Özgü Namal: “Öpüşərəm də, sevişərəm də…” - Fotolar
Bizi izləyin

Tabloid.az

Özgü Namal: “Öpüşərəm də, sevişərəm də…” - Fotolar

"Mənim üçün ayıb, günah deyə bir şey yoxdur"

Azərbaycan tamaşaçılarının “Kurtlar vadisi” serialından tanıdıqları cazibədar aktrisa Özgü Namal son vaxtlar hamiləliyi ilə gündəmdədir. Məşhur “Yeteneksiz sizsiniz” adlı verilişdə münsif heyətinin üzvü olan aktrisanın hamilə olduğu ilə bağlı xəbərlər yayılanda hamı təəccüblənmişdi. Evli olmayan Özgü Namalın kiminlə eşq yaşadığı da məlum deyildi. Ancaq bir müddət sonra Özgünün körpəsinin atasının iş adamı Serdar Oral olduğu ortaya çıxdı. Hazırda dünyaya oğlan uşağı gətirməyə hazırlaşan aktrisanın körpəsinə Nəfəs adını qoyacağı gözlənilir. 36 yaşlı ulduzun atdığı hər addımın maraqla qarşılandığını nəzərə alaraq tabloid.az-ın “Şirin söhbət” layihəsində bu gözəl xanıma yer verməyi uyğun bildik.

Özgü Namalın Türkiyə mətbuatına sonuncu dəfə verdiyi müsahibəni təqdim edirik. Qeyd edək ki, aktrisa bu maraqlı açıqlamaları qalmaqallı jurnalist Ayşə Armana verib:

İki qadın bir araya gələndə nələrdən danışar? Biz də hər şeydən danışdıq - eşq, həyat, kişilər, uşaq, qorxular və o qorxulardan necə xilas olduğumuzdan…

Özgü Namal çox fərqli bir qadındır. Adı kimi özünəməxsusdur. Onunla tanış olduğum üçün çox xoşbəxtəm.

Çox ağıllı qadındır. Ona görə də ondan müsahibə almaq asan deyil. Qarşımda bir bir az dəli, çox cəsur və gözəl bir qadın var. Bir az kişiyə xas xüsusiyyətləri var, ancaq eyni zamanda da olduqca seksualdır. Həm çox qabiliyyətlidir, həm də bir çox uğurlar əldə edib. Aldığı mükafatların sayını da unudub.

- Uşaqlığınız necə keçib?

- Anam dəlinin biri idi, düşün ki, 40 yaşından sonra universitetə qəbul olunub. Atam daha mülayim idi. Amma hər ikisi möhtəşəm insanlar olublar. Onlarla əyləncəli uşaqlıq keçirmişəm.

- Adını kim qoyub?

- Anamla atam birlikdə qərar veriblər. O illərdə çıxan qadın və uşaq sağlamlığı ilə bağlı jurnalda qız adları arasında “Özgü” adı diqqətlərini çəkib. Bir müddət müzakirə etdikdən sonra mənə bu adı verməyi münasib görüblər. Adımı həmişə bəyənmişəm.

- “Özgü” – özünə xas, özünəməxsus mənasını verir. Məncə adının xüsusiyyətlərini daşıyırsan.

- Sağ ol. Əslində adım Melahat Özgü Namaldır. Amma Özgü daha qısa olduğu üçün ondan istifadə edirəm.

- Tək uşaqsan?

- Yox, bacım var. Onun da adı maraqlıdır - Duyğu. Anamdan soruşdum, bacımın da adını həmin jurnalda görübmüş. (Gülür)

- Aktrisa olmağa nə vaxt qərar verdin?

- Anam da, atam da çox işləyirdilər. Biz də dəcəl uşaqlar idik. Onlar evdə olmayanda sakit durmurduq deyə, məcbur olub məni teatr kursuna yazdırdılar. Enis Fosforoğlu Teatrına... 14 yaşımda səhnəyə çıxmağa başladım. O anları heç unutmuram, pərdə açıldı, addım atmalıydım, amma yerimdən tərpənə bilmədim. Nəfəsim kəsildi. Əslində qaçacaqdım, amma itələdilər. Səhnəyə çıxdım və bir daha enmədim. (Gülür)

- Aktrisa olmaq uşaqlıq xəyalın idi?

- Bilmirəm. Mən nə olmaq istəsəm, evdəkilər dəstək olurdular. Elə bil hər şey öz-özünə belə alındı, xüsusi bir səy göstərmədim.

- Bu peşə sənin üçün nə ifadə edir?

- Bundan beş il əvvəl başqa cür cavab verərdim. Peşəmə bağlıyam və aktrisalıq mənim üçün vaz keçilməzdir, deyərdim. Amma artıq belə hiss etmirəm. İndi aktrisalıq mənim üçün adi bir şeydir. Nə etməliyəmsə, onu edirəm. Nəyi canlandırmalıyamsa, həmin obrazı ən yaxşı şəkildə canlandırıram. Bəzən sıxıldığımı hiss edirəm. Həyatdakı ən şahanə şey aktrisa olmaq deyil. Yavaş-yavaş başqa işlərlə məşğul olmağı düşünürəm.

- Səni belə düşünməyə sövq edən nədir?

- 30 yaşdan sonra belə hiss etməyə başladım. 20 yaşımdakı kimi həvəsli deyiləm, onu da edim, bu mükafatı da alım deyə düşünmürəm.

- Aktrisalığa davam eləməsən şöhrətin azalacaq. Nə vaxtsa məşhur olmayacağın fikri səni qorxutmur?

- Çox uzun müddətdir ki, məşhuram. Bundan sonra olmasam nə olacaq? Həyatıma məşhur olmadan davam edərəm.

- Axı sən barmaqla göstərilən aktrisalardan birisən.

- Məktəbdə də "Pis şagirddir, amma yaxşı aktrisa olacaq!", deyərdilər. Həmişə dərsə gecikərdim.

- Niyə?

- Çünki yuxunu sevirdim. Həm də qaydaları sevməyən bir insanam. Bir ara terapevt yanına gedirdim. Onda bu mövzunu da düşündüm ki, görəsən mən niyə beləyəm, niyə digər insanlar kimi şəraitə uyğunlaşa bilmirəm? Axırda qərar verdim ki, mən bunu fərqli görünmək üçün etmirəm, təbii halım budur.

- Ona görə terapevt yanına getdin?

- Bəli. Mükafatlar almışdım, küçədə fanatlarımın əlindən gəzə bilməyəcək vəziyyətdə idim, amma özümü bədbəxt hiss edirdim. Təbii ki, bu 25 yaşda məşhur olmağın gətirdiyi bir problem idi. Belə hallarda insanın qarşısında iki variant olur: ya ərköyün, özünü bəyənmiş biri olursan, ya da içinə qapanırsan.

Mən ikinci variant seçdim. Ancaq bədbəxt olduğumu ətrafdakı insanlar da hiss edirdilər. Yaxın bir dostum "Sən müalicəyə get", dedi. Yaxşı ki, getmişəm.

- Müalicə nə qədər davam etdi?

- Dörd il.

- Evdə vaxt keçirməyi daha çox sevirsən, deyəsən.

- Çəkiliş meydanından çıxıb evə gedirəm. "Axşam ziyafət mərasimi var, gəl gedək!" deyirlər. Mən isə "İndi tək istədiyim toyuq şorbasıdır!", deyirəm.

Aşiyandaki evimdə tək qalıram. Təkliyi sevirəm. Sağım meşə, önüm dəniz, arxam dağ… Təbiətin ortasında, enerjisi yüksək, fen-şui qaydaları ilə dizayn edilmiş bir evim var. Döşəmə taxtadır, qapılar cırıldayır. Bəzən su gəlmir, ya da başqa problemlər çıxır.

Amma mən o evə aşiqəm. Köhnə bir buxarısı var. Evimdən şirniyyat, keks iyi gəlsin, başqa heç nə istəmərəm. Mən belə bir qadınam.

- Səncə eşq nədir?

- Eşq bir aynadır. Eşq insanı qidalandırır.

- Tez-tez aşiq olursan?

- Təbii ki, yox. Özümü asanlıqla təslim edə bilmərəm. Bütün bu çoxbilmişliyimin və qalxanımın arxasında şüşədən bir ürək var. O qırılar deyə qorxuram.

- Ən uzun əlaqən nə qədər davam edib?

- 7 il. Oğlaq bürcünün bütün xüsusiyyətlərini daşıyıram. Bir münasibətə başlayıram və ayrıla bilmirəm. Ən uzun əlaqəm Oktay Kaynarca ilə olub.

- Ana olmaqla bağlı nə düşünürsən?

- Bu mövzuda fikirlərim qarışıqdır. Bir tərəfdən azad olmaq istəyirəm, bir tərəfdən də ana olmaq. Həmişə düşünmüşəm ki, 40 yaşım bitmədən ana olmalıyam. Mən həyatda hər şeyi yaşamışam, gəzmişəm, dünyanı görmüşəm. Etmədiyim, peşman olduğum, "kaş ki" edərdim dediyim heç nə yoxdur. Ona görə də ana olmağın da dadına baxmaq istəyirəm.

- Yaxşı, bəs indi aşiqsənmi?

- Bəli. Yenə aşiqəm, sevirəm. Əslində bu ölkədə subay qadın olmaq çətindir. Bir qadının yanında kimi görsələr, sevgili çıxarırlar. Yəni, elə zənn edirlər. Bu, bütün məşhur qadınların problemidir. Ona görə də çölə çox çıxmıram. Çünki mənim kişi dostlarımın sayı rəfiqələrimin sayından çoxdur. Kişilərlə söhbətləşməyi sevirəm, araq içək, “Qalatasaray”dan danışaq. Heç ürəyim sıxılmaz. Amma indi gəl bunu jurnalistlərə izah et görüm, necə edirsən.

- Evlilik haqqqında nə düşünürsən?

- Evlilik təşkilatını da başa düşmürəm. Köhnəldiyinə, yenilənməli olduğuna inanıram. Həyatımın sonuna qədər çox sevə biləcəyim birini tapsam, təbii ki, bir an belə düşünmədən evlənərəm. Amma bu, bir az şansla bağlıdır. Lakin evli deyiləm deyə ana olmağı təxirə sala bilmərəm.

- Ailən nə deyir bu mövzuda?

- Anam sperma bankına müraciət etməyimə belə razı idi. Anam üçün əsas olan mənim özümü xoşbəxt hiss etməyimdir.

- Kişilərə xas davranışların var. Bu, haradan qaynaqlanır?

- Atamla çox vaxt keçirməyimdən qaynaqlanır. 6 yaşımdan atamın çiynində "Qalatasaray" matçlarına gedirdim. Arağı da ilk dəfə atamla içmişəm.

- Hansı obrazlar səni cəlb edir?

- Əsas hekayəni bəyənməyimdir. Hekayə tələb edirsə, hər şeyi edərəm. Filmlərimin çoxunda öpüşmüşəm. Sevişmə səhnələrim də var.

- Bir sözlə, “Türkan Şoray qanunları”n yoxdur.

- Elə qaydalarım yoxdur. Rolun tələb etdiyini həyata keçirirəm. Öpüşərəm də, sevişərəm də.

- Artıq orta yaşda hesab olunursan. Qocaldığını düşünürsənmi?

- Yox, əsla! Xüsusilə, də son illər fikirlərim olduqca dəyişilib. Atam ağciyər xərçəngindən əziyyət çəkirdi. Onun xəstəliyi ilə bağlı olaraq tibblə bağlı bir çox məlumat əldə etdim. Anladım ki, bizə bir çox şey səhv öyrədilib. Heç bir şeyin göründüyü kimi olmadığını anladım.

Hər şey enerjidən asılıdır. Məsələn, xəstə olduğuna inanmırsansa, deməli xəstə deyilsən. Kök olub olmamaq, qocalıb qocalmamaq da öz əlimizdədir. Məncə xəstəliklər də yoxdur. Cavabını tapa bilmədiyimiz hər şeyə bir ad uydururuq. Birinə immunitet sistemi deyirik, o birinə isə xərçəng...

- Atan da buna görə klassik müalicədən imtina etdi?

- Bəli. O da xəstəliklə mübarizə apardı. Amma öz inandığı şəkildə.

- İctimai qaydalar deyir ki, "Dostunun sevgilisi ilə yatmaq olmaz", "Sevgilinin dostu ilə sevişmək olmaz", "Əsgərdəki sevgilini aldatmamalısan". Sən bu haqda nə düşünürsən?

- Mənim etika, əxlaq anlayışım fərqlidir. Həyatda hər şey ola bilər. Həyatın qarşısında əyilib təslim olmaq çox qiymətlidir. Yoxsa, həyatın məhv ola bilər.

Ayıb, günah yoxdur məndə. Yaşım artdıqca bu fikirlərimdə daha da qətiləşirəm. Bunlar ürəyin işləridir. Əgər səninlə mənim aramda mənəvi hisslər varsa, buna kim maneə ola bilər? Bəzən bir qadından da xoşum gəlir, çünki onun ruhunu bəyənirəm. Heç kim mənə əxlaqdan danışmasın. Bədən gəlib keçicidir, enerji isə qalır. Bu enerjini sıxışdıranda, hiss etdiyin kimi yaşamayanda spirtli içkidən, narkotikdən, seksdən asılı hala düşürsən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm