• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Tünzalə hamını başına yığdı: “Bu, məni çox qorxutdu”– VİDEO

Tünzalə hamını başına yığdı: “Bu, məni çox qorxutdu”– VİDEO

Əməkdar artist Tünzalə Ağayeva media mənsublarını başına cəm edib, “Mən azərbaycanlıyam” adlı mahnıya çəkilən klipinin təqdimat mərasimini edib.

Publika.az-ın məlumatına görə, əməkdar artist klipi xoş bir gündə - Dünya azərbaycanlılarının həmrəylik günündə təqdim etmək arzusundan da danışıb. Təəssüratlarını paylaşan müğənni klipin ərsəyə gəlməsində zəhməti olan qurumlara öz minnətdarlığını ifadə edib: “Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm, ilk təklif onlardan gəldi. Ulu öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri artıq bütün dünyada melodik himnə çevrilib. Bu sözlərə musiqi bəstələmək, düzü, əvvəlcə məni çox qorxutdu. Belə bir gözəl sözləri ifa etmək, bu yükün altına girmək asan deyildi. Amma mən, görünür ki, işin öhdəsindən gələ bildim. Bütün dünyada bu mahnımı çox sevirlər. Söhbət azərbaycanlılardan gedir. Bu gözəl sözlərə yazılmış mahnı dillər əzbərinə çevrilib. Hara gedirəmsə, mənə əzbərdən bu mahnını oxuyurlar. Sanki bir marşdır. Düşündüm ki, bu cür sözləri 4 dəqiqəyə necə yerləşdirib, dinləyicilərə çatdıra bilərəm. Əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, dörd günə ərsəyə gələn klipdə müxtəlif təbəqə və peşələrin təmsilçiləri yer alıb. Klip təbiət mənzərələri ilə zəngindir. Azərbaycan təbiəti öz gözəlliyi ilə tamaşaçını riqqətə gətirir. Videoçarxda, eyni zamanda, fiziki qüsurlu uşaqlar da çəkilb: “Biz özümüz istədik ki, bu klipdə müxtəlif peşə sahibləri yer alsın. Burda idmançılar, həkimlər, müəllimlər, sadə vətəndaşları görürsünüz. Bunun da öz mənası var. Vətən hər kəs üçündür. Klipdə həmçinin fiziki qüsurlu uşaqlar da görünür. Onlar Vətən sevgisini öz əl hərəkətləri ilə ifadə edirlər. Bir sözlə, hər kəs torpaq sevgisini bildiyi formada ifadə edir. Gördüyünüz kimi, klipdə vətənimizin ucsuz-bucaqsız məkanları mənzərəli guşələri yer alıb. Xalqımızın adət -ənənəsini əks etdirən təndirimiz, milli atributlarımız – burada hər şey Vətəni təcəssüm etdirir”.

Qeyd edək ki, sözləri Cavid Şahbazbəyov, musiqisi Tünzalə Ağayevaya məxsus bəstəyə rejissor Ülviyyə Könül ekran həyatı verib.

Sənətçi “Mən azərbaycanlıyam” şeirinin müəllifinə də minnətdarlıq etdi: “Cavid Şahbəyli çox istedadlı gəncdir. Mən bir neçə şeiri nəzərdən keçirdim və onun sözləri üzərində dayandım. Şeirdə “dəliqanlı” sözü məni çox cəlb etdi. Bir gənc dəliqanlının vətən sevgisi, çılğınlığı, qüruru məni valeh etdi. Elə məhz onun şeirinə də mahnı bəstələməyi qərara aldım. Çox uğurlu alındı. Sevinirəm ki, bu mahnı sevildi”.

Tünzalə Əliyeva ilə əməkdaşlıqdan hər zaman zövq aldığını deyən Ülviyyə Könül bu işdən də məmnun qaldığını dilə gətirdi.

Təqdimat mərasimində iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnar Mehdiyev də təəssüratlarını bölüşüb: “Tünzalə xanımı təbrik edirəm və nazirimiz Azad müəllimin də təbriklərini çatdırıram. Hər kəs bilir ki, Tünzalə xanımın bu mahnısı dillər əzbəridir. Hər kəsin dilində bir himnə çevrilən mahnının ekran versiyasının yaranması təklifi bizdən gəldi. Nazirliyimiz hər zaman Tünzalə xanımla əməkdaşlıq etməkdən qürur duyur. Davamlı işlərimiz də olacaq. Qarşıda bu yenilikləri görəcəksiniz”.

Klip Vətən sevgisinin bariz nümunəsi kimi maraq doğurdu. Bu mənada, klipi Tünzalə Əliyevanın növbəti uğurlu ekran işi saymaq olar.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR