77 yaşlı xalq artisti: “Gündəmdə olmaq istəyirəm”
Bizi izləyin

Tabloid.az

77 yaşlı xalq artisti: “Gündəmdə olmaq istəyirəm”

Bu gün Akademik Milli Dram Teatrının ən təcrübəli aktyoru, xalq artisti Rafiq Əzimovun 77 yaşı tamam olur. Publika.az-ın əməkdaşı sənətkarla doğum günü təəssüratlarını bölüşüb.

- Rafiq müəllim, təbrik edirik.

- Çox sağ olun, təşəkkür edirəm.

- Doğum gününüzü kimlərlə qeyd edəcəksiniz?

- Belə günləri, adətən, ailəmlə birgə qeyd edirəm. Çox təmtəraqlı məclisləri sevmirəm.

- Bəs həmkarlarla?

- 70, 75 illik yubileylərimi həmkarlarımla da qeyd etmişəm.

- Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Bayaq İctimai Televiziyanın canlı yayımındaydım. Orada da dedilər ki, sizə 77 yaş vermək olmur. Özümü çox sağlam və gümrah hiss edirəm.

- İlk təbriki kimdən aldınız?

- İlk təbriki oğlanlarım və nəvəm etdi. Bayaq Maştağa kəndindən Cəfər adlı bir cavan oğlan mənə zəng vurub təbrik etdi. Rejissorluq fakültəsinə qəbul olmaq istəyir. Dedi ki, istədim ilk təbrik edən mən olum. Tələbələrimdən də təbrik edənlər oldu.

- Hədiyyələr olubmu?

- (gülür) Bilirsiniz, hədiyyə almaq xoşdur. Amma heç kimə, hətta övladlarıma da əziyyət vermək istəmirəm. Onlara da dedim ki, mənə heç bir hədiyyə lazım deyil, hər şeyim var. Hamıya can sağlığı arzu edirəm ki, xoşbəxt, firavan yaşasınlar, bütün arzuları həyata keçsin. Sizə də təşəkkürümü bildirirəm ki, yada salmısınız.

- Bu yaşda oynamaq istədiyiniz rol varmı?

- Aktyorun həyatı belədir ki, o, həmişə diqqətdə olmağa çalışır. Aktyor istəyir ki, canı sağlamdırsa, filmlərdə çəkilsin, tamaşalarda oynasın. Bu, hər bir aktyorun arzusudur. Mən fəxrlə deyirəm ki, 53 ildir eyni ünvanda –Akademik Milli Dram Teatrında çalışıram. Əmək kitabçamda da yalnız bir ünvan var. Mən orada kimləri görməmişəm... Arzu etdiyimiz aktyorların çoxu ilə tamaşalarda, filmlərdə tərəf müqabili olmuşam.

- Son çəkildiyiniz film hansıdır?

- 2012-ci ildə gənc rejissor İlqar Nəcəf məni “Buta” filmində baş rolu - Dəyirmançını oynamağa dəvət etdi. Bayaq da o filmdən bir neçə fraqment göstərdilər. “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” filmlərindən də kadrlar göstərildi, gəncliyimi xatırladım.

- Səhv etmirəmsə, ilk rolunuz “Lenfilm”də olub...

- Bəli, ilk rolum 1969-cu ildə “Lenfilm”də olub. Tərəf müqabillərim SSRi xalq artisti Lüdmila Qurçenko, Aleksandr Demyanenko idi. Onda mən kinoya qədəm qoyurdum. Bu sənətkarlarla çəkilmək istənilən gənc aktyor üçün böyük şərəfdir. Belə şeyləri xatırlayıram, düşünürəm ki, onların hamısı mənim qazancımdır. Deməli, sənət aləminə boşuna gəlməmişəm, arzularım həyata keçib. Çox istərdim ki, həmişə gündəmdə, səhnədə, efirdə olum. Özü də yeni rollarla.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm