• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əməkdar artistdən şok etiraf: “Mənə fahişə dedilər”

Əməkdar artistdən şok etiraf: “Mənə fahişə dedilər”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova Azərbaycanda çəkilən filmlərdə ən cəsarətli obrazları ilə tanınıb.

Publika.az-a müsahibə verən aktrisa onu da bildirib ki, Azərbaycanda ilk dəfə fahişə obrazını özü yaradıb. Buna görə başı çox ağrıyıb, amma heç də peşman da deyil.

- Bildiyimiz qədər, sovet dönəmində rejissorlarımız aktyorlar arasında fərq qoyaraq, baş rolları çox vaxt öz tanışları və dostlarına verirmişlər. Eləcə də aktrisalara… Siz necə, belə problemlə qarşılaşmısınız?

- Çox olub, amma mənim özümün də imtina etdiyim rollar olub. Məsələn, “Sarıköynəklə Valehin nağılı” filmində mənim roluma o qədər aktrisalar seçmişdilər ki… Axırda mənə bata bilmədilər. O vaxt seçim Moskvada aparılırdı. Məni sınaq çəkilişlərində görüb bəyənən rus məşhurları Sarıköynək üçün məhz məni seçdilər.

- Amma bildiyimə görə, “Təhminə və Zaur” filmində Meral Konratdan öncə Təhminə obrazı sizə verilibmiş, amma sonradan bu rol türk aktrisasına həvalə olunub…

- Bəli. Bu hadisə məni çox incitdi. Günlərlə filmin məşqlərində iştirak etdim. Fəxrəddin Manafov Allah şahididir ki, mən bu rola görə nə qədər əziyyət çəkdim. Amma film hazır olan ərəfədə qəfildən türk aktrsiası Meral Konrat peyda oldu.

- Bəs reaksiyanız necə oldu?

- Heç özümü sındırmadım və rejissora da bir kəlmə söz demədim. Durub Rasim Ocaqovla dava edəsi deyildim ki, onsuz da qərarını vermişdi və heç nə dəyişməyəcəkdi. Hələ də o Təhminə rolu ürəyimdə qalıb.

- Bəlkə, açıq-saçıq səhnəyə çəkilmək istəmədiyiniz üçün rejissor seçimi dəyişib?

- Yox, mən hər şeyə razılıq vermişdim. Orda bir yataq səhnəsi vardı. Əslində, elə də açıq-saçıq səhnə deyil. Manafov o aktrisaya neyləyir ki?

- Rəhmətlik Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmində cəsarətli bir rol yaratdınız. Halbuki, o dönəmdə heç bir aktrisa birdən-birə belə bir fahişə obrazında çəkilməyə razılıq verməzdi…

- Düz deyirsiniz, heç bir aktrisanın oynamağa cəsarət etməyəcəyi roldan mən imtina etmədim. Mən ömrüm boyu Şahmar müəllimə borcluyam, çünki mənim aktrisa kimi tanınmağımda və püxtələşməyimdə rolu böyük olub. Düşünmədən, tərəddüd etmədən o rola razılıq verdim. Bilirdim ki, buna görə başıma oyun açacaqlar, topa-tüfəngə tutacaqlar, cəmiyyətin təzyiqləri ilə üzləşəcəyəm, amma geri çəkilmədim.

- Film efirdə nümayiş olunandan sonra sizə qarşı münasibət necə oldu?

- Necə olacaq, dəhşət... Amma hamısının cavabını verdim, ağızlarını yumdum. Mənə “fahişə” dedilər, yolda döyülməyim barədə xəbərlər yaydılar. Guya bu rola görə kişilər məni yolda döyüb. Heç barmaqlarının ucunu da toxundura bilməzdilər, çünki mən peşəkar aktrisayam və hər bir aktrisa istənilən rolu ekranda canlandırmağa borcludur.

- Bu gün necə, belə bir rolda oynayardınız?

- Əlbəttə, amma baxır onu hansı rejissor canlandıracaq. Təbii ki, bəzi məqamları da nəzərə alardım.

- Amma əksər həmkarlarınız belə rollara çəkilməkdən imtina edir...

- Onları qınamaq olmaz, çünki qorxurlar. Cəmiyyətin təpkisindən, insanların reaksiyasından. Cavan aktrisalarımız hərdən belə rollara çəkilirlər, amma onlarda bayağı alınır.

- Əslində, peşəkar aktrisa üçün baryer olmamalıdır axı…

- Əlbəttə, “mentalitet” sözünü gözümüzə soxmamalıdırlar. Bu mentalitetə görə o qədər gözəl filmlərdən imtina etmişəm ki… Bizim kişilər əcnəbi seriallara öz arvadları ilə oturub baxır, ağızlarının suyunu da axıdırlar. Amma peşmandır, bizim aktrisalardan kiminsə baldırı görünsün, o saat topa-tüfəngə tuturlar. Adama deyərlər, xeyir ola, əcnəbi aktrisa çılpaq oynayanda peşəkar olur, amma bizimkilər açıq-saçıq səhnəyə çəkiləndə adını əxlaqsız qoyursunuz? Belə şeylərdir e, bizi geri qoyan. Mən xaricdə olsaydım, aktrisa kimi indi milyonlarım vardı. Əgər kimsə məni kənardan dəvət etsə, gedib həvəslə filmlərinə çəkilərəm. İstənilən rolu canlandırmağa hazıram. Amma öz seriallarımızda çəkilmərəm.

- Niyə?

- Ona görə ki qəpik-quruş verirlər. Onların qəpik-quruşuna görə niyə vaxtımı, enerjimi sərf etməliyəm? Zəhmət çəkib, xaricdən gətirdikləri o aktrisalara verdikləri pulu bizə də versinlər, biz də çəkilək.

- Sizə burda nə qədər pul verirlər ki?

- Ayda 500 manat. Onu da tez-bazar elə çəkirlər ki, az pulun hesabına bizi çox işlətsinlər. Amma bizim zəhmət haqqımızı aparıb özünə xərcləyir. Baxırsan, arvadına bahalı brilyantlar alır, özünə villa tikdirir, gündə avtomobilini dəyişir. Amma mənə çatanda 500 manat verir. Bunu Allah götürər? And içmişəm, burada bir seriala çəkilmərəm. Gətirib istədiyim məbləği versinlər, razılaşaq.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR