• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hamiləlik sekslə məşğul olmağa əngəldir?

Hamiləlik sekslə məşğul olmağa əngəldir?

Hamiləlik dövrünün özünəməxsus bir çox problemləri var. Ancaq cütlükləri düşündürən mövzulardan biri də hamiləlik zamanı cinsi həyatla bağlı yaranan sual işarələdiridir. Məsələn, hələ də bəzi cütlüklər hamiləlik zamanı sekslə məşğul olmağın körpəyə zərər verdiyini düşünürlər. Odur ki, belə cütlüklər 9 ay və ya bir il cinsi əlaqəyə girmirlər. Bu isə kişinin qadından soyuması, qadının stress keçirməsi və münasibətlərin korlanması, hətta boşanma ilə nəticələnə bilər.

Bəs əslində hamiləlik dövründə cinsi münasibətlər necə olmalıdır? Tabloid.az bir çox insanı düşündürən bu problemlə bağlı ən mötəbər qaynaqlardan məlumatları toplayıb. “Ailə dostu” layihəsi çərçivəsində hamiləliyin seks həyatına təsirləri haqqında oxuyacaqsınız.

Bir çox insan qulaqdan-qulağa yayılan yanlış məlumatlara inanaraq hamiləlik zamanı cinsi əlaqəyə girməyin ana bətnindəki körpəyə zərərli olduğunu, hətta seksin erkən doğuşla nəticələndiyini düşünürlər.

Düzdür, ana və ata namizədləri körpə gözlədiklərini öyrəndikləri andan etibarən həyatlarında bəzi dəyişiklər etməyə məcbur olurlar. Hamiləlik dövründən etibarən qadının yuxu, qidalanma və sosial həyatında dəyişikliklər özünü göstərir. Bu kişiyə də təsirsiz ötüşmür. Bəzən cütlüklər eyni yataqda yatan və bir-birlərindən getdikcə uzaqlaşan iki yad insana çevrilirlər.

Əslində isə hamiləlik dövrü qadınların ən çox qayğıya və sevgiyə ehtiyacları olduqları vaxtdır. Ona görə də qorxulardan xilas olub mütəxəssislərin təkliflərinə əməl etmək lazımdır.

Hamiləlikdə seks

Seks istəyi bədənin təbii ehtiyacıdır. Hamiləlik dövründə anaya yaraşdırılan müqəddəslik imici cinsi həyatın arxa planda qalmasına səbəb olur. Hətta məlumatsız olan hamilə qadınlar cinsi həyatla bağlı həkimi ilə belə danışmağa, ondan məsləhətlər almağa çəkinir. Mütəxəssislər isə bildirirlər ki, normal bir hamiləlik keçirən qadın hamiləliyinin son 4 həftəsinə qədər cinsi həyatına məhdudiyyət qoymamalıdır. Ancaq son həftələrdə spermanın tərkibindəki maddələrin əzələ sıxılmalarına və erkən doğuşa səbəb olması ehtimalı var. Ona görə də 8 ay sekslə məşğul olmaq olar, son 1 ayı isə cütlüklər öpüşərək, qucaqlaşaraq, bir-birlərinə mənəvi dəstək olaraq keçirməlidirlər. Təbii ki, oral sekslə məşğul olmaq da mümkündür.

Aylara görə cinsi həyat:

Ümumiyyətlə, hamiləlik dövründə qadının cinsi həyatındakı aktivlik ilk 3 ayda azalmalı, ikinci 3 ayda artmalı, son 3 ayda isə təkrar azalmalıdır.

İlk 3 ay

Analıq instinktinin güclü olması, ananın körpəsini itirmə qorxusu kimi hisslər bu dövrdə qadınları seks həyatından soyudur. Həmçinin bu dövrdə baş verən ürək bulanması, qusmaq kimi hallar da cinsi həyata maneə olur. İlk 3 ay cinsi münasibətlər soyuq keçə bilər. Ancaq bu dövrdə sekslə məşğul olmaq istəyən cütlüklər üçün heç bir təhlükə yoxdur. Çünki doğru seks pozası seçildikdə və kişi ehtiyatlı olduqda seksin anaya və körpəyə ziyanı olmadığını elmi araşdırmalar da təsdiq edib.

3-6 ay arası

Ana namizədinin hamiləliyə öyrəşməsi, döşlərə və cinsi orqana gedən qanın artması cinsi istəyin artmasına səbəb olur. Bu səbəblə hamiləliyin bu dövründə cinsi əlaqəyə girmək sayında artım ola bilər. Hətta normal vaxtlarda orqazm olmaqda çətinlik çəkən qadınlar ard-arda orqazm hissi yaşaya bilərlər. Bir çox qadın hamiləlik dövründəki orqazmın daha çox həzz verdiyini etiraf edirlər. Mütəxəssislər bunu hamiləlik dövründə qadının qarın hissəsinin dolu olması ilə əlaqələndirirlər. Doluluq hissi orqazm olmaq prosesini asanlaşdırır.

6-9 ay arası:

Bu dövrdə cütlüklərin cinsi əlaqəyə girməsi çətinləşir. Hamilə qadının kökəlməsi, qarnının kifayət qədər böyüməsi, hərəkət qabiliyyətinin məhdudlaşması, kürək və bel ağrılarının artması, həmçinin vaginada göbələk infeksiyasının artması ehtimalının yüksək olması qadını seksdən uzaqlaşdıra bilər. Amma bu problemlərə baxmayaraq, sekslə məşğul olmaq istəyən cütlüklər körpəyə zərər verməkdən qorxmamalıdırlar. Çünki hamiləliyin bu mərhələsində də cinsi əlaqə körpəyə zərər vermir. Körpə ana qarnındakı əzələlər, hamiləlik kisəsi və kisənin içərisindəki amnion adlı maye sayəsində xarici təsirlərdən qorunur. Ancaq cütlüklər hər ehtimala qarşı həkimlə məsləhətləşməlidirlər. Çünki bəzi riskli hamiləlik halları olur ki, belə qadınların cinsi əlaqəyə girməkləri təhlükəli ola bilər.

Riskli hamiləlik hallarında seks

Əgər erkən doğuş və uşaq salma riski varsa və daha öncə körpənin ölümü ilə nəticələnən hamiləlik yaşayıbsa həmin qadın uşaq dünyaya gələnə kimi seksi həyatından çıxarmalıdır.

Həmçinin, hamiləliyin hər hansı mərhələsində vaginal qanaması olduqda, ciftin uşaqlıq borusunun ağzını bağladığı müəyyən edildikdə, qadının həyat yoldaşında cinsi yolla keçən xəstəlik aşkarlandıqda seks təhlükəli ola bilər.

İlk dəfə hamilə olan qadın üçün son 1 ay daha təhlükəlidir. Ancaq həkim icazə verirsə, hamiləliyin 8 ayını partnyoru ilə cinsi əlaqəyə girə bilər. İkinci-üçüncü və daha sonrakı hamiləliklərdə isə risk daha yüksək olur. Odur ki, belə qadınların son 6 ay sekslə məşğul olmamaları məsləhətdir. Yenə də həkim məsləhəti hər şeyi həll edəcək.

Əkiz uşaq gözləyən anaların hamiləliyin 3-cü ayından sonra sekslə məşğul olması məsləhət görülmür.

Seks yox, məlumatsızlıq təhlükəlidir

Sonda onu da qeyd edək ki, hamiləlik zamanı seks təhlükəli deyil, ancaq məlumatsız şəkildə sekslə məşğul olmaq təhlükəlidir. Heç kəs anadan olan kimi hamiləlikdə necə davranmalı olduğunu öyrənmir. Hamilə olduğunu öyrənən qadın həm özü məlumatlanmalı, həm də həyat yoldaşını maariflənməyə sövq etməlidir. Həkimlə məsləhətləşməklə yanaşı, həkimin tövsiyə etdiyi və ya keyfiyyətli yazılar dərc etdiyinə inandığınız jurnallar oxumalı, kitab oxumağa vaxt ayırmalısınız. Hamiləlik sadəcə qadının yaşadığı bir proses deyil. Bu dövrdə kişi də ən az qadın qədər əziyyət çəkməli, özünü inkişaf etdirməli və xanımına dəstək olmalıdır. Qadına qarşı diqqətcil davranaraq onun stressini azlatmaq olar. Seks zamanı isə mütləq hamilələr üçün uyğun olan, qadına ağrı verməyəcək pozalar seçilməlidir. Bu pozalar elə də az deyil. Qadın özünə ən rahat olanını seçməlidir. Bu dövrdə kişi hər ehtimala qarşı cinsi əlaqə zamanı kondomdan istifadə etsə yaxşı olar.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR