• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qoy açıq geyimlərimə görə məni daşlasınlar” - Özəl, Fotolar

“Qoy açıq geyimlərimə görə məni daşlasınlar” - Özəl, Fotolar

Tabloid.az saytının qonağı aktrisa, fotomodel və sadəcə çox gözəl, səmimi xanım Kəmalə Quliyevadır. Mətbuat onu xalq artisti, aktyor Nurəddin Mehdixanlının qızı kimi tanıdı. Açıq deyək ki, Kəmalə gözəlliyi, səmimiliyi ilə bu qısa müddətdə çox sevildi. Kəmalə Azərbaycan film və serialları üçün potensial aktrisadır. Ümid edək ki, Kəmalənin gözəl siması və istedadını yerli rejissorlar da görəcəklər.

Kəmalə Tabloid.az-a müsahibəsində sənətindən, səs-küy yaradan fotosessiyalarından, atası ilə münasibətindən, uşaqlığından və ailə həyatından danışdı. Müsahibənin birinci hissəsini təqdim edirik:

-Kəmalə, yay istirahəti ilə bağlı nə kimi planlarınız var?

-Hələ istirahətə getməmişəm. May ayında 1-2 həftə istirahət etmişəm. İyun-iyul aylarında dincəlməmişəm. Fikirləşirəm ki, avqustda yenidən istirahətə gedəcəyəm.

-Harada dincəlməyi planlaşdırırsınız?

-Demək olar ki, hər il Antalyaya –Kəmərə gedirəm. Orada dincəlməyi sevirəm. Güman ki, bu il də Kəmərə gedəcəyəm.

- Siz həm fotomodel, həm də aktrisasınız. Yaradıcılığınızda nə kimi yeniliklər gözlənilir?

-Bu yaxınlarda yeni fotosessiyam olacaq. Düzü, bir müddət öncə fotosessiya etdirmək istəmirdim. Çünki şəkillərim internetdə yayımlandıqda şərh bölməsində xoşagəlməz sözlər yazılırdı. İncimişdim. Hətta fikirləşirdim ki, bir daha fotosessiya etdirməyəcəyəm. Amma düşündüm ki, nə geyinməyimdən asılı olmayaraq, həmin şərhlər yazılacaq. Ona görə də fikirləşdim ki, işimi əvvəlki kimi davam etdirəcəyəm. Hamı adamı tərifləyə bilməz ki. Onu da deyim ki, məni tənqid deyil, təhqir qəzəbləndirmişdi. Şərhlərdə tənqid, təhqir və sözsüz ki, tərif də var idi.

-Kifayət qədər gözəl xanımsınız. Maraqlıdır, tənqidlər nə ilə bağlı idi?

-Sosial şəbəkələrdə şortda olan şəkillərim, həmçinin ilk fotosessiyam yayılmışdı. Kiçik bir misal çəkim. Küçədə şortla gəzəndə normal qəbul olunur. Amma şortla şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşanda fərqli münasibət sərgilənir. Yazırlar ki, bu nədir, biabırçılıq. Şortda şəkil çəkdirmək olar? Və yaxud mini ətək, ya da dekolteli geyimlər olsun. Yaxşı ki, çimərlikdə şəkil çəkdirməmişəm, bunu etsəm nələr olardı... Bəs görəsən, camaat çimərliyə necə gedir?

-Təbii ki, çimərlik geyimində.

-Bəli. Amma bizdə çimərlikdə çimərlik geyimində şəkil çəkdirəni təhqir edirlər. Guya özləri dənizə gedəndə paltarla çimirlər. Siz də çimərlik geyimində olursunuz da. Yanlış olan nəyəsə irad tutsalar, dərd yarıdır. Bu halda həmin şərhlərə haqq qazandırmaq olar. Düşünərsən ki, doğrudan belə olmaz axı! Biri də var ki, şəkildə oturmusan, bir az ayaqların açıqdır. Yazacaqlar ki, vay, biabırçılıq. Təhqir, tənqid... Çox ifrat dərəcədə şərhlər yazırlar. Ona görə də fotosessiya etdirmədim. Amma indi fikirləşmişəm ki, maraqlı bir obraz yaradım. Yəni ki, adi bir fotosessiya olmayacaq. Bir neçə Hollivud ulduzunun obrazını canlandıracağam.

-Maraqlıdır, yeni fotosessiyada geyimləriniz necə olacaq?

-Əvvəlki fotosessiyamın biri yay, digəri isə payıza aid idi. Payızda çəkilən fotosessiyam uğurludur. İlk fotosessiyam uğursuz alınıb. İnsanlar bunu başa düşmürlər ki, uşaq yeriməyə cəhd edəndə, iməkləyir, bunu yıxıla-yıxıla edir. Daha sonra isə normal gəzməyə başlayır. Hər bir adam hansısa səhvə yol verə bilər. İlk fotosessiyamın uğursuz olduğunu özüm bilirdim. Sonrakı, gəlinlik geyimində olan fotosessiyalarım çox gözəl, uğurlu alınıb.

Bilirsiniz, problem nədədir? Verdiyim müsahibələrə yaxşı fotosessiyalarımdan olan şəkilləri deyil, uğursuz işimdən olan fotolarımı yerləşdirirlər. Əslində, o şəkillər açıq-saçıq deyil. Sadəcə, oturmuşam, ətəyimi azacıq qaldırmışam. Ayağım görünür, azacıq sinə dekoltesi olan paltar geyinmişəm. Yəni çimərlik paltarında deyiləm.

-Həmin fotosessiyada kimlərin obrazlarını yaradacaqsınız?

-Mənim iki ən çox sevdiyim aktirsa var. Həmin aktrisaların çəkildiyi filmlərdəki bəzi obrazları yaradacağam. Onlar Hollivud ulduzlarıdır.

-Salma Hayek və Ketrin Zeta Cons. Bu xanımlardan hansını seçmisiniz?

-Sifət quruluşuma görə, məni Ketrin Zeta Consa, Türkan Şoraya, Monika Belluçiyə, Ancelina Coliyə bənzədirlər. Onların çəkildiyi obrazları canlandırmaq istəyirəm. Kimin obrazını canlandıracağımı qətiləşdirməmişəm.

-Deyirsiniz ki, xoşagəlməz şərhlərdən dolayı fotosessiya etməyəcəyinizə qərar vermişdiniz. Lakin bir müddət öncə müsahibənizdə demişdiniz ki, atanız Nurəddin Mehdixanlı sizə açıq-saçıq fotosessiyalar etməyi qadağa qoyub...

- Qadağa qoymamışdı. Amma bildirmişdi ki, açıq fotosessiyalara çəkilmə. O, sadəcə mənim fotosessiyamı bəyənməmişdi.

-Hazırda Nurəddin Mehdixanlı ilə münasibətləriniz nə yerdədir? Anlaşılmazlıq aradan qalxıb?

-Bu söhbətlər çox uzandı. İfrat dərəcəyə gətirib çıxardılar. Bütün saytlarda bu mövzuda xəbərlər, məqalələr dərc olunurdu. Və etiraf edim ki, hazırda münasibətlər elə də xoş deyil. Münasibətimiz kəsilib, aramızda inciklik var. Yenə də o, mənim böyüyümdür. İnanmıram ki, aramızdakı inciklik uzun müddət davam etsin. Ondan inciməyə ixtiyarım var.

-Necə düşünürsünüz, atanızla münasibətinizin korlanmasında mətbuatın rolu oldu? Olaylar sanki bir az şişirdildi.. Ata ilə qız arasında anlaşılmazlığa rəvac verildi...

-Düzü, mətbuat mənə böyük bir zərbə vurdu. Onsuz da mən atasız böyümüşdüm. Son 6-7 il idi ki, atamla münasibətim yaranmışdı. 6 yaşım olanda valideynlərim ayrılıb. Həyatımın 20 ilini atasız böyümüşdüm. 25 yaşımdan sonra işimlə əlaqədar olaraq, özüm onun yanına getdim. Bizim artıq isti, mehriban münasibətimiz var idi. Məsləhət verirdi, ata kimi onunla söhbət edirdim. Onunla görüşdən sonra deyirdim ki, atamın yanındaydım.

-Maraqlıdır, görüşəndə sizə hislərini, duyğularını büruzə etdirirdi?

-Atam xasiyyətcə sərt insandır. Amma ondan özümə qarşı sevgi görmüşəm. Atamın mənə qarşı olan sevgisi, məsləhətləri, saatlarla söhbətləşməyimiz... Dayaq, qayğı görməsəm də, sevgi görmüşəm. Əlimdən tutmasa da, onunla görüşüb saatlarla danışmağım mənim üçün hər şey idi. Mətbuat bütün bunları mənim əlimdən aldı.

-Onun peşman olduğunu etdiniz? Sizə mənəvi və maddi dəstək olmadığı üçün...

-O, çox yaxşı insandır. Mənim böyüyümdür. Məni görüb, özülüyündə peşmançılıq hiss edirdi. Bəlkə də peşmandır. İndi peşman olmasa da, nə vaxtsa da olacaq.

-Bəlkə bizim vasitəmizlə ona müraciət edəsiniz, barışasınız?

-Yox. Atamın məndən imtina etməyi mənə böyük zərbə oldu. Onun bu addımı düşdüyü vəziyyətdə normal idi. Bilirəm ki, o, bunu çıxılmaz vəziyyətdə qaldığı üçün etdi. Biz onunla saatlarla telefonla danışırdıq.

-Onun ailəsi, xanımı, sizin ögey bacılarınız, qardaşınız bundan xəbərdar idi?

-Təbii ki.

-Maraqlıdır, bəs onlarla münasibətiniz necə idi?

-Mənim onlarla yox, sırf atamla münasibətim olub. Onlar haqqında danışmaq istəmirəm. Çünki kimlərinsə vəziyyəti başqa istiqamətə yönəltməsini istəmirəm. Atamın qəzəbinə səbəb şəkillərimə yazılan rəylər oldu. Kişinin 2-3, hətta 4 arvadı ola bilər. Bu, şəriətimizdə də var. Mən onun rəsmi nikahla, ilk evliliyindən olan övladıyam. Mən və qardaşım. Ən azından atamın xalq artisti olmağına hörmət etməli idilər. Onun yaşına, bu günə kimi Azərbaycan üçün etdiklərinə hörmətlə yanaşmalı idilər. İnsan şəxsi həyatını necə istəyir, elə də yaşaya bilər. Əsas onun şəxsiyyətinə hörmət etmək lazım idi. Həmin rəylər ona yaraşmırdı. Nurəddin Mehdixanlı üçün yazılmamalı idi. Çünki o, Nurəddin Mehdixanlıdır. Azərbaycanın xalq artistidir. Həmin rəylər onu çox sarsıtdı.

Mənim bir gün əvvəl verdiyim müsahbə ilə “İnstagram”da olan şortda olan şəkillərimi birləşdirib verdilər saytlara. Eləməyin... Niyə ata ilə qızının arasına girdiniz, bizə zərbə vurdunuz? Onun açıqlaması isə məni sarsıtdı. Məcburiyyət qarşısında qalıb, sübut etdim ki, o, mənim atamdır. Sadəcə olaraq, mətbuatın güdazına getdik. Sonrakı hadisələrdən hamınız xəbərdarsınız. Aləm bir-birinə dəydi. Sonra da o, dedi ki, bəli, mənim qızımdır. Sadəcə, yarıçılpaq şəkillərinə görə onu qəbul etmirəm.

Rəylər yazıldı ki, ata-bala özlərini reklam edirlər. İnsanlar necə bu səviyyədə ola bilər?! Anlamırlar ki, mən istəsəydim bunu çoxdan edərdim. Sənətdə ilk addımlarımı atanda bunu açıqlaya bilərdim. Hətta bəlkə də artıq Azərbaycanda deyil, xaricdə fəaliyyət göstərirdim. Ümumiyyətlə, mən qara piarı sevmirəm.

-Nə əcəb heç bir teatrda çalışmırsınız? Tearın yükü daha ağırdı, daha sanballıdı, siz daha gözəl obrazlar yarada bilərsiniz...

-Akademik Milli Dram Teatrında və yaxud Gənc Tamaşaçılar Teatrında işləyə bilərdim. Sadəcə olaraq sərbəst çalışmaq istədim. Sizə deyim ki, filmdə oynamağı vəhşicəsinə sevirəm. Teatda oynamağı sevmirəm. İncəsənət Gimnziyasında tamaşalarda oynayırdım.

-Sizə hansı daha çətin gəlir, teatr yoxsa kino aktyoru olmaq?

-Mənə heç biri çətin gəlmir. İnanırsınız, bütün janrlar mənə yaxındır. İstənilən janrda obraz yarada bilirəm. Həm komediya, həm dram. Hərdən fikirləşirəm ki, gərək o zamanlar valideynlərimdən qorxmayıb, bu sənətə gələydim. Amma onların sözü mənim üçün qanun olub. Mən təkcə aktrisa deyiləm, yaradıcı insanam. Şer, ssenari, hekayələr yazıram, qiraəti bacarıram, mahnı bəstələyirəm.

-Səsiniz var?

- Mən həm də xorda oxumuşam. Səsim var. Amma heç bir zaman müğənni olmaram. Müğənnilik sənətinə böyük hörmətim var. Sadəcə olaraq, mən özümü müğənnilik sənətində görmürəm.

-Sonuncu dəfə teatrda nə vaxt olmusunuz?

-İki ay öncə Rus Dram Teatrında.

-Nurəddin Mehdixanlının oynadığı tamaşalara gedirsiniz?

-Xeyr, getməmişəm.

-Dəvət edib sizi?

-Xeyr.

-Haqqınızda danışılanlar sizi çox narahat edir?

-Şükür Allaha, aktrisalardan, aktyorlardan və müğənnilərdən mənə fikir bildirən, söz atan olmadı. Mən də özümü reklam etmək üçün kiməsə söz atan deyiləm. Sənət adamlarından haqqımda heç nə eşitmədim. Ümumiyyətlə, qalmaqaldan uzaq adamam. Eybi yox, qoy açıq geyimlərimə görə məni daşlasınlar. Amma mən kiməsə söz atıb, aşağı səviyyəyə düşmərəm. Elə insan deyiləm.

-Sizcə, insanın açıq-saçıq geyimi onun əxlaqından xəbər verir?

-Əlbəttə ki, yox! Fotosessiya etmişəm, ayağım görünür. Mənim ayağım deyil? Göstərirəm! Bir qadın mənim haqqımda xoşagəlməz şərhlər yazmışdı. Həmin insanın profilinə baxdım, təxminən 63-64 yaşlı müəllimə idi. Bu xanım məktəb künclərində, pilləkənlərində, partaların üstündə fotosessiya edib, şəkillər çəkdirib. Mini ətəkdə, tül, şəffaf kofta geyinib... Siz təsəvvür edin, bu insan pilləkəndə oturub, mini ətəkdə, ayaqlarını da üçbucaq şəklində qoyub... Və bu xanım, mənə deyir ki, valideynlərin hara baxır? Mən buna nə deyim?! Necə geyinməyini də özün bilərsən. Amma heç kimə də söz atma. Şort geyinib maşının yuxarısında oturub, ayaqlarını da yuxarı qaldırıb şəkil çəkdirən qızlar var... Amma başqasına yazır ki, bu nə gündədir? Niyə belə açıq-saçıq geyinib? İnsan hansı yaşda olursa-olsun geyiminə özü cavabdehdir. Hansı zəmanədə yaşayırıq axı?!

-Sizcə, bu problemin kök nədədir?

-Təhqiri, tənqidi edən insan birinci aynada özünə baxmalıdır. Sonra dönüb arxasına baxmalıdır, ondan sonra kiməsə söz atmalıdır. Mən bu sözü hər zaman deyirəm ki, əvvəlcə geriyə dönüb, öz həyat qatarına bax, sonra kiminsə şəxsi təyyarəsinə söz at.

Baxırsan, 20-21 yaşında qızlar hansısa müğənninin şəklinə “fu, iyrənc, bu nə gündədir? Bu niyə belə açıq-saçıq geyinib” - yazırlar. Əzizim, sənin 21 yaşın var, guya qapalı geyinirsən ki?! Psixologiya, düşüncə problemi var. Bir də ki, bəzi insanların özünə hörməti yoxdur. Düşünürəm ki, bu savadsızlıqdan irəli gəlir. İnsan savadlı olanda ilk növbədə özünə hörmət edir. Fikirləşir ki, mən bu sözü kimin üçünsə yazıramsa, özümə ayıbdır.

-Qadınların açıq-saçıq geyinməsinə olan münasibətdən danışdıq. Bu hal əks cinsin nümayəndələri üçün də aktualdır. Yəni şort geyinən kişilər cəmiyyətdə deyərdim ki, qadınlardan daha çox sərt təpki ilə üzləşirlər...

-Kişi şalvarında gəzən kişiciklər uzunqol geyinir, köynəyini də hülqumuna qədər düymələyir, amma arvadlarını boşayırlar. Min cür avara, axmaq işlərlə məşğul olurlar. Eyb etməz, qoy kişi şort geyinsin, amma namuslu, qeyrətli olsun. Ailəsinin qədrini bilsin. Kişi söhbəti başqadır. Şort geyinənə “kişi deyil” deyənlərin özlərində məhz həmin xüsusiyyət yoxdur. Kişi şalvarı geyinib, kişi olmamaqdansa, şortik geyinib, sözünə düz, dürüst olmaq daha önəmlidir.

FOTO: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR