilə hər hansı başqa münasibətini sevmirəm. Sənətçi həmkarlarım da fikirlərimə hörmətlə yanaşırlar. Çünki mən çox güclü kinoaktrisayam. 120 filmdə çəkildim, böyük rejissorlarla işlədim. Həyat yoldaşım Yılmaz Güney də dünya çapında bir aktyor idi. Ondan öyrəndiyim çox şeylər var və nəyin doğru, nəyin yanlış olduğunu bilirəm.

- Bu qədər gərgin iş qrafiki ilə qida rejiminizə diqqət yetirə bilirsinizmi?

- Hazırda bir-iki kilo artıq çəkim var. Amma üçüncü artıq kilonu almaq istəmirəm ki, itirmək asan olsun. Hər gün saat 7-də yeməyimi yeyib 11-də yatıram. Ancaq bu rejimə hər zaman riayət etmək mümkün deyil.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR