• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qadın obrazını oynaya bilmədim” - BRİFİNQ

“Qadın obrazını oynaya bilmədim” - BRİFİNQ

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqü Hüseynov “Brifinq”in qonağıdır. Prezident mükafatçısı ilə söhbətə aktyorların məvacibinin dolanışıq üçün yetərli olub-olmaması və sənət adamlarının sosial vəziyyəti ilə başladıq. Aktrisa Şəbnəm Hüseynova ilə evli olan aktyor ailədəki sənət söhbətindən danışdı, teatrdakı intriqalara toxundu. Uzun illər Bakı Kamera Teatrında çalışan Şövqü Hüseynov teatrı şou səhnələrinə qurban verməməsinin səbəblərinə aydınlıq gətirdi.

“Deməzdim ki, sənət adamları ehtiyac içində yaşayır”

N.Ehlamqızı: Şövqü bəy, bu həftə xalq şairi Vaqif Səmədoğlunu itirdik. O, uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi. Dövlətin maddi dəstəyi ilə İsraildə bir müddət müalicə olundu, təəssüf ki, müsbət nəticə alınmadı. Mərhum Xanım Qafarovanın timsalında gördük ki, heç də sənət adamlarının həyatı tamaşaçıların gördüyü kimi parlaq deyil. Aldıqları məvacib barədə azdan-çoxdan məlumatlıyıq, amma ağır durumda yaşayanların sosial vəziyyəti barədə ictimaiyyət bixəbərdir. Ümumiyyətlə, istər Mədəniyyət və Turizm Nazirliyinin, istərsə də dövlətin sənət adamlarına olan qayğısından razısınız?
- Rəhmətlik Xanım Qafarova ilə birlikdə uzun müddət işləmişəm. Onun ətrafında olan insanların prosesdən xəbəri vardı. Vaxtaşırı baş da çəkirdik. Dövlət, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif formada yardım olurdu. Allah uzaq eləsin, özümün başıma nə isə gəlsə, gedib kiməsə bu barədə danışmaqdan utanaram. Xarakter etibarilə heç kəsə problemimi açıb deyə bilmərəm. Allah verən paydır, kimə nə qismətdir o olacaq. Jurnalistlər sağ olsun, məsələni ictimailəşdirdilər. Gözəl aktrisamız Gülnar Salmanova xəstədir, ona da həm teatr, həm də nazirlik tərəfindən diqqət yetirilir. Elə bir haldadır ki, xoş sözdən, yoluxub yanında 10-15 dəqiqə oturmaqdan başqa əlimizdən bir şey gəlmir. Deməzdim ki, sənət adamları ehtiyac içində yaşayır. Hacı Zeynalabdin Tağıyevin qızının vəziyyətində deyillər. İmkan daxilində köməklik göstərilir. Allah şəfalarını versin.

“Teatrımızın inkişafını təqaüdə göndərilən sənətkarlarsız təsəvvür edə bilmirəm”

Aqil Lətifov: Bu yaxınlardan xalq artisti Valeh Kərimov 70 yaşı olduğuna görə təqaüdə göndərildi. İllərini sənətə vermiş şəxsin teatrdan uzaqlaşdırılması sərt reaksiyalara səbəb oldu. Bu məsələdə Sizin mövqeyiniz necədir?
- Nazirliyin müvafiq qərarı var, hər tərəfdə gəncləşmə prosesi gedir. Amma hesab edirəm ki, bu qərar üzərində fikirləşməli, incəsənətə aid hissəsinə yenidən baxmalıdırlar. Hər bir gənc və orta yaşlı aktyor kiməsə baxıb öyrənməlidir axı. Düzdür, onların heç biri teatrdan birdəfəlik uzaqlaşmır. Mənim ustadım Cənnət Səlimovanın 70 yaşı olanda baş rejissor vəzifəsindən getdi, amma rejissor kimi işini görür. Əgər sənətkara ehtiyac varsa, o qərara fikir verilməməlidir. Valeh Kərimova ehtiyac var. İstənilən teatrda rolunu oynaya biləcək. Səhv etmirəmsə, Ağdam Teatrından artıq təklif gəlib. Bu qərar ona görə ağrılı qarşılandı ki, təsəvvür edin 40-50 il gəlib-getdiyi teatrın binasına gələ bilməyəcək. Bizim işimiz ürək işidir. Mən öz rekvizitlərimi heç vaxt rekvizit sexinə vermirəm. Ona görə yox ki, işlətdiyim eynəyimin başqasının taxmasını istəmirəm. Xeyr! Elə şeylər sanki məhrəm olur. Oturduğumuz stola, işlətdiyimiz qrimə də yanaşmamız başqa olur. Bir şeyi də deyim, Ağaxan Salmanlı 70 yaşında Gənc Tamaşaçılar Teatrından təqaüddədir, amma buna baxmayaraq bu yaxınlarda “III Riçard” tamaşasında möhtəşəm obraz yaratdı. Teatrda hər yaşda və hər ölçüdə aktyor mütləq olmalıdır. Mən teatrımızın inkişafını təqaüdə göndərilən sənətkarlarsız təsəvvür edə bilmirəm.

N.Ehlamqızı: Sizi qonaq dəvət edəndə sıx qrafikdə çalışdığınızı dediniz. Səhərdən axşamadək məşqlər səhhətinizə təsir etmir?
- Yox, fasilələr olur. Şekspirin “III Riçard”ı çox ağır əsər idi, hərtərəfli diqqət istəyirdi. Əksinə rollarım, məşqlərim az olanda kökəlməyə meyilli adamam deyə özümü yaxşı hiss etmirəm. Məsələn, biz Kamera Teatrında olanda ayda 40-a qədər tamaşa oynayırdıq. O kiçik səhnəmizdə gündə bəzən iki tamaşamız olurdu. Cüzi miqdarda məvacib alırdıq, amma çox xoşbəxt idik. Böyük teatrda truppa çoxdur, Gənc Tamaşaçılar Teatrının repertuarında həddən artıq tamaşalar var. Bütün aktyorlar da məşqdə olmalıdır, deyə bilmərəm ki, ayda 30 tamaşa oynamaq istəyirəm. Oynasam, çox xoşbəxt olaram. Xoşbəxt sənət sahibiyik, sənətimiz problemlərimizi heç olmazsa, 3 saat ərzində yaddan çıxarır.

“Kamera Teatrının tamaşalarını indi xəyallarımızda oynayırıq”

N.Ehlamqızı: Kamera teatrı Gənc Tamaşaçılar Teatrına birləşəndən sonra rollarınız azalıb?
- Xeyr, oynadığımız tamaşaların sayı azalıb. Kamera teatrında 40-a yaxın tamaşamız vardı, onları bu dəqiqə də oynaya bilərik, aktyorların hamısı sağdı. Sadəcə, o tamaşalardan bəziləri Gənc Tamaşaçılar Teatrının səhnəsinə köçdü, bəzisi qalıb. Biz onları yuxularımızda, xəyallarımızda oynayırıq. Uşağa paltar alanda ölçüsünü böyük alırlar ki, 3 il geyinsin. Mən 18 yaşında 80 yaşlı qazini oynamışam, onu ömrümün axırına qədər oynaya bilərəm. “Şeyx Sənan” 10 il qabaq hazırlanıb, onu nə qədər ömrüm var oynamağı bacararam. O rolları böyük sevgi və həssaslıqla qoruyub saxlamışıq. Çünki o tamaşalar çox böyük zəhmət, məhrumiyyətlər bahasına başa gəlmişdi. Aclıq, yoxsulluq, soyuq, evsizlik, şəraitsizlik şəraitində əmələ gələn tamaşalar idi. Soruşanda tamaşa yadınızdadır, deyirəm, yox, tamaşa yadda olmur, əzələmizin yaddaşında olur. Onların çoxunu Gənc Tamaşaçılar Teatrının səhnəsində oynayırıq. Ondan əlavə, ora birləşəndən bəri 4-5 yeni tamaşada rolum var.

“Teatrdan aldığım 210 manat mənə dünyada ən əziz puldur”

A.Lətifov: Maddi ehtiyaclarınızı ancaq teatrdan aldığınız məvaciblə ödəmək indiki dövr üçün çətin deyil?
- Hamımızın teatrdakı məvaciblər barədə məlumatı var, bunu açmağa da ehtiyac yoxdur. Bunu heç əldə bayraq eləmək də düzgün deyil. Bayraq edən insan gərək ərizəsini yazıb getsin. Teatrda teatrsız yaşaya bilməyənlər qalıb çalışır. Böyük həvəs və şövqlə də işləyirik. Maddi vəziyyəti seriallar, dublyajlar, sənədli filmlərə çəkilməklə ödəyirik. Bir seriala çəkilib əlimə 10-15 min manat pul alsam da, teatrdan aldığım 210 manat mənə dünyada ən əziz puldur. Kartdan az-az çıxarıb xərcləyirəm ki, qurtarmasın. Bizə dövlət tərəfindən də köməklik olunur. Prezident mükafatı təsis olunub. MDB məkanında belə bir şey yoxdur. Aldığımız 500 manat mükafat bütün problemləri ödəməsə də, rahat oluram. Bir ay ərzində hansısa əlavə çəkilişim, serialım olmasa, teatrdan aldığım maaş və o mükafatla yaşamaq mümkündür. Yaşlı sənətkarlarımızın ömürlük təminatı var. Bunu kim necə qəbul edir etsin, çox böyük köməklikdir.

A.Lətifov: Siyasətlə aranız necədir? Xəbərləri haradan izləyirsiniz?
- Həvəskarı deyiləm, amma vətəndaş olaraq gərək maraqlanaq. Məncə, öz işimi görsəm, daha yaxşı olar. Vətəndaş kimi hansısa məsələlərə münasibətimi bildirərəm. Əsasən “Euronews”-un xəbərlərini izləyirəm.

N.Ehlamqızı: Kamera Teatrında oynanılan tamaşalar Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulanda bu, tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Bununla razılaşırsınız? Sizcə, səbəbləri nədən asılı idi?
- Kamera Teatrı, adından göründüyü kimi, kamera teatrı idi. 100 nəfərlik zalımız və kiçik səhnəmiz vardı. Sonra onu genişləndirdik və oradan çıxmazdan 3 ay əvvələ qədər axırıncı mismarını belə dəyişmişdik. Kamera teatrında tamaşaçım çox yaxınımda idi və mənim səhv nəfəs almağa şansım yox idi. Kamera Teatrındakı tamaşalar məhz o tamaşaçılara hesablanmış tamaşalar idi. O tamaşalar böyük səhnəyə gələndə aktyorların adaptasiyasında müəyyən vaxta ehtiyacı vardı. Düzü, tamaşaçılar tərəfindən narazılıq eşitmədik, ola bilsin, bizə deməyiblər, amma mən şəxsən özümü narahat hiss edirdim. Akustika cəhətdən bir az problem vardı, biz qışqırıb danışmağa öyrəşməmişdik, Kamera Teatrında pıçıltı ilə danışanda da arxa cərgədəki tamaşaçı eşidirdi. Zaman keçdikcə uyğunlaşdıq.

“O qız soruşdu ki, tərəf müqabilinizlə danışmırsınız?”

N.Ehlamqızı: Teatrda intriqalar qaçılmazdır. Kamera Teatrı Gənc Tamaşaçılar Teatrına birləşəndə çox güman ki, hansısa daxili mübarizə və narazılıqlar oldu...
- Şəxsən özümə qarşı bunu hiss eləmədim. Amma intriqalar vardı və bunu təbii qəbul edirəm. Təsəvvür edin redaksiyada işləyirsiniz, işçilər bir-birinə öyrəşib, hansısa redaksiyanın binasını söküb sizin içinizdə yerləşdirirlər, istər-istəməz uyuşana qədər müəyyən sıxıntılar olur. Teatrda intriqanın olmasını da normal qarşılayıram. Kamera teatrında intriqa anlayışı yox idi. Çünki 10 aktyordan 5-i bir-biri ilə ailəli idi. Ona görə kiminləsə intriqa etməyə yer qalmırdı. İntriqanı xəstə nöqtə kimi də qiymətləndirmirəm, mütləq olmalıdır. Sağlam rəqabət nə xoşdur, sağlam olmayanda, əlbəttə, zərər verir. İnandırım sizi ki tamaşaçı onu görür. Biz aktyor olaraq çox sadəlövhük. Bizə elə gəlir ki, üzümüzü çevirib kiməsə nə isə işarə edə bilərik, onsuz da tamaşaçı görməyəcək. Əslində, tamaşaçı məhz çevrilib işarə etməyimi görür. Biz səhnədə imkan daxilində müəyyən sıxıntıları gizlətməliyik. Bir misal çəkim, bir aktrisa var, onunla salam-əleykimimiz var, amma gözəl münasibətimiz yoxdur. Nə isə xarakter uyğun gəlmir. Amma mən onunla illərdir səhnədə ən yüksək sevgini oynayıram. Söhbət “Şeyx Sənan” sevgisindən gedir. Rollarımız normal da alınır. Bir dəfə bizi tələbələrlə görüşə dəvət etdilər, getdik. Suallar verirdilər, bir xanım ayağa qalxıb soruşdu ki, siz bir-birinizlə danışmırsınız? İndi də danışanda tüklərim biz-biz olur. Dedim niyə ki, danışırıq. Qız söylədi ki, üzr istəyirəm, əyləşdi. Deməli, gizlətmək mümkün deyil, o qız hiss edib. Yəni intriqaları, narazılıqların hamısını tamaşaçı görür.

A.Lətifov: Özünüz də seriallara çəkilirsiniz. Serial bazarının vəziyyətini necə qiymətləndirirsiniz?
- 5 ballıq şkala ilə 3 deyə bilərəm. Çünki serialdan danışırıqsa, indi türk seriallarına yəqin baxırsınız. 20 il əvvəlki türk seriallarını indi izləyə bilərsiniz? Düzü, Azərbaycan seriallarına, özümün çəkildiklərimə də, türklərinkinə də baxa bilmirəm. 20 il əvvəl İbrahim Tatlısəs, Mahsun Kırmızıgülün serialları çox primitiv və həddən artıq aşağı problemli seriallar idi. İndiki vəziyyətə nəzər yetirsək, bütün dünyada Türkiyə seriallarını tərcümə edib baxırlar. Bizdə deyirlər çox çəkirlər, 10 serial çoxdur. Mən deyirəm, qoy 20 serial çəkilsin, pul ayrılsın, 10 dənə serialdan biri tutursa, kifayətdir. 10 ildən sonra 1 işçi qrupu, prodakşn onu əlində saxlaya bilsə, “Möhtəşəm yüzil” səviyyəsində bir şey çəkə bilsə, bəsdir.

“Həsən Məmmədov və Rasim Balayevin işi teatrda alınmadı”

Elçin Murad: Türk rejissorlarından biri Bakıya gələndə belə bir söz işlətmişdi ki, Türkiyədə teatrdan gələn aktyorlar serial çəkilişində qəbul edilmir. Onlarda belə düşüncə var ki, teatr aktyoru kinoda özünü göstərə bilmir. Hündürdən danışmağa adət edir, səs oturmur, rejissorun istədiyini tam olaraq canlandıra bilmir.
- O, həmin rejissorun subyektiv fikridir. Biz Türkiyədə çəkiliş prosesində olmuşuq. Mənim türk dostlarım, tanışlarım var ki, sırf teatr aktyor və aktrisalarıdır, seriallara da çəkilirlər. O rejissor, sadəcə, teatr aktyorunu oynatmaq istəmir. Əlbəttə, teatr aktyoru filmə çəkiləndə problem yaşayır. Mən də yaşamışam, amma az yaşamışam. Çünki balaca teatrdan çıxmışdım. Qulağımdadır o sözlər, deyirdilər, əşi, teatr aktyorudur. Kinodan teatra gəlmək çox rahatdır. Amma böyük kinoaktyorlarımız Həsən Məmmədov, Rasim Balayevin işi teatrda alınmadı. Məsələn, Məlik Dadaşov, Səməndər Rzayev, Hamlet Xanızadə ikisində də nəhəng idi.

A.Lətifov: Başqa teatrlardakı tamaşalara gedib baxırsınız?
- Əlbəttə. Sonuncu dəfə “Nadir Şah”, “Əmir Teymur” tamaşalarına, “Nabat” filminə baxmışam. Həmin ərəfədə tamaşamız olmasa, gedirəm. Premyeralar, adətən, şənbə-bazar günləri olur, aktyorların çoxu eyni vaxtda tamaşaları olduğuna görə gedib baxa bilmirlər. Rəhmətlik Xudu Məmmədovun 1990-cı illərdə tamaşaçıların qıt vaxtında “Hardasan, ay tamaşaçı?” adlı məqaləsi vardı. Yazırdı ki, incəsənətlə məşğul olan insanların özü teatrla maraqlansalar, zalda oturmağa yer olmaz. Doğrudan da, həmkarlarımızın oyununa gedib baxmaq lazımdır.

Dilqəm Əhməd: Siz “Şeyx Sənan”, “Nadir Şah”, “Əmir Teymur” tamaşalarının adlarını çəkdiniz. Bu gün Bakı meqapolisə çevrilmək üzrədir, insanların dünyagörüşü, mədəniyyəti, həyata baxışı dəyişir. Bəs Bakı həyatı tamaşalara daşınırmı?
- Çox böyük məmnuniyyətlə olmasını istəyərdik. Amma yoxdur. Cənnət xanıma müasir mövzular təklif edilmişdi. Yazan varmı? İlqar Fəhmi yaza bilər. Vaxt azlığından teatrla az məşğuldur. Əsasən, romanlar yazır, qələmi çox güclüdür. Bir dəfə Samir Sədaqətoğlunun əsəri olub. Kamal Abdullanın çox gözəl əsərləri var, bir neçəsini də oynamışıq. Amma cavanlardan “yazıram, bu işimin arxasında dayanmışam” deyən yoxdur. Yazıb gətirənlər var, amma çox primitiv olur, KVN, şou-proqramlardakı səhnəciklər səviyyəsində olur. Bəlkə də var, mən oxumuram, bilmirəm. O yaxşını teatra təqdim etmək lazımdır.

D.Əhməd: Rafael İsgəndərovla Coşqun Rəhimovun səhnəcikləri insanların məişətinə o qədər yaxındır ki, 10 gün konsert verirlər, hamı da gedir.
- Bəli, insanların damarını tutublar, konsertlərinə bilet tapmaq mümkün deyil. Amma şou hər halda sənət deyil. Ondan istifadə etməyi də doğru saymıram. Rafael və Coşqunla eyni nəslin nümayəndələriyik. Çox gözəl aktyorlardır. Teatrda Şekspir, Əli Əmirlinin dramaturgiyasından gözəl rollar oynayırdılar, amma heç kim onlar tərəfə baxmırdı. Balaca səhnəcik göstərən kimi milyonlar onların ardınca baxdı. Qismət belə gətirdi, onlar da o yolu seçdilər. Amma fikrimcə, bundan istifadə etmək olmaz. Neçə il əvvəl İrandan bir qonağımız gəlirdi, elə qar yağdı ki, reyslər ləğv olundu. Aeroportda 5-6 saat gözlədim, təyyarə böyük gecikmə ilə gəldi. Maşın yox idi, biz hava limanından Buzovnada dostumuzgilin evinə piyada gəldik. Səhər avtobusa mindik, qapıdakı uşaq “minin, adamın birini 2 manata aparır”, - deyə insanları çağırırdı. Gəldim dedim niyə 2 manat, axı gediş haqqı 20 qəpikdir. Evdə ehtiyacın var? Anan xəstədir, dərman alacaqsan? Qayıtdı ki, qiymət budur, istəməyən getməsin. Bizim milli “qaqaş”lardan biri idi. Düzdür, uşağa yaxşı davranmadım, amma çox əsəbləşmişdim. Dedim sən qardan istifadə edirsən? Camaatın biri işə, biri xəstəxanaya tələsir, sən isə bundan istifadə edirsən? Dedi: “Bəli, istifadə edirəm, 1 gündür də, qoy pulumuzu qazanaq”. Sözümün canı odur ki, o qar, yağışdan istifadə etmək olmaz. Elə bir məqam oldu ki, sənətimizin üstünə qar yağdı, hər tərəf buz bağladı, dondu. Ondan istifadə etməyə başladılar. Camaat oraya yönəldi. Axı burada qalan yazıqdır. O, bu gün var, sabah yoxdur. Ələsgər Ələkbərov sənəti dünya durduqca duracaq. O vaxtlar mənim də şansım var idi, komediyanı pis bacarmıram. Sadəcə, özümə, hisslərimə yazığım gəldi. Neçə illər əziyyət çəkdik, ehtiyaclara dözdük, buna görəmi?

E.Murad: Sənət adamlarından biri deyirdi ki, “xaltura” ilə sənət nümunəsini bir-birindən fərqləndirməyin çox asan üsulu var. Söyləyirdi ki, “xaltura” dediyimiz səhnəciyə 2 gündən sonra yenidən baxmağa cəhd edin, görün alınacaq? Doğrudan da, birinci dəfə güldürür, amma ikinci dəfə avtomatik itələyir.
- Amma bir söz deyim, Rəfaellə Coşqun səhnədə heç də “xaltura” eləmirlər. Onlar əziyyət çəkirlər. Coşqun hansısa qadın personajını canlandıranda yüz faiz inanıram ki, bu qadındır. Mən tələbəlik vaxtı, Cənnət xanımdan Çexovun “Yubiley” tamaşasındakı yaşlı qadın obrazını oynamağını xahiş etmişdim. Vallah, oynaya bilmədim.

Sevil Hilalqızı: Bəzən deyirlər ki, teatr səhnəsi tamaşaçıya 5 il qabağı göstərməlidir. Bizim mövzularla beynəlxalq aləmdəki ssenariləri necə müqayisə edərdiniz?
- Niyə 5 il qabağı göstərməlidir ki? Teatr məktəb deyil. Heç kimə heç nə öyrətmir. “Tamaşaçıları insan olmağı öyrətmək üçün gətiririk” fikirləri artıq getdi.

S.Hilalqızı: “Azdrama”nın direktoru İsrafil İsrafilov teatrı məbəd sayır və hesab edir ki, həm də cəmiyyəti öyrədir.
- Bunlar İsrafil İsrafilovun subyektiv fikridir. Mənim anlamımda teatr öyrədən yer deyil. Tamaşaçını ekran qarşısında “necə baş verir” sualı ilə saxlamaq mümkün deyil. “Nə baş verir?” sualı ilə saxlamaq olar. “Necə baş verir?”in 10-15 dəfə daha effektlisi “Youtube” sosial şəbəkəsi və sirkdə var. Sirk 100 faizlik incəsənətdir. Onu 99,9 faizlə oynamaq olmaz, yıxılıb ölərsən. Gərək 100 faiz əmin olasan. Teatrda 50-60 faiz oynayırıq. Mən tamaşaçını “Nə baş verir?” sualı ilə saxlaya bilərəm.
Səhnədə lazer effekti, gözəl geyim, ucaboy aktyorlar lazımdır. Amma çox da vacib deyil. Mən tamaşaçını yalnız və yalnız insanla baş verən hansısa nəsnələrlə saxlaya bilərəm. Bu, komediya da, faciə də ola bilər. Mənim tutduğum yol budur. Əminəm ki, ürəyim işləməsə, məni heç nə xilas etməyəcək. Nə dramaturgiya, nə paltarım, nə də səsim xilas edər.

S.Hilalqızı: TQDK sədri Məleykə Abbaszadə deyir ki, incəsənət adamları üçün qabiliyyət imtahanı tələb edən ixtisaslar üçün qəbul imtahanları ləğv ediləcək. Bunu da belə əsaslandırır ki, müşahidələrinə görə, məsələn, rejissor üçün başqa fənlərdə yüksək bilik tələb olunmur. Təhsil ekspertləri isə hesab edir ki, qabiliyyət imtahanları obyektiv keçmir. Sizin bu məsələdə mövqeyiniz necədir?
- Mən də bu barədə eşitmişəm. Deyirlər ki, qabiliyyət imtahanları götürülməyəcək, amma aktyor, yaxud jurnalistika sənətinə yiyələnmək istəyən pul ödəyəcəyək. Bir sözlə, məndən imtahan götürmə, pul ödəyim məni aktyor elə. O, mütləq nəticəsini verəcək. İndi 120 nəfər aktyorluq fakültəsini bitirir, əksəriyyəti də aktyor olmur. Ayda pul ödəsəm, tələb edəcəyəm ki, məni öyrətməlisən. Qabiliyyət imtahanlarının obyektivliyinə gəlincə, şəxsən məndən imtahanı obyektiv götürüblər. Özüm də heç kəsdən pul almamışam. Çünki elə sənətin sahibiyəm ki, mənə heç kəs rüşvət verə bilməz. İmtahan zamanı abituriyent gəlir, ona tapşırıq verirlər ki, monoloq, yaxud şeir de. Ekspert deyir ki, düz demirsən. Axı bu insan öyrənməyə gəlib. Əlbəttə, pis deməlidir də, yaxşı desəydi, burada nə işi vardı? Yüksək aktyor kimi etüd göstərə bilməz axı. Bəli, onun tərəfdarıyam ki, 120 nəfər əvəzinə 10 nəfər götürürlər, onların ödədiyi pul 120 nəfərin ödədiyi puldan çox olur, amma öyrədirlər.

S.Hilalqızı: Ödəniş nə qədər olmalıdır?
- Nə qədər çox olsa, o qədər çox öyrənəcək. Ayda 100 manat versə, heç nə öyrənməyəcək. Amma müəllim 5 min manat tələb etsə, o tələbədən Robert de Niro düzəldəcək.

“Üzüm indiki kimi qalsa, deməli, hamını aldatmışam”

A.Lətifov: Qarşıdakı hədəflər nədir? Bəzi sənət adamları deputat olmaq istəyirlər...
- Mən maksimum aktyor ola bilərəm. Bu, çox çətin sənətdir. 60 yaşında aktyorun üzünün təmiz olmasına inanmıram. Əgər 60 yaşında üzüm indiki kimi qalsa, deməli, mən hamını aldadırmışam. İv Montanın, Robert de Nironun üzünə baxanda bunu dərk elədim. Deməli, səhnədə əzab çəkməmişəm, texnikam yüksək olub istifadə etmişəm. İnsan səhnədə vallah əzab çəkir. “Aydın” tamaşasında səhnədə balaca nar ağacı var, mən də adətim üzrə mütləq gəlib tamaşadan əvvəl stolumu yoxlayıram. Böyük aktyorlar heç vaxt onu etmir. Gənc Tamaşaçılar Teatrına gələndə deyirdilər “a kişi, get otur otağında, səhnədə nə işin var, bizə söz gəlir axı”. Mən deyirdim ki, yox, mənə görə söz gəlməz, mütləq mismarı özüm vurmalıyam. Həmin proses idi, gördüm ki, ağac yerində deyil, bir qədər yerini dəyişmək lazımdır. Çünki ona o cür öyrəşməmişəm. Dedim ki, ağacı mismarla vurublar, yerini dəyişmək istəyirəm. İşçi qayıtdı ki, direktor kamera ilə baxır, hara istəyirsənsə, de, özüm edim. Çıxartdı, ağaca təpiklə də vurdu. İnanın elə bildim o təpiyi ürəyimə vurdular. Dedim, heç olmasa, aktyor baxanda belə etməyin, bu ağacın altında ömrüm gedir, onun altında ağlayıram. Allah haqqı, ömrüm gedir, mənim üçün müqəddəs bir şeydir, ona təpik vurmaq olmaz. Bu baxımdan çox çətin sənətdir. Hədəfim ancaq aktyor olmaqdır.

N.Ehlamqızı: Həyat yoldaşınız Şəbnəm xanımla tərəf müqabili olmusunuz?
- Bəli, olmuşuq. “Mavi yuxular” tamaşamız var. Düzdür, o zaman evli deyildik, amma birgə oynamışıq.

N.Ehlamqızı: Tərəf müqabiliniz həyat yoldaşınız olanda Sizin üçün rahatdır, yoxsa başqa aktrisa ilə oynayanda?
- Həyat yoldaşım ilə ifa etmək işə mane olur. Tanımadığım adamla rol daha yaxşı alınır. Əslində, bu situasiyanın konkret cavabı yoxdur. Bir gün belə olar, bir gün başqa cür. Canlı sənət olduğuna görə dəqiq bir şey demək olmur.

N.Ehlamqızı: Hər ikinizin peşəniz eynidir, evdə hansı mövzular ətrafında müzakirələr gedir?
- Evdə də sənət söhbətləri davam edir. Oğlum da artıq bu işə girişib, hekayələr yazır. Dünən gecə 4.00-dək yazı işimiz vardı, bir yerdə təhlil etmişik. Nə xoş ki, belədir. Bir dəfə təklifim vardı. 2000-ci ildə Gənclər günü ilə bağlı hər nazirlik iclaslar keçirirdi. Hər nazirliyin bir gənci şöbə müdiri olurdu, məni də mədəniyyət sektorunun müdiri qoymuşdular. Biz gəncləri düşündürən suallar ətrafında iclaslar edirdik. Son 5 iclasda o zamankı mədəniyyət və turizm naziri Polad Bülbüloğlu da iştirak etmişdi. Prezident rəhmətlik Heydər Əliyevin qarşısında hesabat verməli idik. Mən də şöbə müdiri kimi hesabat verdim və təklifimi səsləndirdim. Heydər Əliyev təklifimi şəxsən qeyd etmişdi. Bildirmişdi ki, bunu mütləq həyata keçirmək lazımdır. Hazırda deputat olan Arif Rəhimzadə məni yanına çağırdı, detalları soruşdu. Təklifim o idi ki, bu qədər tikintilər içərisində yaradıcı gənclər üçün bir dənə 5 mərtəbəli ailə yataqxanası tipli ev tikilsin. Rəssam, şair, aktyor, rejissorlar orada yerləşdirilsin. Sağa baxanda da, sola baxanda da yaradıcı gənc görəcəkdik, bununla da yaradıcılıq bitmir. Səhnədə 3 saat ərzində aktyor olmaq rahatdır. İstər-istəməz aktyorsan, oynamalısan. Görüm həyatda tamaşa olmayanda psixologiyada aktyor ola bilirsənmi?

“İstəyirəm ki, övladım da aktyor olsun”

N.Ehlamqızı: Facebook sosial şəbəkəsinin məşhur qəhrəmanı, oğlunuz Ülvinin gələcəyini necə görürsünüz? Bayaq dediniz hekayələr yazır...
- Aktyorlardan soruşanda “istəyərdinizmi övladınız aktyor olsun” qayıdırlar ki, “yox, yox, nə danışırsınız, istəmirəm, bu, çox çətin sənətdir”. Xeyr, mən istəyirəm ki, övladım aktyor olsun. Məhz ona görə ki, çətin sənətdir. İstəyirəm ki, o, kişi kimi böyüsün və çətin sənətlə məşğul olsun.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR