12 Zodiak bürcü necə yarandı?
Bizi izləyin

Tabloid.az

12 Zodiak bürcü necə yarandı?

Bu təqvimdə günlər, Günəşin çıxmasından batmasına qədər (gündüz) və batmasından çıxmasına kimi (gecə) 12 bərabər hissəyə (saat) bölünüb: günün uzunluğu gecədən bir qədər çoxdur, günün və gecənin uzunluqları yalnız gün bərabərliyi vaxtında bərabərləşir. Bu

Babilistan təqvimi

Bu təqvimdə günlər, Günəşin çıxmasından batmasına qədər (gündüz) və batmasından çıxmasına kimi (gecə) 12 bərabər hissəyə (saat) bölünüb: günün uzunluğu gecədən bir qədər çoxdur, günün və gecənin uzunluqları yalnız gün bərabərliyi vaxtında bərabərləşir. Bu təqvimdən Qədim Babilistan, Misir, Yunanıstan, hətta Avropada da orta əsrlərə kimi istifadə olunurdu.

Gildani (haldey) astrologiyası

1. Əvvəl "gildanilər" (e.ə. II minilliyin sonu I minilliyin əvvəllərində) Cənubi və Orta Mesopotamiyada yaşamış semit - aramey xalqına deyirdilər.

2. Sonralar "gildani" sözünü Babilistanda yaşayan və həm astrologiya, həm də astronomiya ilə məşğul olan kahinlər kastasına aid etdilər.

3. Bu termin astroloq sözünün sinonimi olsa da, adətən mənfi mənalarda işlədilir.

Antik ədəbiyyatlarda "gildani" sözü Babilistan astronom və ya astroloqunu, ümumiyyətlə isə şərq astroloqunu adlandırmaq üçün işlədilirdi. Eramızın 16-cı ilində imperator Tiberi gildaniləri Romadan qovdu və ölkədə astroloji ədəbiyyatların yayılmasını qadağan etdi.

Gildani astrologiyası - şumer-babil astrologiyası əsasında yaranmış adi Zodiak astrologiyasıdır. Bu astrologiya Yeni Babil dövründə, gildani çarının hakimiyyəti dövründə (e.ə. 625-539-cu illərdə) inkişaf etməyə başlayıb. Gildani astrologiyası ellinistik astrologiyaya və ümumiyyətlə, mədəniyyətə böyük təsir göstərib. Bu astrologiya Roma İmperiyasında geniş yayılmış Mitra mədəniyyəti ilə sıx əlaqədə olub. "Gildanilər" və Bel allahın kahinləri haqqında ilk məlumatlara Herodotun "Tarix" əsərində (I cild) rast gəlinir. Aristotel yazırdı ki, suriyalı bir falçı Afinaya gəlib Sokratın vəhşicəsinə öldürüləcəyini bildirdi. Strabon öz "Coğrafiya" əsərində yazır ki, (16-cı kitab, I hissə) "gildani astronomlarının" bir-neçə tayfası mövcuddur. Aspektlər haqqında elmin yaranmasının "gildanilərə" məxsus olduğunu Gemin də qeyd edir (Son vaxtlar tapılmış mixi yazılar da bunu bir daha subut edir).

Siciliyalı Diodor, Arian və Plutarx iddia edirlər ki, Makedoniyalı İsgəndər Babilistana hücum edərkən yolda "gildani kahinlər" onun qarşısına çıxıb və ona şəhərə girməməyi məsləhət görüblər. Onlar ulduzlara əsasən öyrəniblərmiş ki, İskəndərin ölümü Babilistanda baş verəcək.

Diodor özünün "Tarixi kitabxana" əsərində (II cild) gildanilərin biliklərinin əsas cizgilərini göstərmiş və onu yeddi hissəyə bölmüşdü:

1.Kosmosun, ilahi idarəetmənin və astroloji öncəgörmənin struktur və davamlılığı haqqında;

2. planetlər və onların gücləri haqqında;

3. tərpənməz ulduzlar və Zodiak haqqında;

4. planetlərin insanın doğulmasına və həyatına təsiri haqqında;

5. Zodiakdan kənar 24 əsas ulduz haqqında;

6. Ay, tutulmalar və Yerin forması haqqında;

7. Makedoniyalı İsgəndərin hücumundan 473 min il əvvəl aparılmış müşahidələr.

Gildani (haldey) astrologiyası

Diodor bildirir ki, gildanilər bir çox şahlar haqqında öncəgörmələr tərtib edirlər. Bunların içərisində Makedoniyalı İsgəndər, Antiqon və Qalib Selevk də vardı.

Vaxt keçdikcə astrologiyanın bu növü adi öncəgörmələrə çevrildi, bu isə sadəcə olaraq xalqın sıravi üzvləri arasında maraq oyadırdı. Siseronun əsərlərində gildani astrologiyasına aid bu cür yazılara rast gəlinir: "Evdoks yazırdı ki, gildanilərə və onların insan həyatı haqqında verdikləri öncəgörmələrə heç cür inanmaq olmaz".

Gildani sırası

Gildani sırası planetlərin orta sürətinə əsasən onların getdikcə artan düzülüşüdür: Saturn, Yupiter, Mars, Günəş, Venera, Merkuri və Ay. Astroloji ədəbiyyatlarda bu sıranın müəllifləri "gildanilər" hesab edilir, əslində isə Mesopotamiya yazılarında planetlərin sırası bu cür qəbul olunurdu: Yupiter, Venera, Merkuri, Saturn və Mars.

Yunanıstan (e.ə. 900-cü il - eramızın 150-ci ili)

Yunanlar astrologiyanı babillilərdən xeyli gec öyrənsələr də, səmanı səbrlə tədqiq etmirdilər. Bu səbəbdən də onlar ulduzları və planetləri bir-birindən yalnız IX əsrdə fərqləndirə bildilər. Yunan münəccimləri beş planeti ixtira edərkən bu səma cisimlərinin zahiri görünüşlərinə əsasən onlara adlar da verdilər: Venera səhərlər göründüyündən o, "Şəfəq carçısı" adlandı. Amma yunanlar bilmirdilər ki, Venera bəzən gecələr də görünür. Onlar hesab edirdilər ki, gecələr görünən başqa planet - Vespertinadır. Beləliklə, yunanlar Merkurini "Sayrışan Ulduz", Marsı "Qəzəbli", Saturnu isə "Parlaq" adlandırdılar.

Eramızdan əvvəl VI əsrdə filosof Pifaqor özünün məşhur "Sahələr ahəngi" traktatını yazdı. O, iddia edirdi ki, kainat nəhəng bir sferadır, onun içində Yer kürəsi və onu əhatə edən hava var. Onun bu sahədə təsəvvürləri çox poetikdir: "Günəş, Ay və planetlər hər biri kürə və ya çarxa bərkidilmiş konsentrasiyalı çevrələr ətrafında fırlanırlar. Bu çevrələrin tez-tez fırlanması xışıltılı və ya həzin notlar yaradır. Məlum olur ki, hər bir planet xüsusi tona malik səs çıxarır və bu ton orbitlərin ölçüləri arasındakı münasibətdən asılıdır. Bununla ətrafında dövrə vuran planetlər, hərəkət edən orbitlər nəhəng lira əmələ gətirir".

Pifaqordan 200 il sonra, eramızdan əvvəl IV əsrdə yunan astronomu və riyaziyyatçısı Yevdoks yeni təqvim yaratdı. Yevdoks həm də səmanı 12 bərabər hissəyə böldü. O, planetlərin hərəkətini elmi dildə izah edən ilk yunan astronomu oldu. Onu da qeyd edək ki, hazırda işlətdiyimiz "planet" sözü qədim yunan dilində "planetes" (mənası "səyyah" deməkdir) sözündən əmələ gəlib. Əgər ulduzlar səmada eyni vəziyyətdə olursa, planetlər öz orbitləri ətrafında hərəkət edir. Buna görə də onları "səmada azan və ölü ruhlarını toplayan səyyahlar" adlandırırlar. Yevdoksun təliminə görə, planetlər öz trayektoriyalarında kürəşəkilli pərdə ilə dayanırlar.

Yunan astrologiyasında dönüş Makedoniyalı İsgəndərin e.ə. 331-ci ildə Babilistanı fəth etməsi ilə bağlıdır. Bilirik ki, Zülqərneyi daima ən müxtəlif münəccimlərlə məsələhətləşirdi. Əfsanəyə görə, nəhəng sərkərdə dünyaya göz açarkən onun anasının çarpayısı başında münəccim Nektanebos dayanıbmış. O, İsgəndərin anasından xahiş edir ki, səmada uğurlu ulduz düzümü yaranana qədər birtəhər dözsün. Nəhayət, Nektanebos deyir: "Ey şahzadə, sən dünyaya dahi şəxsiyyətini gətirdin" - o şəxsiyyət əlbəttə ki, Makedoniyalı İsgəndər idi. Onun Babilistana daxil olması haqqında əfsanəni çoxları bilir. Babil münəccimləri proqnoz verdilər ki, İsgəndər məhz onların şəhərində həlak olacaq. Bu aqibətdən qaçmaq üçün sərkərdə şəhərə qərb darvazalarından daxil oldu. Heç kim gözləmirdi ki, o, bundan istifadə edəcək. Beləliklə, öncəgörmə düz çıxmadı, əksinə, İsgəndər bütün Babilistanın, İran və Hindistanın fəthini, işğalını davam etdirirdi. Buna baxmayaraq o, eramızdan əvvəl 323-cü ilin iyun ayında, 33 yaşında, həqiqətən də Babilistanda vəfat etdi.

Yunanlar da astrologiyanı babillilərdən öyrənərək bu elmi özününküləşdiriblər. Onlar öz mifologiyalarındakı allahların adlarından istifadə edərək beş planetə yeni adlar verdilər. Daha sonra romalılar yenidən bu planetlərin adlarını dəyişdirib onları öz mifoloji allahlarının şərəfinə uyğun adlandırdılar. Hal-hazırda işlətdiyimiz planet adları Roma adlarından əmələ gələn yunan tərcümələrinin latıncaya çevrilməsinin doğma dilimizə edilən tərcümələridir. Görürsünüz ki, bu astroloji adlar neçə dilə tərcümə olunub və bizim dövrə qədər gəlib çıxıb.

Müasir astrologiyanın atası Klavdi Ptolomeydir. Eramızın 140-cı ilində İsgəndəriyyədən olan bu yunan astronomu dörd cilddən ibarət "Tetrabibios" (mənası "dördcildlik" deməkdir, ötən söhbətlərimizdə bu barədə bildirmişdik - S.R.) traktatın yazdı və bu əsərdə öz müşahidələrini, həmçinin Kainat haqqındakı nəzəriyyəsini təqdim etdi.

"Tetrabibios" müasir astrologiyanın ilk dərsliyi hesab edilir. Ptolomey burada bütün planetlərin - astroloji ev və işarələrin mənalarını təsvir etmiş, baxışlar nəzəriyyəsini ifadələndirmişdi. Bu nəzəriyyəyə görə, doğum xəritəsindəki planetlər arasındakı bucaq məsafəsi təsirin tipini təyin edir. Aspektlərin öyrənilməsi müasir astrologiyanın mühüm sahəsi olaraq qalır. Ptolomeyin bilikləri 1400 il ərzində dəyişilməz qaldı. Yalnız 1543-cü ildə Kopernik öz əsərini dərc etdirib orada Ptolomeyin "Yer - Kainatın mərəkəzidir" fikrini inkar etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm