“Dərdimə şərik olmayan insanı niyə dost adlandırım ki?!” – Özəl
Bizi izləyin

Tabloid.az

“Dərdimə şərik olmayan insanı niyə dost adlandırım ki?!” – Özəl

Reşat Kəsəmənli:"Cəsəd torpağın altına getdisə, o, artıq murdardır. Allahın dərgahına gedən ancaq insanın ruhudur".

“Tabloid.az” saytının qonağı mərhum məhəbbət şairi Nüsrət Kəsəmənlinin oğlu Reşat Kəsəmənlidir.

-Millət vəkili Sabir Rüstəmxanlı dostu Nüsrət Kəsəmənlinin qəbrini ziyarətə gedəndə mərhumun məzarını ot-alaq basdığının şahidi olduğunu mətbuata söyləyib. Sözsüz ki, bundan sonra Kəsəmənli ailəsini qınayanlar çox oldu. Bəlkə bu məsələyə aydınlıq gətirəsiniz...

- Bütün Azərbaycana məlumdur ki, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu üç yaxşı dost olublar. Şəxsən mən özüm onların hər ikisinə əmi deyərək müraciət etmişəm. Sabir Rüstəmxanlı mənim qardaşımın kirvəsi olub. Mən ona elə mətbuat vasitəsi ilə sual vermək istəyirəm. Niyə o, bütün jurnalistlərin, mətbuatın gündəmində olan mövzu ilə - qardaşım Araz Kəsəmənlinin həbsi ilə heç maraqlanmır? Niyə bu məsələni gündəmə gətirmir? Amma atamın məzarını ziyarət edəndən sonra açıqlayır ki, 12-13 il sonra Nüsrət Kəsəmənlinin məzarını ziyarət etdim. Hansı insan dost məzarını ziyarət etmək üçün 12-13 il gözləyir?!

Birincisi, əgər o özünü dost sayırdısa, məzarı ziyarət etməyə 12 il sonra niyə gedirdi ki. İkincisi, bütün Azərbaycan bilir ki, mən təkəm. Mənim yeganə qardaşımı günahsız yerə həbs ediblər. Əgər lazım gələrsə, bununla bağlı Avropa məhkəməsinə kimi müraciət edəcəyəm. Çünki qardaşım günahsızdır! Onu kimlərinsə sifarışı ilə tutublar. Mən hazırda qardaşımın hayındayam, təkəm çatdıra bilmirəm.

Digər tərəfdən, guya kim gündə gedib atasının məzarını ziyarət edir ki? Hamı ölünün məzarını bayramdan-bayrama, doğum günlərində və il dönümündə ziyarət edir. Bu o demək deyil ki, mən atamın qəbrini ziyarət etmirəm. Mən hər gün dualarımı edib fatihəsini oxuyuram. Mən ən son ora mart ayında getmişəm. Sadəcə yağış yağanda məzarın ətrafında ot-ələv bitir.

Əgər Sabir Rüstəmxanlı belə yaxşı əmi idisə, yaxşı dost idisə, özünə əmin idisə, niyə bir dəfə də olsa qardaş oğlu ilə maraqlanmadı? Niyə soruşmadı ki, mənim qardaşımın oğlunu günahsız yerə həbs ediblər?! Niyə bu haqda bir şey yazmadın? Amma qəbrin ətrafını ot basmasından ürək dolusu danışıb.

Mən bu məsələyə dini baxımdan da cavab verə bilərəm. Dinimizdə deyilir ki, qəbir ziyarəti müəyyən müddətə kimi olmalıdır, yəni qəbir itib-batmalıdır. Allah buyurur ki, cəsəd torpağın altına getdisə, o, artıq murdardır. Yəni mən bunları deməklə ölüləri təhqir etmirəm, qətiyyən, sadəcə bilməliyik ki, təmiz və pak olan Allahın dərgahına gedən ancaq insanın ruhudur.

“Nüsrət Kəsəmənlinin dostu yoxdur!”

- Sizcə, Sabir Rüstəmxanlı niyə bunu ailənizə şəxsən söyləmədi və ya öz aranızda buna görə sizi tənbeh etmədi? Niyə məzarın ziyarətində gördüklərini mətbuata açıqladı?

- Bunun səbəbləri var. Mən verilişlərin birində demişdim ki, atamın heç bir dostu yoxdur. Və çəkinmədən yenə də deyirəm ki, Nüsrət Kəsəmənlinin bir nəfər də olsa, dostu yoxdur. Yaxşı dost belə olmaz! Bu mənə elə təsir edib ki, efirdə də atamın dostunun olmadığını demişəm. Mənim dərdimə şərik olmayan insanı mən niyə dost adlandırım ki?! Sizi inandırım ki, Nüsrət Kəsəmənli sağ olsaydı, həmin insanların heç birinə dost deyərək müraciət etməzdi. Mən qardaşımın məsələsi ilə məşğulam, anam təkdir, bunlar da müzakirə etməyə mövzu tapıblar. Bu çox ayıb bir məsələdir.

- “Dost dar gündə tanınar” deyiblər. Sizin dostlarınız necə? Dar gününüzdə yanınızda oldularmı?

- Təbii ki, mən dostlarımdan razıyam, məni tək qoymadılar. Mənə zəng edəndə ilk sözləri belədir:”Qardaş, qardaşımızdan nə xəbər var?” Bu mənim üçün yetərlidir, onun taleyi ilə maraqlanırlar, soruşurlar. Allahıma çox şükür edirəm ki, atamın dostlarına baxanda, mənə yaxşı dostlar yetirib.

- Araz həbs olunmadan öncə belə bir ifadə işlətmişdi ki, “əgər günahsız yerə həbs olunsam, özümü öldürəcəm”...

- İnanın indi o, mənə bu sözləri deyir. Deyir ki, Reşat sən məni qoymadın, mən özümü öldürəcəkdim... Dedim Araz lazım deyil, Allahdan qorx. Sən 15 ildir ibadət edirsən. Qoy səni bu vəziyyətə salanın cəzasını Allah versin. O, insan qorxsun ki, axirət günü Allahın ona verdiyi cəzadan qaça bilməyəcək. Onun da övladları var, arada bir çevrilib övladlarına baxsınlar.

“Təxribat xarakterlidir...”

- Hakim nəyə əsaslanaraq Arazın həbs olunmasına qərar verdi?

- İnanın heç özüm də bilmirəm. Bütün faktlar bizim xeyrimizə idi. Qanın müayinəsi müsbət çıxıb, əl izi yox, narkotik satmağı təsdiq edilməyib. Əlimizdə olan həmin kağızları dünyanın hansı ölkəsinə aparıb göstərsək deyərlər açın buraxın. İnanın ki, gülərlər.

- Bu Araza qarşı təxribat ola bilərmi?

- Ola bilər yox, artıq bu faktdır ki, təxribat xarakterlidir.

- Arazla düşmənçilik edənləri tanıyırsınız?

- Kimliyini bilmirəm. Amma o kimdirsə bilərəkdən qardaşımın azadlıqda olmasını qətiyyən istəmir.

- Arazın düşmənlərindən şübhələnirsiniz?

- Bu suala cavab verərkən nə desəm günah etmiş olaram. Həmin şəxsin günahına girmək istəmirəm. Ona görə də heç nə deyə bilmirəm.

- Bəlkə kiminləsə problemi olub? Həmin şəxs tərəfindən məsələyə təzyiq ola bilərmi?

- Araz 20 yaşından həbsxanada olub, artıq 15 ildir. Kiminlə problemi ola bilər ki? İnanmıram elə şey olsun.

- Sizcə, Arazla niyə düşmənçilik edirlər?

- Vallah bilmirəm, kimdirsə Arazın azadlıqda olmasını qətiyyən istəmir. Allahdan qorxmurlar, bunlar nə cavab verəcək Allaha?

- Məlum məsələdir ki, məhkəmənin qərarı ilə heç cürə razılaşa bilmirsiniz. Bununla bağlı Avropa məhkəməsinə müraciət etmək fikriniz varmı?

-Mütləq, bu məsələnin sonuna qədər gedəcəm. Elə bilməsinlər ki, qərarla razılaşdıq . Hazırda işə Apelyasiya Məhkəməsində baxılır və bilirəm ki, zəng edib ora da təzyiq edəcəklər. Müsbət cavab almasaq, Ali Məhkəməyə, daha sonra isə Avropa Məhkəməsinə müraciət edəcəyəm.

- Sizcə, Avropa Məhkəməsi hansı qərarı verəcək?

- Bizim sənədlərlə əlbəttə ki, bəraət verəcəklər. İndi əlimdəki sənədi hüquq təhsili olmayan şəxs oxuyarsa, gülər. Ortada heç bir fakt yoxdur.

- Bir az yaradıcılığınız haqqında danışaq. Sizi seriallarda tez-tez görürük. Yeni bir serialda çəkilməyə təklif almısınız?

- Bəli, ancaq hələ adı bəlli deyil. Serialın rejissoru Nadiq Müqbilovdur.

- Aparıcı kimi də fəaliyyətdəsiniz. İşlərin öhdəsindən gələ bilirsiniz?

- Bəli, Xaçmaz regional televiziyasında həftədə bir dəfə verilişim var. “Səhər çələngi” adlanan verilişdə rahatam. Kollektivimizdə çox gözəl insanlar var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm