Aysel: “Məndən 5 qat artıq qazanmayan kişiyə ərə getmərəm” - Fotolar
Bizi izləyin

Tabloid.az

Aysel: “Məndən 5 qat artıq qazanmayan kişiyə ərə getmərəm” - Fotolar

Ayda 5-6 min manat pul xərcləyirəm

Tabloid.az gənc müğənni Aysel Əlizadə ilə eksklüziv müsahibəni təqdim edir.

- Aysel xanım, gənc müğənninin irəli getməsi üçün ona nə lazımdır?

- Böyük bir addım üçün mütləq vəsait olmalıdır. Ancaq maddiyyatla yanaşı səs, xarici görünüş də mütləqdir. Sonrasını isə tamaşaçılar müəyyən edir. Hər bir uğurun arxasında həm də ağıl, həyatı qavrama, dünya görüşü, xarici görünüş, səs dayanır...

- Maddi cəhətdən nə qədər təmin olunmusunuz?

- Tam təmin olunduğumu demək olmaz. Bu günə qədər işimlə əlaqədar kifayət qədər böyük vəsait xərcləmişəm. Bundan sonra onun iki qatı da olmalıdır ki, hər şey yaxşı olsun.

- Aysel xanım, Sizin kimi musiqi yarışmasından çıxan müğənnilərin əksəriyyəti toy bazarını ələ alıblar. Siz onlar kimi bazara daxil olmamısınız. Bunu özünüz istəmirsiniz?

- İstər bir və ya yarım saatlıq proqram, istərsə də, əvvəldən sona kimi toy aparmaq mənim üçün problem deyil. Toy bazarım da zəif sayılmaz. Ancaq bütün addımlarımı toy bazarı üçün atmıram. Mənim üçün önəmli olan sənətimdir. Bu gün bütün müğənnilər toydadır. Nə etsinlər? Nə konsertdən, nə diskdən gəlir əldə edən müğənni yoxdur. Ən yaxşı halda, xərclədikləri pulu qazanırlar. Mən hələ pul batıranlardan danışmıram. Bir toyu idarə edən müğənni üçün axı, konsert verməyə nə var ki? Onlar nə desən, edərlər. Gəlsin, görək, türk müğənniləri bizim müğənnilər kimi toy apara bilərlər? Əlbəttə ki, yox!

- Aysel xanım, səhnəmizin gənc və təbii gözəl xanımlarından birisiniz. Bu gözəllik yəqin ki, əks cinsin göznüdən yayınmır və tez-tez sevgi etirafları eşidirsiniz...

- Əlbəttə ki, sevgi etirafları eşidirəm. Desəm ki, yoxdur, bu gülünc olar. Məni bəyənən bəylər hədsiz çoxdur, tanış olmaq istəyən bəylər də var, sevənlər də. Hətta çoxlu evlilik təklifləri alıram. Sadəcə, hazır olmadığım üçün seçdiyim birisi yoxdur.

- Hər bir gənc qızın xəyalındakı “ağ atlı şahzadə”si olur. Aysel “ağ atlı şahzadə”sini necə təsəvvür edir?

- Bu, qəliz məsələdir. Əlbəttə, hər bir xanım ailə qurmaq istədiyi bəyin xəyalını qurur. Mənim də xəyalımda biri var. Ancaq xəyalımdakı kişini tapsaydım, yəqin ərə gedərdim.

- Onu təsvir edən zəhmət olmasa...

- İlk növbədə görkəminə görə məni cəlb eləməlidir. Mütləq hündürboylu olmalıdır. Daha sonra ağlı, düşüncəsi, həyata baxışı, insanlarla davranışı ilə fərqlənməlidir. Kişi kimi kişi olmalıdır, xanımına qulluq etməlidir, onu sevməlidir. Sevgisini şit formada göstərənləri sevmirəm. Kişinin zəhmli və ən əsası, pullu olmalıdır. Çünki, mən çox xərcləyənəm. Demirəm ki, pulu az olan insanları sevmirəm, bəyənmirəm. Mənim həyat tərzimə, yaşamıma uyğunlaşa bilmək üçün cibində pulu olmalıdır. Bu da normaldır. Heç kəs istəməz ki, yuxarıdan aşağı düşsün. Hər kəs istər ki, önə getsin. Mən də irəliləmək istəyirəm. Bunun üçün də evlənəcəyim adam məndən 5 qat artıq qazanmalıdır.

- Aysel xanım, aylıq xərciniz nə qədər çıxır?

- Geyim aldğım aylardırsa, ayda 5-6 min manat pul xərcləyirəm. Salona girdimsə manikür, pedikür, saç düzəltdirmək, boyamaq, üz bəzəmək, kosmetoloq, lazer ( gülür) bütün bunlara ayda iki min manatım çıxır.

- Aysel xanım, idmanla məşğul olursunuz?

- Əlbəttə! Həmkarlarımdan fərqli olaraq idman zalında çəkdirdiyim şəkilləri sosial şəbəkələrdə paylaşmıram. Mən idmanla uzun zamandır dostluq edirəm.İdmana getməsəm, passivləşərəm.

- Aysel, bürclərə nə qədər inanırsınız?

- İnanıram, hələ üstəlik, yoxlayıram da. Buna bir əyləncə kimi də baxıram. Əkizlər bürcündənəm. Bu bürc eksklüziv bürcdür (gülür). Bu bürc altında doğulan insanların fitri istedadı olur.

- Aysel xanım, Siz bizə bürcünüzün mənfi cəhətlərindən danışın.

- Mənfi cəhəti qərarsızlıqdır. Evdən çıxan an belə planlaşdırdığım paltarı ayrısı ilə dəyişə bilərəm.

- Bu qərarsızlıq sənətinizə də mənfi təsir göstərir?

- Mənim üçün seçim hər zaman çətin olur. Seçim çoxaldqca mənim işim də çətinləşir. Həm işimlə, həm də şəxsi həyatımla bağlı səhv seçim edirəm. Qərarsızlığım, ya da yanlış qərarım ucbatından peşmançılıqlarım çox olur. Buna baxmayaraq, hər dəfə özümə təsəlli verirəm ki, bəlkə başqa qərar versəydim, nəticəsi daha pis olacaqdı.

- Şou biznesdə iki üzlü insanlar çoxdur..

- (Sözümü kəsərək) Artıq öyrəşmişəm. Daha mənə qəribə və təəccüblü gəlmir. Yəni, belələrinə normal baxmağa başlamışam. Amma mən dəyişməyən insanam. Özüm də çox kinliyəm. Nifrət etdimsə, o insan mənim üçün birdəfəlik yox olur. Hər tərəfdən onu həyatımdan silirəm. Üz-üzə gələndə üzünə gülüb salamlaşa bilərəm. O da Allah xatirinə olan bir şeydir. Ancaq kinli olsam da, qisasçı deyiləm. Əlimdə nifrət etdiyim insanı məhv etməyə şanslar yaransa da, bunu etmərəm. Çünki, Allahdan qorxuram.

- Və sonda nə kimi yeniliklər gözlənilir?

- Bu ilə çox böyük ümidlərim var. 2015-ci ildən çox şey gözləyirəm. Yeni mahnı, yeni klip və bir neçə layihə mütləq olacaq. Amma öncədən danışmaq mənə düşmədiyindən gələcək işlərimdən danışmağı sevmirəm.

Fotoqraf Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm