• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhurların sonunu gətirən psixoloji xəstəlik

Məşhurların sonunu gətirən psixoloji xəstəlik

19 dekabr tarixində dünyanın ən təhlükəli psixoloji xəstəliyinə öz adını verən professorun ölümündən 99 il ötür.

Bir əsr öncə Alois Alzheimer tibb elmində yeni bir xəstəlik aşkar etdi.

Alkoqolik psixoz, epilepsiya və şizofreniya sahələri ilə məşğul olan Alois əvvəlcə müəyyən etdiyi xəstəliyin yalnız yaşlı nəsildə müşahidə olunduğunu düşünsə də, bir müddət sonra bunun belə olmadığı məlum oldu. Maraqlısı budur ki, ömrünün sonuna qədər qeyri-müəyyən xəstəlikdən əziyyət çəkən professor özü də ehtimallara görə, elə bu xəstəlikdən vəfat edib.

Kult.az Alois Alzheimerin öz adını verdiyi xəstəlikdən əziyyət çəkən məşhur şəxslər haqda yazını təqdim edir:

Ronald Reyqan

Prezident-aktyor Reyqan bu xəstəlikdən əziyyət çəkdiyini özü etiraf etmişdi. Onda Reyqanın 83 yaşı var idi. Öz xalqına rəsmi müraciəti əsnasında prezident qeyd etmişdi: “Özümü yaxşı hiss edirəm. Ümidvaram ki, Tanrının mənə bəxş etdiyi, həyatım boyu görməli olduğum işləri görmüşəm. İndi isə mən səyahətlər etmək qərarına gəlmişəm. Bu, məni həyatımın qürubuna aparacaq”.

Prezidentin ölümündən 10 il sonra həyat yoldaşı Nensi deyir: “Ronninin uzun səyahəti elə bir nöqtəyə gəlib çıxmışdı ki, mən artıq onun yanında ola bilməzdim”.

Reyqanın dəfn günündə ABŞ ştatlarında qeyri-iş günü idi.

Uinston Çörçil

Gülməlidir, amma İkinci Dünya müharibəsinin qaliblərindən biri hesab olunan Uinston Çörçil də bu xəstəlikdən əziyyət çəkən məşhur şəxslərin siyahısındadır. Nikotinin alzheimer xəstəliyinə yaxşı təsir göstərdiyini və xəstəliyin müalicəsini asanlaşdırdığını bilirdiniz? Yəqin ki, hamınız indicə Çörçilin papiroslu fotolarını xatırladınız.

Uinstonun bu xəstəlikdən əziyyət çəkdiyi əsassız şayiə deyil. Bu haqda rəsmi açıqlama belə verilmişdi. Nəzərə alsaq ki, bu xəstəlik baş nazirin vaxtında o qədər də məşhur deyildi, bu diaqnozun qoyulmasının əsaslı dəlilləri var idi.

Ölümünəqədərki son 15 ildə Çörçil beyin spazmasından əziyyət çəkirdi, iki il sonra o, insult keçirdi. Bir il sonra – 1953-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. İki il sonra baş nazir postundan çəkilir.

Çörçilin ömrünün son 10 ili çox passiv, asosial keçib. O, 1965-ci ildə, 90 yaşında vəfat edib.

Marqaret Tetçer

İl yarım bundan öncə “Dəmir Leydi”nin ölüm səbəbi rəsmi olaraq insult elan edildi. Marqaret Tetçer 87 yaşında dünyasını dəyişdi.

11 il baş nazir postuna sahib olan xanım öz siyasi fəaliyyəti boyu yoxsulluğa, haqsızlığa, sosial ədalətsizliklərə qarşı vuruşub. Alzheimerlə mübarizə isə onun üçün ikinci planda qalıb.

Tetçer 2013-cü il 8 aprel tarixində vəfat edib.

Şon Konneri

İndiyə qədər “Ceyms Bondlar”ın ən seksualı Şon Konneri də bu xəstəlikdən əziyyət çəkənlərdəndir. Bu haqda mətbuata ilk açıqlamanı Maykl Keyn verib. Maykl Keyn deyir ki, Konneri öz işinə və ümumiyyətlə, həyata olan marağını itirib. Beş dəqiqə öncə nə danışdığını xatırlaya bilmir, hər şeyi çox tez unudur.

KİV hətta Şon haqda yazmışdı ki, həyat yoldaşı onu küçəyə tək çıxmağa qoymur: Konneri öz parlaq karyerasını, keçmişini, ev adresini, adını belə xatırlamır.

Bir ay sonra Konnerinin xanımı bu sözlərə aydınlıq gətirdi və qeyd etdi ki, əsas səbəb Şonun yalnız qalmaq, insanlardan kənar yaşamaq istəyindən irəli gəlir, səhhəti ilə bağlı ciddi problem yaşamır.

Anni Jirardo

Fransa kinematoqrafiyasının ən öndə gedən aktrisalarından biri Anni Jirardo da alzheimer xəstəliyindən əziyyət çəkirdi. Alen Delonla bir səhnəni paylaşan, dünya şöhrəti qazanan, cazibədar aktrisa yaradıcı fəaliyyəti boyu böyük uğurlar əldə edib. Bir müddət sonra isə Anni yaradıcılıq böhranı yaşayıb. Aktrisanı bu böhrandan çıxarmaq cəhdlərinin sayı-hesabı olmasa da, nə yaxınları, nə də ona yeni rollar təklif edən kinorejissorlar Annini bu vəziyyətdən qurtara bilməyib.

Anni Jirardo Venesiya film festivalı mükafatı və bir neçə “Sezar” mükafatı sahibidir. Karyerasının inkişaf etməkdə olan vaxtlarında cazibədar aktrisa bir ildə 8 filmə çəkilirdi.

2006-cı ildən sonra aktrisa sözügedən xəstəlikdən əziyyət çəkməyə başlayır. Xəstəlik gözəl aktrisanı məhv edir və o, 2011-ci ildə dünyasını dəyişir.

Rita Heyvort

Kinematoqrafiya haqda az da olsa, məlumatı olan şəxs Rita Heyvortun adını görən kimi söhbətin ekranların kultuna çevrilən gözəl xanımdan getdiyini bilər. Çoxları onu Stiven Kinqin “Şouşenkadan qaçış” kitabının ekranizasiyası ilə də xatırlayar. Divarda açdığı dəliyi gizlədən məhbus onun üzərinə xanım Rita Heyvortun şəklini yapışdırır.

1930-1950-ci illərdə Rita Amerikanın seks-simvolu hesab olunurdu. Tez-tez ərlərini dəyişən cazibədar xanım alzheimer xəstəliyindən illərlə əziyyət çəkir.

Xəstəliklə mübarizənin altıncı ilində – 68 yaşında vəfat edir.

kult.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR