“İçkiyə görə ərimdən ayrıldım, indi həyatımda biri var“ FOTOLAR
Bizi izləyin

Tabloid.az

“İçkiyə görə ərimdən ayrıldım, indi həyatımda biri var“ FOTOLAR

Aktrisa Samirə Cavanşirin Publika.az-a müsahibəsi

- Samirə xanım, sizi efirdən, seriallardan tanıyırıq. Ancaq barənizdə bilgilərimiz o qədər də çox deyil.

- 1979-cu ildə Bakıda anadan olmuşam, ailəli deyiləm, bir qızım var.

- Ali təhsiliniz varmı?

- Orta təhsilliyəm. Tərəf müqabillərim var ki, ali təhsil də alıblar, 5-10 il təcrübələri də var, ancaq iki cümləni dalbadal deyə bilmirlər.

- Sizi aktrisa kimi ilk dəfə kim üzə çıxarıb?

- İlk dəfə “Tək səbir”dən tanıdığımız rejissor Həsən Əliyev məni Bakı Biskvit Fabrikinin reklamına çəkib. Ondan sonra Nicat Manafov, Samir Qulamov dəvət etdilər.

- Düşünmürsünüzmü ki, təhsil almaq vacibdir?

- Əlbəttə, vacibdir. Təhsil gələcəkdə fəxri ad almaq üçün də lazımdır.

- Neçə ildir aktrisa kimi fəaliyyətiniz var?

- Səkkiz ildir.

- Bəs o vaxta kimi nə işlə məşğul olurdunuz?

- Öz dükanım olub.

- İndi də var?

- İndi sırf aktrisalıqla məşğulam.

- Aktrisalıqla dolanmaq daha asandır, yoxsa bizneslə?

- İndi aktrisalıqla dolanmaq mümkün deyil. Amma yenə min bərəkət.

- Peşəkar aktyorlar, aktrisalar sizin kimi təhsilsiz aktrisaların seriallara, filmlərə çəkilməyinə etiraz edirlər. Sizcə, haqlıdırlarmı?

- Mən onların fikriylə razıyam. Ali təhsil almasam da, özümü peşəkar aktrisa sayıram. Serial çəkilişlərində olsanız, nə demək istədiyimi başa düşərsiniz. Oxumuş, işləmiş aktyorlar var ki, iki cümləni ard-arda deyə bilmir. Düzdür, təhsil də, diplom da lazımdır.

- Yeddi-səkkiz il ticarətlə məşğul olmusunuz, artıq səkkiz ildir də aktrisa kimi fəaliyyət göstərirsiniz. Növbəti dəfə işinizi, peşənizi dəyişmək barədə düşünürsünüz?

- Artıq düşünürəm ki, mənim peşəm budur. Özümü ali təhsilli aktrisalar qədər peşəkar hesab edirəm. Gələcəkdə görsəm ki, aktrisalıqla dolanmaq olmur, başqa bir işlə də məşğul olaram.

- Məsələn, bizneslə...

- Yəqin ki, elə bir şey olar. Çünki biznesi bacarıram. Hələlik bu barədə düşünmürəm.

- Bir çəkiliş günü üçün nə qədər qonorar tələb edirsiniz?

- Kütləvi səhnələrə dəvət edirlər, gülünc məbləğ deyirlər, imtina edirəm.

- Nə qədər?

- Gününə 15-20 manat. O məbləğə evimdən kənara çıxmağıma dəyməz, heç mənə yaraşmaz. Bunu özümə təhqir bilərəm.

- Bəs minimum qonorarınız?

- Minimum 100-200 manat tələb edirəm. Elə serial var ki, aylıq əməkhaqqı verir, eləsi var gündəlik ödəyir.

- “Səfərin ailəsi” serialında aylıq əməkhaqqınız nə qədərdir?

- Məni qane edən məbləğdir. Kütləvi səhnələrə çəkilmək istəmədiyimi dedim. Ola bilər ki, həvəskar aktyor və aktrisalar bu sözə görə məni qınayacaqlar.

- Düşünürsünüz ki, kütləvi səhnəyə çəkilmək olmaz?

- Qətiyyən çəkilmirəm.

- Niyə?

- İlk başladığım vaxtlarda çəkilirdim. İndi küçəyə çıxanda insanlar məni tanıyır, hörmətlə yanaşırlar, avtoqraf istəyirlər, şəkil çəkdirirlər...

- Hətta avtoqraf da istəyirmişlər.

- Bəli, bəli. Ona görə kütləvi səhnələrə qətiyyən çəkilmərəm.

- Bizim kino və teatr tariximizin əfsanəvi aktyorları olub ki, kütləvi səhnələrə də çəkiliblər, epizod da oynayıblar. Sizin fikirləriniz özündənrazılıq deyil ki?

- Özündənrazılıq deyil. Epizod oynamaq başqa bir şeydir. Mən də epizod oynayıram. Məsələn, Elməddin Cəfərovun “Qız atası” serialının iki seriyasında epizod oynadım. Amma kütləvi səhnələrdə əvvəlki illərə qədər çəkilirdim. İndi daha çox baş rollara dəvət alıram. Fikrimcə, oyunum rejissoru qane etməsə, məni ümumiyyətlə, çağırmaz.

- Avtomobil idarə edirsiniz?

- Yoxumdur, idarə etmirəm.

- Almağa imkan yoxdur, yoxsa istək?

- İstəyirəm, amma imkanım yoxdur.

- “Səfərin ailəsi” serialında həyat yoldaşınız sizdən yaşca qat-qat böyükdür. Real həyatda belə bir vəziyyət yaşamısınız?

- Real həyatda belə təkliflər olub, amma qəbul etməmişəm. Yaşca böyük insanlar da simpatiyalarını ifadə ediblər. Kişidir də... Ümumiyyətlə, şəxsi münasibətlərdə böyük yaş fərqini qəbul edə bilmirəm. Hər şeyin bir həddi var.

- Həyat yoldaşınızla yaş fərqiniz nə qədər olub?

- Həyat yoldaşım məndən 15-16 yaş böyük olub. Mən uşaq olanda, o, yetkin insan idi.

- Neçə yaşınızda ailə qurmusunuz?

- 16 yaşımda məni qaçırdıb. Onda mən orta məktəbdə oxuyurdum. Bir neçə dəfə elçi göndərdilər, amma fikrim başqaydı. İndi qızımın 18 yaşı olacaq.

- Öz istədiyiniz var idi?

- İstədiyim yox idi. Orta məktəbi çox yaxşı oxumuşam. Düşüncəm oxumaqla bağlıydı. Təsəvvürümə gətirə biməzdim ki, nə vaxtsa aktrisa olacağam.

- Həyat yoldaşınızdan niyə ayrıldınız?

- Beş il ailəli olduq. Sonra elə problemlər yarandı ki, bu evliliyi davam etdirmək mənasız idi.

- Zorakılıq var idi?

- Yox, zorakılıq deyildi. Şəxsi həyatımı çox açıqlamaq istəmirəm.

- ...

- Çox yola verdim, çox dözdüm. İçki düşkünüydü. İndi həyatdadır, yaşayır.

- Ailəniz dağılanda 21-22 yaşınız vardı. Niyə ikinci dəfə ailə qurmadınız?

- Ailə quracağım insan övladıma qarşı pis rəftar etsəydi, həmin dəqiqə ayrılardım.

- Bəs qızınız ailə qurandan sonra öz şəxsi həyatınız barədə düşünmək...

- Bu, gələcəyin işidir. Hazırda həyatımda bir nəfər var, onu canımdan artıq sevirəm.

- Çox istərdim səmimi cavab verəsiniz. O, ailəlidir?

- Ailəli olub, boşanıb, o da mən gündədir. (gülür) Onunla 3-4 yaş fərqimiz var.

- İş adamıdır? Bunları soruşmaqda məqsədim var. Adətən, aktrisalar evli, ailəli iş adamlarıyla sevgili olurlar. Təbii ki, hamısına aid deyil...

- Həyatda heç vaxt pula önəm verməmişəm. Xoşum gələn insan varlı olmaya da bilər. Mənim qədər onun da mənə can yandırmağı bəs edir. Sənət adamı, iş adamı deyil. Adi, sadə bir insandır. Geniş mənada bizneslə məşğul deyil, kiçik biznesi var.

- Münasibətləri rəsmiləşdirməyi düşünürsünüz?

- Gələcəkdə hər şey ola bilər. Niyə də olmasın? Çünki həyatımda ondan başqa bir kişini təsəvvür edə bilmirəm. Artıq beş ildir bir yerdəyik. Qohumlarımız, ailələrimiz də münasibətimizdən xəbərdardırlar.

- Sosial şəbəkədə diqqətçəkən, açıq-saçıq fotolarınız var və o fotolara şərhlər yazılır. Belə şeylər onu qıcıqlandırırmı, yoxsa ümumiyyətlə, sosial şəbəkədən istifadə etməyinizdən xəbərsizdir?

- Xəbəri var və ondan həyatı boyu heç nəyi gizlətmirəm. Bayırda kim mənə nə desə, gəlib ona deyirəm. Bir var o hadisəni kimdənsə eşidə, bir də var özüm deyim. Çox qısqancdır.

- Geyimlərinizə qarışır?

- Deməzdim ki, qarışır. Həddən artıq açıq-saçıqlıq olanda qarışır. Bizim nəsildə ilk şalvarı mən geyinmişəm. Əmim qızları yaşca məndə çox böyükdürlər. Beşinci sinifdə oxuyanda mənə irad tuturdular ki, əmilərinin qarşısına belə çıxma, ayıbdır. Bunu gəlib atama dedim. Atam dedi sənə irad tutsa, de ki, atam icazə verir.

- Qızınız həyatınızda birinin olmasından xəbərdardır?

- Bəli.

- Bayaq bildirdiniz ki, qızınıza görə ailə qurmamısınız. Bir var rəsmən ailə qurmaq, bir də var qeyri-rəsmi münasibətlər. Ərə getmirsiniz, amma həyatınızda kimsə var. Burada dəyişən nədir?

- Rəsmi nikaha daxil olmaqla xoşbəxtlik olmur. Mən bu insanı dörd ildən artıq idi ki, tanıyırdım, ünsiyyətimiz var idi.

- Sizə maddi dəstəyi var?

- Var, niyə də olmasın? Biz bir ailə kimi yaşayırıq. Onun valideynləri, mənim yaxınlarım bu münasibətdən xəbərdardırlar. Kəbinimiz də var.

- Niyə teatrlardan birində işləmirsiniz?

- Bir il əvvələ kimi Bakı Estrada Teatrında işləyirdim. Gördüm ki, 100-140 manat əməkhaqqıyla dolanmaq olmur. Ona görə uzaqlaşdım.

- Teatrda, filmdə, serialda yataq səhnələri oynamısınız?

- Olmayıb.

- Təklif olarsa?..

- Səhnədən çox şey asılıdır. Baxır da... Ancaq erotik məqamları olan filmdə oynamaram. Milli mentalitetimiz var. Bura Türkiyə, yaxud başqa ölkə deyil.

- Bəs xarici filmdən təklif gəlsə?

- Fikirləşərdim, baxardım...Məncə, yox, çəkilməzdim.

- Son zamanlar aktrisalar çimərlik geyimində fotosessiyalar etdirirlər...

- O dərəcədə açıq-saçıqlığım yoxdur. Şəxsi həyatımı, bədənimi gizlətməyə üstünlük verirəm. Bir var açıq-saçıq geyinəsən, bir də sırf çimərlik geyimində olasan. İstəmərəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm