• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Mələklər şəhəri”nin cazibədar ulduzu - Fotolar

“Mələklər şəhəri”nin cazibədar ulduzu - Fotolar

Bu dəfə tabloid.az-ın “Onların stili” layihəsində cazibədar aktrisa Eva Mendesin stilindən bəhs edəcəyəm.

Əvvəlcə aktrisa haqqında mənə çox maraqlı görünən məlumatları paylaşmaq istəyirəm. Eva Mendes Los- Ancelesdə doğulub. "Mələklər şəhəri" adlandırılan şəhərdə çox gözəl günlər keçirən Eva daha sonra iləsi ilə birgə Mayamiyə köçüb və orada böyüyüb. Modellik və müğənnilik də edən Eva aktrisa kimi daha çox uğur qazanıb. 1990-cı ildən aktrisalıq karyerasına başlayan dünya şöhrətli ulduz bir çox filmdə baş rolda oynayıb.

Evaya heç kim 40 yaş verə bilməz. Çox baxımlı bir xanım olduğu hiss edilən ulduz yaşından olduqca cavan görünür.

Eva işində kifayət qədər yüksəlsə də, onun bu qədər məşhurlaşmasında gözəlliyinin və hamını şoka salan açıqlamalarının da öz yeri olub.

“Amerikanın 50 fərqli ştatında sekslə məşğul olmuşam”, - deyən Eva Mendes bu açıqlamadan sonra olduqca populyarlaşdı.

Eva müsahibələrində evlənib dünyaya uşaq gətirmək istəmədiyini deyirdi. Bəlkə də fikrində qəti idi, amma yaraşıqlı aktyor Rayan Qoslinqlə münasibətə başladıqdan sonra Evanın həyatında hər şey dəyişdi.

O, artıq əvvəlkindən daha qapalı bir həyat tərzi keçirir. Bir neçə ildir ki, Evanın açıq-saçıq yeni fotosessiyaları ilə rastlaşmırıq.

Aktrisanın hamilə olduğu dövrdə bütün media orqanları dünyaya gələcək körpənin necə görünəcəyini müzakirə edirdilər. Hamı yaraşıqlı Rayanla, gözəl Evanın uşaqlarının dünyanın ən gözəl körpəsi olacağını iddia edirdi. Hətta bəzi mətbu orqanları fuşağın necə görünəcəyini təxmin edərək otoşop proqramı vasitəsilə fotoşəkillər də hazırlamışdılar.

Ancaq bu yaxınlarda ana olan Eva Mendes körpəsinin üzünü göstərməməkdə qərarlıdır.

Seksual, açıq-saçıq şəkilləri və cəsarət tələb edən səhnələri ilə yadımızda qalan aktrisa dəvətlərə gedərkən və gündəlik həyatda olduqca sadə, şıq və zərif kombinləri ilə diqqət çəkir.

Yəni, Evanın stilini mənimsəmək istəsəniz, təbii gözəlliyinizi vurğulamış olacaqsınız. Əsla iddialı deyil, ancaq olduqca diqqətçəkici bir xanım olmaq öz əlinizdədir.

Eva dəvətlərdə

Möhtəşəm, qıvrımlı bədən tipinə sahib olan ulduz bu üstünlüyünün fərqindədir. Odur ki, Evanı önəmli dəvətlərdə belində kəmər və ya müxtəlif detallar olan libaslarda görürük. Eva bu tip paltar modelləri ilə belinin incəliyini ön plana çıxararaq daha cazibədar görünməyi hədəfləyir.

Evanın fotosessiyalarına nəzər salan hər kəs onun ayaqlarının gözəl olduğunu təsdiqləyə bilər. Ancaq aktrisa hansısa səbəbdən ayaqlarını ön plana çıxarmağı xoşlamır. Uzun libasları daha çox sevir. Bədən quruluşu ideal olsa da Eva yuxarısı dar, aşağı hissələri isə bol kəsimli, enli paltarlar geyinir. Sinə dekolteli, ətəyi yerlə sürünən, klyoş ziyafət paltarları qarderobunda üstünlük təşkil edir. Cazibədar ulduz özünə ən çox hansı rənglərin yaraşdığını yaxşı bilir. Ən önəmli dəvətlərə qırmızı libasda gəlməsi bunu sübut edir. Qırmızı ilə yanaşı zoğalı, qara, göy, ağ, narıncı, sarı kimi rənglərə üstünlük verir.

Eva Mendesin stili əslində olduqca sadədir. Aksessuarlarda da sadəliyə önəm verdiyi üçün geyimlərinin bər-bəzəkli olmasına diqqət edir. Məsələn, onun libaslarındakı naxış, çiçək, gipür, bantik detalları tez-tez diqqətimizi çəkir.

O, aksessuarlardan çox az istifadə edir. Adətən kiçik, sadə sırğa və ya saç aksessuarı taxır.

Saç aksessuarları Evanın stilinin əsas tamamlayıcıları hesab olunur. Gözəl ulduz dəbli saç aksessuarları sayəsində zərif stilini ən şıq şəkildə təqdim etməyə nail olur.

Evanın saç aksessuarları dəbli görünmək istəyən xanımlar üçün əsl ilham qaynağıdır.

Krujevalı lentlər, ləçəklər Evanın vaz keçilməzləri arasındadır.

Aktrisa 2009-cu ildə bir dəvətə qırmızı bəbir naxışlı libası ilə gəlib. Eva geyimini tacla tamamlayıb. Qara rəngli tac aktrisaya çox yaraşıb.

Bir filmin qalasında iştirak edən Eva yenə uğurlu saç aksessuar seçimi ilə diqqət cəlb edir.

Ulduz diqqət çəkən və qeyri-adi saç aksessuarlarından ustalıqla istifadə edir. Evanın toppuz saç modeli ilə tüklü saç aksessuarı bir-birini tamamlayıb.

2010-cu ilə nəzər salırıq. Eva bu dəfə at quyruğu yığdığı saçlarını daş-qaşlı saç aksessuarı ilə bəzəyib.

2011-ci ildə də Eva öz stilinə uyğun saç aksessuarları ilə dəvətlərin ən cazibədar xanımı olmağa davam edib.

Evanın bu fotosu 2012-ci ildə çəkilib. İstifadə etdiyi ipək yaylıqla göz qamaşdıran aktrisa sözün əsl mənasında qadınlara saç aksessuarlarından düzgün istifadə etmək barədə dərs verir.

Cazibədar aktrisa cari ildə də öz sevimli aksessuarlarını nümayiş etdirməyə davam edir.

Siz də gözəl aktrisa kimi saç aksessuarlarını sevirsinizsə, üz quruluşunuza və geyiminizə uyğun modelləri seçməyə diqqət edin.

Eva Mendesin saç aksessuarlarını özünə bu qədər yaraşdıra bilməsi təsadüfi deyil. Cazibədar ulduzun saçları olduqca sağlam və gözəl görünür. Bu günə kimi sarı, qəhvəyi və qara rəngin müxtəlif çalarlarına müraciət edən Eva daha çox qəhvəyi rəngli saçlarını xoşlayır. Saçlarına kölgələr etdirməyi çox sevir. Onsuz da gur və uzun olan saçları bu kölgələr sayəsində daha sağlam və gözəl görünür.

Saçlarını adətən yandan ayırır. Çox vaxt dalğalı saç modelinə üstünlük verir. Bəzi dəvətlərdə isə onu maraqlı toppuz modelləri ilə görürük.

Eva Mendes yanağındaki xalı ilə bir çox kişini dərdə salıb. Gözəlçənin bu hamıya nəsib olmayan gözəllik nişanəsi xanımların qısqanclıq və həsəd dolu nəzərlərinə tuş gəlməsinə səbəb olur.

Eva da öz gözəlliyinin fərqindədir ki, üzdə çox az hiss edilən sadə makiyaj stilini mənimsəyib.

Gözlərinin və qaşlarının forması çox gözəl olduğu üçün ilk növbədə onları vurğulayır. Bunun üçün laynerdən və qaş qələmindən istifadə edir. Yanaqlarına xəfif rəng verir. Dodaqlarına isə çox vaxt bej çalarlarda, bəzən də açıq çəhrayı rəngdə dodaq boyası çəkir. Eva Hollivud ulduzları arasında ən sadə makiyaj edən qadınlardan biridir. Makiyaj onun dərisi ilə o qədər harmoniya təşkil edir ki, ilk baxışda üzündə makiyaj olduğunu fərq etmək olmur.

Eva Mendesin küçə stili də çox bəyənilir və bir çox qadına ilham mənbəyi olur. Gözəl bədəninə hər geyindiyini yaraşdırmağı bacaran ulduz gündəlik həyatda da daha çox don geyinməyi xoşlayır. Küçə stili daha rəngli olan aktrisa çiçəkli, naxışlı, cizgili kofta və don modellərinə üstünlük verir. Qəribədir ki, dar şalvarlar geyinsə də, ətək və donlarının bol kəsimli olmasına diqqət edir.

Gündəlik həyatda da ən çox qırmızı rəngə üstünlük verən Eva hər zaman solaridən yeni çıxmış kimi görünən ideal dəri rənginə qırmızının çox yaraşdığını yaxşı başa düşür.

Nyu-York küçələrində Eva çiçək naxışlı paltarla və ya yüksək belli ətəyi ilə möhtəşəm kombinlər etməyin mümkün olduğunu nümayiş etdirir.

Şalvar geyindikdə onu da ən gözəl şəkildə kombin edir. Kapri şalvarları daha çox sevir. Cırıq cins şalvarlar isə vazkeçilməzləri arasındadır.

Gündəlik həyatda da saç aksessuarlarından vaz keçmir. Ancaq onun küçə stilinin tamamlayıcısı günəş eynəkləri hesab olunur. İri çərçəvəli qara və qəhvəyi rəngli eynəklərlə ilin dəb tendensiyalarını müəyyən edir.

Eva Mendesin ayaqqabıları da xanımlar üçün gözəl nümunədir. O, daha çox fərqli kombinlərdə istifadə edə biləcəyi ayaqqabı modellərini alır. Eyni ayaqqabını həm şalvar, həm də don və ətəklə geyinərək xanımlara bir ayaqqabı ilə bir neçə kombin yaratmağın mümkün olduğunu göstərir.

40 yaşlı gözəlçə bu günə kimi bir çox markanın reklam siması olub. “Magnum”, “Revlon”, “Calvin Klein”, "Pantene" “Reebok”, “Morgan” kimi firmalar Evanın gözəlliyinin satışlara yaxşı təsir edəcəyini düşünərək gözəl ulduza milyonlarla dollar qonorar veriblər.

Evanın gözəl bədən fiqurası və digər Hollivud ulduzlarından fərqlənən gözəl üz quruluşu çox sataraq rəqiblərini kölgədə qoymaq istəyən jurnalların diqqətindən yayınmayıb. Bir çox məşhur jurnalın üz qabığına çıxan Eva verdiyi açıq-saçıq pozalarla həm şöhrətini, həm də bankdakı pullarını artırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR