Doğum günlərini sükutla keçirən məşhurlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Doğum günlərini sükutla keçirən məşhurlar - Fotolar

Tabloid.az dekabr ayında doğulan məşhurlarımızı araşdırıb

Bir ilin sonu, başqa bir ilin astanasında yerləşən dekabr ayı bir sıra şou-biznes nümayəndələrinin də həyatında önəmli yer tutur. Belə ki, bir çox sənətçilərimiz ad gününü məhz bu ayda qeyd edir. Qeyd edir deyəndə ki, ötməkdə olan dekabr ayı çox sakit keçdi. Doğum günü ziyafətləri biri-birinin ucuna calanmadı. Halbuki bu ay doğulanlar arasında yubiley yaşını qeyd edən sənətçi belə var… Bəs, onlar kimlərdir? Tabloid.az dekabr ayında doğulan məşhurlarımızı araşdırıb. Budur onlar:

Səbinə Babayevanın 35 yaşı oldu

Azərbaycanı “Eurovizion” mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva 1979-cu ilin dekabrında doğulub. Dekabrın 2-də onun 35 yaşı oldu. Bakı şəhərində anadan olan S.Babayeva Azərbaycan Milli Konservatoriyasının tərkibində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Kolleci bitirdikdən sonra Səbinə Babayeva bir çox musiqi yarışmalarında Azərbaycanı uğurla təmsil edir. 2003-cü ildə isə o "Bəyaz həyat" serialının saundtreki olan "Röya kimi" mahnısını ifa edir və geniş tamaşaçı kütləsinə tanınır. Daha sonrakı illərdə Səbinə caz janrında mahnılar ifa edir. 2010-cu ildə Səbinə Babayeva "Notre Dam De Paris" müziklində rol alır. Hal-hazırda Bakı Caz Mərkəzində çalışır.

Oksana özünə klip hədiyyə etdi

Əgər doğum günü ərəfəsində klip təqdimatı olmasaydı, onun da ad günü sönük keçəcəkdi. Belə ki, rəqqasə Oksana Rəsulova da dekabristdir. 1982-ci ildə Şirvan şəhərində dünyaya gələn rəqqasə uzun müddət Rusiyada yaşayıb. Ali təhsillidir. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimidir. Amma buna baxmayaraq, 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə həm qalib, həm də 2-ci,3-cü dərəcəli laureat olub. Qeyd edək ki, Oksana hind rəqslərindən “Stilizasiya”(Qarışıq-klassik və estrada) və sırf estrada Bollivud hind rəqslərinə üstünlük verir.

Ad günü ərəfəsində isə milli rəqslərimizlə bağlı layihəyəyə başlayan rəqqasə “Sarı gəlin” mahnısına çəkdirdiyi klipin təqdimatını keçirib. Ad günündən bir gün əvvələ təsadüf edən təqdimatı Oksananın özünə hədiyyəsi də saymaq olar. 32 yaşlı rəqqasə Tabloid.az-a açıqlamasında ad gününü qeyd etmədiyini bildirib. Qeyd edək ki, ad günündən dərhal sonra Hindistana yola düşüb.

Oksana ailə qursa da, bu, çox sürməyib. Nəticədə sevgi və ailə ilə bağlı bütün planlarını təxirə salıb.

Nüşabənin 47 yaşı tamam oldu

47 yaşlı əməkdar artist Nüşabə Ələsgərli dekabrın 21-də özünün ad gününü qeyd edib. Müğənnilik fəaliyyəti ilə məşğul olan Nüşabə Ələsgərli konservatoriyanın xor dirijorluğu fakültəsini bitirib. Aktrisa kimi bir neçə filmdə çəkilib. İki övladı var.

Nazpərinin yubileyidir

Nazpəri Dostəliyeva isə 1964-cü il dekabrın 23-də Şamaxıda doğulub. Dünən müğənnin 50 yaşı olub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Böyük səhnəyə 1996-cı ildə gələn N.Dostəliyevanın ilk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir.

Nazpəri də ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin iki oğlu var.

67 yaşlı pianoçu fəallığını itirməyib

Fərhad Bədəlbəyli isə 27 dekabr 1947-ci ildə Bakıda doğulub. F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçu çoxlu qastrol səfərləri edir, musiqi təşkilatçılığı işi və maarifçiliklə məşğul olur.

Gürcü qızı da bu ay doğulub

Gürcü əsilli Azərbaycan müğənnisi, əməkdar artist Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. 1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayır. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işıq üzü görür. Manana azərbaycanca, rusca, gürcücə, ingilisçə mahnılar ifa edir.

Manana Azərbaycanda iki dəfə solo-konsert verib. 2008-ci ilin əvvəlində ailə həyatı qurub və artıq bir qız anasıdır.

F.A.

Estrada ulduzu Faiq Ağayevin bu ayda doğulduğunu bilməyən yoxdur. Dekabrın son 3 gününü ənənəvi olaraq konsert proqramı ilə çıxış edən Faiq Ağayev doğum tarixini də yaddaşlara yazıb. Bu ənənəyə o, 2012-ci ilin 27-30 dekabr tarixlərində Heydər Əliyev Sarayında 4 günlük "Vida" solo konsertləri ilə son qoyub.

1971-ci il doğumlu olan sənətçi 1988-ci ildən peşəkar səhnədədir. İxtisasca həkim olsa da, o da xoşbəxtliyi sənətdə görüb. Bir çox sənətçi dostları kimi, evli olub və qısa müddət sonra ayrılıb.

Bir ayın doğulanlarında iki bürcün əlamətləri

Ayrı-ayrı bürcdən olsalar da, həyatlarında dekabr ayının yeri ayrıdır. Həyatlarında və fərdi xüsusiyyətlərində nə qədər fərq olsa da, bir o qədər oxşarlıq da tapmaq olar. Məsələn, rəqqasə Oksana Rəsulova da, estrada ulduzu Faiq Ağayev də ixtisasca həkimdirlər.

Ümumiyyətlə, qeyd edək ki, dekabrın 21-dək doğulan məşhurlarımız Oxatandırlar. Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilmə qabiliyyəti ilə seçilən bu adamlar ilk növbədə hər şeyi açıq-aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş, yaraşıqlı, bəzi hallardasa qapalı və impulsiv olurlar. Belələri nadir hallarda aldanır və ya tənhalığa qurşanırlar. Bu bürcdən olanlar dəqiqlikləri və uzaqgörənlikləri ilə həmişə öz yoldaşlarından seçilirlər.

Oğlaq bürcü özündən əvvəl gələn Oxatandan kəskin surətdə fərqlənir. Qışın gəlişinə təsadüf edən Oğlaq işarəsini orta əsr münəccimləri “qışın oğlan çağı”na düşən, insanları üşüdən, onların fəaliyyətinə mane olan Oğlağı pis qələmə verir, bu işarə altında doğulanları isə soyuqqəlbli və “yalnız özləri üçün yaşayan adam” hesab edirdilər. Əslində isə bu bürc öz qeyri-adiliyi ilə fərqlənir. Bu Zodiak işarəsi altında dünyaya gələn adamların olduqca əzablı taleyi olur. Hələ erkən yaşlarında gələcək həyatını proqramlaşdıran Oğlaqlar nadir hallarda istədikləri ömrü yaşaya bilirlər. Oğlaqlar bir-iki nəfəri çıxmaq şərtilə heç kimə xüsusi simpatiya bəsləmirlər. Belə adamlar çox işləyir, rahatlıq bilmir, hətta xəstə ola-ola yenə də boş durmurlar. Onlar hər şeydən əvvəl özləri üçün, öz ideyaları naminə mübarizə aparırlar. Oğlaqlardan ötrü özlərindən qabaqda heç kəs yoxdur. Bəzən öz doğma övladları da onlar üçün "daha vacib" hesab olunmur. Onlar həssas, savadlı, məğrur, təkəbbürlü, ehtiyatsız iş tutmayan, hamının hörmətini qazanmağa çalışan adamlardır. Onların ən mənfi xüsusiyyəti qəfil inadkarlıqları, fikirlərinin tez-tez dəyişməsi, xüsusən də qapalı olmalarıdır. Yeganə bürcdür ki, onlarda özünü inkar, daxili təzadlar boldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm