İradə İbrahimova: “İçimdə 70 yaşında bir qadın oturub” - Fotosessiya
Bizi izləyin

Tabloid.az

İradə İbrahimova: “İçimdə 70 yaşında bir qadın oturub” - Fotosessiya

Ötən gün Bakıya gələn İradə xanım ilk müsahibəsini Tabloid.az-a verdi.

Azərbaycanın tanınmış müğənnisi İradə İbrahimova bu gün mətbuat və televiziya nümayəndələrini başına toplayıb Türkiyədə ekranlaşdırılan “Seneler” klipinə təqdimat mərasimi keçirəcək. Bunun ardınca sənətçi verilişlərə çıxacaq, pərəstişkarları ilə görüşəcək. Ötən gün Bakıya gələn İradə xanım ilk müsahibəsini Tabloid.az-a verdi.

- Uzun illər səhnə təcrübəm var, amma həyəcanlıyam. Bir müddət sənətimə fasilə verməyim, ilk səhnə addımlarımda yaşadığım hissləri yenidən mənə yaşadır. Təqdimatın ardınca bir sıra yeniliklər olacaq. Növbəti klip, mahnılar. Yəni əvvəlki kimi böyük fasilələr olmayacaq. Həm ailəmin yanında, həm də səhnədə, sənətimlə məşğul olacağam.

- Bir müddət əvvəl demişdiniz ki, burnunuza körpə qoxusu gəlir. Bəzi insanlar zənn etdi ki, İradə xanım yenidən ana olmağa hazırlaşır.

- Yox elə bir gözləntimiz yoxdur. Sadəcə düşündüyümü demişdim. Allah yenidən ana olmağı qismət eləsə yaxşı olar. Ümumiyyətlə, Türkiyədə uşağa münasibət bir az fərqlidir. Yəni vacib deyil, bir deyil, bir neçə uşaq olsun. Mən birinə lazım olan qayğını, analıq borcumu göstərə bilirəmsə içim rahatdır. Amma İpəyi tək düşünmürəm. Hər zaman düşünmüşəm ki, İpəyə verə biləcəyim ən böyük hədiyyə ya bir bacı, ya da qardaşdır.

- Uzun zamandır İstanbulda yaşayırsan. Ucu-bucağı olmayan şəhərə bağlana bildiniz?

- İstanbulu sevməmək mümkün deyil. Çox sevdim. Amma İstanbul mənim üçün niyə boşdur, çünki Bakıdakı əzizlərim yanımda deyil. Nə qədər böyük nemət imiş, qədrini uzaqda olanda daha yaxşı bildim. Bir övlad böyüdürəm, onu 1 saat qoyub bir iş dalınca gedirəm, bütün fikrim qalır evdə. Ananın, bacının adamın yanında olmaması çox çətindir. Bir tək sıxıntım budur.

- Belə məqamlarda özünüzü necə ovudursunuz?

- Hərdən xəyal qururam, kaş bir təyyarəm olardı, bu dəqiqə gedib görərdim əzizlərimi. Bakıda fərqli ab-havam var. Türkiyədə bir başqayam. Hava limanına daxil olanda artıq hiss edirəm ki, artıq mən İradə İbrahimovayam. Özümü bir ailəli xanım, ana olmaqla yanaşı, ölkəsində tanınan və sevilən bir sənətçi kimi hiss edirəm.

- İstanbula uyğunlaşıb, yaşamaq çox çətindir?

- Ora uyğunlaşmaq asan deyil. Əvvəla dili bilməlisən. Qonaqsansa, bu bir o qədər vacib deyil. Orda yaşamaq bir başqadır. Yəni bir cümlənin altından elə məna çıxa bilər ki, inandırmağa çalışırsan, əslində mən belə deməmişəm. Mətbəxinə hazır olmalısan. Mən burdan gedəndən bir-iki ilə qədər mənə Bakıdan yeməklər göndərirdilər. Hətta ətim, toyuğum Bakıdan gəlirdi.

- Bəlkə, bu yeməyə həssaslıq deyil, Vətən həsrətinə bir məlhəm idi?

- Əslində, yemək böyük problem deyildi. Mən problemə çevirmişəm. Həsrət çəkirdim, bəlkə ona görə idi. Hərdən sual verirdim ki, bu qədər ərzaq gəlir, tək başıma oturub yeyən deyiləm ki? Səbətlərdə çoxlu ət yeməkləri, qoğalı, paxlavası, şəkərburası, və s. Birini-ikisini yeyib çəkilirdim kənara. Məmləkət dəyişdirmək bu və digər səbəblərdən çox çətindir.

- Həyat yoldaşınız belə məqamlarda sizə dəstək olub?

- Hərdən Ceyhunla da çətinliyimiz olur, ortaq bir məxrəcə gələ bilmirik. Bu, əslində hər bir ailə həyatı quran xanımlarda baş verə bilən hallardı. Burda da ailə həyatı qursaydım, bəlkə də belə hisslər yaşayardım. Təzə ailə quran xanım valideynləri üçün darıxır. Sadəcə, mənim uzaqda olmağım situasiyanı bir az da dərinləşdirir. Özümə bunu heç nədən dərd eləmişəm. Hər bir qadın həyatında ona arxa ola biləcək həyat yoldaşının varlığını hiss etməlidir. Qayınana, qayınatadan da vacib həyat yoldaşıdır. Ceyhun elə bir anda gəlib “mən burdayam” deyib ki, demişəm, mənə heç kim lazım deyil. Ən həssas məqamlarımda Ceyhun mənə arxa olub. Bəlkə ona görədir ki, Vətəni, əzizləri üçün burnunun ucu göynəyən İradə, Ceyhunun ona arxalandığını görüb, ovuna bildi. Mən Ceyhunun dəstəyini nəinki ailədə, səhnədə belə his eləmişəm. Ailə qurub getdim İstanbula. O, mənə dedi ki, 8 illik tanışlığın sonunda ailə qurduq. Bilirəm xoşbəxtsən. Bundan sonra sənətinə davam elə. O da sənin xoşbəxtliyinin bir parçasıdır.

- Amma səhnəni ikinci, ailəni birinci plana keçirdiniz.

- Bəli. Mən ailəli xanım olmağı, övladımı dünyaya gətirib, onu böyütməyi daha üstün bildim. Ceyhunda buna görə məni alqışladı. Bəlkə dilinə gətirib deyə bilməyəcəyi bir şey idi, mən onu gercəyə çevirdim. Hər zaman deyir ki, qürur duyuram, belə bir övlad yetişdirirsən.

- Çoxları bilir ki, sən həssas anasan. Özündə olanları qızına da yansıdırsan.

- Hər şeyə həssaslıqla yanaşıram. İpək beş uşağın içindən müxtəlif xüsusiyyətləri ilə seçilən uşaqdır. Elə bil balaca İradə böyüyür. Sosial şəbəkədə İpəklə bağlı bir status paylaşmışdım ki, İpəyə görə psixoloqa getdim. Bəzi insanlar bunu başqa cür yozdular. Əslində psixoloqa uşağa düzgün yanaşmaq, hansısa hərəkətlərinə necə reaksiya vermək məqsədi ilə getmişdim. İpəyə qarşı o qədər həssas davranıram ki, hər xırda hərəkətinin mənasını öyrənməyə çalışırdım ki, məsələn, dırnağını yeyir, niyə belə eləyir? və s. Bir neçə gün əvvəl, məktəbdə İpəkdən mənə şikayət ediblər. İpək yanında oturan qızın əllərinin çirkli olduğun bildirib və yanında oturmağını istəməyib.

- Sizi də belə böyüdüb ananız, yoxsa xarakterdən irəli gəlir?

- Hərdən düşünürəm ki, içimdə 70 yaşında bir qadın oturub. Mübarizə aparıb, içimdən onu çıxarmağa çalışdım, amma ona qalib gələ bilmədim. Bunun da səbəbi anamdı. O qədər hər şeyi dərindən düşünən, həssaslıqla yanaşan olmuşam ki, zamanla onu içimdən söküb atmaq əvəzinə, ona daha da bağlandım.

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm