• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Fəxrəddin Manafov: “Bu yaşda bir qadına vurulsam...”

Fəxrəddin Manafov: “Bu yaşda bir qadına vurulsam...”

Fəxrəddin Manafov kult.az saytının “İs(i)min halları” layihəsində

ADLIQ

Mən ilk dəfə cizgi filminə çəkilmişəm.

Qəribə də olsa, mən film çəkilişlərimi sıra ilə düzsəm, qəribə bir məntiq yaranır. İlk film "Arzuları reallaşdır", daha sonra artıq "İşgüzar səfər", "İşə başlayıram" və ardınca başqaları...

Əgər mən bu gün tənhalığı oynayırdımsa, sabah mən bədbəxtliyi oynayıram.

Mən inqilabı və inqilabçıları qəbul etmirəm. Mədəniyyəti, iqtisadiyyatı, mənəviyyatı, hər şeyi dağıdırlar, yerinə heç nə gətirmirlər.

Mən gözümü qırpmadan müharibəyə gedərəm – Qarabağı almağa.

Mən qadınları çox sevirəm.

Mən bu yaşda birdən vurulsam, Allah göstərməsin, onun altından çıxmaq çox çətin şeydir.

Mən də, deyəsən, dahiyanə bir söz demişəm. Demişəm ki, qadın yerlə-göy arasındakı vasitədir.

YİYƏLİK

Yadıma gəlir ki, Həsənabad kəndində böyük bir göl vardı. Adamlar ora “mayofka”ya gedirdilər. Yanılmıramsa, mənim dörd-beş yaşım olardı. Bütün uşaqlar çimirdi, həmçinin mənim böyük qardaşım da. Amma mənə suya yaxın getmək qadağan olunmuşdu. Bir anlıq mənə elə gəlirdi ki, özümü suya atsam, çimə biləcəyəm. Özümü suya atdım, hiss etdim ki, suyun dibinə qədər getdim. Suyun altında iki güclü ayaq məni sıxıb saxladı və sudan çıxardı. Məlum oldu ki, bu qardaşım imiş. Böyüyəndən sonra bildim ki, həmin göl dizdən imiş...

Mənim qardaşım 1999-cu ildən itkin düşüb. Sözün düzü, zəngin bir biznesi var idi…

Mənim ən böyük istəyim, arzum, bəlkə də, o idi ki, futbolçu olum. Amma türklər demişkən, maləsəf, tale, təsadüf elə gətirdi ki, mən aktyor oldum…

İndiyə qədər də yadımdadır, dalımca maşın göndərdilər və mən getdim telestudiyaya. Çox sonralar isə bildim ki, Rüstəm müəllim (İbrahimbəyov – red.) mənimlə ilk görüşündən sonra studiyaya qayıdıb və ilk filmim "İşgüzar səfər"də çəkilən bütün sınaq çəkilişlərini bir də diqqətlə nəzərdən keçirib və deyib ki, mənim aktyorum Fəxrəddin olmalıdır.

Mənim fikrimcə, "Təhminə" filmində Rasim Ocaqov öz konsepsiyasını Təhminənin üzərində qurmuşdu, Təhminənin bədbəxtliyi, tərki-dünyalığı üzərində qurmuşdu. Zaur o filmdə adi bir komponent idi. Yanında fırlanırdı ki, əsərdə nəyəsə bağlılıq olsun. Elə əsər də Təhminə haqdadır.

Mənim üçün qadın məfhumu dünyada ən, ən, ən gözəl, ən şirin varlıqdır.

Mənim adım Fəxrəddindir. "Fəxr-əd-din", yəni dinin fəxri. Çətin vaxtlarda özümlə tək qalmağı sevirəm.

YÖNLÜK

Bir nəfər mənə zəng vurub dedi ki, fanatınızam. Zəng vuranda deyir ki, mən məhəbbətimlə belə danışıram, elə deyirəm. Görürəm ki, hamısı Zaurun hərəkətlərinin təkrarıdır. Bir gün də mənə zəng vurdu ki, bəs xəstəxanadayam. Ay bala, nə olub? Bəs məhəbbətimlə yolu keçirdim, dedim, səni sevirəm, dedi ki, inanmıram. Mən də özümü atdım maşının altına. O köpək oğlu da bərk sürürdü deyə, qolum-qıçım sındı. Dedi ki, gəlin dəyin mənə, dedim yox, yanına gəlsəm, sən özünü dənizə atacaqsan...

Tanıdığınız mən və iç dünyamdakı Fəxrəddin o qədər fərqlidirlər ki… Nə o mənə güc gəlir, nə də mən ona. Hər ikisinə böyük hörmətim var, hər ikisini çox istəyirəm, biri digərindən incisə, ikisindən də zəhləm gedər.

Mənə görə, insana tərif deyəndə səmimiyyət yoxa çıxır. Mənim gördüyüm iş, mənim sevdiyim işdir. Bu, mənim borcumdur, əgər yaxşı səviyyədə iş görürəmsə, peşəkarlığımı, əksi isə qeyri-peşəkarlığımı göstərir.

Mənim 50 ildən artıq həyat təcrübəm var və bu həyat yolu mənə öyrədib ki, həyatın mənası sevgidir.

TƏSİRLİK

Və 1978-ci ildə məni kino çəkilişləri üçün sınaqlara dəvət etməyə başladılar. Kino sınaqlarına dəvət edirdilər, amma çəkmirdilər. Hətta məni kino sınaqları üzrə Xalq artisti adı ilə çağırmağa başlayırdılar.

Soruşanda ki, niyə məni çəkmirsiz, deyirdilər ki, "fotogeniçni" deyilsən. Deyirdilər ki, ya yaxşı çıxmırsan, ya üzün uyğun gəlmir, ya da deyirdilər burnun yekədir.

İlk filmimdən sonra artıq hörmət etdiyimiz rejissorlar, rəhmətlik Rasim Ocaqov da məni kinoya dəvət etməyə başladı.

Qadınların məni sevməsi xoşuma gəlir.

Mənimlə hər şey eləmək olar, hətta məni döyə də bilərsiniz.

Mən sevirdim, məni sevirdilər…

YERLİK

Uşaqlıqda biz dörd qardaş “kino-kino” oynamağı çox xoşlayırdıq. Məhəllə uşaqları da bizə qoşulurdu. Seçdiyimiz bir filmdən epizodları aramızda bölüşürdük. Obrazları oynayırdıq, əks tərəf çalışardı ki, kimi canladırdığımızı tapsın. Nədənsə məndə hər şey yaxşı alınırdı. Göstərdiyim səhnəcikləri tapırdılar. Ona görə də adımı artist qoymuşdular.

Elə oldu ki, böyük qardaşım “Aktyor evi”nin qarşısında elanı oxumuşdu ki, ora kinomexanik tələb olunur. Getdim, işə götürüldüm. İlk dəfə “Aktyor evi”ndə simaları, böyük aktyorları görəndə onda məndə sənətə, aktyorluğa qarşı sevgi, istək yarandı.

Məndə 40 qapı olmasa da, 9 qapım varsa, onun 8-ni açıram, birini bağlı saxlayıram ki, mənə qarşı da maraq ölməsin.

ÇIXIŞLIQ

Əgər məndən soruşurlarsa, neçənci ildə anadan olmusan, mən ikinci dəfə başqa bir jurnalistə yalandan deyə bilmərəm ki, mən 2 avqustda yox, 14 yanvarda dünyaya gəlmişəm.

Amma bir şeyi deyə bilərəm ki, “Zaur” obrazını məndən heç kim ala bilməz, çalışmışam ki, yetərincə təbii oynayım.

Qadın səndən, məndən, ümumiyyətlə, kişi xeylağından bütün sirlərini alandan sonra, sənin haqqında bütün məlumatları əldə etdikdən sonra sənə olan marağı itir. Ondan sonra nə şeir, nə fəlsəfə, nə romantika köməyə gəlmir.

TƏNHALIQ

Tədris teatrı dağıldıqdan sonra Vaqif İbrahimoğlu Musiqili Dram Teatrına baş rejissor təyin olundu. Biz, dörd-beş nəfər idik, “Azərbaycanfilm” kinostudiyasına göndərdilər. Orada Rasim Balayevi görəndə heyrətə gəldim. Gözümün qabağından “Nəsimi”, “Babək” obrazları keçdi. Bir gün dəhlizdə Rasim Balayevlə rastlaşdıq və bir-birimizin yanından keçdik, Rasim mənə ehtiyatla salam verdi. Sonralar çox düşündüm ki, o mənimlə niyə belə ehtiyatla salamlaşdı. Üstündən illər keçdi, bir filmə çəkiləsi olduq. Bir gün çəkilişlərin fasiləsində məclis qurmuşduq. O zaman Rasim Balayev mənim haqqımda “tost” demək istədiyini bildirdi. Şaşırdım ki, bu boyda sənətkar barəmdə “tost” deyəcək. Rasim Balayev dedi ki, ilk dəfə Fəxrəddini dəhlizdə görəndə, ona tərəddüdlə salam verdim, qarşımdan özündənrazı bir insan keçirdi. Fəxrəddinlə tanış olduqdan sonra gördüm ki, bu, sadəcə, quru təəssüratdı. Sonralar, özüm də çox düşündüm ki, qəribədir, niyə insanlarda bu təəssüratı yaradıram? Bu, məndən asılı deyil, inanın mənə. Bilmirəm, bəlkə də, bu genetikadan gəlir…

Eqoizm mənim təkliyimin qarşısında, sadəcə, düşünülmüş bir sözdü. Necə yəni eqoizm? İnsan nə üçün yaşayır? Siz bura məndən müsahibə almağa gəlmisiniz, elə deyilmi? Deməli, məhz mənə görə gəlməmisiz də, özünüzə görə gəlmisiz ki, müsahibə alasız və imzanızın maraqlı müsahibə almağa layiq olduğunu göstərəsiz və təbii ki, yaxşı qonorar alasız.

Təklik o demək deyil ki, mən eksklüzivəm. Əgər bu gün mən sizinlə oturub söhbət edirəmsə, suallara cavab verirəmsə, bunlar şərtilik xatirinədir... Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir...

kult.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR