• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Az qalıram əlimi uzadıb elə televizordaca saçını düzəldim”

“Az qalıram əlimi uzadıb elə televizordaca saçını düzəldim”

Qadınlar hər zaman gözəl görünmək istər. Ancaq baxımlı və baxımsız deyə fərqləndirdiyimiz həmin qadınlar, xüsusən, özəl günlərdə gözəl görünmək üçün əllərindən gələni edirlər. Belə vaxtlarda isə onların köməyinə vizajistlər gəlir.

Tabloid.az toy və ziyafət makiyajları sahəsində öz sözünü demiş və şöhrət qazanmış vizajist Şəfəq Novruzova ilə müsahibəni təqdim edir:

- Studiyanızın yerləşdiyi küçədə çoxlu salonlar, gözəllik studiyaları var. Belə bir küçədə işləmək sizə problem yaratmır?

- Qətiyyən. Əksinə, müştərilərimin sayı ildən-ilə artır. Mənim öz müştərilərim var. Hamısı qərarlı insanlardır. Nə istədiklərini bilir və bu işi kimin daha yaxşı bacaracağından əmindirlər.

- Yəni, müştəriləriniz arasında təsadüfi adamlar olmur?

- Heç vaxt. Yanıma gələnlər ya məni tanıyır, ya da sosial şəbəkələrdən araşdırıb gəlirlər. “İnstagram”da şəkillər qoyuram. Kimsə ilk dəfə gəlirsə, əlində şəkillə gəlir. Yəni, artıq araşdırıb, nə istədiyini bilir.

- Bəs, bunun sirri nədir? Yəni, makiyajın hansı sirrini çözmüsünüz ki, sizi deyib gələnlərin sayı günü-gündən artır?

- Sirr deyəndə ki, indi bu işlə məşğul olanların sayı çoxdur. Dediyiniz kimi, elə bu küçədə hər addımbaşı bir salon var. Hər yerindən duran, bu həyatda bəxti gətirməyən hər kəs çıxış yolunu bu işi öyrənməkdə görür. Özü də, hamı məhz makiyaja qaçır. Hesab edirlər ki, bu, daha asandır. Ancaq unudurlar ki, hər işin olduğu kimi, bu işin də öz incəlikləri var. Əslində çətin deyil. Bir neçə göz makiyaj forması əzbərləyib bu işə başlayırlar. Bununla əməlli-başlı pul qazanmaq olur. Ancaq bununla peşəkar olmaq mümkün deyil. Yəni əzbərləməklə iş bitmir. Öyrəndiyin makiyaj formasını müştəri üzərində düzgün tətbiq etmək lazımdır. Hər adama hər forma yaraşmaz axı. Üz və göz korreksiyası var. Bunu doğru etmək üçün də üz və göz cizgilərini düzgün müəyyənləşdirmək, hiss etmək lazımdır. Bir az da insandan rəssamlıq qabiliyyəti, əl səliqəsi tələb olunur. Göz aşağıdırsa, yuxarı çəkmək, qabarıqdırsa, onu azaltmaq üçün vizajistdən düzgün makiyaj forması seçmək tələb olunur. Ona görə də, hər kəs, hətta bu sahədən pul qazananlar da ən özəl günlərində özlərini mənə həvalə edirlər. Çünki əmindirlər ki, bu işin sonunda təbii görünəcək, şit olmayacaqlar.

- Demək istəyirsiniz ki, işinizin sirri qadınlara süni vasitələrlə təbii görünüş verməyinizdir?

- Yox, niyə ki? Təbiilik yaratdığımız, əksinə, tünd tonlarla bəzi üz və göz cizgilərini qabardaraq üzə çıxartdığımız, kosmetik vasitələrin parlaq və cəlbedici tonlarından istifadə etdiyimiz vaxtlar da olur. Bu, həm də müştərinin istəyi ilə bağlıdır. Məsələn, öz makiyajında qara rəngə üstünlük verən müştərilərimiz var. Həmin rəngdən az və ya çox dərəcədə istifadə olunmasından asılı olmayaraq, nəticə çox pis ola bilər. Yəni burada kosmetikanın qədəri deyil, vizajistin peşəkarlığı öndədir. Odur ki, müştərilərim mənə güvənirlər. İşimin nəticəsində qadın üz cizgiləri qalmaqla dəyişir.

- Dəsti-xəttiniz tanınır yəni?

- Bəli, istifadə etdiyim tonlarla verdiyim yumşaq ifadədən əl işim tanınır. Bu da peşəkarlıqdan, təcrübədən, üz və dərini yaxşı tanımağımdan irəli gəlir. Bu illər ərzində görmədiyim elə bir üz quruluşu, dəri forması qalmayıb.

- Yəni, yaxşı vizajist olmaq üçün təcrübə şərtdir?

- Bəli, nə qədər tez başlasalar, bir o qədər yaxşıdır. Bir də əzbərləmək yox, üz və dərini tanımağa çalışmalıdırlar. Öz fantaziyan olmalıdır. Müştərinin üz cizgilərini hiss etmək lazımdır.

- Bəs, çətinlik yaradan, öhdəsindn gələ bilmədiyiniz dəri və üzlərə rast gəlibsinizmi?

- Yığa bilmədiyim saç düzümləri olub. Mən işə başlayanda bu sahədə olanlar çox deyildi. Mən kimin qızından əskiyəm ki, bu saç düzümünü yığa bilməyim? – deyirdim. Bu inamla da istənilən işin öhdəsindən gələ bilirdim. İndi öyrətdiyim qızlara da deyirəm ki, Allaha şükür etsinlər ki, bu həyatda öyrənə biləcəkləri bir Şəfəq var. Məndən öyrənə, hansısa sirri oğurlaya bilirlər. Şəfəq özü isə bildiklərini kimdənsə öyrənməyib. Heç bir usta deyə bilməz ki, Şəfəq yanımda dayanıb, əlimə baxıb nəsə öyrənib.

- Bəs, necə öyrənmisiniz?

- Ustam olub, lap çoxdan. Saç kəsimini, saç boyamanı ondan öyrənmişəm. Ancaq saç düzümünü, vizajı, ümumiyyətlə, heç kimdən öyrənməmişəm. Hər şeyi öz üzərimdə sınaqdan çıxarmışam. İlk dəfə gəlin köçəndə öz qaşımı aldım. Bir gün belə dayanmadan öz üzərimdə işləmişəm. Qaş almaq yox, qaş çəkmək ən sevimli işimdi. Xanımları bəzəyərkən ürəyim açılır. Çünki qaşları qadını çox dəyişdirir.

- Yəni, ilk dəfə saçla başlamısınız?

- Bəli. Vizajistlər məni çox incidirdi. Ona görə də, bu işi də öyrənib onlarla əlaqəli işləməkdən imtina etməli oldum. Ya gecikdirirdilər, ya da əllərində işi olanda müştərini üstümə göndərirdilər ki, birinci saç hazırlansın. Bir sözlə, müştəri ya gecikirdi, ya da vaxtından əvvəl gəlirdi. Bu da mənə sərf eləmirdi.

- Üz, yoxsa saç – hansı əvvəl bəzədilməlidir?

- Əslində elə də fərqi yoxdur. Ancaq əvvəlcə üz makiyaj olunanda hansı saç düzümünün yaraşacağını müəyyənləşdirmək asan olur.

- Yəni, saç üzə görə müəyyən olunur?

- Bilirsiniz, saç formasının yaraşıb-yaraşmadığını üz makiyaj olunmadan bilmək çətin olur. Amma makiyajdan sonra bircə kəkil dəyişikliyi ilə qadına nəyin yaraşacağını bilirəm.

- Müştəriləriniz ancaq gəlinlərdir?

- Bəli. Bir də üz makiyajına gələnlər. Başqa işlərə vaxtım olmur. Ziyafət makiyajları və gəlinlərin bəzəyi kifayət qədər vaxt aparan işdir.

- Bəs, bu işi necə tənzimləyirsiniz? Görürəm ki, gün boyu dəyişməsi mümkün olmayan bir qrafikiniz olur. Gəlinin biri saçını, ya da makiyajını bəyənməsə, nə edirsiniz?

- Son 5-6 ildə belə bir hal olmur. Makiyajdan başlayıram və nə etdiyimi ona izah edirəm. Müştərim ilə danışa-danışa işləyirəm. Onu özündə görə biləcəyi dəyişikliyə hazırlayıram. Saçını da əvvəlcə yüngülvari yoxlayıram, əlimlə saçı tutub göstərirəm. Odur ki, nəticəyə müştərini hazırlayıram. Nadir hallarda kiminsə bəyənmədiyi ola bilər. O da dəyişikliyə öyrəşməmiş adamlar olur. İllərdir ki, alışdığı bir üz var və onun dəyişməsini qəbul etmir. Ya da nə istədiyini bilmirlər. Belələrini də artıq tanıyıram. Müştərini ilk gördüyüm andan onun necə insan olduğunu anlayıram. Təcrübəmdə belə bir şey də olur: makiyajdan sonra qaş-qabağını sallayıb üz ifadəsi ilə bəyənmədiyini göstərən müştərinin saçı da düzələndən sonra üzü gülür. Saç makiyajı tamamlayır və hər şey öz qaydasına düşür.

- Gecə makiyajında da fəsil fərqi varmı?

- Yox. Gündəlikdən fərqli olaraq, gecə makiyajında fərq eləmir. Ümumiyyətlə, məncə, fəslindən, gecə-gündüzündən asılı olmayaraq, əsas insana yaraşanın olması, bir də müştərinin istəyidir. Toya gedərkən gündlikdə istifadə olunduğu kimi sadə makiyaj istəyənlərə də rast gəlirəm.

- Qadınlar saç düzümündə daha çox nə istəyirlər?

- Düzdü, indi çox saç kəsmirəm, ancaq bilirəm ki, qısa saçlara istək azalıb. Uzun, uclarda kəsiklər istəyirlər. Özümün quruluş verdiyim bir saç düzümü var, adını “barmaq izi” qoymuşam. Gələnlərin çoxu məhz həmin saç formasını istəyir. Üstlik, hamıya da yaraşır.

- Dəri problemləri olanlarla necə işləyirsiniz? Bəzi vizajistlər belə müştəriləri götürmədiklərini deyirlər.

- Yox, müştəriyə fərq qoymuram. Bütün problemləri də makiyajla aradan qaldırıram. İstifadə etdiyim kosmetik vasitələr də keyfiyyətli olduğundan qüsurları bağlamaqda problem yaranmır.

- Müxtəlif peşə sahiblərinin istəkləri fərqli olur?

- Təbii ki. Ona görə deyirəm ki, bizim peşəyə yiyələnmək istəyənlər insan psixologiyasını bilməlidirlər. Mən müştəri ilə məhz buna görə daim danışıram. Xarakteri, üz quruluşu və istəkləri nəzərə alınanda müştəri işin nəticəsindən razı qalır. Məsələn, mən müəlliməyə necə kokteyl saç düzümü edim?! Təbii ki, razı qalmaz. Ancaq getdiyi yerdən və yaşından asılı olmayaraq, dəbdəbəli saç düzümü istəyənlər də olur. Məsələn, biri gəlib deyir ki, bu toyda mən qayınanayam, ona uyğun iş gör. Başqa biri isə deyir ki, nə olsun ki, qayınanayam, elə et ki, gəlinimdən də cavan görünüm. Odur ki, mütləq insanın xarakteri və istəyi daha öndə gəlir. İnsanlar da müxtəlifdir, əl işləri də.

- Müştərilərinizin arasında məşhur insanlar varmı?

- Əvvəldən, məşhurlarla işləmədim. Çünki özümə müştəri yığmağa çalışdım. İndi isə ehtiyacım yoxdu. Hətta məşhurlardan qaçıram. Bilirsiniz ki, atam Ramiz Novruzov tanınmış aktyordu. İşim də çox olduğu üçün üzüqara oluram. Onlar isə bunu yekəxanalıq kimi dəyərləndirə bilərlər.

- Ancaq hamını tanıyırsınız və ən azı ekranlardan müşahidə edə bilirsiniz. Saç düzümü ya da makiyajını bəyənmədiyiniz məşhur kimdir?

- Ad çəkmək istəmirəm, ancaq çoxunun makiyajını bəyənmirəm. Hesab edirəm ki, daha gözəl görünə bilərdilər. Hətta elələri olur ki, az qalıram əlimi uzadıb elə televizordaca saçını düzəldim... Ancaq Aygün Kazımovanın makiyajını həmişə bəyənirəm. O, zövqlü bəzənir.

- Bəs, gigiyenik normalara əməl edirsinizmi? İşlərinizin çoxluğundan bunlara diqqəti azaltmırsınız ki?

- Gördüyünüz kimi, istifadə etdiyim alətlər “MAC”dandır. Bunların keyfiyyəti və qiyməti də hamıya məlumdur. 10-dan çox dəst almışam. Hər kəsə ayrı-ayrı dəst istifadə edirəm. Günün sonunda isə hamısı aparata qoyulub təmizlənir.

- Tələbələrinizə bildiklərinizin hamısını öyrədirsiniz, yoxsa bir çox müəllimlər kimi biliyinizi verməkdə xəsissiniz?

- Mən xəsis deyiləm. Hər şeyi öyrədirəm. Ancaq tələbələrimin nankor çıxanı olur. Artıq öyrənib gedənlər və müstəqil işləyənlər çoxdur. Di gəl, Şəfəqin tələbəsi olduqlarını etiraf etməyə gücləri çatmır. Hətta mənimlə özünü eyniləşdirir, bir tuturlar. Məncə, yekəxanalıq yaxşı deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR