• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qadınlar niyə kişilərdən yaxşı yalan danışırlar?

Qadınlar niyə kişilərdən yaxşı yalan danışırlar?

Qadınlarla kişiləri fərqləndirən cəhətləri sadalayarkən ən sadəsindən tutmuş mürəkkəbə qədər böyük bir siyahı ortaya çıxır. Bizi fərqləndirən cins, xasiyyət, xarakter, səs tonu, geyim, zövq və s. kimi əlamətlərlə yanaşı, kişilərlə qadınlar arasında daha bir fərq ortaya çıxıb. Məlum olub ki, dürüstlük, doğru danışmaq və yalana münasibətdə də qadınlar kişilərdən fərqlənir. Qısası, qadınlar kişilərə nisbətən daha yaxşı yalan danışırlar.

Psixoloq Günel Hüseynli tabloid.az üçün yazdığı məqalədə qadınların yalan danışmaqda daha məharətli olmasının səbəblərini açıqlayır.

Bəs, nə üçün yalan qadınlarda daha uğurlu alınır?

Məlum olduğu kimi, insan xarakteri formalaşarkən ətrafında baş verənlərin ona təsiri olur. Odur ki, insan xarakterində müşahidə edilən hər mənfi cəhətin bir izahı var. Əgər qadınlar kişilərdən daha professional yalan danışırsa, bunun da səbəbi cəmiyyətdə axtarılmalıdır. Çünki insanlarda bir çox mənfi xüsusiyyətlərin yaranmasına səbəb cəmiyyət, daha doğrusu, cəmiyyəti formalaşdıran insan kütləsidir.

İndi isə bu xüsusiyyətlərin uşaqlıqdan necə formalaşmasına nəzər yetirək. Ailədə oğlanlarla qızlar arasında fərq qoyulması hamımıza məlumdur. Yəni, oğlan uşaqları ailədə daha çox üstünlüyə malik olur və hələ uşaqlıqdan sərbəst olur. “Oğlan uşağıdır, nə edir, etsin, yekə kişidir”, - deyə oğlunu əzizləyən valideynlər uşaqlıqdan onlara sərhədsiz azadlıq verirlər. İlk baxışdan bu, ciddi görünməyə bilər. Lakin diqqətlə yanaşsaq, insan xarakterinin formalaşmasındakı problemlərin əksəriyyətinin bu hüdudsuz sərbəstlikdən qaynaqlandığını görərik. Deyək ki, oğlanın küçədə dostları ilə oynamaq üçün hər dəfə icazə almasına ehtiyacı yoxdur. Ailədəki oğlan istədiyi vaxt evə gec gələ bilər. Üstəlik, bu hərəkətinə görə, valideyni onu sorğu-suala da tutmur. Başqa sözlə, oğlanın ailədən gizlədəcək, hansısa bir hadisə üçün səbəb və ya yalan axtarmağa ehtiyacı qalmır. Deməli, oğlanlar bəhanə axtarmır və yalan danışmaq üçün öz üzərində işləmək ehtiyacı hiss etmir. Bu səbəbdən də nə vaxtsa, dedikləri ən sadə yalan da ortaya çıxır.

Qızların isə vəziyyəti fərqlidir. Ailə qız övladını cəmiyyətin mənfi təsirindən qorumaq bəhanəsi ilə özü də bilmədən onu yanlış yola yönəldir. Başqa sözlə, ailə qoyduğu qadağalarla qızların dilinin yalana öyrəşməsinə səbəb olur. Qızlar cəmiyyətdə gördüyü maraqlı və rəngarəng həyata biganə qala bilmir. Nəticədə ailədə qoyulan qadağaları hər cür yolla aşmağa çalışırlar. Hər istəyinə rədd cavabı alan qızlar razılıq əldə etmək üçün müxtəlif yollara əl atır, hətta istədiklərinə nail olmaqdan ötrü bəzi məqamları ailədən gizlətmək məcburiyyətində qalırlar. Və beləcə, hər gün yalanların sayı artır. Məsələn, çox vaxt qızlara dərsdən sonra gəzintiyə getməyə icazə verilmir. Dostlarla əylənmək istəyi daha üstün olduğundan, qızlar bu arzularını əlavə məşğələyə qalmaq bəhanəsi ilə reallaşdırırlar. Məktəbli olan vaxtdan başlayan yalanlar qızlar böyüdükcə təkmilləşir. Nəticədə, qızlar ailədən məsləhət almadan özbaşına qərarlar verir və bunu da “Onsuz da məni anlamayacaqlar, icazə verməyəcəklər” fikri ilə əsaslandırırlar. Beləliklə, hər addımını yalanlarla idarə edir, hərəkətlərini yalan fikirlərlə əsaslandırırlar. Bunun nəticəsidir ki, yalan danışmaq sahəsində qadınların beyni kişilərə nisbətən daha çevik olur. Lakin yalançılıqdakı çevikliyə görə qadınları qınamaq doğru deyil. Bu, daha çox cəmiyyət üçün utancvericidir. Çünki qadınları buna məhz cəmiyyət təhrik edir. Təəssüf doğuran odur ki, qadınlar övladlarını da eyni qadağalarla böyüdürlər. Cəmiyyətdə müasirləşmə getsə də, ailədə qızlara münasibət dəyişmir və onlar hər gün daha müasir və inandırıcı yalanlar “kəşf etməyə’’ başlayırlar.

Getdikcə daha da təhlükəli xarakter alan bu ənənəni aradan qaldırmaq üçün, sadəcə, övladlarımızı dinləməliyik. Onların istəklərinə anlayışla yanaşmaq, uşaqlarla bağlı qərarları onların özləri ilə birgə vermək lazımdır. Unutmayın ki, övladınız sizin onun fikrinə hörmətlə yanaşdığınızı görsə, hər sözünü sizinlə paylaşacaq. Beləliklə, yalana ehtiyac duymadan seçimlərini və yaşadıqlarını sizinlə bölüşəcək. Valideynlər isə övladlarını daha yaxşı tanıyacaq və onları qorumaq da asanlaşacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR