Nailə Mirməmmədli: “Buna görə o aparıcının verilişinə getmirəm” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nailə Mirməmmədli: “Buna görə o aparıcının verilişinə getmirəm” - FOTOLAR

Həmsöhbətim bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir.

Çoxdan gözə dəyməyən xanım bəstəkarın ürəyi doluydu. Hər verilişə çıxmadığını deyən Nailə xanım belə layihələrdə ekspert kimi iştirak edən sənətçilər, eləcə də savadsız aparıcılardan giley-güzar elədi.

- Son vaxtlar nədənsə az-az görünürsünüz. Bəlkə, başınız yaradıcılığa qarışıb, buna görə efirlərə çıxmırsınız?

- Yox, əslində, mən göründüm-görünmədim, öz yaradıcılığımla məşğul olan insanam. Amma son vaxtlar bir az yaradıcılıqda fasilə oldu. Bu da mənim yeni evə köçməyimlə əlaqədar idi. Bilirsiniz ki, mən uzun illər Sovetski deyilən köhnə məhəllədə yaşayırdım. Artıq yeni evə köçmüşük. Siz də bu xəbəri yazmışdınız.

- Hansı təəssüratlar var, yəqin, yeni evə köçərkən sevindiniz?

- O məhəllədə mənim yaxşı günlərim çox olub. Düz 25 il ömür-gün yoldaşım Hikmətlə bərabər o evdə yaşamışıq. Hikmətdən sonra da səkkiz il yarım müddətində orda yaşadıq. “Sovetski” məhəlləsinin sökülməsini mən ürəkağrısı ilə müşahidə etdim. Xatirələrim, acılı-şirinli günlərim gəlib durdu gözümün qarşısında. Çox kövrəldim. Ümumiyyətlə, mən tez-tez ev dəyişən insan deyiləm. Ata ocağından həmin məhəlləyə gəlin köçəndə də asanlıqla öyrəşməmişdim. Zaman keçmişdi, sonra alışmışdım. Amma yeni evə uşaqlarım da, mən də tez öyrəşdik. Çünki ola bilsin ki, o evdə acı xatirələrdən ayrılmaq çox çətin idi. Şükür, burda hər şey yaxşıdır.

- Amma köhnə eviniz həmişə qonaqlı-qaralı olurdu. Burada vəziyyət necədir?

- Elə köhnə evdəki kimi. Musiqiçilər, şairlər, oranjimançılar hamısı yenə gəlib-gedirlər. Artıq ilk verilişin də çəkilişi oldu. Onlar da bizə görə sevindilər ki, nəhayət, geniş otaqlarımız oldu.

- Neçə otaqlıdır?

- Dörd.

- Uşaqlarınızın xeyir işini görəsiniz, inşallah. Yəqin, yeni evdə yeni mahnılar da doğulacaq. İndi hansı müğənnilərlə işləyirsiniz? Yeni mahnılarınızı kimlərin ifasında dinləyə biləcəyik?

- Xalq artisti Faiq Ağayevlə yeni mahnı artıq hazırdır. Kənan M.M-in sözlərinə yazılmış bir bəstədir. Sonra Röyanın ifasında “Sevgi himni”ni eşidəcəksiniz. Mənə elə gəlir ki, sevənlərin ürəyincə olacaq. Çətin janrda yazılmış bir musiqidir, buna görə təqdimatı bir qədər uzanır. Bu mahnı yeni nəfəs gətirə bilər, çünki yeni üslubda yazılmış musiqidir. Çünki son vaxtlar musiqilərdə bənzərlik çoxdur. Kamera orkestrinin müşayiəti ilə əsasən canlı alətlərdən istifadə etdik. On günə hazır olacaq. Nazpəri Dostəliyeva ilə yeni mahnımız gələcək. Tələbələrimlə də yeni mahnılar üzərində işləyirik, yaxın günlərdə onları da üzə çıxaracağıq.

- Nailə xanım, bir çox sənət adamları var ki, telekanallarda ekspert qismində iştirak edərək, bütün günü efirlərdən düşmürlər. Sizi belə verilişlərə dəvət etmirlər, yoxsa özünüz istəmirsiniz?

- Dəvət edirlər, amma mən xasiyyətcə həssas adam olduğum üçün çox verilişə getmirəm. Bəzən o verilişlərdə axıdılan göz yaşlarına, insanların ağrı-acısına dözə bilmirəm. Bu da mənim səhhətimə mənfi təsir edir. Əsas da odur ki, çətin məqamda olan insanlara maddi baxımdan kömək edə bilmirəm. Çünki özüm də tənha qadınam və üç uşağa baxıram. Əsas odur ki, öz işimlə məşğulam. Bu sənətin öz çətinlikləri var. Bu sənətə boğazdan yuxarı məşğul olanlar elə bil darıxırlar, yaradıcılıqla az məşğul olurlar. Bunun üçün də gündəmdə qalmaq naminə özlərini qalmaqal verilişlərinə salırlar ki, görünsünlər. Mən çalışıram öz işimlə məşğul olum, çünki yalnız bəstəkar deyiləm, həm də pedaqoq kimi fəaliyyət göstərirəm. Ali məktəbdə dərs deyirəm, evdə də tələbələrim olur, buna görə də, adım lazımsız qalmaqallarda hallanmır. Amma mənə elə gəlir ki, bu qalmaqalların əksəriyyəti ssenariləşdirilmiş qalmaqallardır. Onlar düşünürlər ki, antireklamın özü də bir reklamdır. Ancaq bu qalmaqalla özlərini hörmətdən salırlar. Mən Hikmətlə bərabər o hörməti qram-qram qazanmışıq, istəmərəm o hörmətə xələl gətirim.

- Olubmu ki, hörmət etdiyiniz hansısa bir sənət adamı efirə çıxıb o qalmaqallarda özünü biabır edəndən sonra gözünüzdən düşsün?

- Əlbəttə, olub. İstəməzdim onların adını çəkim və növbəti bir qalmaqala rəvac verim. Onları siz də tanıyırsınız, mən də.

- Ümumiyyətlə, xoşladığınız verilişlər, yaxud sevdiyiniz, izlədiyiniz, rəğbət bəslədiyiniz aparıcılar varmı?

- Çox istərdim ki, verilişin formatına uyğun aparıcının da savadı olsun. Olub ki, tamamilə musiqidən xəbəri olmayan adam retro musiqilərlə bağlı verilişlər aparıb. Bəzən musiqimizin əsasını qoyan elə sənətkarlarımız, məsələn, Şövkət Ələkbərova, Rəşid Behbudov, Rübabə Muradova haqqında aparıcı elə məqamlara toxunub ki, onların sağlığında tamaşaçı üçün bunların əhəmiyyəti yox idi. O sənətkarların sənəti tamaşaçı üçün maraqlı olub. O vaxtlar tamaşaçı ilə müğənni arasında pərdə var idi. Hər hansı bir bəstəkarla, müğənni ilə dinləyici arasında qalın pərdə heç vaxt götürülmədi. Bu gün o pərdəni yırtmaq istəyən yeni aparıcılar peyda olub. Mən o verilişlərə baxanda əsəbiləşirəm. O sənətkarlar haqqında hətta mənim bilmədiym məqamlardan danışılıb. Mən çox istərdim ki, o sənətkarların həyatından danışarkən bizim bilmədiyimiz yaradıcılıq məqamlarından danışılsın, nəinki şəxsi həyatla bağlı məqamlardan. Mən özüm zamanında ANS radiosunda “Mahnı mahnı olsa” verilişinin aparıcısı, həm də ssenaristi idim. Məşhur xanəndələrlə verilişlər aparırdım. Onlardan rəhmətə gedənləri də var. Verilişdən sonra mənə “çox sağ ol” deyirdilər. Ona görə ki, o verilişdə insanları maraqlandıran yaradıcılıq söhbətləri gedirdi. Mənim kiminləsə qəsd-qərəzliyim də yoxdur ki, hansısa aparıcını pisləyim. Sadəcə, məsləhət kimi deyirəm ki, toxunulmaz sənətkarlarımızdan danışanda ehtiyatlı olmaq lazımdır. Mən bunu yalnız Nailə kimi demirəm, uzun illərin peşəkar bəstəkarı kimi irad tuturam. Çox xahiş edirəm, bizim mili sərvətimiz toxunulmaz qalsın.

- Amma bəyəndiyiniz aparıcıların da adını çəkmədiniz?

- Məsələn, Elgizlə ailəvi dostluğumuz var. Elgizin jurnalist olması verilişini uğurlu edir. O verilişi maraqlı edə bilir. Sonra Zaur Baxşəliyev bir neçə veriliş aparır, hər dəfə də müxtəlif amplualarda görünməyi bacarır. Bir də görürsən, şou verilişi aparır, əhval-ruhiyyəni istədiyi kimi verə bilir. Yaxud da, insan talelərindən bəhs edən kədərli bir proqramı maraqlı şəkildə təqdim edir. Darıxdığım aparıcılar da var. Roza Tağıyeva, Rafiq Hüseynov üçün çox darıxmışam. Bəzən aparıcılarımız ləhcə ilə danışır, bu zaman da veriliş hörmətdən düşür. Məsələn, mən bu gün Azərbaycan dilində normal danışa bilirəmsə, müəllimlərimə borcluyam. Hər rayonun ləhcəsi, şivəsi var, hamısı gözəldir, şirindir. Amma bunu efirə gətirmək olmaz. Hətta “Xəbərlər” verilişində belə bu cür ləhcə ilə danışan aparıcılar var. Mən özüm Bakı ləhcəsi ilə danışan adam, auditoriyaya daxil olanda özümü yığışdırıram. Ədəbi dildə danışıram.

- Bəlkə, ad çəkəsiniz?

- Mən çox verilişlərə baxmıram və heç çoxunun adını da bilmirəm. Elə seriallar da o gündədir. Hansısa seriala dəvət alan müxtəlif aktyorlar hərəsi bir ləhcədə danışır. Təsəvvür edin, ailədə oğul bir ləhcədə danışır, ata bir ləhcədə, ana da başqa ləhcədə. Çox bayağı görünür bu.

- Elə bir veriliş olubmu ki, dəvət ediblər, imtina etmisiniz?

- Əvvəl də olub, indi də var.

- Yola vermisiniz, yoxsa elə birbaşa “yox” demisiniz?

- Birbaşa “yox” demişəm. Çünki bilirəm ki, həmin verilişdə aparıcı dəvət etdiyi qonaqla çox hörmətsiz davranıb. Fərqi yoxdur, həmin qonaq sənətçi olsun, ya həkim, ya jurnalist. Bunu bilə-bilə getməmişəm. Elə veriliş də olub, aparıcıya özüm başa salmışam ki, mən sizin proqramda çox darıxdırıcı qonaq kimi görünə bilərəm. Mənə qarşı münasibətdən söhbət getmir ha. Hətta mənə deyiblər ki, bu münasibət sizə qarşı olmayacaq. Mən etiraz etmişəm. Çünki söhbət aparıcının səviyyəsindən, insanlara yanaşma tərzindən gedir. Aparıcı bilməlidir ki, onları kənardan izləyirlər. Mən övladlarıma da tərbiyə verəndə deyirəm ki, özünüzə hörmət edin, belə olsa, qıraqdakılar da sizə hörmət edəcəklər.

- Uşaqlardan söz düşmüşkən, hələ nişan xəbəri yoxdur?

- Olanda birinci siz xəbərdar olacaqsınız. Qızım hələ təhsilini bitirsin, sənəti olsun ki, özünü də dolandıra bilsin. Oğlum da hələ işləyir, qoy hələ bilsin, qazanmaq nədir, xərcləmək nədir.

- Bu gün dəb düşüb, hər kəs efirdən deyir ki, qızımı müğənniyə vermərəm, müğənni qız almaram...

- Bircə kəlmə onu deyə bilərəm ki, qızımı insani keyfiyyətləri olan oğlana verərəm, oğluma da insani keyfiyyətləri olan qız alaram. Əgər onun sənəti, dünyagörüşü varsa, deməli, dünyagörüşlü insan sayıla bilər.

- Bu gün əksər bəstəkarlar mahnılarının qiymətini reklam etməklə məşğuldurlar. O deyir, bir mahnını altı minə, bu birisi deyir, on minə satıram. Nədənsə sizin dilinizdən bunu eşitməmişik. Bəlkə, indi deyəsiniz, bilməyənlər də bilsin.

- Mən əsasən sənəti üstün tuturam. O müğənninin sənəti varsa, hətta qəpik belə götürmürəm. Əsasən o adamlar gündəmdə çox olur ki, onların sənəti zəifdir. Onlardan da pul almalıyam. Adım onun adının yanında çəkilirsə, zəhmət haqqımı da almalıyam. Brend mallardan geyinirsə, zəhmət çəksin, brend mahnıların da pulunu versin. Özü də yaxşı pul versin.

- Yəni nə qədər?

- Baxır oranjemana.

- İndiyə qədər ən bahalı mahnınız neçəyə olub?

- On minə, on iki minə. Hətta on beş min manata satdığım mahnılarım olub. Elə mahnı olub, o mahnının özünün sponsoru olub. Hansısa şairin gücü çatırsa, mahnıya pul qoyur, yaxşı bir müğənninin ifasında hitə çevrilir. Röyada olub belə bir hal. İstəyiblər ki, Röya oxusun.

- Maraqlıdır, hansı mahnıdır, adını deyə bilərsiniz?

- Yox, mahnıların adlarını çəkə bilməyəcəyəm. İsrar etməyin. İstəmirəm problem yaransın.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm