• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xanımların nəzərinə: Gülnarə Xəlilova Keçi ilinin dəbindən danışır - FOTOLAR

Xanımların nəzərinə: Gülnarə Xəlilova Keçi ilinin dəbindən danışır - FOTOLAR

“Ulduzlu axşam”da həmsöhbətim sənətşünaslıq və fəlsəfə doktoru, modelyer-dizayner, ən əsası, zövqlü xanım Gülnarə Xəlilovadır. Onunla qarşıladığımız 2015-ci ilin trendindən danışacağıq. Təbii ki, il dəyişdikcə zövqlər də dəyişir, təzələnir. Keçi ilində gözəl görünmək istəyən xanımlarımız necə geyinib-gecinsinlər, hansı rəng çalarına üstünlük versinlər, bərli-bəzəkli görünmək üçün hansı aksessuarlardan istifadə etsinlər? Yeni il gecəsini hansı rəngli, hansı üslublu geyimdə qarşılamağınız məsləhətdir?

Bütün bu suallarımıza modelyer-dizayner Gülnarə xanım aydınlıq gətirəcək.

Xanımlar, gözünüz Publika.az-da olsun, gözəllik sirrini bizə açan Gülnarə Xəlilova özəl reseptini də təqdim etdi. Diqqətli olun…

- Qarşıladığımız 2015-ci il zümrüd rəngli taxta Keçi ilidir. Keçi ilində də demək olar ki, bir çox şeylərin atla yaxınlığı var. Çünki 2014-cu il taxta At ili idi, yaşıl və göy rənglərin bir çox tonları dəbdə idi. Bu il də belə davam edir.

- Yeni il gecəsini daha kübar və möhtəşəm qarşılamaq üçün xanımlara nə məsləhət verərdiniz, necə geyinsinlər, hansı aksessuarlardan istifadə etsinlər?

- Məsləhət verərdim ki, özlərinə diqqət yetirsinlər. Getdikləri məkana uyğun geyinsinlər. Əgər onlar möhtəşəm bir salonda Yeni il gecəsinə qatılacaqlarsa, uzun libaslar, qiymətli daş-qaşlarla çox şıq görünməlidirlər. Yeri gəlmişkən, qiymətli daş-qaşlar bu il çox dəbdə olacaq. Həmin gecədə göy və yaşıl rənglərin çalarları ilə yanaşı, əlvan və təbii rənglərdən istifadə etmələrini məsləhət görürəm. Heyvana, keçiyə xas olan rənglər bu il çox aktual olacaq ki, bu rənglərdən daha çox istifadə etsinlər.

- Bəs Yeni ili ailəsi ilə qarşılayan evdar xanımlarımıza tövsiyələriniz nədir?

- Onlar da görünüşlərinə xüsusi fikir verməlidirlər. Yeni ili baxımlı, şıq, səliqəli, klassik görüntüdə qarşılamaları məsləhət görülür. Onlar taxtadan hazırlanmış bəzək əşyalarından da istifadə edə bilərlər. Çünki adından da göründüyü kimi bu, çox sadə və gözəl təsir bağışlayacaq. Əslində, keçən il də taxtadan hazırlanmış bəzək əşyaları dəbdə idi. Fikir versək, illərin dəyişməsinə baxmayaraq, Yeni il gecəsində bəzi dəb vasitələrinin gündəmdə qaldığını görürük. Bu da yaxşı haldır. Çünki yeniliklərlə yanaşı, artıq, yerini möhkəmləndirmiş geyim üslubları, rəng çalarları var ki, bu da xanımlarımızın daha rahat seçim etmələrinə kömək edir.

- Bəs qarşıdan gələn il hansı üslub dəbdə olacaq – klassik, idman, yoxsa daha şıq geyimlər?

- Üslub olaraq bu ildə də klassik və klassik stillə idman üslubunun qarışığı çox dəbdə olacaq. Gündəlik tərzdə bu geyimlərdən daha çox istifadə etmək olur. Bəzi tədbirlər var ki, məhz bu üslublardan istifadə etmək lazım gəlir. Ümumiyyətlə, hər məkanın öz geyim üslubu olacaq.

- 2015-də qısa ətəklər dəbdə olacaq, yoxsa əksinə?

- Həm uzun, həm də qısa ətəklər dəbdədir. Paltarın modelinə, kəsiminə uyğun tətbiq olunur. Umumi götürəndə isə bir çox məşhur dizaynerlərin kolleksiyalarında hər uzunluqda geyimə rast gəlirik. Ümumiləşdirildiyi zaman isə dəbdə bir çox uzunluqların, kəsimlərin, parçaların aktual olduğu görünür.

- Bəzən xanımlar dəbdir deyə, qiymətindən asılı olmayaraq, həm də yaraşdı-yaraşmadı, istənilən libası alıb geyinirlər. Amma libas onları gözəlləşdirməkdənsə, daha da çirkin göstərir. Belə xanımlara nə demək istərdiniz?

- Hər zaman verdiyim məsləhətimi yenə də təkrarlamaq istəyirəm – xanımlar bir qədər özlərinə tənqidi yanaşsınlar. Bu həqiqətdir ki, insan özünə tənqidi yanaşmağı bacarırsa, dəbdə olmasına baxmayaraq, özünə yaraşmayan geyimi geyinməyəcək. Əgər xanımın bədən quruluşunda hansısa qüsur varsa, onu ört-basdır etməkdənsə daha da biruzə verirsə, bu, xoş görüntü deyil. Geyim seçərkən, mütləq güzgü qarşısında çox olsunlar, özlərinə tənqidi yanaşsınlar. Özlərinə nəyin yaraşıb, nəyin yaraşmadığını ayırd edə bilsinlər. Dəbdir deyə, hər libası geyinib yaraşıqsız görünmək, xoş olmayan təsir bağışlamaq yaxşı hal deyil. Xanımlara məsləhətim budur ki, güzgü önündə öz əyrilərini və düzlərini görərək geyim seçsinlər. Özlərinə yaraşan düzgün seçimi etsinlər və gözəl görünsünlər, baxımlı olsunlar. Mən hər zaman deyirəm ki, xanımlarımız çox gözəldir, bir balaca özlərinə baxanda isə daha da gözəlləşirlər. Onlara demək istəyirəm ki, geyim mədəniyyətini qoruyub saxlasınlar, gözəl geyim üslubuna yiyələnsinlər.

- Geyim həm də əhval-ruhiyyəyə bağlı olan məsələdəir, deyilmi?

- Mütləq. Mən ilk növbədə xanımlarımıza sağlamlıq arzulayıram. Sağlamlıq, xoşbəxtlik və hüzur olan yerdə əhval-ruhiyyə də gözəl olacaq və xanımlarımız daha zövqlə geyinəcəklər.

- Xanımlarımız qarderobdan nəyi çıxarıb atsınlar və nələri qarderoblarına əlavə etsinlər?

- Daha çox əlvan rəngli geyimləri qarderoba əlavə etsinlər. Amma bilirəm ki, bizim xanımların qara rəngə vurğunluqları var. Sözsüz, hər qadının qarderobunda bir neçə qara libası olmalıdır, amma məsləhət görərdim ki, daha çox əlvan rənglərə üstunlük versinlər. Bədbin rənglərdən uzaq olsunlar və bədbinliyə qapılmasınlar. Hər bir xanım əhval-ruhiyyəsi pis olan halda tünd rənglərə üstünlük verir. Təkcə xanımlar yox, elə bəylərimiz də belədir. Hər bir insanın həyatı, ömrü elə gözəllik içərisində keçsin ki, həmişə gülərüz, gözəl görünsünlər.

- Aksessuarlardan heç danışmadıq…

- Hər bir xanımın qarderobunda bəzək əşyaları, aksessuarlar olmalıdır. Aksessuar dedikdə papaq, eynək, kəmər, boyunbağı, qolbaq, şərf, hətta ayaqqabıların özləri belə vacibdir. Hətta sənin bir-iki geyimin ola bilər, o aksessuarlardan elə istifadə edə bilərsən ki, daha fərqli görünərsən. Yaxa sancaqlarından da istifadə etmək olar. O xanımlar ki, çox geyim aludəçisi deyillər, yaxud da geyim almağa maddi imkanları çatmır, iki-üç klassik, sadə geyimləri olsa, yetərlidir. Yaxa sancaqları, bəzək əşyaları, şərflərlə, jiletlərlə, kəmərlərlə hər dəfə geyimi daha fərqli tərzdə təqdim edə bilərlər.

- Bəs brend çoxmu önəmlidir?

- Yox. Əsas olan zövqlə seçim etməkdir. Biz bilirik ki, çox ucuz qiymətə də geyimlər əldə etmək olur. İstədiyimiz qədər ucuz və bahalı markalar var. Ucuz markalarda da yetəri qədər fərqli çeşiddə geyim nümunələri var. Sadəcə olaraq, düzgün seçim etmək lazımdır. Hətta ucuz parçadan elə geyimlər seçmək olar ki, bahalı və gözəl görünər. Burada əsas olan qiymət, brend mal olması deyil, sadəcə, zövqlü olmaq yetər. Kəsim, formanı düzgün şəkildə müəyyən edib, həmin geyimi geyinib gözəl bir formada təqdim etmək lazımdır. Geyim çox gözəl və bahalı ola bilər. Amma onu geyinən şəxs əgər əynindəki libası düzgün təqdim edə bilmirsə, onun zənginliyi də, gözəlliyi də itib gedəcək. Təqdimat çox vacibdir. Xanım o geyimi yerişi-duruşu, incəliyi ilə təqdim etməyi bacarmalıdır. Əlbəttə, bu gözəl geyimi saç düzümü, ustalıqla olunmuş makiyaj tamamlamalıdır. Tək geyim olsa da belə, o geyimi saç düzümü, makiyaj, bəzək əşyaları tamamlamasa, görüntü çox maraqsız təsir bağışlayacaq.

- Dəbi diktə edən, incə zövqlü bir xanımsınız. Bəlkə, gözəllik sirrinizin birini bizimlə paylaşasınız?

- Qəlblərini, daxili aləmlərini təmiz saxlasınlar, hamını sevməyə çalışsınlar. Kinayəli sözlərdən, atmacalardan uzaq olsunlar. O zaman xanımlarda hər şey bir-birini tamamlayacaq, gözəl görünəcəklər, nəzakətli olacaqlar. Qəlbi, ürəyi, beyni gözəl düşüncə və gözəl fikirlərlə doldurmaq – bunu hər kəsə arzulayıram. İnanın ki, mənim sirrim yalnız bundadır.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR