• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Şöhrətini qüsursuz ayaqlarına borclu olan 43 yaşlı gözəl - FOTOLAR

Şöhrətini qüsursuz ayaqlarına borclu olan 43 yaşlı gözəl - FOTOLAR

Kameron Diaz. Hollivudun sarışın gözəli… 23 yaşında olmasına baxmayaraq, gözəlliyindən heç nə itirməyən, gənc rəqiblərini belə qısqandıracaq qədər cazibədar görünən Kameron Diaz karyerasına 16 yaşında modelliklə başlayıb. 1988–1993-cü illər modelliklə məşğul olub. Qısa zamanda tanınmış modellərdən birinə çevrilməyi bacaran Kameron Diaz Yaponiya, Avstraliya, Morokko və Parisdə ən məşhur brendlərin dəfilələrinə çıxıb.

"Mademoiselle" və "Seventeen" kimi populyar jurnallarda fotosessiyaları yayımlanıb. Həmin dövrdə "Calvin Klein", "Coca Cola" və "Levi’s" kimi şirkətlərin reklam kampaniyalarında iştirak edib.

Daha sonrakı illərdə aktrisa kimi fəaliyyət göstərməyə başlayır. Kameronun ulduzu kino sahəsində də parıldayır.

1994-cü ildə ilk filmi "Maska"da Cim Kerri ilə baş rol oynayan Kameron Diaz bir anda ən məşhur aktrisalardan birinə çevrilir.

2000-ci ildə də yenə dünyada səs-küyə səbəb olan və davamı hələ də çəkilən "Çarlinin mələkləri" filmində rol alır.

Gözəlliyi ilə hər kəsi özünə heyran qoyan Kameronun şəxsi həyatı çox hərəkətli olub. Ötən il özündən 7 yaş kiçik olan Benci Medden ilə ailə quran Kameronun həyatından bir çox yaraşıqlı və zəngin kişi keçib.

O, ingilis milyarder Devid Rotşildlə eşq yaşayıb. Deviddən öncə isə "Paypal" adlı şirkətin qurucusu olan İlon Mask ilə birlikdə olub. Leonardo Di Kaprio, Cud Lav, Pol Skulfor kimi yaraşıqlı aktyorların da adı Kameronla birgə hallanıb.

Kameron Diaz hər şeydən öncə şıqlığı və özünə yaraşdırmağı bacardığı dəbli geyimləri ilə seçilir. Hər zaman qırmızı xalıya damğa vuran gözəl aktrisa sadəliklə şıqlığın möhtəşəm harmoniyasını yaradır.

Publika.az-ın "Onların stili" layihəsində bu dəfə illərə meydan oxuyan Kameron Diazın stil sirlərindən bəhs edəcəyəm. Məqsədim bu gözəl xanımın tərzindən, cazibədarlığından zövq almağınız və bayram əhval ruhiyyənizi iki qat çoxaltmaqdır.

Qısa libaslarla qırmızı xalıda seksuallıq nümayişi

Kameron Diaz özünə yaraşanı tapmaqda ustadır. Hollivudun ən yaxşı tərzə sahib ulduzları arasında göstərilməsi təsadüfi deyil. Gözəl ulduz qara, qırmızı, göy və ağ rənglərə üstünlük verir. Krem və gümüşü rənglərdə biserli, simli geyimlər xoşuna gəlir. Qarderobu pastel tonlarında olan geyimlərlə doludur. Bəzən geyimlərinin üzərində gipür kimi diqqətçəkən detallar olsa da, adətən sadə modellərə üz tutur.

Maksi və midi libasları sevir, ancaq ayaqlarının gözəlliyini gizləmək fikrində də deyil. Tez-tez qırmızı xalını mini ətəkləri ilə şənləndirir.

Kameronun ayaqları həqiqətən də qüsursuzdur. Bunun fərqində olan aktrisa ayaqlarını ön plana çıxarmaqdan çəkinmir. Kürək və sinə dekolteli geyimləri də az deyil.

2011-ci ildə "Instyle" jurnalı tərəfindən "Tərzi ən çox bəyənilən məşhur" seçilən Kameron Diazın ayaqqabıları da çox bəyənilir. Aktrisa stilini zərif ayaqqabı seçimləriylə tamamlayır. Adətən topuqdan bağlı hündürdaban, burnu qapalı ayaqqabılara üstünlük verir. Ayaqqabıda da klassik rənglərə meyil edir. Kameron "Pour la Victoire" adlı öz ayaqqabı kolleksiyasını satışa çıxarıb. Aktrisanın tərzini əks etdirən bu ayaqqabılar bir çox Hollivud ulduzunun da sevimlisinə çevrilib.

Sarışın gözəlçə

Aktrisanı illər öncə qara saçlarla görmüşük.

Ancaq uzun zamandır ki, Kameron yalnız sarı saçlarla rahatlıq tapır. Qısa saç kəsimini xoşlayan aktrisa ya saçlarını dağınıq şəkildə toplayır, ya da xəfif dalğalı edir.

Sadə və effektli makiyaj

Kameron Diazın makiyajı olduqca sadədir. Klassik makiyaj üslubuna sadiq qalır. Dodaq boyasını geyiminin rənginə uyğun seçir. Qırmızı, bej, və ya şaftalı çalarlarında olan dodaq boyalarından çəkir. Gözlərini isə parıltılı, sayrışan effektli göz kölgələri ilə vurğulayır. Adətən pastel tonlarında olan göz kölgələrini seçir. Mavi gözlərinin gözəlliyindən əmin olan ulduz süni kirpikdən istifadə etmir.

Geyimə uyğun aksessuar

Aktrisa aksessuardan istifadə etməyi elə də sevmir. Nadir hallarda boyunbağı və sırğa taxır. Aksessuar olaraq daha çox saatlara üstünlük verir. Geyimini tamamlamaq üçün seçdiyi aksessuarları adətən dəbə uyğun olur.

Qısa şortlar və ətəklərlə rənglənən küçə stili

Kameron Diazın küçə stili də diqqətə layiqdir. Yaz aylarında qısa ətək və şortlardan vaz keçmir. İri çantalar da sevimliləri arasındadır. Xüsusilə də sarı rəngli çantası əlindən düşmür.

Aktrisa lüks çantalarını dəfələrlə istifadə etməkdən çəkinmir. O, çantalarını fərqli kombinlərlə birləşdirərək möhtəşəm tərzini vurğulayır. Cins köynək, şalvar və şortlar da Kameronun küçə stilinin vaz keçilməzlərindəndir.

Saat sevgisi

Lüks saatlardan istifadə etməyi xoşlayan Kameron Diaz bir müddət "TAG Heuer" brendinin siması olub. Diaz tərzinə uyğun olmayan brendlərlə əməkdaşlıq etmir. Yalnız öz qarderobunda yer verdiyi markalarla işləyir.

43 yaşlı ulduz bu günə kimi bir çox məşhur jurnalın üz qabığını bəzəyib. Onlardan ən yaxşılarını sizin üçün seçmişəm.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR