Atilla Taş: “O qədər qəribəm ki, yanımda sadəcə pişiyim var”
Bizi izləyin

Tabloid.az

Atilla Taş: “O qədər qəribəm ki, yanımda sadəcə pişiyim var”

Bir vaxtların məşhur müğənnisi, hazirda sosial şəbəkənin ən tanınmışlarından olan Atilla Taş Türkiyə mətbuatına maraqlı müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir.

- Biz səni “Ham çökelek” mahnısının müəllifi kimi tanıyırdıq. O vaxt məşhur idin. Bəziləri sənə rəğbət bəsləyirdi, bəziləri əksinə, sevmirdilər. Ancaq çox ünlü idin. Sonra yoxa çıxdın. Daha sonra da “twitter” fenomeni kimi çoxları tərəfindən bəyənilməyə başladın.
- Bəli, elə oldu. Özümü “twitter”də kəşf etdim. Mən bu imişəm. Qısa cümlələrin adamı. 140 işarəyə çox şey sığdıra bilirmişəm. Mənim üslubum sarkazmlı bir dildir. Əslində, həmişə elə idim. İynəli danışıram. Sözümü deməkdən çəkinmirəm. Amma ah o “Ham çökelek”! Həyatımın ən böyük qatar qəzasıdır.

- Qatar qəzası?
- Bəli, təəssüf ki, elədir. O günə qədər 3-5 manatı bir yerdə görməyən 23 yaşında bir uşaq bir anda sərvət sahibi olarsa, necə olar? Axmaqlaşar. Mənə də elə oldu. Qudurdum, sərsəmlədim. Yoldaşımdan və uşağımdan ayrıldım. Məşhur olmağı həzm edə bilmədim. Düşünürdüm ki, varlanınca, məşhur olunca çox xoşbəxt olursan, problemlər aradan qalxır. Əksinə, depressiyaya düşdüm.

- Bəs bu problemlərlə necə başa çıxdın?
- Qaçdım. Dil öyrənmək üçün İngiltərəyə getdim. Sonra Nyu York Film Akademiyasına daxil oldum. Pullu bir məktəbdir, imtahanla qəbul olunmursan. Amma çox şey öyrəndim. Özümə və həyatıma kənardan baxmaq fürsətim oldu. Sonra 28 yaşımda geri qayıtdım. Bundan sonra da baxdım ki, yenə bacara bilmirəm. Əlimi atdığım hər şey əlimdə qalır. Film çəkdim, alınmadı. Bir çox qapını yağır elədim. Yenə qarşıma “Ham çökelek” çıxdı. “Sən Atilla Taşsan, məşhur birisən” dedilər. Mənim oynayacağım hər şey inandırıcı ola bilməzmiş, çünki insanlar mənə baxdıqları vaxt “Ham çökelek” yadlarına düşürmüş.

- Yəni bu ad sanki üstünə yapışdı...
- Həm də necə! Hazıra dağ dayanmaz, pul da bizdən əlini çəkdi. Öncə maşın getdi, sonra ev və əlimdə-ovcumda nə varsa, hər şey. İflas edib içkiyə qurşandım. 15-20 gün Balıklı Rumda depressiyadan müalicə olundum. İntihara meylləndim. Acınacaqlı dövr idi. Avtobusa minərkən “Ham Çökelek avtobusa minir” deməsinlər deyə papaq qoyurdum. Şöhrət bəlalı bir şeydir. İşin pis tərəfi budur ki, pul gedir, ancaq şöhrət qalır. Üstündən çıxarıb bir yerə asa bilmirsən. Çox acınacaqlı iki-üç il yaşadım. Kafelərdə mahnı oxuyurdum. Sonra albomlar çıxardım, xaricə konsertlərə getdim, bir az özümü tutdum. Danışdıqlarım altı-yeddi il öncə yaşandı. Heç kimə möhtac olmayacaq vəziyyətə gəldikdən sonra sosial mediadan “Nickikolog” deyə bir adla istifadə etməyə başladım. Bir dostum dedi ki, “Sən manyaksan, niyə öz adınla daxil olmursan?”. Mən də “Oğlum, Atilla Taş dediyim vaxt izləyicilərimin hamısı qaçır” dedim.

- Aha?
- Haqlı çıxdım. İzləyicilərin yarısı getdi. Çünki Atilla Taş xarizması sıfır bir maqazin fiqurudur. Bir gün studiyadaydıq, “Gangnam Style” mahnısı çıxıb, hamı dinləyir. Zarafatyana “Türk dilində söz yazacağam buna!” dedim. Sonra yazdım. Bizimkilər videonu “YouTube”-a yerləşdirdilər. İki saat sonra zəng elədilər ki, “TT dəyik”. Mən də TT-nin nə olduğunu bilmirəm. Bir də baxdım ki, ortalıq qarışıb. Mahnının altından söyüşlər yazılıb: “Allah cəzanı versin, şərəfsiz, belə mahnı yazılar?” kimi ardı kəsməyən təhqirlər. Sanki mahnıya söz yazmamışıq, birini öldürmüşük. Ən yaxşı cəza ciddi qəbul etməyib, lağlağı etməkdir. Mən də başladım lağlağı etməyə. Millət baxıb “Aa, adam əyləncəli imiş, özünü lağlağı edir” dedi. Bu hadisələrdən sonra mənə simpatiya yaranmağa başladı. Sonra Gəzi hadisələri oldu. Həmin vaxt “Bu qədər bibər qazına ehtiyac yox idi, hadisələrin ilk günü mən Taksimdə konsert versəydim, hamı dağılardı” dedim. Gördüm ki, bu tviti bəyəndilər, yenə paylaşırlar. Bu dəfə özümlə lağlağı etməyə başladım. Başqa çarəm də yox idi. Karyeram bitmişdi. Ya özümlə lağlağı edəcəyəm ya da Ajdar kimi “Mən ulduzam” deyəcəyəm. Birinə əyləncəli deyəcəklər, digərinə dəli. Birinci variantı seçdim. Yazdığım tvitlər getdikcə siyasiləşdi.

- Niyə?
- Nəticə etibarı ilə mən solçu bir ailənin övladıyam. Yəni ki, AKP-dən sonradan bu tərəfə keçmiş biri deyiləm. Deyirlər ki, AKP-dən döndü. Əsla! Mən sadəcə Kanal 7 –də səyahət proqramı apardım. Amma yalan danışası da deyiləm. AKP-nin bəzi demokratik addımlarını dəstəklədim. AKP ilk başladığı vaxt beləydimi? Deyildi. Sonradan dəyişdi.

- Düşüncənizdə inqilab oldu?
- Təbii ki. 15 il əvvəlki adam deyiləm. Özümü inkişaf etdirdim. Bəlkə də, kompleksdən oldu. Pulum var idi, amma geyinməyi, yeməyi, gəzməyi bilmirdim. Pul getdi, ağıl gəldi. Allah ikisini bir yerdə vermir! Ən azından mənə vermədi.

- Başına daş düşdü, yoxsa AKP?..
- Əslində, ikisi də düşdü. Ondan öncə də həyatın dibini görmüşdüm. Heç kimi günahlandırmadım. Özümə “Səbəbkarı sənsən. Bu karyeranı sən məhv elədin” dedim.

- Övladın və həyat yoldaşın necə oldu?
- O vaxt ayrıldıq. 16 il keçib. Qızım indi 22 yaşındadır. Hamilədir, yaxında baba olacağam.

- Nə qədər atalıq etdin qızına?
- Edə bilmədim. Böyüməyə çalışırdım. Xətalarımı saymaqla qurtarmaz. Ancaq hazırda yaxşı bir insan olmaq üçün çabalayıram...

- İslah olmaz bir müxalifətçisən?
- Qətiyyən. İslah olmağım üçün iqtidar partiyası bəzi səhvlərini mənim səhvlərimi qəbul etdiyim kimi qəbul etməlidir. Bu nə təkəbbürdür! Hələ də etdikləri hər şeyi CHP-nin, onun-bunun üstünə atırlar. Heç bir tənqidə tolerant davranmırlar. Mətbuata zəncir vuran, insanları öz malı kimi avtokratik bir sistemlə idarə edən bir iqtidardır bu. Bunlar məni narahat edir. Ortada hamının qorxduğu, çəkindiyi bir diktator var. Partiyanın içərisində demokratiya olmalıdır. AKP-də bu yoxdur. Bir adamın sözü ilə hərəkət edən “Otur” deməyi ilə oturan, “Qalx” deməyi ilə qalxan insanlardan bəhs edirik. Mənim neçə uşaq sahibi olacağıma, nə içib, nə içməyəcəyimə, harada içib, harada içməyəcəyimə qərar verən bir iqtidar. Müxalif olmamaq mümkündürmü?

- Yaxşı bəs “Hökumət tərəfdarı olmadığı üçün müxalifət qanadını istismar edir ” deyənlər…

- Səhv edirlər! İstəsəm çox rahat şəkildə tərəfdar ola bilərəm. Gəzi hadisələri olan vaxt “Hökumətə istefa!” qışqıranların bir qismi sonradan diz çöküb üzr istəmədilər? Berkinin ölümünə üzülüb, daha sonra “Onlar da Ərdoğanın anasına söyməsəydilər...” demədilər? Baş nazirə telefonla zəng edib “İşsiz, gücsüz qaldıq, bizə yardım et!” deyənləri də tanıyırıq. Ən azından mən yolumu dəyişmədim.

- Yazdığın tvitlərin səmimiyyətinin müzakirə olunması səni narahat edir?

- Yox. Nə dedikləri vecimə də deyil. Təxminən dörd ildir tvit yazıram. Son üç ildə yazdıqlarımın çoxu müxalifyönümlıüdür. Yaxında kitabım çıxacaq. Hamısını insanlar oxuyacaq. Baxsınlar görüm ən kiçik uyğunsuzluq varmı?

- Heç qorxmursan? Güllə kimi sərt açılırsan, “Hırsız” (oğru) deyə mahnı yazırsan…
- Evimin qapısına “öncə pişiyini öldürəcəyik” kağız qoydular. Yolumu kəsməyə çalışdılar. Prokurorluqda barəmdə nə qədər iş var. İnsanlar düşünürlər ki, mən boş-boşuna klaviatura qəhrəmanlığı edirəm. Mənim orada adım yazılır. Evim, yerim-yurdum məlumdur. Amma mən Adana uşağıyam, qorxsam belə, üzərinə gedərəm. Bu tvitlər məni çox şeydən məhrum etdi. Televiziya proqramına başlamalıydım, Davudoğlu barədə atdığım tvit ucbatından proqramım başlamadan bitdi.

- Yaxşı, bəs nəyə güvənirsən?
- Bəlkə, itirəcək bir şeyim olmadığından bu qədər cəsuram. Mənə “Sən nurçulardan pul alırsan” dedilər. Nə nurçular! Onlarla nə işim oldu, nə də salam-əleykim. “Bu adam nəyə güvənir ki, “Hırsız” deyə mahnı yazır” deyirlər. Mən heç kimi təhqir etmirəm, hörmətsizlik də etmirəm. Nə edirəmsə, ağlımla edirəm.

- Həyatından məmnunsan?
- Çox. “Ham Çökelek” dəbdə olan vaxt Hakkaridə dağın başındakı uşaq da tanıyırdı məni. Zirvəyə çıxmışdım. Ancaq indi gördüyüm hörməti, sevgini xəyal belə etməzdim.

- Normalda, sənə, yazdığın mahnılara, həyatdakı mövqeyinə daha öncə inanmayan insanlar bu müxalif davranışına görə rəğbət bəsləyir və hörmət edirlər…
- Nə yaxşı… Əlini vicdanına qoy söylə, bir insan bu ölkədə bu qədər güclü bir iqtidar varkən niyə müxalif olmağı seçsin? Mən hər il ən azı 25-30 AKP-li bələdiyəyə konsert verməyə gedirdim. Gəzi hadisələrindən bəri bu iş dayandı. Olsun, indi ən azından hörmət görürəm. Mən həmişə təcrid olundum. Nə etsəm, “çökelek” dedilər. İllər sonra doğru hədəf seçdim. Hazırda zəkamı istifadə edə bilirəm. Yəni xoşbəxtəm. Gündə ən az 20 bu cür tvit oxuyuram: “Biz səni düzgün tanımamışıq. Sən çox fərqli insan imişsən!” İki dəfə millət vəkilliyi təklif olundu

- Özünün lazımınca hörmət qazanmış biri kimi hiss edirsən?
- Hə, pulla, şöhrətlə keçə bilmədiyim sinfi keçdim. Ancaq bunu belə olsun deyə də etmədim. AKP-dən xəstəlik dərəcəsində narahat oluram.

- Yəni bütün dərdin alqışlanmaq və təqdir olunmaqdır?
- Yox, hamımız daha yaxşı şəkildə idarə olunmağa layiqik. Atilla Taşa bir gün millət vəkilliyi təklif ediləcək desəydilər, səni bilmirəm, ancaq mən gülərdim. İki yeni qurulmuş partiyadan millət vəkilliyi təklifi aldım. Birinin limiti keçməcəyinə inanırlar. Təbii ki, qəbul eləmədim. Amma məni kürdlər də izləyirlər, ələvilər və başqa qruplar da. Partiyaların fövqündə bir şəxsiyyət oldum.

- “Tviter” səndə xəstəlikdir?
- Bəli. “Starmetre”nin sosial media analıizlərində hazırda üçüncüyəm. Birinci Fuat Avni, ikinci Cem Yılmazdır. Cem Yılmazın 8 milyon izləyicisi var. Adam salam yazsa, sıçrayır onsuz da. İstər-istəməz rəqabət olur. Mənim tvitim ən aşağısı min dəfədən çox paylaşılır. Ümumi bir stil tutdurmuşam. Reytinqimi saxlamağa çalışıram.

- Önümüzdəki seçkilər üçün bir proqnozun varmı?
- Nə yalan söyləyim, ümidli deyiləm. Yenə qazanacaqlar. İnsanlar iqtidara göbəkdən bağlanıblar. Bəziləri yardımlar kəsilər deyə səs verəcək, bəziləri kömür, bəziləri maaşı, bəziləri də başqa şey üçün. Seçicilərlə partiya arasında dəhşətli dərəcədə suç ortaqlığı var. AKP-yə səs verənlərə “qoyun” deyirlər. Məncə, çox yanlışdır. Ortada çox ciddi mənfəət məsələsi var. 13 ildir iqtidarda olan partiyanın birdən-birə bitməsi mümkün deyil. Hər yerə yerləşiblər. Ancaq təbii ki, bu da var: Yenə AKP gələrsə, o zaman Allah hamımızın köməyi olsun.

- Zerrin Özer, Şafak Sezer, Yavuz Bingöl kimi insanları necə dəyərləndirirsən?
- Onlar bir seçim ediblər. Öz vəziyyətlərini düşünüblər. Mənə də “İndi üzr istəsən, prezident səni bağışlayar. Üstəlik, onun yanındakılardan da çox qayğı görərsən” deyənlər var. Belə sözləri çox eşitdim.

- Məqsədinə nail oldun?
- Bir məqsəd üçün yola çıxmadım. Atdığım tvit o an sosial mediada gündəmi təyin edə bilir. Bu mənə bəs edir.

- Çoxluğun hakimiyyətə tərəfdar olduğu bir cəmiyyətdə müxalif olmaq hər şeyə baxmayaraq alqışlanacaq bir şeydir?
- Əlbəttə, elədir.

- Birgə işlədiyin bir komandan var?
- Yox. Yataqda və ya divanda uzanarkən yazıram. O qədər qəribəm ki. Yanımda sadəcə pişiyim var...

- Sənə kamalist və irqçi deyənlər də var.
- Böyük yalandır. Ancaq kamalist dedikləri şey Atatürkü sevməkdirsə, əlbəttə, sevirəm və hörmət edirəm. Kamalistin nə olduğunu hələ də anlamamışam. Elə danışırlar, sanki söyüşdür. Atatürkün illər öncə etdikləri yanlış ola bilər, ancaq bunu öz zamanına görə dəyərləndirmək lazımdır. İrqçiliyə gəlincə, “kürd uşaqlara ağlamadıqca bu ölkəyə əmin-amanlıq gəlməz” deyə yazıram. İrqçi biri belə tvit yazar?

- “Amandır, səhv etməyim hücuma keçərlər” dediyin olur?
- Yox. Mən elə şeylərdən qorxmuram. Onsuz da “google”da mənimlə bağlı köhnə nə qədər yalan-yanlış xəbər varsa, hamsını söylədilər. Söyləyəcəkləri bir şey qalmadı. Anamı guya küçəyə atmışam. Ölənə kimi anamın yanında idim. Qucağımda vəfat etdi. Bu iftiraları başqasına atsalar, dəli olar. Bəzən mən də dəliyə dönürəm.

- Hazırda sənə qadınlar, ya kişilər daha çox diqqət yetirirlər?
- Yaraşıqlı olmaq, çirkin olmaq uydurma imiş. Qadınlar ağıla baxırlarmış, bunu anladım. Qadınlar üçün fikirlər əhəmiyyətlidir. Fikir adamlarını müğənnilərdən daha çox sevirlərmiş. Kaş ki həyata yazar kimi başlayaydım...

- Müğənnilik necə olacaq?
- Protest tərzdə oxuyuram. Özüm üçün, əylənmək üçün. Onsuz da müğənnilik bitib Türkiyədə. Beş-altı nəfər xaricində heç kim pul qazanmır.

- Kimlərlə yazışırsan?
- Məsələn, Uğur bəy (Uğur Dündar) çox gözəl şeylər yazdı mənimlə bağlı. Onunla yazışırıq. Qəzetdə də yazdı. Fuat Avni ilə yazışırıq. Anam vəfat etdikdə Yasin oxutdu. Enver Aysever və Ertuğrul Günayla da yazışırıq...

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm