“Mahnı bəstələmək üçün konservatoriyanı bitirmək şərt deyil”
Bizi izləyin

Tabloid.az

“Mahnı bəstələmək üçün konservatoriyanı bitirmək şərt deyil”

Bəstəkar İmruzə Hüseynova 60 illik yubileyi ərəfəsində Heydər Əliyev Sarayında dinləyiciləri üçün sevilən mahnılarından ibarət konsert proqramı keçirib.

Bəstəkar İmruzə Hüseynova 60 illik yubileyi ərəfəsində Heydər Əliyev Sarayında dinləyiciləri üçün sevilən mahnılarından ibarət konsert proqramı keçirib. "Darıxmışam sənin üçün" adlı konsert proqramında xalq artistləri Flora Kərimova, əməkdar artistlər Almaz Ələsgərova, Tünzalə Ağayeva, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Samir Piriyev, Rəşad İlyasov, Aygün Mahmudova, Murad Sadıx, Cəlal Abbasov, Mirkamil Kamilov, Vaqif Şıxəliyev, Elnar Haşımov və başqaları çıxış ediblər. Gecənin aparıcıları Murad Dadaşov və İlahə Şıxlinskaya olub. Gecədə Flora Kərimova və Tünzalə Ağayevanın akapella ifaları, Almaz Ələsgərovanın sürpriz vals rəqsi, Rəşad İlyasovun kanonda müşayiət ilə ifası xüsusi diqqət çəkib. Eləcə də konsertdə İmruzə Hüseynovanın bəstələdiyi instrumental əsərlər və rəqs nömrələri nümayiş olunub.

Qeyd edək ki, bəstəkarın bundan əvvəlki illərdə Rəşid Behbudov Adına Mahnı teatrı və Dövlət Filarmoniyasında uğurla yaradıcılıq konsertləri baş tutub. İmruzə Hüseynova bəstəkarlıqla yanaşı Memarlar İttifaqının və Rəssamlar İttifaqının üzvüdür.

Tabloid.az bəstəkar İmruzə Hüseynova ilə konsert öncəsi görüşüb.

- İmruzə xanım üçün musiqi nədir?

- Həyat... Mən gün ərzində çox musiqi dinləməyə bilərəm. Amma musiqi bəstələməsəm yaşaya bilmərəm.

- İxtisasca memarsınız. Musiqiyə maraq haradan yaranıb?

- Mən bəstəkar Tofiq Quliyevin nəslindənəm (Tofiq Quliyevin qardaşı qızı - red). Mənim atam elmi işçi olsa da, elmi fəaliyyətlə məşğul olsa da, mən uşaqlıdan atamı piano arxasında musiqi ifa edən görmüşəm. Muğam oxuyub, ürəyi istədiyi məclislərdə bədahətən şeirlər söyləyib. Əminəm ki, mənə də bu istedad Quliyevlər nəslindən keçib.

- Sizcə musiqi bəstələmək üçün musiqi savadı vacibdir?

- Vallah yox. Bu ürəkdir.... O qədər konservatoriyanı bitirən bəstəkarlarımız var. Gənclikdə bəstələyiblər. İndi isə yaşa dolublar heç nə edə bilmirlər. Ona görə də artıq-əskik danışırlar. Mən isə cəmi 5 il musiqi təhsili almişam. Musiqi məktəbinə getməzdən əvvəl isə özüm pianoda tək əl ilə istənilən mahnını ifa etmişəm. 5 illik fortepiano təhsilimi bitirdikdən sonra isə məni musiqi ilə məşğul olmağa qoymayıblar. Dəqiq elmlərə yönəldiblər. Tibb universitetini minlərlə insan bitirir, onlardan da 4-5 həkim çıxır. Konservatoriyanı bitirən bəstəkarların hamısı da bəstəkar ola bilmir. Mən düşünürəm ki, bəstəkar olmaq üçün konservatoriyanın bəstəkarlığını bitirmək vacib deyil.

- İmruzə xanımın ruhu bəstəkardır yoxsa memar?

- Əlbəttə bəstəkar!

- Bİr sıra müğənnilərimiz var ki, illərdir oxuyurlar. Lakin sarayda konsert keçirə bilmirlər. Siz isə artıq yaradıcılıq gecənizi reallaşdırdınız. Sizə paxıllıq edənlər var?

- Əlbəttə var. Sadəcə əziyyət çəkmək lazımdır. Mən son 2 ayı nə əziyyət çəkmişəm bir Allah bilir. Mən çəkən əziyyəti onlar da çəksəydilər, yəqin ki , nəyəsə nail olardılar. Zəhmətsiz heç nəyə nail olmaq mümkün deyil. Fikirləşirəm ki, əgər bilsəydim bu qədər əziyyətli işdir mən buna razı olardım? Özüm özümə cavab verirəm ki, hə! Bilsəydim ki, bundan 2 qat daha ağır yükdür, 2 qat daha böyük əziyyətdir yenə bunu edərdim. Mən istəklərimə nail olan insanam. Qarşıma məqsəd qoyuram və əziyyət çəkərək olsa da, ona nail oluram.

- Bəstəkarlar ittifaqına daxil olmaq iddianız var?

- Belə bir iddiam var idi. Mən Memarlar və Rəssamlar ittifaqının üzvüyəm. Bəstəkarlar İttifaqına daxil olmaq üçün hətta müraciət etmişdim. Mənə izah etdilər ki, bu qurumun çox az, 175 üzvü var və biz onlara kömək, yardım edirik. Yalnız və yalnız bəstəkarlıq diplomu olan şəxslər bu ittifaqın üzvü ola bilər. Yəni bu diplomum olmadığında ora üzv ola bilmərəm və bunu çox sakit qarşıladım. Bəstəkarlar İttifaqının üzvü olmaya bilərəm. Amma bəstəkarlığımı əlimdən kim ala bilər ki?! Heç kim!

- Nədən ilhamlanıb musiqi bəstələyirsiniz?

- Sevgidən... İnsanlara sevgi, yaxınlarıma sevgi, balalarıma, nəvələrimə, dostlarıma, tanışlarıma... Hər bir insana olan sevgi, sevgi, yenə də sevgi...

- İmruzə xanım üçün, ən hit bəstəsi hansıdır?

- “Darıxmışam sənin üçün” (Flora Kərimova və Nadir Qafarzadə) mahnım çıxandan sonra deyirdilər ki, hit odur. Samir Piriyevin ifasında “Yuxu” mahnısı çıxandan sonra dedilər ki, hit odur. Bu konsertdən sonra bəlkə də hitlərin sayı çoxalacaq.

- Bəstələrinizi kimin oxuyacağını necə müəyyənləşdirirsiniz?

- Mahnını bəstələyəndə artıq hiss edirəm ki, bu mahnımı kim oxumalıdır. Artıq rəssam kimi onun portretini də yaradıram. Ən maraqlısı isə, hansı müğənni mahnımı ifa edirsə, deyir ki, ən yaxşı bax bu mahnıdır. Hit mahnınız bax bu olacaq. İndi Mirkamilə bəstə vermişəm. Deyir əsas hitiniz bu olacaq.

- İmruzə xanım, yaradıcılıq gecənizə dəvət etdiyiniz müğənnilərdən imtina edənlər oldu?

- Bəli, oldu. Əksəriyyət məni pis vəziyyətdə qoydu. Ən pisi isə onlar bunu sonuncu anda etdilər. Afişaya da baxsanız görəcəksiniz ki, bir qisim müğənnilərin əvəzinə başqa müğənnilər çıxacaq səhnəyə. Allah hər kəsin canını sağ etsin. Yaxşı insanlar, yaxşı dostlar məni darda qoymadılar. Mən bütün mahnılarımı hədiyyə etmişəm. Bu gündən sonra artıq hədiyyə etməyəcəyəm (gülümsəyir). Əslində gözləməzdim ki, məni son anda pis vəziyyətdə qoyub yaradıcılıq gecəmə gəlməzlər. Nisə Qasımova, İlqar Muradov, Ağadadaş Ağayev... Bax bu 3 nəfər gəlməyəcək. Bircə Ağadadaş Ağayev Türkiyədə olduğundan gələ bilmədi. Nisə Qasımova və İlqar Muradov isə gəlib oxumaq istəmədilər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm