Astrologiya gələcəkdən dəqiq xəbər verə bilmir
Bizi izləyin

Tabloid.az

Astrologiya gələcəkdən dəqiq xəbər verə bilmir

Astrologiya özünü dərk etməyə və dəyişdirməyə kömək edir

Astrologiya özünü dərk etməyə və dəyişdirməyə kömək edir

Astrologiya Yer hadisələrinin əvvəlcədən xəbər verilməsi, müxtəlif səma cisimlərinin bir-birinə nəzərən vəziyyəti əsasında ayrı-ayrı fərdlərin gələcək həyatı haqqında məlumat verilməsindən bəhs edən elmdir. Astrologiya səma cisimlərinin və göydəki planetlərin qarşılıqlı vəziyyətlərini öyrənərək fərdlərin, bir qrup insanların və ümumiyyətlə, xalqların gələcəyindən xəbər (zəruri məsləhətlər) verir.

Müxtəlif zaman kəsiklərində astrologiya tarixin gedişinə bu və ya digər dərəcədə təsir edib. Lakin bir çox məsələlərdə müasir elmlə ciddi ziddiyyətlər təşkil edir. Astrologiyanın əsas məğzi ondan ibarətdir ki, müxtəlif zaman kəsikləri öz xarakterinə görə fərqlənir. Müəyyən hadisələrin həyata keçməsi üçün hansı vaxtın düşərli və ya düşərsiz olması göydəki cisimlərin qarşılıqlı təsirindən asılıdır. Bu fikir təqvim haqqında elmin - xronologiyanın yaranmasına təkan verib. Xronologiya elmi müəyyən cəhətlərinə görə, astrologiyaya yaxındır. Ulduzların vəziyyəti, onların çıxması və batması astrologiyada, eləcə də xronologiyada mühüm yer tutur. Astrologiya elmi astral dinin əsasında yaranıb və onunla sıx köklərlə bağlıdır, müəyyən vaxta qədər astrologiya və astral din vahid bir elm idi. Ulduzların ilahiləşdirilməsi onların uzun illər müntəzəm surətdə müşahidə olunması zərurətini yaratdı. Bununla da külli miqdarda elmi biliklər toplandı. Bu elmi biliklərin sayəsində allahlara sitayiş etməyin, müəyyən işlərin həyata keçməsinin, bol məhsulun əldə edilməsinin uğurlu vaxtını təyin edirdilər.

Astrologiya insanın hər şeyi bilmək və öyrənmək həvəsi ilə, onun ətraf aləmi qurmaq, yaratmaq, tədqiq və analiz etmək ehtiyacı ilə nəinki təbiətin, eləcə də bütün kainatın sirlərini bilmək, özünü, öz taleyini və gələcəyini təyin etmək arzusundan yaranıb. Astrologiyanı qədim xalqların minillik təcrübəsi ilə şərtlənən biliklər toplusu adlandırırlar. Bu elm insanın, insan taleyinin kainatla sıx əlaqəsini öyrənir. Elə bu kosmik bünövrə əsasında da makrokosmos (Kainat) ilə mikrokosmos (insan) arasında anologiya yaranır.

Qoroskop xəritəsində qeyd olunan insan bir bioenergetik sistem kimi dəyərləndirilir. İnsanın həyatı isə geokosmik güc sahələrinin bir-birinə zidd hərəkətlərindən ibarətdir. Astrologiya insanın mürəkkəb təbiətini başa düşən, hər bir kəsin nadirliyini dərk edən bir sistemdir. Təbiətdə və Yerdə baş verən hadisələr güzgü kimi bir-birində əks olunur və heç nə, heç vaxt təsadüfən baş vermir. Hər bir zaman anı müəyyən xüsusiyyətlərə malikdir və bu xüsusiyyət özünə uyğun insanları, fikirləri və hadisələri "cəlb edir"...

Çoxdan məlumdur ki, Ay ilə okean və dəniz sularının qabarmaları arasında dərin əlaqələr var. Alimlər aydınlaşdırıblar ki, Ay bədirlənəndə (tam şəkildə olanda) bədbəxt hadisələrin və cinayətkarlığın sayı xeyli artır. Təsəvvür etmək çətin deyil ki, digər planetlər də bizə təsir edə bilər. Lakin ulduzlar məcbur etmir, bugünkü vəziyyətimizi planetlər təşkil etmir. Ona görə də indiki halımıza görə planetləri günahlandırmaq lazım deyil. Xarici görünüşümüz fikirlərimizdə yaratdığımız daxili aləmimizin əksidir. Lakin özümüzü dərk etməyə və özümüzü dəyişdirməyə cəhd edə bilərik. Astrologiya məhz bu işdə bizə kömək edir...

Artıq indi - XXI əsrin başlanğıcında anlayırıq ki, astrologiya gələcəkdən dəqiq xəbər verə bilmir. Lakin müəyyən zaman kəsiyinə hansı mənəvi sıxıntıların uyğun gəldiyini başa düşməkdə astroloq bizə kömək edə bilər. Gələcəyimizi həll etməksə öz əlimizdədir.

Qoroskop bizim imkanlarımızı göstərir və konkret zaman kəsiyində ən münasib qərarlar qəbul etməyə kömək edir. Astrologiya bizim güclü və zəif tərəflərimizi başa düşməkdə yardımçı olur. Bu cür hallarda isə çatışmazlıqlardan yaxa qurtarmaq və ləyaqəti artırmağa cəhd etmək olar. Həmişə yadda saxlamaq lazımdır ki, həyatımızın məsuliyyətini özümüz daşıyırıq, cavabdeh də özümüzük və həyatımızı istədiyimiz kimi qururuq. Əslində, elə əsl həqiqət də budur: taleyimiz öz əlimizdədir.

Astrologiya universal bir elm kimi insandan hərtərəfli biliklər - ilk növbədə riyaziyyat, tarix və tibb sahəsində biliklər tələb edir. Hal-hazırda elə bir tədris müəssisəsi yoxdur ki, orada bu fənnlər bir tədris proqramı çərçivəsində keçirilsin. Belə ki, bizim təhsil sistemi iki hissəyə bölünüb: təbiət və humanitar elmlər. Bu isə yalnız birtərəfli inkişafa zəmin yaradır. Astrologiyanın inkişaf etməməsinin birinci səbəbi də məhz budur.

İkinci səbəb isə hökmranlıq edən materialist dünyagörüşüdür. Bu dünyagörüşünə əsasən, maddi qüvvələrdən başqa, hansısa bir qüvvənin hadisələrə təsiri yolverilməzdir.

Paradoksal olsa da, üçüncü səbəb dinlərin astrologiyaya qadağa qoyması ilə bağlıdır. Çünki astrologiya dini ehkamlardan biri olan "öz taleyini dərk edə bilməmək" prinsipinə ziddir. Nəticədə isə astrologiya həm mənəvi, həm də təcrübi cəhətdən müasir həyatdan kənarda qalır və müxtəlif fırıldaqçıların gəlir mənbəyinə çevrilir. Bu fırıldaqçılar isə astroloq adı altında eybəcər işlərlə məşğul olurlar. Astrologiyanın inkişafı üçün cəmiyyət məhz yuxarıda qeyd olunan səbəbləri aradan qaldırmalıdır...

Astroloqların dövlət qulluğunda fəaliyyət göstərmələri haqqında ən qədim məlumatlar Çindən gəlir. Miladdan əvvəl 2137-ci ilin 22 oktyabrında bir salnaməçi yazırdı: "İçkiyə qurşanan Xi və Xo öz vəzifə borclarını unudaraq, tutduqları vəzifəyə yaraşmayan hərəkətlərə yol vermişdilər. Onlar ilk dəfə olaraq göy cisimləri yollarının illik hesabatını aparmamışdılar. Bunun da nəticəsində payızın son ayının ilk günlərində qəflətən Günəşlə Ay Fanq (Əqrəb) bürcündə görüşdülər...". Yazının sonrakı fəsillərindən məlum olur ki, Xi və Xo güntutulmasını əvvəlcədən xəbər vermədiklərinə görə başları kəsilib.

Qədim Assuriyadan (Babilistan) bizə gəlib çatan gil lövhvəciklər təqribən VII əsrin ortalarına aiddir. Bu lövhəcikdə astroloq Nadin yazırdı: "Ayın 14-ü Aytutulması baş verəcək və Elama, Amura bədbəxtlik üz verəcək. Lakin bu, mənim şahıma və ağama heç bir xeyir gətirməyəcək...".

Tibbi astrologiya - insan xəstəliklərini təyin edən və onun qoroskopa meylliliyini öyrənən bir elmdir. Hesab edirlər ki, doğum anında ulduzların bir cərgədə düzülməsi hər hansı xəstəliyə işarədir. Günəşin, Ayın və ulduzların maqnit sahələrinin gücü yeni doğulmuş uşağın vücudundan keçərək, bədəni, qanı və sümükdəki atomların elektron və protonlarının yerləşməsini ömürlük təyin edir.

Lakin müxtəlif astroloji mənbələri oxuyub tələsik diaqnoz qoymaq lazım deyil. Çünki ulduzların və planetlərin yerləşməsinin çoxlu variantları var. Belə ki, insan həyatı boyu müəyyən istiqamətdə öz orqanizmini sahmana sala bilər və ya elə bir şərait yarada bilər ki, xəstəliyin yaranması minimuma ensin.

Bəzi astroloji işarələr, heç bir şübhə olmadan, bir-birilə çox yaxşı uyğun gəlir. İnsanların eyni təbiətə malik olması, onların həyata olan münasibətlərinin və əsas motivlərinin oxşarlığından, eləcə də işarələrinin bir-birini başa düşməsindən asılıdır. Bununla belə bir-birinə zidd olan işarələrin ortaq məxrəcə gəlməsi təsadüfi haldır. Belə işarələrin dünyagörüşündə və hərəkətlərində fərq ondadır ki, onlar hansı işarə və necə yola getdiklərini çox yaxşı bilirlər. Belə işarələrdən birinin xasiyyəti digərini tamamlayır. Bizə zidd olan insanlarla ünsiyyətdə olmaq, özümüzü dərk etməyə və əvvəllər istifadə etmədiyimiz potensial qabiliyyətimizi üzə çıxara bilərik. Bir-birinə düz bucaq altında olan işarələr arasında olan münasibətlər adətən utancaq olur. İşarəsi bizim işarəmizlə 90 dərəcəlik bucaq altında olan insanlarla münasibətlərimiz məyusluq, bir-birini başa düşməmək və qiymətləndirməmək kimi meyarlarla xarakterizə olunur. Bu vaxt disharmoniya yaranır və insan tamamilə zidd hərəkətlərə yol verir.Bu iki şəxs arasındakı qarşılıqlı münasibətlərdəki sirləri tapmaq və düzgün qiymətləndirmək üçün astroloji xəritələrə müraciət etmək lazımdır...

Astroloqlar qoroskopun əsas strukturundan biri olan yaş qoroskopunu da icad etmişlər. Bu qoroskopun əsasında onikiillik tsikl dayanır və hər bir il özünün "zooloji" adına, işarəsinə malikdir. Bu qoroskop insan həyatının on iki yaşına on iki astroloji işarəni uyğunlaşdırır. Hər bir yaşın öz xüsusiyyətləri var və bu yaş uyğun işarənin əlamətini, bu yaşın xüsusiyyətlərini başa düşməyə, izah etməyə kömək edir. İnsanda 12 yaş proqramı var. Bunlardan hər biri öz vaxtını gözləyir, müəyyən müddət davam edir. Lakin bu proqramlar içərisində yalnız biri doğum ilindən asılı olaraq, ömürlük davam edir. İnsan, özünün ömürlük yaş işarəsini - bürcünü bilməli və nəzərə almalıdır.

Bu elmdə olan bütün cərəyan nəzəriyyələrinin ən qədimi zərdüştilik astrologiyasıdır. Təqvim dövrü 32 ildir. Hər bir il müəyyən heyvanlarla, totemlərlə bağlı olan simvollara malikdir. İnsanın gələcəkdə malik olacağı bütün keyfiyyətlər, xarakter və s. bu simvolda öz əksini tapır. Hər bir totemə qarşı onun antitotemi dayanır. Antitotem, insanı gələcəkdə gözləyən şeytani əməllər, şər qüvvələr haqqında məsləhətlər verir. Öz eyiblərinə və çatışmazlıqlarına fikir vermədikdə insanın sifətində antitotemə məxsus cizgilər əmələ gəlir və bu da şəxsiyyətin məhvinə gətirib çıxarır. İnsan sifəti öz toteminin obrazına nə qədər yaxın olsa, bir o qədər şər qüvvələrdən uzaq olar. Zərdüştilik astrologiyası təqvimində yeni il 21 martda - Günəş Qoç bürcünə daxil olanda başlayır. Fevralda və martda (20 marta kimi) anadan olanlar həmişə əvvəlki və sonrakı illərin toteminin təsiri altındadır...

Səbuhi RƏHİMLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm