Uşağa ölümü necə izah etməli?
Bizi izləyin

Tabloid.az

Uşağa ölümü necə izah etməli?

Uşağa ölümü necə izah etməli?

Təəssüflər olsun ki, son günlər Türkiyənin gündəmi qara ölümlərlə bağlı oldu. Qardaş Türkiyə ən çətin günlərdindən birini yaşadı.

Bu faciədə valideynlərini itirmiş uşaqlara ölümü izah etmək ən çətin məsələdir. Tabloid.az bununla bağlı psixoloq Dəyanət Rzayevin fikirlərini öyrənib.

- Türkiyədə baş verən hadisələrdən xəbəriniz var. Nə qədər uşaq öz valideynini itirib. Bu kimi hallarda uşaqlara ölümü necə izah etmək lazımdır?

- Əlbəttə, xəbərim var, çox üzücü xəbərdir. Ümumiyyətlə bu, bir məqamın izahı deyil. Uşağı balacalıqdan bu cür hadisələrə hazırlamaq lazımdır.

Məsələn , Avropada və Amerikada nənə, baba kimi yaxın adamlar dünyasını dəyişəndə onların daha göylərdə yaşadığını deyirlər. “O, göylərdən bizi görür” kimi və başqa formada təsəlli verirlər. Belə deyək, artıq fors-major hadisələr baş verəndə uşaq nisbətən hazır olur, bunu başa düşür və dərk edir.

Deyilməsə də, göz yaşlarından, səs tonundan, mimikalarından uşaq nə isə xoşagəlməz bir hadisə ilə qarşılaşacağını anlayır. Amma uşaq hazırlıqlı olmayanda, təbii ki, onun üçün daha çətin olur.

Yaxşı olardı ki, belə hallarda uşağın yaxınları uşaq psixoterapevti ilə məsləhətləşsin. Əgər uşaqda ciddi gərginlik varsa, uşaq psixoterapevti müdaxilə etməlidir.

Bütün ölkələrdə Fövqəladə Hallar Nazirliyinin özünün psixoloqları və psixoterapevtləri fəaliyyət göstərir. Belə hallar baş verəndə onlar birbaşa həmin ailələrlə işləyir, dəstək olurlar. Bu çox delikat məsələ olduğu üçün belə hadisələrə birmənalı və laqeyd yanaşmaq olmaz. Bütün hallarda belə faciələr uşaqlar üçün çox travmatik situasiyadır.

- Uşaqlar yaşlı insanlarla müqayisədə ölümü necə qəbul edir?

- Ölüm böyüklərdə olduğu kimi, uşaqlarda da qavranılması çətin məsələdir. Uşaqlar ölümə real baxmırlar. Onlar ölümün var olduğunu bilsələr də, onu dərindən tam mənası ilə başa düşə bilmirlər.

Çünki həyat o qədər uzundur ki, yaxşı hisslər, yaxşı hadisələr onları kədərə qapılmağa icazə vermir. Eyni zamanda onun düşüncəsini düzgün formalaşdırmaq lazımdır.

- Bunu necə etmək olar?

- İnsanın ölmədiyini, göylərə və daha yaxşı yerə getdiyini demək olar.

- Bu xəbəri uşağa kim açıqlamalıdır?

- İtirdiyi adamdan əlavə, həyatında birinci dərəcəli yaxını kimdirsə xəbəri də o açıqlamalıdır. Seçilən məkan səssiz və aydın olmalıdır. Bunu izah edən mümkün qədər soyuqqanlı olmalı, lakin duyğularını gizlətmək üçün xüsusi səy göstərməməlidir. Belə həssas bir mövzuda səsi titrəyə bilər, gözlərindən yaşlar süzülə bilər. Bunlar təbii insani duyğular olduğu üçün uşağın görməsində heç bir problem yoxdur.

- Uşaqlar yas saxlamalıdır?

- Yox. Həmin ərəfədə 1-2 gün uşağa müəyyən izahatlar vermək lazımdır. Heç bir yas rituallarına əməl etməyə məcbur etmək olmaz. Fəsadlar hər uşaqda özünü fərqli şəkildə göstərə bilər- 6 ay ərzində yuxusuzluq, inadcılıq, iştahasızlıq, qəzəb, diqqət pozğunluğu. Ailələr bu həssas dönəmlərdə çətinliklə qarşılaşarsa, uşaq psixoterapevtinə müraciət etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm