• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezident İlham Əliyev: Novruz milli sərvətimizdir - FOTOLAR

Prezident İlham Əliyev: Novruz milli sərvətimizdir - FOTOLAR

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər.

Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli qızlar və oğlanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.

Bahar qız dövlətimizin başçısına səməni təqdim etdi.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli qızlar və oğlanlar meydanda rəqs edirdilər. Musiqi sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi: “Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan vətəndaşına yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir. Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq və sabahdan 9 gün istirahət günüdür. Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur. Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. İyirmi dörd ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir”.

İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir: “Vətəndaş qarşıdurması, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və siyasi böhran əlbəttə ki, müstəqilliyimizə çox böyük zərbə vurmuşdu. Ancaq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi. Azərbaycanda siyasi və iqtisadi islahatlar aparılmağa başlanmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. O vaxtdan – 1990-cı illərin ortalarından bu günə qədər 20 il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, müstəqilliyimiz möhkəmlənir, güclənir və Azərbaycan bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanınır.

Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız yüksək zirvələrə çata bilər. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat yaşamasını təmin edəcəyik”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda şəhərlərimiz abadlaşır, insanların rifah halı yaxşılaşır: “Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakımız gözəlləşir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının qədim tarixi, bizim milli sərvətimiz olan Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər - bu, dünya miqyaslı sərvətdir. Eyni zamanda, Bakının yeni simvolları, yeni rəmzləri yaradılır - Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər, Xalça Muzeyi, bu yaxınlarda açılan bulvar. Onun uzunluğu artıq 16 kilometrə çatır. Yəni, budur bu gün bizim ölkəmiz. Azərbaycana gələn hər bir qonaq əgər o, qərəzli deyilsə, bunu görür, etiraf edir. Dostlarımız sevinir, düşmənlərimiz peşman olurlar.

Biz öz yolumuzla gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik və ölkəmizi daha da gücləndirəcəyik. Bayramınız mübarək olsun!”

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəldilər.

Burada Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin üzvləri, rəqs və mahnı qrupları çıxış edirdilər.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl Prezidenti və ailə üzvlərini bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğururdu.

Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer almışdı.

Xatırladaq ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Prezident İlham Əliyev və ailə üzvləri pəhləvanların, güləşçilərin çıxışlarını izlədilər, aşıqların ifalarını dinlədilər.

Burada çay süfrəsinə qonaq olan dövlətimizin başçısı və ailə üzvləri daha sonra Azərbaycan xalçalarının nümunələrinə və kəlağayılara baxdılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bayram hədiyyəsi edildi.

İndi Azərbaycan dünya idman tarixində mühüm hadisə kimi qalacaq ilk Avropa Oyunlarına hazırlaşır. Bununla bağlı builki Novruz mərasiminin təşkil olunduğu Dənizkənarı Milli Parkda xüsusi guşələr yaradılıb.

Burada Prezident İlham Əliyevə birinci Avropa Oyunlarına ilk onlayn bilet təqdim olundu.

Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlanır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədr təyin olunması ölkəmizin bu sınaqdan da uğurla çıxacağına əminlik yaradır. Təbii ki, Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitlikdən, son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərdən irəli gəlir. Digər tərəfdən, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, coğrafi mövqeyi, güclü idman infrastrukturu, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasında olub.

Ötən dövrdə Təşkilat Komitəsi fəal iş aparıb. Avropa Oyunlarının Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları da hazırlıq işlərinin yüksək səviyyədə aparılmasına geniş imkanlar açıb, infrastruktur layihələrinin icrası təmin olunub. İlk Avropa Oyunlarının keçiriləcəyi əsas arenada - Bakı Olimpiya Stadionunda artıq tikinti işləri başa çatıb və Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. İlk Avropa Oyunlarının xaricdə təbliğinə də xüsusi əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın iri şəhərlərində təntənəli təqdimat mərasimləri təşkil olunub. İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunları 20 idman növünü əhatə edəcək. Buraya Olimpiya və qeyri-olimpiya idman növləri daxildir. 6 mindən çox idmançının mübarizə aparacağı ilk Avropa Oyunlarının əhəmiyyətini artıran mühüm amil onun 8 idman növü üzrə Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Heç şübhəsiz ki, bu mötəbər idman yarışı Azərbaycan idmançılarının parlaq qələbəsi ilə yadda qalacaq və ölkəmizin idman tarixinə şanlı səhifə kimi həkk olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını izlədilər.

“Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan “Ceyran” və “Nar” dövlətimizin başçısına və xanımına hədiyyələr təqdim etdilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk Avropa Oyunlarının könüllüləri ilə xatirə şəkli çəkdirdilər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR