Mətbəxdəki Meril Strip - MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Mətbəxdəki Meril Strip - MÜSAHİBƏ

Üç “Oskar” sahibi, amerikalı kino və teatr aktrisası Meri Luiz Strip 22 iyun 1949-cu ildə Nyu-Cersi ştatında dünyaya gəlib. Hollivudun əsas primalarından biri hesab olunan Meril Strip aktrisalıq karyerasına 70-ci illərdə Maykl Çiminonun 5 oskarlı “Maral ovçusu” filmi ilə başlayıb. Strip həm “Şeytan Prada geyinir” filmindəki kimi komik rolların, həm də “Afrikadan” filmi kimi birinci dərəcəli dramların öhdəsindən ustalıqla gəlir. O, “Oskar”a namizəd göstərilənlər arasında da rekord sahibidi. Düz 17 dəfə Amerika Kino akademiyasının əsas mükafatı olan Oskara namizəd göstərilib və bunlardan 3-ündə qalib gəlib. Aktrisa birinci Oskarını “Kramer Kramerə qarşı” (rejissor: Robert Benton), ikincisini “Sofinin seçimi” (rejissor: Alan J. Pakula), üçüncü və son Oskarını isə bu il “Dəmir Ledi” (rejissor: Fillida Lloyd) filminə görə qazanıb.

Amerikalıların xüsusi sevgi bəslədiyi Meril Stripin musahibəsini sizə təqdim edirik.


- Deyirlər ki, evində televizor olan hər amerikalı Culiya Çayldı tanıyır. Bəs siz onun şoularına baxmısınız?

- Mən Nyu Cersidə böyümüşəm. Hər dəfə məktəbdən evə qayıdanda anamı Culiya Çayldın şousuna baxan görürdüm. O, nəinki yemək bişirməyi sevmirdi, hətta kartof püresini də satın alırdı. On yaşım vardı. Qonşu qızın yanına getmişdim. O, anasına kartof soymağa kömək eləyirdi. Heç vaxt çiy kartof görməmişdim. Onlardan neylədiklərini soruşdum. Qızın anası “Kartof püresi bişirməyə hazırlaşırıq” deyə cavab verdi. Mən yenə soruşdum: “məgər kartof püresi qutudan çıxmır ki?!” Anamın bəzi qanunları vardı – nahara hazırlıq 20 dəqiqədən artıq çəkməməli idi. O, çox şeylə maraqlanırdı, yemək bişirməkdən başqa. “Culi və Culiya” filmində mən bilərək Culiya Çayldı ideallaşdırmışam. Bir də öz anamın ideal obrazını yaratmağa çalışmışam: Anam həyatı çox sevən və ondan necə ləzzət alacağını bilən qadın idi və bu cəhətdən Culia Çaylda çox bənzəyirdi. Məndə atamdan çox şey var, ancaq bütün ömrüm boyu anama bənzəmək istəmişəm. Culiya Çayld rolu – mənim anama olan ehtiramımın ifadəsidir.

- Nə vaxtsa öz qəhrəmanınızla görüşmüsünüz?

- İyirmi il əvvəl “Mothers and others” adlanan bir qrupu dəstəkləyirdim. Bu qrup təbii ərzaqların supermarketlərə çatdırılması ilə məşğul idi. O vaxt mən həmişə dondurulmuş və konservləşdirilmiş qidaya qarşı çıxan Culiya Çayldla əlaqə saxlamağa çalışdım. O, öz tərsliyini açıq-aydın nümayiş etdirərək bizə qarşı çıxdı və bizi kobud şəkildə tənqid də elədi. Hərçənd söhbətin nədən getdiyini yaxşı bilmirdi. Yadımdadı ki, onda çox pis olmuşdum.

- Yəqin ki, bu rola hazırlaşmaq üçün çox vaxt sərf eləməmisiniz.

-Mənim Culiya Çaylsın şəxsi həyatından o qədər də xəbərim yox idi. Hətta onun kitabı əsasında heç vaxt yemək bişirməmişdim. Lakin çəkilməyə başlayandan sonra onu kəşf etdim və anladım ki, o, özünə görə bir dahi imiş.

- Bir aşpaz kimi siz Culia Çaylda, yoxsa ananıza daha yaxınsınız?

-Əvvəllər ikisinin arasında bir yerdəydim. Lakin “Culi və Culiya” filmindən sonra Culiyaya yaxınlaşdım. Studiyada istədiyim qədər təcrübələr toplamağa kömək eləyən əsl mətbəx yaradılmışdı. Amma yaxşı yemək bişirmək üçün daim təcrübə lazımdır və düzünü desəm, mən özümü çəkiliş meydanında daha inamlı hiss edirəm. Bilirsiniz, son otuz ildə dəfələrlə toyuq qızartmışam, amma çəkiliş prosesində məlum oldu ki, çox şeyi səhv edirmişəm. Culiyanın resepti isə çox sadədi. Ona əməl eləyəndən sonra siz yaxşı ilə mükəmməl arasındakı fərqi hiss edirsiniz. Düzdü, mən o toyuğu hazırlayanda “Bəs Culiyanın mənim kimi dörd uşağı olsaydı, yenə də bu cür hazırlayardı, yoxsa yox?” deyə fikirləşməkdən özümü saxlaya bilmədim.

- Yəqin ki, “Culi və Culiya” filmindən əvvəl də fransız mətbəxi ilə də tanış idiniz..

- Əlbəttə, xüsusilə də söhbət restoranlardan gedəndə. Bu və ya digər yeməyi necə hazırlamaqsa mənim üçün elə indi də sirr olaraq qalır. Filmdə gördüyünüz bütün yeməkləri kulinar məsləhətçi Syuzan Spancen və baş aşpaz Kolin Flinn hazırlayıblar. Hər gün çəkiliş vaxtı meydançaya çəkilişdə istifadə olunacaq yeməklərin gözəl ətri yayılırdı. Spancen və Flinnin meydançada şəxsi mətbəxləri vardı - buterbroddan tutmuş ördəyə qədər bütün şedevrlərini orda hazırlayırdılar.

- “Culi və Culiya”nın çəkilişlərində ən çox hansı səhnədə çətinlik çəkmisiniz?

-Ən çətini omleti “Cordon Bleu” kursunun tələbələri ilə eyni vaxtda çevirməli olduğum səhnənin çəkilişləri idi. Spancen və Flinn omleti çevirmək qaydasını mənə çəkilişdən bir neçə dəqiqə əvvəl öyrətmişdilər.

- Yemək bişirəndə ən çox nəyə diqqət yetirmək lazımdı?

- Ən vacib məsələ bıçaqların çox iti olmağıdı. Culiya: “Bıçaqlarınızı həmişə səylə yuyun, qurulayın və itiləyin. Iti bıçaqlar möcüzələr yaradır!” – deməyi sevirdi.

- Həyat yoldaşınız da yemək hazırlaya bilir?

- Uşaqlar kiçik olan bunsuz keçinmək mümkün deyildi.

- Bəs sizin yeməklərinizi bəyənir?

- O, mənim bişirdiyim hər şeyi yeyir və tərifləyir – çox diqqətli insandı. Hətta nəsə alınmayanda özünü elə aparır, sanki bu onun həyatında yediyi ən ləzzətli yeməkdir. Düzü, yemək istədiyim kimi alınmayanda üzr istəmirəm, çünki bu yeməkdən qalan təəssüratı pozur. Əgər heç kim yeməyin pis olduğunu hiss eləmirsə, onda susmaq ən yaxşısıdır. Bunu Culiyadan öyrənmişəm.

- Deyirlər ki, Sizin ideal evliliyiniz var...

- Bütün evliliklər kimi mənim evliliyim də idealdan uzaqdı və heç bir sirri də yoxdu - yaxşı yemək bişirmək bacarığımı nəzərə almasaq... Mən, demək olar ki, hər axşam yemək bişirirəm. Yalnız evdən çıxdığımız günləri saymasaq.. Bu isə tez-tez olur. Bir az seyrək olmasını istərdim.

- Siz, karyera pillələrini çox sürətlə qalxdınız, amma yəqin, zamanla daha böyük uğur qazanacağınızı heç kim gözləmirdi.

- Son beş ildə mənim seçmək imkanım əvvəlkindən daha çoxdur. Niyə belə olduğunu bilmirəm, amma məncə, səbəb artıq studiyalarda qərar qəbul edən icraçı direktorların qadın olmasıdı. Sirr deyil ki, hər şey pul olan yerdən başlayır. Deməli, bu mənim əməyim deyil.

- Müsahibələrinizin birində demişdiniz ki, aktyorluq sənətinə sadiq qalmaq asan deyil.

- Mən dram məktəbində oxuyanda Conatan Şellin “Yerin taleyi” kitabına vurulmuşdum və ətraf mühitin qorunması məsələsi ilə ciddi səkildə maraqlanmağa başlamışdım. Mənə elə gəlirdi ki, bu ən çox diqqət tələb eləyən problemdi. Amma zamanla anladım ki, bizim hər hansı faydalı fəaliyyət sahələri, yaxud ləzzətli yeməklər qədər incəsənətə də ehtiyacımız var. Bu, bizə ilham üçün, yaşamağa davam edə bilməyimiz üçün lazımdır.

- Kişilərin mətbəxdə qadınlardan daha cəlbedici göründüyü fikrilə razısınız?

- Baxır kim üçün: qadınlara görə - ola bilər, ancaq kişi üçün mətbəxdəki qadın qədər cəlbedici heç nə yoxdur. (gülür)

Kinopoisk.ru
Tərcümə etdi: Sahilə Aslanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm