Azərbaycanda aktyor aktrisanı döyüb - ŞOK - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanda aktyor aktrisanı döyüb - ŞOK - FOTOLAR

Mingəçevir Dövlət Dram Teatrı ətrafında yaranmış söz-söhbətlər səngimək bilmir. Dekabrın 5-də işdən çıxarılan aktyor İbrahim Salamov saytımıza müsahibəsində keçmiş iş yerinin – teatrın direktoru Səxavət Məmmədov barədə yetərincə ağır ittihamlar səsləndirib. Publika.az teatrın direktoru Səxavət Məmmədovla əlaqə saxlayaraq, səsləndirilən fikirlərə münasibət öyrənib.

- Səxavət müəllim, İbrahim Salamov sizin rəhbərlik etdiyiniz teatrda işləyirmi?

- 5 dekabr 2014-cü il tarixində əmrlə işdən çıxarılıb.

- İşdən çıxarılma səbəbi nədir?

- İşdən çıxarılma səbəbi teatrın daxili nizam-intizam qaydalarına əməl etməmək, mütəmadi olaraq qalmaqallar yaratmaqdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin üç bəndi ilə onu işdən azad etmişik.

- Həmin maddədə nə nəzərdə tutulur?

- Əmək, nizam-intizam qaydalarını kobud surətdə pozmaq.

- İbrahim Salamov saytımıza müsahibəsində bildirir ki, icazə almaq üçün ərizə yazıb.

- İbrahim Salamov özü şəxsən yox, onun qruplaşmasına daxil olan Asif Muxtarov adlı əməkdaşımız vasitəsi ilə mənə bir ərizə göndərib. Ərizədə icazə səbəbi dəqiq göstərilməmişdi və Asif Muxtarova da başa saldım ki, səbəb göstərilməlidir. İbrahim Salamov ikinci ərizəsini də Asif Muxtarov vasitəsilə göndərdi. Ərizədə göstərilirdi ki, dekabrın 5-i və 6-ı tarixlərində anasının səhhəti ilə əlaqədar Bakıya gedəcək. Həmçinin ərizədə qeyd olunurdu ki, o, teatrda olan problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edəcək. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən teatrın Həmkarlar İttifaqı Komissiyası tərəfindən dekabrın 4-də ona zəng olunub. Dekabrın 4-də o, qeydiyyat jurnalına imza atıb və axşama qədər işdə olub. Aktyora bildirilib ki, Həmkarlar İttifaqı Komissiyasının sizinlə bağlı iclası var, o, iclasda iştirakdan imtina edib. Baş rejissorun truppa üzrə köməkçisi zəng vurub, ona da məhəl qoymayıb.

- Hazırda teatrda baş rejissor kimdir?

- Baş rejissorumuz yoxdur.

- Amma ştat var, hə?

- Bəli, baş rejissor ştatı Mədəniyyət və Turizm Nazirliyinin nomenklaturasıdır. Hazırda baş rejissor ştatımız vakantdır.

- Aktyor da bizə müsahibəsində teatrın daxilində qruplaşmaların olduğunu bildirmişdi. Eyni fikirləri siz də təkrarladınız. Adətən, belə qruplaşmalar kriminal avtoritetlər arasında olur. Teatrın daxilində nə qruplaşma ola bilər ki?

- İbrahim Salamovdan başqa dörd nəfərdən ibarət qruplaşma var. Bu qruplaşmaya Günel Əhmədova, Əsmər Qurbanova, Rizvan Əzimzadə və Asim Muxtarov daxildirlər. Bu adamlar məndən əvvəlki direktor tərəfindən eyni maddəylə işdən qovulmuş əməkdaşlardır.

- Amma səhv etmirəmsə, onlar məhkəmə qərarı ilə işə bərpa olunublar...

- Direktor təyin olunandan sonra həmin dörd nəfəri çağırıb başa salmışam ki, işdə belə səhvlərə yol vermək, məşq prosesini pozmaq olmaz. Əgər aktyor tamaşaya təsdiqlənibsə, üzrlü səbəb olmadan tamaşadan imtina edə bilməz. Belə tərbiyəvi söhbətdən sonra onları işə bərpa etmişik. Təbii ki, burada onların xeyrinə məhkəmə qətnaməsi də var.

- Onların xeyrinə məhkəmə qətnaməsi varsa, belə çıxır ki, əvvəlki rəhbərlik onları səhvən işdən uzaqlaşdırıbmış. Doğrudurmu? Çünki məhkəmə Azərbaycan Respublikasının adından qərar çıxaran yeganə orqandır...

- Bəli, doğrudur. Amma Günel Əhmədova məhkəməyə müraciət etməmişdi. Rizvan Əzimzadə isə “İnam” teatr studiyasında fəaliyyət göstərir və ştatda olmayan əməkdaşdır. Mən direktor təyin olunandan sonra ümumi ab-havanı yaxşılaşdırmaq, ruh yüksəkliyini artırmaq məqsədilə onu da işə götürdüm.

- Rizvan Əzimzadə kollektivdə hansı hərəkəti ilə ruh yüksəkliyini artırırdı?

- İbrahim Salamov başda olmaqla, adını çəkdiyim digər şəxslər tələb qoymuşdular ki, Rizvan Əzimzadə işə qəbul olunsun. Biz də onların tələblərini dəyərləndirdik. Mən ilyarım heç bir tamaşada rol almayan İbrahim Salamovun xalq artisti Zülfüqar Abbasovun “Aylı gecə” tamaşasında baş rolu oynamasına şərait yaratdım. Həmçinin “Nənənin kələyi” tamaşasını hazırlamaq ona həvalə olundu. Bütün bunlardan sonra belə edirsə, deməli, o, bizim teatra layiq aktyor deyil. Bunun səbəbkarı mən oldum.

- İbrahim Salamov bildirir ki, direktor teatrın zirzəmisini özünə məxsus “Premyer” videostudiyası edib, qarderobda kafe, kiçik zalda isə kinoteatr fəaliyyət göstərir. Bütün bunlar qanuni əsasla fəaliyyət göstərir?

- Teatrımızın binası Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına əsasən köklü surətdə təmir olunub və ərazisi 11 min kvadratdan çoxdur. Ay ərzində kommunal xərclərə 1500-2000 manat pul lazımdır. Əvvəlki dövrlərdə teatrın bu xərcləri ödəmək imkanı olmadığından, iş vaxtı hamı paltoda gəzirdi. Bu gün də səhər saat 9-dan axşam 6-dək müasir istilik və soyutma sistemimiz tam gücü ilə işləyir. İl boyu da eləcə.

- Teatrın kommunal xərcləri üçü vəsait nəzərdə tutulmayıb?

- Bura öz hesabına maliyyələşən bir müəssisədir. Mədəniyyət və Turizm Nazirliyi ancaq işçilərin əməkhaqqını təmin edir. Digər xərclər isə teatrın öz gəlirləri hesabına ödənilir. Bunu nəzərə alaraq, binadan səmərəli istifadə etmək məqsədilə nazirliyə müraciət etmişəm ki, müxtəlif xidmət sahələri açılsın. Razılıq alınandan sonra tamaşaçıların tamaşadan əvvəl asudə vaxtının səmərəli keçirməsi üçün teatrın nəzdində kafe açmışıq. İkinci mərtəbədə isə 153 nəfərlik kinoteatr zalımız var. Halbuki o zal təmirdən sonra fəaliyyətsiz idi. Sovet dövründə Mingəçevirdə fəaliyyət göstərən “Kosmos” kinoteatrından sonra şəhərdə kinoteatr olmayıb. Kinoya gələn gənclərin saylarına baxın. Biz bununla teatrın gəlirini artırırıq.

- Orada hansı filmlər nümayiş olunur?

- Azərbaycan və türk filmləri, həmçinin dilimizə dublyaj olunmuş xarici filmlər. Eyni zamanda son dövrlər çəkilmiş üç komediya filminin də yaxın vaxtlarda kinoteatrımızda nümayişi nəzərdə tutulur. Bununla bağlı danışıqlar aparırıq. Həftənin dördüncü, beşinci, şənbə və bazar günləri seanslarımız olur. Beşinci gün saat 3-də isə məktəb və bağça uşaqları üçün seanslar təşkil edirik. O ki qaldı teatrın zirzəmisinə, orada teatra məxsus mətbəə fəaliyyət göstərir. Mətbəənin gördüyü işin 70 faizi teatr üçündür.

- Yəni?

- Bütün tamaşalarımızın 3x6 metr ölçüdə banerləri çap olunur və teatrın qarşısında asılır. Heç vaxt teatrda belə şey olmayıb.

- Bu da öz hesabınızadır?

- Bəli, qurduğumuz mətbəənin hesabına.

- Amma keçmiş əməkdaşınız bildirir ki, zirzəmidə fəaliyyət göstərən mətbəə yox, “Premyer” studiyasıdır və bu studiya da sizə məxsusdur.

- Dövlət qurumları gəlib araşdıra bilərlər. “Premyer” prodakşn hələ direktor olmazdan əvvəl mənə məxsus olub. Amma zirzəmidə teatra aid mətbəə yerləşir.

- Bəs dediyiniz prodakşn harada fəaliyyət göstərir?

- Əvvəla, prodakşnın fəaliyyət sahəsi tamam başqadır - toy videoçəkilişləri aparılır. O da başqa yerdə yerləşir.

- İbrahim Salamov bildirir ki, sizin ixtisasınızın teatra aidiyyatı yoxdur və uzun müddət toylarda operator kimi çalışmışınız...

- Mingəçevir Politexnik İnstitutunun nəqliyyatda iqtisadiyyat və idarəetmə fakültəsini bitirmişəm. Amma xahiş edirəm, İbrahim Salamovdan ümumiyyətlə ali təhsili ilə bağlı sənədinin olub-olmadığını soruşun. Bizdə onun ali təhsilini sübut edən heç bir sənədi olmayıb. Teatr direktoru idarəetmə sahəsində ali təhsilli adam olmalıdır. Teatrın truppasını idarə edən isə rejissor olmalıdır.

- Deməli, təhsiliniz teatrla bağlı deyil...

- Xeyr, idarəetmə təhsilim var.

- Teatr və iqtisadiyyat. Məncə, bunlar xeyli fərqli sahələrdir...

- Təbii ki, fərqlidir. Mən teatrın direktoruyam, baş rejissoru deyiləm.

- İqtisadçı, nəqliyyatçı teatrın dərdini teatrşünasdan, teatr adamından daha yaxşı bilə bilərmi?

- Məni bu sahəyə yaxınlığım nədən qaynaqlanır? 1996-cı ildən 2000-ci ilə qədər Mingəçevir yerli televiziyasının qurucusu olmuşam və 2000-ci ilə qədər orada baş redaktor işləmişəm. 2006-cı ilə qədər Amerikanın, İngiltərənin, Avropanın xarici təşkilatlarında media üzrə mütəxəssis kimi çalışmışam. Həmçinin 2008-2012-ci illərdə “El” regional televiziyasında layihələr departamentinin direktoru və direktorun müavini vəzifəsində çalışmışam. Ondan sonra teatra gəlmişəm. Əvvəlki təcrübələrim teatr direktor işləməyimə imkan verir.

- Toyda operator işləmisiniz?

- Bəli,1995-96-cı illərdə - televiziyada işə başladığım ilk dövrdə toyda operator kimi işləmişəm.

- Başqa bir ittihama görə, siz dörd nəzarətçidən ikisini işdən uzaqlaşdırıb, min manat müqabilində başqa nəzarətçiləri işə qəbul etmək istəyirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bu da fərziyyələrdir. Mən gələn gündən həmin dörd nəfər teatrda işləyir.

- Keçmiş işçiniz teatrda aşpaz, maşın yuyan, hətta restoranlarda əxlaqsızlıqla məşğul olan şəxslərin işlədiyini deyir...

- Misal çəksin ki, kimləri deyir. İşdən sonra kim nə ilə məşğul olur, bundan məlumatlı ola bilmərəm. Amma təbii ki, mən işə gələndə araşdırmışam və deyə bilərəm ki, normal kollektiv, iş şəraiti var. Bu gün (dünən – red.) İbrahim Salamovla bağlı yaranan vəziyyətə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlamışam. Həmin müraciət kollektivin 90 faizi tərəfindən imzalanıb.

- İbrahim Salamov işdən azad olunmaqla bağlı əmrini alarkən teatra gəlib və həmin ərəfədə teatrın qarşısına polislər çağırılıb. Məqsəd isə onu təxribata çəkib, həbs etdirmək imiş. Bu da onun dediklərindəndir...

- Teatrın qarşısında abadlıq-quruculuq işləri gedir. Qeyri-rəsmi məlumata görə, dekabrın 20-dən sonra prezident İlham Əliyevin Mingəçevirə gəlişi gözlənilir. Mingəçevirdə gələn il ilk Avropa Olimpiya oyunlarının bir hissəsi keçiriləcək və prezidentin gəlişinin görülən hazırlıq işləri ilə bağlı olduğu deyilir. Onunla bağlı teatrın qarşısına asfalt çəkilir və həmin istiqamətə gedən yolda hərəkət məhdudlaşdırılıb. Yolun başında isə post patrul xidmətinin əməkdaşları dayanıb. Əgər təxribat xarakterli nəsə olarsa, teatrın öz mühafizəsi onu qarşısını almağa qadirdir.

- Təbii ki, ortada yetərincə qarşılıqlı ittiham var. Amma İbrahim Salamov müraciət edərsə, onun işə bərpası mümkündür?

- O, işdən elə bir maddəylə uzaqlaşdırılıb ki, bərpası mümkün deyil. Məhkəmə vasitəsilə işə bərpa oluna bilər - əgər məhkəmədə qalib gəlsə. İnanmıram ki, məhkəmə orqanı o səviyyədə bir işçinin inkişaf etmək istəyən kollektivə buraxılmasına şərait yaratsın.

- Bir sualıma cavabınız məndə müəyyən şübhələr yaratdı. Dediniz ki, işçilərin işdən sonrakı həyatına cavabdeh deyiləm. Məndə belə bir təəssürat yarandı ki, siz əxlaqında problem olan birinin teatrda çalışmasıyla bağlı məlumat var. Sadəcə, o adam bu işləri iş vaxtı yox, işdən kənar zamanlarda edir...

- Bunu tam səmimi deyirəm. Mingəçevir kiçik olsa da, inkişaf etmiş şəhərdir. Burada elə fikir formalaşmışdı ki, insanlar qızları, həyat yoldaşlarını teatra işləməyə qoymurdular. Mən bu stereoptipi insanların beynindən çıxarmaq üçün araşdırma apardım ki, niyə belə bir fikir formalaşıb. Məlum oldu ki, əslində, bu fikri formalaşdıran adamların biri və birincisi İbrahim Salamovdur.

- Nə baxımdan?

- Məsələn, aktrisa Günel Əhmədova haqda danışım. İbrahim Salamov bu qadını saçından tutub dəhlizin ortasında nə günə qoyduğunu özüm şahidi olmuşam və onları aralamışam.

- Dalaşırdılar?

- Dalaşırdılar, bir-birlərini təhqir edirdilər. Mən bunları aralayanda İbrahim mənə dedi ki, siz bilmirsiniz, bura əxlaqsız bir yerdir.

- Əgər o cür dalaşmışdılarsa, indi bir-birlərini niyə bu cür müdafiə etsinlər ki?

- Hər halda, bunun əlində bir kompromat var. Özümə də qaranlıqdır ki, bunlar necə insandırlar. Bir-birlərini təhqir edirlər və sonra birləşirlər. Bu, mənim fərziyyəmdir ki, İbrahimin əlində Günellə bağlı kompromat var. Yəni, necə ola bilər ki, bu adam Güneli kollektivin içində dəfələrlə təhqir edib, döyüb, söyüb, amma qız qorxusundan heç vaxt hüquq-mühafizə orqanlarına məlumat vermir. Hətta Günel mənə də İbrahimdən qorxduğunu deyib.

- İbrahim Salamov Günel Əhmədovanı əxlaqsızlıqda ittiham edirdi?

-Bəli, bəli. Əsmər Qurbanovanı da. O, Sumqayıt teatrında işləyib, ali təhsilli aktrisadır. Bildiyimə görə, oradan evini satıb, burada ev alıb. 15-20 gün əvvəl İbrahim Salamov deyir ki, bu əxlaqsızı gətirdim, adam elədim, indi məni polislə hədələyir. Amma maraqlıdır ki, Əsmər Qurbanova bunun işə bərpasıyla bağlı müraciətə imza atır. Ümumiyyətlə, tez-tez “intihar edəcəyəm” deyib və bu üsuldan istifadə etmək istəyən bir adamın tamaşaçının qarşısına çıxması düzgündürmü?

- Sizdə aktrisa Sevinc Şirinova da işləyirdi. O, niyə işdən çıxdı?

- Bu, məndən əvvəl olub. Amma bilirəm ki, indi Bakıda işləyir.

İntiqam VALEHOĞLU

P.S. Müsahibədə adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm