Əbülfəs Qarayev: “I Avropa Oyunlarıyla bağlı muzeylər gecə saat 2-yə kimi işləyəcək”
Bizi izləyin

Tabloid.az

Əbülfəs Qarayev: “I Avropa Oyunlarıyla bağlı muzeylər gecə saat 2-yə kimi işləyəcək”

“I Avropa Oyunları ilə əlaqədar bütün muzeylər uzadılmış rejimə keçəcəklər. Məsələn, Xalça muzeyi gecə saat 1-2-yə kimi işləyəcək. Hazırda teatrlarda tərcümə sistemi ( rus və ya ingilis dillərində) qurulur, bələdçilər hazırlanır. Nazirlik bununla bağlı İçəri Şəhərlə əməkdaşlıq edir. Biz Avropa Oyunları ərəfəsində küçələrdə xırda şou və təqdimatlar keçirməyi planlaşdırırıq”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin respublikada fəaliyyət göstərən informasiya agentlikləri, qəzetlərin redaktorları və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri ilə görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanı ölkə olaraq dünyaya tanıtmaq, dünya informasiya məkanında adının səsləndirilməsi və bura gələn hər bir qonağın razı getməsidir. Nazir bildirib ki, təyyarədə birinci xidmətdən başlamış, həmin turist ölkəsinə qayıdana qədər hər kəs Azərbaycan haqqında müsbət ictimai rəy formalaşdırmalıdır və bu, hamının vəzifəsidir.

Tədbirdə həmçinin Turizm İnstitutunda jurnalistika fakültəsinin açılması təklif olunub. Əbülfəs Qarayev bildirib ki, bu məsələ hələlik mümkün olmasa da, institutda mətbuat nümayəndələri üçün treninqlər keçirilə bilər.

Kulturoloqların azlığından danışan nazir bununla bağlı ekspertlərin hazırlanması üçün tapşırıqlarını verib. Turizm obyektlərinin təbliğinə gəlincə, nazir bildirib ki, bu, özəl sahə olduğundan nazirlik onların işlərinə qarışa bilmir. Onun sözlərinə görə, bu məsələdə mətbuat nümayəndələri də aktiv olmalı və həmin sahədə çalışanlara reklamın vacibliyini anlatmalı, reklama cəlb etməlidirlər.

Jurnalistlər üçün muzeylərə girişin pulsuz və vəsiqə əsasında olması təklif olunub. Bildirilib ki, Türkiyədə, İtaliyada və digər ölkələrdə jurnalistlərin vəsiqələri ilə muzeylərə, tarixi abidələrə giriş mümkün olsa da, bizdə bu vəsiqə keçərli deyil.

Nazir bildirib ki, hələlik bu baxımdan jurnalistlərin vəsiqədən istifadə etməklə muzey və digər tarixi obyektlərə girişi mümkün deyil. Amma gələcəkdə bu məsələ həll oluna, heç olmasa, jurnalistlərə müəyyən günlər ayrıla və həmin günlərdə jurnalist vəsiqəsilə giriş mümkün ola bilər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm