• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Xalq artistindən şok etiraf: “Qayınanam dedi ki, ərin aktrisalarla qucaqlaşır” - FOTOLAR

Xalq artistindən şok etiraf: “Qayınanam dedi ki, ərin aktrisalarla qucaqlaşır” - FOTOLAR

Həmsöhbətim xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikovdur. Azərbaycan teatrında və kinosunda bənzərsiz obrazlar yaradan aktyor Publika.az-a ilk dəfə olaraq şəxsi həyatından da danışıb.

- Mehdi Məmmədov, Tofiq Kazımov kimi nəhəng rejissorların əlindən su içmisiniz… Mənə çox maraqlıdır, bu gün səhnəyə çıxanda ustadlarınızı xatırlayırsınızmı?

- Kinodan fərqli olaraq, teatrda aktyor hər zaman tamaşaçı ilə birbaşa ünsiyyətə girir. Bu mənada bəxtim gətirib - Mehdi Məmmədov, Tofiq Kazımov kimi rejissorların hazırladığı tamaşalarda rol almışam.

- Bu gün sadaladığınız o sənətkarlar yoxdur. Hər dəfə səhnəyə çıxanda onların yoxluğunu hiss edirsinizmi?

- Vaxtilə mənim Səməndər Rzayev kimi tərəf-müqabilim olub, o, cəmi 41 il ömür sürüb, amma indi də korifey sənətkar kimi yad olunur. Bu gün o boşluğu hiss edirəm. Yəni demək istəyirəm ki, tərəf-müqabilinin rolu çox böyükdür. Aktyor tərəf-müqabilindən ilham almalıdır. Mənim vaxtilə tərəf-müqabili olduğum Səməndər Rzayev, Hamlet Xanızadə, Vəfa Fətullayeva kimi dostlarım yoxdursa, əlbəttə, o boşluğu hiss edirəm. O nostalji hisslərlə yaşayıram. Deyirəm ki, kaş o aktyorlardan, heç olmasa, bir-ikisi yanımda olaydı. 72 yaşım var, onları bu gün də yuxuda görürəm. Gecələr mən onlarla səhnədə söhbət edirəm. Onlarla keçirdiyim günlər kino lenti kimi gəlib keçir gözüm önündən. Heyif ki, bu, yuxuda mümkün olur. Təəssüf, bu gün belə tərəf-müqabillərim yoxdur. Var yaxşı aktyorlar, amma heyif ki, onlarla tamaşalarda qarşılaşmırıq.

- Kimləri nəzərdə tutursunuz?

- Biri elə Fuad Poladov, böyük məmnuniyyətlə onunla səhnədə tərəf-müqabili olardım. Nurəddin Mehdixanlı ilə də oynamaq istərdim, baxmayaraq ki, bir neçə tamaşada tərəf-müqabili olmuşuq.

- O dövrdə də sənət adamları arasında indiki kimi qalmaqallar vardı?

- Əslində, belə deyirlər ki, intriqasız teatr ola bilməz. Amma əsl sənət əsəri səhnədə böyük aktyorlarla yaranır. Amma o böyük aktyorlar indi yoxdur. Bizim dönəmdə yaşlı sənətkarlarla cavan aktyorlar arasında qarşılıqlı hörmət vardı. Öz təcrübələrini bizə öyrədirdilər. Amma indiki cavanlar bizə baxıb öyrənmək istəmirlər. Onlara elə gəlir ki, artıq özləri hər şeyi bilirlər.

- Biz belə hesab edirik ki, bütün gözəl rolları oynamısınız. Bəs siz necə düşünürsünüz, ürəyinizdə qalan elə bir rol olubmu ki, indiyə qədər onu gözləyirsiniz?

- İndi o barədə danışa bilmərəm, çünki yaşım bu sözü deməyə artıq imkan vermir.

- Bəs indiki yaşınızda hansı rolu oynamaq ürəyinizdən keçir?

- Çox mürəkkəb, dramatik rolda oynayardım.

- Məsələn?

- Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”ını, yaxud da onun “Dağılmış tifaq” əsərində bəy obrazını oynayardım.

- Bəs öz həyatınızı oynadığınız rol olubmu?

- Yox. Həyatda bir başqayam, səhnədə bir başqa.

- Həyatda necə birisiniz?

- Qoy bunu kənardakılar desinlər.

- Yaxşı, onda bəyənmədiyiniz bir xüsusiyyəti deyərdiniz.

- Həmişə sözü düz üzə deyən adam olmuşam.

- Bunun ziyanını çəkmisinizmi?

- Çəkmişəm. Amma buna görə peşman olmamışam.

- Həyatda hər zaman səmimi olaraq yaşamaq mümkündürmü?

- Mümkünsüzdür. İnsan Allah tərəfindən yaradılan ən mürəkkəb məxluqdur. Bu gün mən səmimi ola bilmirəm. Çünki səmimiyyət qarşılıqlı olmalıdır. Qarşı tərəf səmimi olmayanda sən də qalırsan belə.

- Ətrafda sizi ən çox qıcıqlandıran nədir?

- Birini deyim, ikisini deyim, beşini deyim? O qədərdir ki...

- Həyatda oynamaq çətindir, yoxsa səhnədə?

- Həyatda heç vaxt oynamaq lazım deyil. Ədalətli, düzgün, mədəni, tərbiyəli olmaq lazımdır.

- Qarşınıza yaxşı adamlar çox çıxıb, yoxsa pis adamlar?

- Yaxşıları çox görmüşəm. Pis adamlarla ünsiyyətim olmayıb.

- Bağışlamağı bacarırsınız?

- Baxır nəyi.

- Bu günə qədər bağışlamadığınız çoxmu şeylər olub?

- Yadıma gəlmir ki, kiməsə qarşı kin saxlayım. Mənə qarşı kin saxlayan adamın olmasını da xatırlamıram.

- Nəyi bağışlamazdınız?

- Xainliyi.

- Olub həyatınızda?

- İndiyə qədər olmayıb, Allah eləsin, indən belə də olmasın. Çünki heç vaxt xainliyi bağışlamaram. Bir də ədabazlığı xoşlamıram. Mənim qarşımda heç kim ədabazlıq edə bilməz. O gərək bilsin ki, qarşısında kimdir. Çünki mənim dünyagörüşüm o adamınkından qat-qat çoxdur.

- Uşaqlığınız içinizdən boylanırmı heç?

- Yadıma düşür. Birinci sinfə getməyim, müəllimlərimin saçıma sığal çəkməsi indi də gözümün önündədir.

- Bax bu dəqiqə içinizdə saxladığınız o balaca uşaq haradan boylanır?

- “Olimp”lə üzbəüzdə yerləşən Mədəniyyət və İncəsənət Universitetinin yerində bizim evimiz vardı. Beşinci çörək zavodunun yanı onda dağlıq ərazi idi. Biz ora “mayovka”ya gedirdik. Özü də ayaqyalın. Bax bu saat mən səninlə danışıram, o uşaq məhlədəki dostlarıyla birgə orada oynayır. Başı bərk qarışıqdır.

- O dövrdə, adətən, valideynlər uşaqlarının aktyor olmasının əleyhinə idilər...

- Mənim də ata-anam qətiyyətlə aktyor olmağımı istəmirdilər. Bizim nəsildə incəsənətdə olanlara münasibət yaxşı idi. Dədə-babam opera teatrına gedirdilər, amma mənim bu peşəni seçməyimi istəmirdilər. Mən o vaxt – 14 yaşımda teatr dərnəyinə getdim və səhnəni ilk dəfə onda sevdim.

- Xoşbəxt aktyor, xoşbəxt ata, xoşbəxt həyat yoldaşı – bunların hansını özünüzə daha yaxın bilirsiniz?

- Oynadığım rollar, çəkdiyim əziyyət, yuxusuz gecələrim həmişə mənə xoş təsir göstərib. Mən səhnədə zərbə almışam, barmağım sınıb. Oyuna davam etmişəm. Çünki bu peşəni sevmişəm.

- Bu hadisə hansı tamaşada baş verib?

- “İblis” tamaşasında, üçüncü pərdədə. Barmağımı sarıyıb, 45 dəqiqə o ağrı ilə tamaşanı sona çatdırmışam. Rolum o ağrını mənə hiss etdirməyib. Öz sənətimdə xoşbəxt aktyoram. İki övladım, dörd nəvəm var.

- “Baba” sözü sizi kompleksə salmır ki?

- Yox, yox… Nəvələr mənə “ata” deyir.

- Özünüz belə istəmisiniz?

- Bəli. Həyat yoldaşıma “ana” deyirlər, mənə də “ata”.

- Aktyor xanımı olmaq da çətin işdir… Xanım sarıdan bəxtiniz gətirib?

- Əlbəttə, 40 ildən artıqdır bir yerdə yaşayırıq. Xanımım əvvəl Bülbül adına musiqi məktəbini, sonra ingilis dili fakültəsini bitirib. Amma işləmir. Evdar xanımdır.

- Xanımınızda dəyər verdiyiniz xüsusiyyət hansıdır?

- Həmişə mənim qayğımı çəkib.

- Kaprizli insansınız?

- Bəzi hallarda bəli. Xanımım dözüb mənə.

- Ailədə, yəqin ki, həmişə sizin sözünüz keçib, çünki sərt görkəminiz var.

- Əlbəttə, mənim sözüm keçib. Amma güzəştə getdiyim bəzi məqamlar olub.

- Bəs güzəştə getmədiyniz məqamlar?..

- Olub, amma indi yadıma gəlmir.

- Xarizmatik aktyorsunuz. Yəqin, xanımınız buna görə sizi tərəf-müqabillərinizə qısqanıb?

- Olmayıb. Çünki o, mənimlə evlənəndə aktyor olduğumu bilirdi. Və onu da bilirdi ki, səhnənin tələbi ilə aktrisalarla qucaqlaşa da bilərəm, öpüşə də. Çəkildiyim tamaşalarda bu səhnələr olub da. Amma onu da deyim ki, xanımım yox, qayınanam bu səhnələrə görə həmişə hirslənərdi. Qayınanam yoldaşıma deyirdi ki, ay Tamilla, olmaz axı belə, görmürsən, ərin səhnədə aktrisalarla necə qucaqlaşır? Niyə dinmirsən?

- Premyeralara xanımınızı gətirirdiniz?

- Hərdən nəvəmi gətirirdim. İndi onun 19 yaşı var, İspaniyada təhsil alır.

- İstərdinizmi davamçınız olsun?

- Oğlum Anar davamçımdır, hazırda Azərbaycan Televiziyasında rejissor kimi çalışır.

- Dostluq etdiyiniz aktyorlar var?

- Rafiq Əzimov və digər öz yaşıdlarımla dostluq edirəm.

- Bu gün həyat sizin üçün maraqlıdırmı?

- Mən deyərdim ki, maraqlı yox, çox mürəkkəbdir.

- İçiniz hansı rəngdədir?

- İçim boz rəngdə deyil. Bəzən mənim haqqımda deyirlər ki, qaraqabaqdır, ötkəmdir, azdanışandır. Amma sizinlə söhbət edirəm, bilmirəm siz mənim barəmdə nə düşünürsünüz?

- Əslində, mən də fərqli düşüncədə idim. Amma görürəm ki, yox, göründüyünüz qədər qaraqabaq adam deyilsiniz.

- Bax gördünüzmü? Görünüş aldadıcı ola bilər. Həmişə insanlara yaxşılıq etmək istəmişəm, onların üzünə bağlanan qapıları açmağa çalışmışam.

- Zamanında üzünüzə çoxmu qapı bağlayıblar?

- Heç vaxt. Hər zaman istədiyim qapını açıb içəri girmişəm. Bu, sənətimə olan hörmətdən irəli gəlib.

- Maşallah, sizə baxıram, formanızı yaxşı saxlamısınız. Buna necə nail olursunuz – idmanla?

- İdmanla məşğul idim. Amma iki dəfə əməliyyat olundum - ürəyimdən və böyrəyimdən. İndi idman eləmirəm.

- Həm də səliqəli, zövqlü geyim tərzi ilə fərqlənirsiniz…

- Həmişə teatrda ən gözəl geyinən aktyor mən olmuşam. Bunu teatrda da mənə deyirlər. Bir dəfə Məlik Dadaşovun 90 illiyinə başqa cür geyinib gəlmişdim. Teatrın direktoru mənə dedi ki, o vaxtlar biz sənə baxıb geyinməyi öyrənirdik, bu nədir geyinmisən? Mən də brend köynək geyinmişdim. Onlar axı məni həmişə qalstukda, kostyumda görüblər, birdən-birə sərbəst geyimdə olmağım onları təəccübləndirmişdi. Amma indi nadir hallarda qalstuk taxıram.

- Niyə? Bəlkə, yaşa dolduqca daha sərbəst, daha azad olmaq istəyirsiniz?

- Bəli, məhz buna görə.

- Geyimlərinizi kimin zövqü ilə seçirsiniz?

- Həm özümün, həm də xanımımın zövqü ilə. Daha çox öz zövqümlə geyinirəm. Mən gözəl geyinməyi sevirəm.

- Bildiyim qədər, ətrafınızda xanım heyranlarınız da çox olub?

- (gülür) Olub, çox olub. Amma həmişə öz hisslərimi nəzarətdə saxlamışam. Xanımların sevgisindən sui-istifadə etməmişəm.

- İndi peşmançılıq hissi keçirmirsiniz ki, kaş o vaxtlar aradabir nəzarətdən çıxaydım?

- Məni tanıyanlar da bilir ki, heç vaxt nəzarətdən çıxan kişi olmamışam. Həmişə özümü nəzarətdə saxlamışam.

- Bu, nədən irəli gəlib?

- Həyat yoldaşıma olan hörmətdən.

Cəvahir Səlimqızı

Foto: Elnur

Xəbər lenti

DAHA ÇOX XƏBƏR