• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bir-birinin acığına sevişənlər, “şəkər xəstəliyi”nə tutulanlar və namus-qeyrət məsələsi... – HƏFTƏBECƏR

Bir-birinin acığına sevişənlər, “şəkər xəstəliyi”nə tutulanlar və namus-qeyrət məsələsi... – HƏFTƏBECƏR

Yeni həftə başladı və bu, o deməkdir ki, sizin yeni (onuncu - red.) “Həftəbecər”i oxumağınızın tam zamanıdır.

Başlayaq teleaparıcı Vüsalə Kərimova ilə müğənni Xatirə İslam arasındakı söz-söhbətdən. Xəbərdar olmayanlar üçün xatırladım ki, Vüsalə Kərimova aparıcısı olduğu “Günaydın” verilişində Xatirənin Rüfət Axundovla sevgili olması barədə şayiələrdən danışıb. Ardınca isə bu barədə Xatirəyə sual verib. Elə əsl həngamə də bundan sonra başlayıb. Xatirə İslam verilişi tərk edib, Rüfət Axundov isə daha soyuqqanlı davranaraq axıra kimi çəkilişdə oturub. Bundan sonra Xatirə sosial şəbəkədə teleaparıcıya ünvanlanmış ( ad çəkilməsə də, yazılanlardan belə qənaətə gəlmək olur – İ.V.) status yazıb. Deyib ki, Rüfət onun qardaşıdır və sair. Ardınca da əlavə edib ki, indi o da teleaparıcının kimlə sevgili olduğunu deməlidir? Yəni, bilirəm, amma demirəm. Vüsalə Kərimova da cavab verib ki, subay qadınam, istəsəm, sevişərəm.

Uzun sözün qısası, xəmir xeyli su aparıb. Sonra Xatirə deyib ki, mən belə söhbətlərlə gündəmə gəlmək istəmirəm. Aparıcı da məsələni lap aşağıdan başlayıb. Deyib ki, ayağımda olan gözəllik Xatirənin sifətində yoxdur. Bu arada deyim ki, Vüsalə xanımın bu iddiası barədə dəqiq fikrim yoxdur. Çünki əvvəla, müqayisə yanlışdır. Ayaq hara, sifət hara? Heç olmasa, desəydi ki, mən ondan gözələm, yenə hardasa başa düşmək olardı. O mənada yox ki, mən bu xanımlardan hansınınsa digərindən gözəl olduğu qənaətindəyəm. Məsələn, bir anlıq təsəvvür edin ki, biri digərinə deyir ki, mənim baldırım sənin yanaqlarından gözəldir. Yaxud da belə: mənim budum sənin dodaqlarından toppuşdur. Heç dəxli var?

Ümid edirəm ki, bu müqayisə şou-biznesdə dəb halına gəlməyəcək. Çünki insan bədənində gözəllik meyarı sayılan yerlər çox azdır. Onda gərək Cennifer Lopez bütün xanım həmkarlarına yanmışlıq versin ki…

Səməd Səmədovla iş birliyinə qalmaqallı şəkildə son qoyan Sevda Əliqızı özünə yeni duet ortağı tapıb. Özü də Sevda xanım xalq artistinin acığına ondan 3 dəfə gənc Samir Vidayla duet oxuyacaq. Müqayisə üçün deyim ki, Səməd müəllimin duet ortağı Şəbnəm Aslanqızının 29, Samir Vidanın isə 26 yaşı var. Elə-belə, daha doğrusu, statistika naminə onu da qeyd edim ki, hazırda Səməd Səmədovun 68, Sevda xanımın isə 54 yaşı var.

Müğənni Günel Zeynalova (Azəri qızı Günel - İ.V.) ilə keçmiş və indiki nişanlısı İnanc Başəyməz isə hələ də dəqiq qərar verə bilməyiblər. Ötən həftənin əvvəlində ayrılan cütlük bu həftə yenidən barışıb. Məsələ o qədər qəlizləşib ki, Günelin atası Rəhman bəy də qızının hazırda küsülü olub-olmadığını bilmir. Sitat:

“Onların işindən baş açmaq olmur ki... İşlərindən baş açmıram. 5 gün küsürlər, 5 gün barışırlar. Özləri də bilmirlər nə edirlər. Mən onun işlərinə qarışmıram. Heç Günel özü də şəxsi həyatı barədə çox danışmaq istəmir”.

Rəhman bəyin dediklərinə inansaq, cütlük gələn həftə yenə küsülü olacaq…

Müğənni Şəbnəm Tapdıq isə yenə də sadəliyi ilə diqqət mərkəzindədir. Sitat:
“Özümü kənarda da sınamaq istəyirəm. Mənim fransız dilində oxuduğum mahnıları Rusiyada ayaqüstə alqışlayırdılar. 1989-cu ildə Ankarada Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək məni dinlədi və orkestrlə birlikdə mənə bir proqram hazırladılar. Xalq mahnıları ilə yanaşı, türk nəğməsi də oxudum, çox gözəl qarşıladılar. Mənə dedilər ki, qal, burada işlə. Ola bilsin ki, Türkiyədəki səs yarışlarına qatıldım. Gedib özümü göstərim, bilsinlər ki, belə bir ifaçı da var”.

Məncə, bir az tezdir, Şəbnəm xanım. Hələ Türkiyədə o qədər yarışmalar olacaq ki. Hara tələsirsiniz?..

Bu xəbəri diqqətinizə çatdırmazdan əvvəl hər birinizdən imkan daxilində məni başa düşməyinizi xahiş edirəm. Ona görə də üzr istəmirəm və inanıram ki, başa düşəcəksiniz. Stilist Samiraldo şəxsi həyatı barədə danışıb. Deyib ki, nişanlısından ayrılıb. Deyilənə görə, nişanlısı xanımdır. Samiraldo saytımıza müsahibəsində deyib ki, nişanlısıyla kəsdiyi şərt qızın anasını qane etməyib. “Evlilik olacaq, seks olmayacaq” söhbəti qayınananı qəzəbləndirib. Arvad deyib ki, mən o boyda qız böyütmüşəm ki, gəlib Bakıda bekar otursun? Nəysə, indi Samiraldo durub basa-basa (ifadəmə görə üzr istəyirəm – İ.V.) gedib Londona, desin ki, ay qayınana, etmə-eləmə, seks də olacaq. Qadın da deyib ki, Samiraldonu görən kimi deyib ki, qız uşağısan deyə xətrinə dəymirəm, get, qardaşına denən ki... Samiraldo cavab verib ki, bəy elə mən özüməm də. Hələ imkan ver evlənək, sonrası Allah kərimdi. Arvad da deyib ki, bəs sən niyə bu barədə jurnalistlərə danışıb, bizi biabır eləmisən? Nəysə, Londonda xoş olmayan anlar yaşanıb...

Buradan həmin xanıma müraciət edirəm. Ayırmayın bu cütlüyü, imkan verin, evlənsinlər. Bakıya gələndən sonra kartofdan-soğandan soyub başını qatacaq da. Samiraldonun da dili çürüsün, gərək sizi biabır edəydi? Xanım, başqa sözlər də yazmaq istəyirəm e, amma burada alınmır. Narahat olmayın, icazə verin, evlənsinlər... Evlənsinləəər... Niyə dirəşmisiniz axı? Allah sizi öldürsüüün!..

Müğənni Ceyla isə deyib ki, sevgi şəkər xəstəliyi kimidir. Onun sözlərinə görə səkkiz ildir “şəkər xəstəliyi”nə tutulsa da, ailə qurmaq haqda düşünmür. Əslində, təqdirəlayiq haldır. Guya insan ömrü nə qədərdir ki? İndiki zamanda uzağı 70 il. 15 yaşdan başlayırsan sevməyə, yerdə qalır 55 il. Ömrünün sonuna kimi 6-7 dəfə “şəkər xəstəliyi”nə tutulsan, bəs edir də. Daha toy edib 500 nəfəri ora yığıb, 50 manatdan soymağa nə ehtiyac var ki?..

Əksəriyyətin “Pişik Günel” kimi tanıdığı Günel Ələkbərova jurnalistlərdən gileylənib. Sitat:

“Keçirdiyim əməliyyat sinəmdən silikonların çıxarılmasıyla bağlı deyildi. Bu jurnalistlər məni o qədər bezdiriblər ki, artıq susuram. Ən azından, zəng edib məndən, ya da yaxın ətrafımdan dəqiq məlumat ala bilərlər. Mən indi prinsipə susuram. Məlumatı dəqiqləşdirməmiş səhv informasiya yayırlar. Yalnız onu deyə bilərəm ki, əməliyyatı görünən nahiyəmdə etdirmişəm. Bu “jurnalistlər” niyə mənim görünməyən yerlərimə soxulmaq istəyirlər, anlamıram. Mənim əslində, jurnalistlərə böyük hörmətim var. Onlar dördüncü hakimiyyətdir. Mən özüm də “Arqumentlər və faktlar” jurnalında jurnalist işləmişəm. Belə jurnalistlər soxulcandır. İnsanların görünməyən orqanlarına soxulmaq istəyənlərdir. Görün nə dərəcəyə gəlib çıxıb ki, görünməyən nahiyəmdən yazmaq istəyirlər”.

Hörmətli jurnalistlər, sizə yüz dəfə demişəm ki, soxulmamışdan əvvəl icazə almaq lazımdır. İkincisi, xanım sizin məqsədinizi anlamır. Əvvəlcə məqsədinizi izah edin. Üçüncüsü, Günel xanım “ajfffisttt” (jurnalın adı yadımdan çıxdı, bu şərti addır – İ.V) jurnalında jurnalist işləyib. Siz niyə keçmiş həmkarınızın görünməyən nahiyəsindən yazmaq istəyirsiniz? Nə olsun ki, vaxtında yarıçılpaq şəkillər çəkdirib? Günel Ələkbərova sizdən soruşur ki, onun sinəsində sizin nə işiniz var? Cavab verin də. Bax özü də soruşur:

“Axı jurnalistlərin mənim sinəmdə nə işi var? Onun ixtiyarı yoxdur mənim büstqalterimin, alt paltarlarımın içinə girsin və oradan nə isə yazsın. Görünən yerdən yazsınlar. İndi mən haramdan əməliyyat olunduğumu açıqlayanda həmin insan nə edəcək? Mən bu işi belə buraxan deyiləm, məhkəməyə müraciət edəcəyəm. Həmin insan mənim şərəf və ləyaqətimə xələl gətirib. Sivil insanlarıq, necə mənə mənəvi zərbə vurursa, mən də onu məhkəmə ilə əzəcəyəm. Məhkəmədə çağırıb soruşacağam ki, sənin mənim alt paltarımın altında nə işin var? Bu, ağır söhbətdir. Namus-qeyrət məsələsidir”.

Kim nə yazmışdısa, düşdü məhkəməyə. Başınıza görünən yer qəhətdir? Onsuz da sənətçilərin əksəriyyətinin görünməyən 5-10 santimetr yeri olur da. Yazın oralardan. Gördüyünüz kimi, özü də deyir ki, bu, ağır söhbətdir, namus-qeyrət məsələsidir. Sizin insafınıza nə deyim axı… Heç özünə jurnalist deyən şəxs də heç kimlə işi olmayan, zəhmətkeş, özü də yenicə ana olmuş sənətçinin görünməyən yerindən yazar?...

Axır ki, Elza Seyidcahana şou biznesdən layiqli cavab verən tapıldı. Teleaparıcı-aktrisa Dilarə Əliyevanın dediklərindən:

“Elza “Canınız çıxsın” şeirində demək istəyib ki, ailə qurun, bir yastıqda canınız çıxsın. Elə Elzanın canı çıxardı, özü əri ilə bir yastıqda qocalardı. Sən bacarmadın, camaata niyə deyirsən?”
Bu suala Elza Seyidcahan özü cavab versə, daha yaxşı olardı...

İndicə Könül Kərimovanın villasından fotoları gördüm. Yadıma ötən həftə cavab verə bilmədiyi suallar düşdü…

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR