• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ssenarisi kadra düşmüş film - “Zalım, pis, yaxşı”nın səhvləri 49 il sonra aşkarlandı – FOTOLAR

Ssenarisi kadra düşmüş film - “Zalım, pis, yaxşı”nın səhvləri 49 il sonra aşkarlandı – FOTOLAR

Rejissor Serco Leononun şah əsərlərindən olan, 1966-cı ildə ekranlara çıxsa da, bu gün də dünyanın əksər ölkələrində sevilə-sevilə izlənilən “Zalım, pis, yaxşı” filmi 49 il sonra tənqidlərə tuş gəlib.

Bir zamanlar ən gözəl rejissor işi, ən yaxşı aktyor (Klint İstvud, İlay Uollak, Li Van Klif üçlüyü) oyunu, habelə dünyaşöhrətli bəstəkar Ennio Morrikonenin musiqi parçaları ilə həmin dövrün bütün ekran əsərlərini kölgədə qoymuş, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanmış populyar filmin çəkilişləri zamanı bəzi texniki səhvlərə yol verilməsi rejissorun və bir sıra texniki işçilərin işinin qınanılmasına səbəb olub. Sən demə, ötən əsrin 60-cı illərindən bu günədək sevilərək izlənilən filmin çəkilişləri zamanı həm rejissor, həm də texniki işçilər tərəfindən bir neçə ciddi səhvlərə yol verilib.

Publika.az məşhur filmlə bağlı texniki səhvləri və yanlışlıqları təqdim edir.

Xatırlayırsınızsa, Zalım Yaxşını cəzalandırmaq üçün onun axtarışına çıxır. O, film boyu Sarışın adlandırdığı rəqibinin dincəldiyi otelə gəlir, tapançasını mehmanxana sahibinin üzünə sıxaraq onun yerini soruşur. Lakin çəkiliş zamanı irəli addım atmaq istəyən Zalıma operator mane olur. Fikir vermisinizsə, bu epizodda Zalım rolunun ifaçısı ani olaraq kameraya, yəni operatora baxır. O da öz növbəsində bir neçə addım geri çəkilərək aktyora yol verir.

Növbəti ciddi səhvə Sarışınla Zalımın – Tukonun xərəklə dinamit daşıdığı səhnələrdə yol verilib. “Mehriban” düşmənlər yaralı əsgər daşıyan həkimləri əzişdirərək, qara xərəyi ələ keçirirlər. Maraqlıdır ki, xərək bundan sonrakı epizodda ağ rəngdə gözə dəyir. Görünür, çəkiliş zamanı meydançadakı xərəklər dəyişik düşüb və bu, rejissorun, habelə texniki işçilərin diqqətindən yayınıb.

Üçüncü ciddi və kobud səhvə Mələkgözlü adlandırılan Pisin düşmənlərinə – Zalımla Yaxşıya yazıb qoyduğu məktubda yol verilib. Məsələ burasındadır ki, üzərinə “axmaqlar” yazılmış məktubun kadra düşən əksi filmin ssenarisinin səhifələrindən biridir. Hətta kadrda müasir dövrün qara şriftli hərfləri də açıq-aydın görünür. Qəribədir, belə çıxır ki, çəkiliş qrupu kadra Mələkgözlünün məktubu üçün lazım olan kağızı tapa bilməyib. Yaxud rəqiblərə ünvanlanan məktubun kadra düşən əksində filmin ssenarisinin bir hissəsinin yazılması nəzərlərdən qaçıb.

Keçək filmin çəkilişləri zamanı yol verilmiş sonuncu səhvə. Qeyd etdiyimiz kimi, Mələkgözlü öz planının alınmadığını görüb Zalımla Yaxşıya bir sözdən ibarət “Axmaqlar” məktubunu buraxıb qaçır. Məktubu Sarışından əvvəl əlinə götürən savadsız Tuko oradakı sözün ancaq ilk iki hərfini kəkələyə-kəkələyə “Ax...ax” deyə oxumaq istəyir. Tukonun məktubu oxumağa çətinlik çəkdiyini görən Sarışın kağızı saymazyana şəkildə əlinə alaraq, “Axmaqlar – bu söz sənə ünvanlanıb” – deyə replika atır. Filmin ssenari müəllifləri Luçana Vinçensoni və Serco Leone (o, həm də filmin rejissoru idi) bununla Tukonun savadsız olduğuna, üzündən oxuya bilməməsinə eyham vururlar. Elə həmin savadsız Tuko filmin finalında başdaşının üzərinə “Arç Stentın” yazılmış, guya içərisində 200 min qızıl sikkənin olduğu məzarı axtarmağa başlayır. Qəbiristanlıq boyu sağa-sola qaçan Tuko ani olaraq “Arç Stentın”ın məzarının başdaşını görür və dərhal hərfləri oxuyur. Qəribədir, “Axmaqlar” sözünü oxumağa çətinlik çəkən savadsız Tuko başdaşındakı iki sözü, mərhumun ad və soyadını necə oxuya bilir? Görünür, bu məqam da rejissorun diqqətindən yayınıb.

Sonda qeyd edək ki, “Zalım, Pis, Yaxşı” filmi heç də ekranlarda nümayiş etdirildiyi səhnələrdən ibarət deyil. Dünyanın bir neçə ölkəsində, o cümlədən İtaliya, İspaniya və Almaniyanın ayrı-ayrı yerlərində lentə alınmış filmdə əslində iki variant mövcuddur. Birinci və nisbətən davam müddəti baxımından uzun olan filmdə Mələkgözlünün Bill Karsonun axtarması səhnəsi nədənsə ikinci variantda montaj edilərək qısaldılıb. O da maraqlıdır ki, həm ölkəmizdəki telekanallarda, həm də dünyanın əksər televiziyalarında efirə çıxarılan məhz ikinci, qısa variantdır.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR